Sonaxanım Mikayılova: “Rasim Ocaqov dedi ki, güclü oynama, ha...”

Sonaxanım Mikayılova: “Rasim Ocaqov dedi ki, güclü oynama, ha...”
17 aprel 2017
# 12:36

Kulis.az “YUĞ” Teatrının aktrisası, Əməkdar artist Sonaxanım Mikayılova ilə müsahibəni təqdim edir.

- Sona xanım, Azərbaycanda aktrisa olmağın çətinliyi nədədir?

- Bizdə ənənəvi davranışdan kənar olanda, onu həzm edə bilmirlər. Ona görə istər-istəməz davranışına nəzarət etməli olursan. Həm də bu, cəmiyyətdəki azadlığa, azad düşüncəyə bağlıdır. Məsələn, hansısa açıq səhnəyə çəkilmək naminə ailəni sənətə qurban vermək olmaz. Qapalı cəmiyyətdə yaşayırıq, ailəni də başa düşmək lazımdır. İki oğlum var, indi də mənə elə səhnə təklif eləsələr əlbəttə ki, “yox” deyərəm. Ola bilsin, peşəkar yanaşma deyil, amma onların rahatlığı mənim üçün vacibdir.

- Amma onların sizi anlaması daha rahat olmalıdır. Çünki ikisi də sənətə bağlıdır.

- Bir oğlumu tanıyırsınız, Mikayıl, rejissordur, o biri balet artistidir. Heç nə deməzlər, amma mən özüm qəbul eləmərəm. İstəmirəm uşaqlarım narahatlıq keçirsinlər.

- Əgər aktyor dramaturji materialı olan roldan buna görə imtina edirsə, bu, o deməkdir ki, peşəkarlığı qurban verir?

- Elədi. Yadıma bir hadisə düşdü. Tofiq Tağızadənin “Köpək” filmi çəkilirdi. Ssenarini mənə və Məmməd Səfaya göndərdilər. Biz orda ər-arvadı oynamalıydıq. İntim məqamları olan səhnə vardı. Mən imtina elədim. Çünki bundan əvvəl, 25 yaşımda “Köhnə bərə” filminə çəkilmişdim. Orda bir neçə səhnəyə görə ailəmizdə problem oldu. Çox kadrları sonradan kəsdilər. Açıq səhnələr deyəndə ki, əslində elə bir açıqlıq yox idi. Nə çılpaqlıq var idi, nə başqa şey. Biri öpüş səhnəsiydi, onu saxladılar. Biri də yataq səhnəsi idi, yataq səhnəsində də yalnız söhbət olmuşdu. Oğlan yuxudadır, qız oturub yanında. Vəssalam. Bunu gətirib elə səviyyəyə qaldırdılar, dedim ki, əgər buna sənət kimi baxmırlarsa mən belə şeylərə getməyəcəm. Onu da Rasim Ocaqovun xətrinə elədim. Onunla çox yaradıcı söhbətlərimiz olurdu. Filmin rejissoru Elxan Qasımov idi. Amma o rolda çəkilməyimə Ocaqov israr eləmişdi. Sınaq çəkilişlərində üç-dörd aktrisa vardı. Biri Zemfira Nərimanova idi. Digərləri yadıma gəlmir. Yoldaşım deyirdi ki, çəkilmə belə səhnələrə. Razılaşmırdım ki, aktrisayam, peşəkar işdir. Ocaqov ehtiyatla dedi ki, çəkilərsən? Dedim niyə çəkilmərəm. Onda Moskvadan VQİK-i bitirib təzə gəlmişdim. Orda biz tamaşa qurmuşduq. Rektorun qızı oxuyurdu institutda, o, səhnəyə çılpaq çıxdı. Onlar buna normal baxırdılar, ab-hava başqa cür idi. Bu filmdən sonra ailəmizdə problemlər oldu. Yoldaşım çox qısqanc idi. Əvvəl milis işləyib, mənə görə çıxdı ordan, Yuğda işlədi texniki heyətdə. Onda aktrisa üçün daha çətin idi. İndi bir az rahatdır. İntelegensiya başa düşürdü, normal yanaşırdı. Amma yenə də içlərində o mühafizəkarlıq var. Xüsusən kişilər. Hətta evimizin yanında dükanda işləyən satıcı soruşdu ki, “Köhnə bərə”də siz çəkilmisiz, ya ananız, dedim, anam.

- Amma “Köpək” filmində siz dediyiniz səhnə yoxdur.

- Mənə verilən ssenaridə elə deyildi. Görünür, sonradan çıxarıblar. Nuriyyə oynadı orda. İmtina edəndə Tofiq Tağızadə məni yanına çağırdı ki, tanıyırsan mən kiməm? Dedim, tanıyıram, neçə ildi bir yerdə işləyirik. Dedi ki, mən Tofiq Tağızadəyəm, sən mənim filmimdə çəkilmək istəmirsən?. Problemlərimin olduğunu dedim.

Mənə onda demişdilər ki, “Köhnə bərə” filmindəki həmin kadrlara montaj sexində seks filmi kimi baxırlar. Gördüm ki, qiymət verilmir, sənət kimi baxmırlar. Hətta deyim ki, bizdə şedevr sayılan çılpaq rəsm əsərlərinə də birtəhər baxırlar. Yəni biz buna hələ hazır deyilik.

- Oğlunuz Mikayıl rejissordur, onunla aktrisa-rejissor kimi söhbətləriniz olurmu? Məsələn, deyirsiz ki, sizin üçün tamaşa qursun?

- Demişdim də, “Medeya”nı (gülür). Yenə də mənim üçün qurmadı onu. Mənə elə gəlir ki, bəlkə də bu ana-oğul münasibətlərinə bağlıdır. Rejissor olsa da aktrisa kimi mənə baxması çətindir. Bilmirəm dəqiq. Özündən soruşmaq lazımdır. Gülzarı çox sevirəm. Elə bilirəm qızımdır.

- “İmtahan” filmində da ana-bala rolunu oynamısız.

- Aha. Gülzarla ortaq nöqtələrimiz çoxdur. O da VQİK-i bitirib. İkimiz da orda formalaşdıq. O, 15 yaşında, mən 18 yaşında getmişik. Yəni demək istəyirəm ki, “Medeya” Gülzarın tamaşasıdır. Medeyanı institutda oxuyanda 18 yaşımda oynamaq istəyirdim orijinal variantını, amma çəkinirdim. Nəsə olmadı. Mikayıla dedim, mənim üçün bir tamaşa qoy. Dedi, Klimin bir əsəri var. İstədi monotamaşa eləsin. Dedim, 70 səhifəlik əsəri əzbərləyə bilmərəm. Bəlkə də istəsəydim edərdim. Çünki Vaqif İbrahimoğlunun quruluşunda iki saatlıq “Leyli və Məcnun”u tək oynamışam. Həm də tək oynamağı sevmirəm. İstəyirəm partnyor olsun. Gülzarla oynamaq istədim. Mikayıl da əsəri işləyəndə fərqli yerlərə gedib çıxdı. Bir tərəfdən əsər özü bunu diktə edirdi. Orda yaşlı aktrisa itir, ön plana digəri çıxır. Nəticədə belə oldu. Düşünürəm ki, həyatda hər şey bumeranq kimidir. Mikayıl pulluda təhsil alırdı, çətinliklə ödəyirdim. Gülzar onda çox kömək elədi. Dedim, bax, Mikayıl məni qane eləmədi, mənim üçün birini də qoy (gülüşürük). Deyir axtarışdayam.

- Mikayıl Rusiyada çalışır?

- Novosibirskdə “Fakel” teatrında. Amma başqa teatrlara da dəvət alır. Yaxında Kiyevə dəvət eləmişdilər.

- Aktyorlar rejissorla işləyəndə kontaktın düzgün qurulmamasından gileylənirlər. Sizin təcrübənizdə necə olub? Kinodakı fəaliyyətinizi nəzərdə tuturam.

- Kinoda çox baş rolum olmayıb. “Köhnə bərə”də baş rol oynamışam, “Onun bəlalı məhəbbəti”ndə ikinci planda. Rasim Ocaqovla işləməyi çox istəmişəm. Həmişə sınaq çəkilişlərinə dəvət edirdi, amma elə şeylər vardı ki, ordan keçmək olmurdu. Məsələn, “Özgə ömür” filmində, məni çəkmək istəyirdi. Bir neçə dəfə onunla məşq eləmişik. Aktyorla işləmək bacarığı vardı. Aktyoru gözəl duyurdu. Obrazın təqdimatıyla bağlı fikirlərimiz bəzən üst-üstə düşürdü. Heyf ki, qismət olmadı. Özü sonra üzr istədi ki, Sona, alınmadı.

- Hansı maneələr vardı ki, alınmadı?

- Rüstəm İbrahimbəyovun ssenarisi idi, onun də həmişə öz ansamblı vardı. Mən heç cürə ora daxil ola bilmirdim.

- Kinofakturanız daha parlaqdır. “Mozalan”da da maraqlı işləriniz var. “Köhnə bərə”yə baxanda düşündüm ki, fransız aktrisası tipiniz var. Bəs niyə bu qədər az çəkilmisiz?

- “Köhnə bərə”dən sonra kinostudiyada qara siyahıya saldılar. Cəmil Əlibəyovun vaxtında kinostudiyanın qara siyahısı vardı. O siyahını mən özüm gördüm. Filan-filan aktyorlar çəkilməməlidir. Məni də siyahıya salmışdılar.

- Səbəb nəydi?

- Çünki kiminsə kabinetinə girmirdim, özümü gözə soxmurdum, düşündüyümü deyirdim, Əlibəyovun ətrafındakılar deyirdilər ki, bizimlə otur-dur, çevrəmizə daxil ol. Amma başqa bir şey də var. Həmidə Ömərova 1980-ci illərin ulduzu idi. Çox sevdiyim rəfiqəmdir. Bizim kursda aktrisalardan ən gözəli o idi. Həm gözəl idi, həm istedadlı. Biz bilirdik ki, o, mütləq çəkiləcək. Biri var zahiri görkəm dərhal cəlb edir, bir də var içəridən gələn nəsə. İçəridən gələni görmürdülər. Həm də bəxt, şans məsələsi də rol oynayır.

- “Köhnə bərə”də Fəxrəddin Manafovla partnyorsuz. Necə tərəf müqabildir?

- Çox yaxşı. Onunla işləmək rahatdır, kömək edir. Müəllimim Matveyev deyirdi ki, partnyorla işləyəndə ondan alıb qaytara biləsən gərək. Birgə iş olmalıdı. Elə partnyorlar var ki, heç nə gəlmir onlardan.

- Görünür, enerji mübadiləsi olmalıdır.

- Yəqin ki. Fəxrəddin həm xarizmatikdir, həm də güclü potensialı var. İnsan kimi də maraqlıdır. Yadıma bir şey düşdü. Ocaqov “Təhminə”ni çəkirdi. Məni sınaq çəkilişlərinə dəvət elədi ki, sən mənə kömək eləməlisən. Baş rola aktrisa artıq təsdiq olunub. Amma bu formal sınaq çəkilişləridir, zəif oyna ki, komissiya səni seçməsin. Onda Zaur roluna Fəxrəddin yox, hansısa Asiya əsilli aktyor dəvət olunmuşdu. Sınaq çəkilişi onunla oldu. Oynamağa başlayanda Ocaqov dedi ki, güclü oynama ha. Biz artıq təsdiq eləmişik. Elə et ki, seçilməyəsən. Çünki komissiya azərbaycanlı aktrisanı istəyirdi. Ocaqov dedi ki, sən güclü oynasan səni seçəcəklər, bilirsən də ssenaridə nə var? Yoxsa oynamaq istəyirsən. Dedim, yox.

- Həm teatr, həm kino aktrisası olmaq hansı üstünlükləri verir və nələri əskildir?

- Aktyor həmişə işdə olmalıdır, idmançı kimi. Əks halda paslanır. Kino elədir ki, iki-üç ildən bir çəkilir. Kino institutunda oxusam da, daha çox teatrda işləmişəm. Kino çəkilişlərində deyirdilər ki, qrimasanı (hər hansı hiss keçirəndə üz ifadəsinin əyilməsi-S.S.) çox eləyirsən. Bu da teatrdan gəlir. Bir balaca qaşını qaldırdın, kadrda böyük görünür. Belə maneələr olur. Bəzən də imkan olmurdu çəkilməyə. Yuğda işləyəndə İrandan baş rol təklifi gəlmişdi. Biz də onda məhsuldar işləyirdik. Vaqif müəllim buraxmadı ki, tamaşalar qalacaq. Mənə elə gəlir ki, teatrda obrazdan obraza böyüyürsən.

- Kinoda da mümkündür. Bunun üçün müntəzəm çəkilməlidir ki, aktyor potensialını göstərə bilsin.

- Problem ondadır ki, əsərlər qadın üçün yazılmır. Daha çox kişilər üçündür. Qadının pillə-pillə böyüyüb, Anna Manyani, Elizabet Teylor kimi aktrisa olması çətin məsələdir. Qadın üçün indi də yazılmır.

- Vaqif İbrahimoğlu ilə iş birliyi hansı təcrübəni verdi?

- İntellektual səviyyəm dəyişdi, onunla intellektual tərəfdən böyüdük. Bizim şəxsiyyət kimi böyüməyimizə təkan verdi. Müəllim idi. Fəlsəfə, ədəbiyyat üzərindən bizi səhnəyə gətirirdi. Aktyorun daxili dünyasını doldururdu. Aktyorun içi boşdusa, gözlərindən görünür. Lap Hamleti oyansa belə. Düzdü, elə aktyorlar var ki, anadan fövqəl istedadlıdır. İntellekt yoxdu, amma gözlərində dünyanı görürsən. Vaqif müəllimin aktyoru tamaşaya hazırlıq periodu uzun çəkirdi, bir-iki ay.

- Yuğun səhnəsi balacadır. Tamaşaçıyla yaxınsız. Bu, mane olur ya əksinə?

- Çətinlik hiss eləmədim. Daha maraqlı oldu. Elə tamaşaçılar var ki, utanıb gözünü çəkir. Hətta bizdə - Yuğun səhnəsində, Ramiz Rövşənin şeirləri əsasında bir tamaşa olmuşdu. “Gəl gedək” adlı bir şeir vardı. Vaqif müəllim dedi ki, bunu deyəndə tamaşaçının əlindən tut apar. Onda KVN-çilər gəlmişdi tamaşaya, bu misraları deyəndə onlardan birinin əlindən tutub səhnəyə apardım, o da gülə-gülə gəlir. Səhnə də dairəvi, fikirləşirəm bunu hara aparım. Apardım təzədən oturtdum yerində.

- Sizin teatrda tamaşaçı ilə aktyorun baxışı toqquşur. Bu, sizdə diskomfort yaradır, ya seyrçinin baxışlarını qaçırması?

- Əksinə, baxsınlar. Bir dəfə anamı gətirmişdim tamaşama, “Leyli və Məcnun”a. Anam Şərifə Nağıyeva xalq teatrında oynayıb, bir aktlı pyeslər yazıb. Tamaşada anamın qabağına gəldim, düşünürəm ki, anam teatrı bilir, özü də oynayıb. Anam qəşş elədi, mən də güldüm, obrazdan çıxdım. Səhnədə olmağım ona gülməli gəlirdi. Bəzən tamaşaçı sənə elə baxır, hiss edirsən ki, durumu üst-üstə düşür. Aktrisa Xalidə Quliyeva “Medeya”ya gəlmişdi, ağlayırdı, hiss olunurdu səninlə yaşayır. Yəni eyni durumdayıq. Biz özümüzü realizə eləməmişik, bizim cəmiyyətdə qadın aktrisalar o mərtəbəyə gəlməyib. Amma Qərb aktrisalarından geri qalan da deyilik.

- Tələbələrinizin səviyyəsi necədir?

- Güclü uşaqlar var. Asiman adlı tələbəm “Azdrama”da tamaşa qurur. İntellekti, düşüncəsi dünyaya baxışı maraqlıdır. Vaqif müəllim deyirdi ki, aktyor olmayın, müəllif olun, ancaq rejissorun fikrini ifadə eləməyin, əsərlərdən parçalar götürüb tamaşa qurun, bacararsız. Stimul verirdi. Tələbələrimə də bunu deyirəm, materiala müəllif kimi yanaşın. Bir tələbə qız “Danabaş kəndinin əhvalatları”na maraqlı yozum verdi. Asiman “Dəli yığıncağı”nda dəli molla obrazına elə traktovka verdi ki, heç bir aktyor bunu eləməyib. Sadəcə, inkişaf etdirmək lazımdır.

- Bizim müsahibəmizdə əsas vurğu aktrisa olmağın çətinliyinə oldu. Bu sənəti seçməyə dəyərdimi?

- Bu xəstəlik kimdiir. Olmayanda boşluq əmələ gəlir. Yəqin ki, dəyərdi. Aktyorluğu şərəflə, şəxsiyyəti qoruyaraq daşımaq çətindir. Bir də özümün realizə edə bilmədiyim şeyləri oğullarım edir.

# 3837 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
#
#
# # #