İsrafil İsrafilov: “Mən problemli adamam” - MÜSAHİBƏ

İsrafil İsrafilov: “Mən problemli adamam” - <span style="color:red;">MÜSAHİBƏ
24 may 2017
# 09:00

Kulis.az Akademik Milli Dram Teatrının keçmiş direktoru, teatrşünas alim, professor İsrafil İsrafilovla müsahibəni təqdim edir.

- İsrafil müəllim, necəsiz, nə var, nə yox?

- Allah var, şəriki yox.

- Bir ildən artıqdır görünmürsünüz...

- Harada? Televiziyada?

- Yox, elə tədbirlərdə, necə deyərlər, el arasında.

- Dəvət olunduğum yerlərə, konfranslara, tamaşalara getmişəm. Amma daha çox xarici ölkələrdə olmuşam.

- Hansı ölkələrdə?

- Rusiyada, Qazaxıstanda, Türkiyədə, Serbiyada və s. ölkələrdə keçirilən konqreslərdə, konfranslarda, festivallarda iştirak etmişəm.

- Oralardan biz necə görünürük?

- Çox gözəl. Ölkəmiz də, şəhərlərimiz də, insanlarımız da çox gözəldir. Amma...

- Amma nə?

- Bir qədər dəyişmək lazımdır. Düşüncəmizi, baxışlarımızı, mənəvi dəyərlərə münasibətimizi saflaşdırmaq, vətənimizi qüdrətli və firavan etmək üçün daha çox çalışmaq lazımdır.

- Ötən bu bir ildə nə edirdiniz?

- Yaşayırdım.

- Bəs konkret...

- İki kitab yazdım. Artıq çapdan çıxıb. Ölkəmizdə və xaricdə iyirmidən artıq məqalə dərc etdirdim. Hazırda iki kitab üzərində işi bitirmək üzrəyəm.

- Adları gizli deyil ki?

- Əlbəttə, yox. Hələlik şərti olaraq biri “Milli klassika və rejissura”, digəri “Şekspir Azərbaycan səhnəsində” adlanır.

- Çox maraqlıdır.

- Mənə də elə gəlir. “Milli klassika və rejissorluq” kitabında Mehdi Məmmədovun “Xəyyam”, “İblis”, “Dəli yığıncağı”, Tofiq Kazımovun “Pəri Cadu”, “Aydın”, Cənnət Səlimovanın “Şeyx Sənan”, Azər Paşa Nemətovun “Danabaş kəndinin məktəbi”, Vaqif İbrahimoğlunun “Lənkəran xanının vəziri” və digər tamaşaların nümunəsində klassik repertuar və rejissura əməkdaşlığının müxtəlif aspektləri nəzərdən keçiriləcək.

- Bəs Şekspirin pyeslərinin səhnəmizdəki taleyi məsələsi necə həll ediləcək?

- Vaxtilə rəhmətlik T.Yusifbəyli həmin mövzuda (rus dilində) Şekspirin pyeslərinin Azərbaycan teatrındakı təcəssümlərini əhatə edən bir kitab yazıb. Və bu kitab ötən əsrin 60-cı illəri tarixi ilə bitir. Halbuki sonrakı illərdə Şekspirin neçə-neçə pyesləri səhnəmizdə tamaşaya qoyulub və onlardan bəziləri Azərbaycan teatrında ilk dəfə yaşam vəsiqəsi qazanıb.

- Dediyiniz kitabda hansı tamaşalar əsasında araşdırma işi nəzərdə tutulur?

- Əslində, həmin kitabda geniş, akademik araşdırmadan daha çox faktoloji konstatasiyanın başlıca yer alması nəzərdə tutulur. Amma yeri gəldikcə, problemlərə elmi-nəzəri müstəvidə baxılacağı da istisna deyil.

- Məsələn, hansı tamaşalardan bəhs ediləcək?

- Məsələn, Tofiq Kazımovun “Fırtına”, Mərahim Fərzəlibəyovun “Maqbet”, Bəhram Osmanovun “Kral Lir”, Azər Paşa Nemətovun “Hamlet” və “Afinalı Timon”, Vaqif İbrahimoğlunun “Otello”, Cənnət Səlimovanın “Romeo və Cülyetta” və s. tamaşaların səhnə təcəssümü məsələləri əhatə ediləcək.

- Yaxşı, başqa işlər necədir?

- Başqa işlər deyəndə ki, rəhmətlik Abbas Zamanov demişkən, şikayət etməyə əsasım yoxdur. Allaha şükür sağlamam, boz maye fəaliyyətindədir, əlim qələm tutur, mütaliəm yerindədir. Xüsusən, son aylar çox dəyərli kitablar oxumuşam. O qədər maraqlı və gərəkli layihələrim var ki...

- Məsələn...

- Məsələn, Hacı Zeynalabdin Tağıyev haqqında çoxseriyalı filmin ssenarisini yazmaq təklifi almışam.

- Neçə seriya?

- Təxminən 110 seriya olmalıdır. Həmin dövrün siyasi-tarixi, ictimai-mədəni həyatının zənginliyi heyrətamizdir. Və o dövrdə xalqımızın yetişdirdiyi siyasi, ictimai xadimlərin, ziyalıların obrazları, fəaliyyətləri və düşüncələri böyük miqyas tələb edir. Həmin dövrün mürəkkəb və keşməkeşli tarixi əsl mənada salnamədir.

- Filmin rejissoru kim olacaq?

- Bu barədə geniş danışmaq çox tezdir. Təkcə onu deyə bilərəm ki, Türkiyənin məşhur rejissorlarındandır.

- Yeri gəlmişkən, bir ara söz gəzdi ki, siz Türkiyədə işləməyə dəvət almısınız və ora gedəcəksiniz.

- Hə, təəssüf ki, belə şeylər çox zaman jurnalistlərin gərəyi olur. Amma dediyiniz şayiə deyil, həqiqətdir. Mən çalışmaq üçün Türkiyədən və Qazaxıstandan konkret təkliflər almışam.

- Deməli...

- Müqavilə 2018-ci ildən nəzərdə tutulur, amma mən hələ qəti sözümü deməmişəm.

- Yəni necə?

- Mən problemli adamam. Füzulisayağı desəm, “mən istərəm bəlanı, çün istər bəla məni.” Mürəkkəb olanı sadələşdirmək əvəzinə, sadəni mürəkkəbləşdirməyi sevirəm. Məsələn, hər hansı oyunda, şahmat olsun, yaxud nərd, bir də görürsən, uğur vəd edən gedişi yox, məni aşkar çətinliyə salanı edirəm.

- Axı bu, məntiqə sığmır.

- Əzizim, həyatda o qədər məntiqə sığmayan məsələlər var ki... Məsələn, Quranı oxumayıb, ondan xəbərsiz olanın Qurana and içməyi hansı məntiqə sığır? Mənim etdiyimin məntiqə uyğun olub-olmadığına gəlincə, bu kimin üçünsə elədir. Amma mən hər dəfə özümü çətinə salıb, həmin vəziyyətdən çıxmaqdan ifadə edə bilməyəcəyim həzz alıram.

- Mazoxizm?

- Yox. Psixoloji ekstrim.

- İnciməyin, amma son iş yerinizdə də deyəsən, bu prinsiplə hərəkət etdiniz.

- Müəyyən dərəcədə. Amma orada məsələ bir qədər başqa cür idi.

- Başqa cür? Nə cür?

- Bu, sadə olmayan, izah və təhlil tələb edən geniş spektrli məsələdir.

- Müxtəsər demək olar?

- Olar. Mənim evdə atamın, orta və ali məktəbdə müəllimlərimin təlqin etdikləri dəyərlər əsasında formalaşan əqidəm var. Mədəniyyət və Turizm Nazirliyinin mənimlə bağladığı 5 illik müqavilə əsasında mənə həvalə edilən işi ardıcıl səylə və vicdanla yerinə yetirdim. Nə səhhətimi, nə də maddi marağımı düşünmədim, ailəmə ayırmalı olduğum vaxtımı da teatrın işinə sərf etdim. Azad yaradıcılıq təşəbbüsünü anlayış olaraq, M.Ə.Rəsulzadənin təbirincə desək, insanlara “dadızdırdım.”

- Bəs nə oldu?

- Müqavilədə göstərilən 5 il müddəti bitdi.

- Vəssalam?

- Vəssalam.

- O cür ciddiyyətlə başladığınız işi belə asanlıqla yarıda qoydunuz?

- Məşhur mahnıda deyildiyi kimi: “Görüşdük nə çətin, ayrıldıq nə asan...”

- Mən ciddi soruşuram.

- Ciddi soruşursunuz? Ustadım Tofiq Kazımov “Ucundadır dilimin həqiqətin böyüyü” misrasını tez-tez bədahətən söyləyər, sonra “rəhmətlik yaxşı deyib”, – deyərdi. Həqiqətən, rəhmətlik yaxşı deyib. Deməli, ciddi soruşursunuz, hə? Olsun. Obrazlı desək, bir xəstəni sağaltmağa səy göstərirdim. Bir müddətdən sonra başa düşdüm ki, o, xəstə olduğunu ciddi qəbul etmir və sağalmaq istəmir, onun üçün ən münasib olan elə xəstəhal vəziyyətdə olmasıdır. Ən betəri isə bu idi ki, onun “valideynləri” və “yaxınları” da bu xəstənin sağalıb ayağa qalxmasında bir o qədər maraqlı görünmürdülər. Mövcud vəziyyət məndən başqa bütün tərəfləri qane edirdi. Mənim etdiklərim ağrılı idi. Amma kosmetologiyada deyildiyi kimi, ağrısız gözəlliyə nail olmaq mümkün deyil. Mənim dərmanlarım acı, tələblərim sərt idi və günlərin birində biz sadəcə bir-birimizdən bezdik.

- Nəticə kimin xeyrinədir?

- Burada xeyir ifadəsi yerində deyil. Sadəcə, mən öz ixtisasımda, tədqiqat və pedaqoji işimdə davam edirəm, xəstə də əvvəlki halında qalıb.

- Deməli, yaşayır?

- Buna yaşamaq deyilməz ki... Sadəcə nəfəs alır. Amma bu uzun müddət davam etməyəcək, ağırlaşma qaçılmazdır. Çünki primitivizmin perspektivi yoxdur. Bilmirəm, fikrimi deyə bildim?

- Mən bilən, hə. Deməli, Piter Brukun dediyi kimi, “cansız teatr” vəziyyəti, eləmi?

- Tamamilə doğrudur. Şübhə edən varsa, buyursun, identifikasiya həqiqəti üzə çıxarar. Bugünkü Azərbaycan teatrı ötən əsrin 60-cı illərindəki teatrın estetik nüfuz və yaradıcılıq səviyyəsindən qat-qat aşağıdır.

- Elə isə nə etməli?

- Köhnə rus sualı verirsiniz. İndiki vəziyyətdə iki yol var. Ya vaxt itirmədən milli teatrın sabahı naminə ən ciddi operativ tədbirlər həyata keçirmək, ya da oturub can üstə olanın son nəfəsini gözləmək lazımdır. Amma yuxarıda qeyd etdiyim kimi, birinci yol qarşısında inzibati, psixoloji, yaradıcılıq xassəli ciddi əngəllər mövcuddur.

- Bəs, üçüncü yol necə, yoxdur?

- Var. Dili (mənim heç bacarmadığım iş) dinc qoymaq, başını aşağı salıb, teatr sənətinin mövcud vəziyyətinə münasibət bildirməmək, harda qırıldı-qırıldı ovqatına əhəmiyyət verməmək...

- Lap Protasovsayağı alındı.

- Lev Tolstoy öz zəmanəsində müdriklərin müdriki olub. Onun kəlamlarından birinə görə, ömür Allahın insana verdiyi mükafatdır və onu Allaha layiq yaşamaq lazımdır. Bax belə. Mənə gəlincə heç bir modifikasiya nəticəyə təsir etməyə, entropik təzahürləri əngəlləməyə qadir olmadığı üçün Əliağa Vahid demişkən, “dövrümüzün həzrəti Musası” olsaydım belə, mövcud vəziyyətdə “möcüzə icad etmək” mümkün deyildi.

- Qəribə işdir.

- Yox, burada qəribə heç nə yoxdur. Kimsə kimsənin kitabını oxumadığı, rəhmətlik Məmməd Araz demişkən “iti bazarında atından baha” olan bizim zəmanədə bu, adi reallıqdır.

- Bəs vicdan?

- Vicdan? Çox şairanə səslənir. Biz deyəsən, əsas mövzudan uzaq düşdük. Demək istədiyim odur ki, mənim əqidəmə uyğun fəaliyyət göstərmək üçün prefentiv imkanların olmadığını nəzərə almamışdım, əslində bunun elə bir mənası da yox idi.

- Yəni?

- Yəni yaranmış pat vəziyyətini nəzərə alsaydım belə bu, nəyi dəyişəcəkdi?

- Bu fikirdən pessimizm havası gəlir...

- Yox, mən deməzdim. Halbuki pessimist keçmiş optimistdir.

- Doğrudanmı heç nəyi dəyişmək mümkün deyil?

- Bax, sizin sualınızdan da dramatizm havası gəldi. Bunu dramatikləşdirməyin. Hər şey yaxşıdır, hətta gözəldir. Nə gözlənilirdisə, o da baş verdi. Tamaşalar hazırlanır, tamaşaçılar təşkil edilir, yaradıcılıq ovqatı imitasiyası yaradılır. Premyeralar oynanılır. Alqışlar, gül-çiçək, qarşılıqlı təbriklər var. Daha nə lazımdır? Teatr yerində sayır, yaxud irəli gedir, bunun nə əhəmiyyəti var? Əsas bu deyil.

- Bəs nədir?

- Baxın, əsas budur ki, qurdlar tox, qoyunlar salamat olsun.

- Yəni...

- Yəni “Bağdadda sakitlik” əsas məsələdir. Siz Kufə camaatı barədə nə bilirsiniz?

- Demək olar ki, heç nə.

- Oxuyun. Çox maraqlı camaatdır, xüsusən, onların qədim tarixini oxuyun.

- Deyəsən, siz söhbəti qəsdən başqa səmtə yönəldirsiniz.

- Sizin nə eşitmək istədiyinizi başa düşürəm. Amma mən bir zamanlar çalışdığım yer haqqında danışmağı xoşlamıram. Keçmişdə ilişib qalmaq olmaz. Bu, maraqlı deyil. Mən bütün Azərbaycan teatrının bugünkü vəziyyəti barədə danışmağı daha səmərəli hesab edirəm. Özü də qeybət şəklində yox, problemləri aşkarlamaq və konstruktiv çıxış yolları üzərində düşünməyi məqbul sayıram.

- Axı, məhz sizin çalışdığınız o dövr maraqlıdır.

- Kimin üçün?

- İctimaiyyət üçün, teatr sevənlər üçün.

- Əminsiniz?

- Yüz faiz.

- Sizə inanmamağa əsasım yoxdur. Amma imkan varsa, bunu gələn dəfəyə saxlayaq. Olar?

- Olar. Amma bu şərtlə ki...

- Razıyam. Həqiqəti deyəcəyəm, yalnız həqiqəti.

davamı

# 2037 dəfə oxunub

Oxşar xəbərlər

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

15:00 24 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

17:00 23 noyabr 2024
Mirzə Cəlil Sabirin heykəlinin açılışını niyə tənqid etmişdi? - TARİX

Mirzə Cəlil Sabirin heykəlinin açılışını niyə tənqid etmişdi? - TARİX

11:51 21 noyabr 2024
Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
# # #