Həmid Herisçi televiziyadan getməsini hekayəyə çevirdi: “İtlər vadisi”

Həmid Herisçi televiziyadan getməsini hekayəyə çevirdi: “İtlər vadisi”
23 oktyabr 2019
# 11:37

Kulis.az yazıçı Həmid Herisçinin “İtlər vadisi” hekayıəsini təqdim edir.

Bu yastı damlı boz kəndi əhatə edən çöllü-biyabanlarda tək-tük tikili, ev-eşik vardısa, zaman keçincə hamısı dağılmış, yerlə bir olmuş, it yuvasına, xarabalığa çevrilmişdi.

Sanki acı xəbərdarlıq vardı həmin cansıxıcı mənzərələrdə: “Bu kənddən bircə addım kənarda kimsə xoşbəxtlik, ruzu tapmayıb indiyəcən özünə. Hələ uzun zamanlar da tapmayacaq, görərsiz”.

***

Kənddən kənarda xoşbəxtlik, hüzur tapmayanlardan biri də, elə təkcə öz adının musiqisiylə canlara vahimə, üşütmə salan lotu Ərəbəliydi. Bu cayıl, vurub-yıxan kişinin əvvəlcə heç özüylə də deyil, başqalarının dilindən düşməyən hikmətli kəlamlarıyla tanış oldum:

- Adamı öldürərlər Komi ASSR-də, dustaqların arasında, ölüsünü çaya atarlar. Meyiti, taxta şalbanlar arasında axar gedər bir Allah bilir hara. Çətin, bu meyit əvvəl Volqaya gəlib çıxsın, ordan da bizim doğma Bakı sahillərinə...

Sonra mənə, Ərəbəlinin düzəltdiyi rahat stol-stullar, möhkəm ayaqlı kətillərlə tanış olmaq xoşbəxtliyi nəsib oldu. Rusyetdə, taxta-şalbanın bol yerində cəzanı çəkirsənsə, çox darıxma. Giriş dülgərliyə, gör, düzəltdiyin hər stol-stulla, masayla fani zaman necə tez axıb gedir səninçün. Bir də gözünü açıb görəcəksən ki, artıq çoxdan Bakıdasan...

Ərəbəlinin əl işlərində, belə deyək - həmin qazamat sənətlərinin qəmli ruhu, küskün nəfəsi vardı. Bakılılar demiş, “Nizami kinoteatrının 24-cü sırasından baxsaydın belə”, deyərdin bunları yazıq dustaq - bizim Ərəbəli yonub rəndələyib.

O taxta kətillərin əsməyən, titrəməyən ayaqlarını çətin söhbətlərdə, dava-şavalarda dəfələrlə sınadım. Hiss etdim ki, Ərəbəlinin özü də, elə bax bu cür möhkəm olar yəqin. Günlərin birində, həmin möhkəmliyi mən, bir nəfərin dəmir caynaqlarında duyub bərk diksindim. Bildim ki, nəhayət Ərəbəlinin özüylə görüşürəm:

- Salam... Ərəbəli deyilmi sizin adınız?

- Bəli. Özüdür ki var... - Ərəbəli mənlə soyuq görüşdü. Diqqəti başqa yerdəydi. - Buralara mənim quşum yolunu azıb qonmayıb ki?

Görüşümüzün baiskarı-əbrəş göyərçin, Ərəbəlini evindən çıxarıb, çəkib gətirmişdi bura - canciyərim Əbdürrəhmanın kasıb həyətinə. Soyuqdu deyə, gedib qonmuşdu isti qazanxana damına.

Bütün Bakı quşbazları kimi Ərəbəlinin də gözləri çox itiydi. O, həyətdə təkcə öz quşunu aşkarlamadı. Həm də qumluqdan paslı bir alət tapıb üzə çıxardı.

- Şükür! Nə vaxtdı bu metrəni axtarıram ki, qapı-bacanın dəqiq ölçülərini çıxarıb ustaya verim.

Əbdürrəhman, ağarmış başını tərpədə-tərpədə Ərəbəliyə xeyli təşəkkür etdi:

- Sən kimisinin nə quşu itər, nə də ki, ölçü metrəsi.

Ərəbəli, deyilənləri başıyla təsdiqləyib, bircə ifadəylə söhbətimizi xətm etdi:

- Nə də ki, dostluğu.

Həyətdəki təyinatsız daş üzərində çay süfrəsi açıb başladıq dərdləşməyə. Bu vaxt Ərəbəli öz hazırcavablığı ilə bir daha təəccübləndirdi məni. Siqaret közü əlini yandırarkən özünü itirmədi o:

- Görürsən? Siqaret də, şükür, çıldağ edir məni.

Həəə... Gördüm ki, çoxbilmiş bu kişi böyük təcrübə sahibidir. Təsadüflərə sinə gərməyə həmişə hazırdır. Qərara gəldim öz müşküllərim barədə bu hökmlü kişidən məsləhətlər alım. Ərəbəli burda da məni önlədi:

- Televiziyada işləyirdin, “Space” kanalında, eləmi? Nooldu bəs? Niyə indi ekranda görükməyirsən?

Ərəbəlinin, ürəyimdəkiləri oxumağı mənə xeyli xoş gəldi. Gördüm ki, bu kişinin düzəltdiyi möhkəm kətillər üzərində əyləşib, möhkəm söhbətlər aparmağın tam zamanıdır. Kətilin möhkəm iki arxa ayağı üzərində bir-iki dəfə arxaya sallanıb, havada bax beləcə müvazinətimi saxladım. Bu, Ərəbəliyə də xoş gəldi. Day fürsəti əlimdən qaçırmayaraq, girişdim öz televizyonçu xatirələrimə.

***

“Space” telekanalı yerləşən möhtəşəm binanın, əvvəlki sovet vaxtlarında kinoteatr kimi fəaliyyət göstərməyi indiki kimi yadımdadır. Evimiz, bu sevimli ünvandan çox da aralı olmadığından, bütün dünya kinematoqrafı ilə məhz bu binada tanış olmaq imkanı qazandım. Avropa kinosu burda həmişə hind filmləriylə dinc dolanmağa məcburdu. Xəyallarımızı ovsunlayan “Klimandjara qarları”, “Kül və almaz”, “Yeddi samuray”, “Qafqaz əsiri” kimi filmlərə çox vaxt bilet tapa bilməzdin burda. Filmlərin özü kimi, kinoafişaları da yaddaqalandır. Yadımdadır, filmin bitməsinə həmişə bir dəqiqə qala-qalmaya, kinozalın ağır qapıları əvvəlcə azca aralanıb, özünəməxsus bir səs çıxarardı. Deyərdin ki, bəs o dünyayla bu dünya arasındakı ağır darvazalar aralanır. Filmlərdən əvvəl göstərilən, hətta kinojurnallar belə maraqlıydı - tamaşaçıda siyasi savadı artırırdı. Nöqsanlar da az deyildi bu mədəniyyət ocağında - azyaşlı məktəb tələbələri bir də görürdün bilet alveriylə məşğuldurlar. “Fantomas” kimi filmlərin göy rəngli biletləri, öz dövlət qiymətlərindən üç-dörd dəfə baha qiymətə satılardı adətən.

Kinomexaniklər, bilmirəm niyə, filmləri bəzən qırıq-qırıq göstərirdilər bizlərə. Bu vaxt, yadımdadır, zalda bir hay-həşir qalxırdı ki, gəl-görəsən. Kino sənətinin kütlələrə aşıladığı mədəniyyət havası anında havaya buxarlanırdı. Kütlə dönüb olurdu qaraçı köçü. Sonralar oxşar səhnələri, Azadlıq meydanındakı xalq hərəkatı zamanı gördüm. Baxdım ki, bu mənzərələr, acı səhnələr bir-birinə çox oxşardır.

Qısası, həmin yaddaqalan ünvanla ilk tanışlığım uşaqlıq dövrümdən başladı. Sonralar burda “Space” telekanalı məskunlaşanda, həyat özü bilmirəm niyə, yenidən məni bu ünvana qaytardı. Uşaqlıqda kinoya baxdığım zallarda indi mən teleaparıcı kimi fəaliyyət göstərirdim. Yadda saxlayın - bir zamanlar baxdığınız kinofilmlərin gərgin süjetini, gələcəkdə siz mütləq öz həyatınızda təkrarlayıb yaşayacaqsız.

Köhnə kinoteatrımda, Simurq quşu kimi yanıb yeni cilddə dirilməyim, canlı efirdə tamaşaçılarla birbaşa əlaqəyə girməyim, əfsanə kimi, kino kimi görünərdi əvvəllər mənə. Hiss edərdim ki, bütün bunların arxasında bir izahsız sirr, sehr də mövcuddur.

Telekanalda bir adət vardı. Rəhbərlik yerləşən ikinci mərtəbədəki ayaqyolunu adətən ikicə nəfər bölüşərdi - direktorla köməkçisi. Növbəti dəfə teleşirkətdə rəhbərlik dəyişəndə gördüm, vaxsey, buyur gözünə su ver, yaxşı-yaxşı bax bu ibrətamiz həyat mənzərələrinə. Birinci mərtəbədə oturub, iqtisad xəbərləri hazırlayan gözəlçə qız, ikinci mərtəbəyə qalxaraq burdakı ayaqyoluna daxil olur. Ayaqyolu qapısının açarlarını indidən, bəri başdan cibindən çıxararaq, incə uzun barmaqları arasında oynadır.

Aha... Belə de... Demək, rəhbərlik də dəyişib, sədrimizin üstünlük verdiyi adamlar da...

Təzə direktorumuz iş yerinə təkcə gəlməmişdi. “Qraf” adlı yekə köpəyini də gətirmişdi özüylə. Binanın həyətindəmi saxlayırdılar bu iti? Yaxud bir başqa, bizə daha münasib bir yerdə? Buna, inanın, dəqiq izah, cavab tapammadım axıracan. Qeyd etməliyəm ki, bu itin xisləti az sonra bütün işçilərə yoluxdu - şirkətdə bir boğuşmalar, davalar başladı ki, gəl görəsən! Hamı bir-birini it kimi qapırdı. Əvvəllər Kürdəxanıya it boğuşdurmağa gedən itbaz həmkarlarım, bəlkə elə bunun ucbatından daha ora getmədilər bu payız. İtboğuşdurmanı, elə rəhbərliklə işçilər arasında izləməyə üstünlük verdilər.

Deyəsən, daha maraqlı səhnələrlə zəngindi bu tamaşa.

Axır növbə gəlib çatdı mənə. Bir gün mən də ərizəmi yazıb direktorun masası üzərinə atdım. İkimiz də bir anlıq sükuta daldıq. Təzə köməkçinin təzə dikdaban çəkmələrinin səsi, pilləkən tərəfdən yüksələ-yüksələ gələrək, ayaqyolu tərəfdə qəfil kəsildi. Açarların səsi girdi araya. Qapı cırıldayıb çırpıldı. İkimiz də bu tanış səsləri axıracan dinləyib axırda dilə gəldik.

- Gedirsən? Niyə? - direktorun süni təşvişi mənə gülməli göründü.

- Belə lazımdı. İtlərlə bir dam altda qalanlardan deyiləm. Düzü, “İtlər vadisi” serialının izləyicisi olmaq istəmirəm. – Cümlənin sonunu xüsusi ahənglə ağırlaşdırıb direktorun yağlı, tərli sifətinə çırpdım sanki.

Direktorun bəzi hərəkətlərinə artıq bələddim. Bilirdim ki, ovcunun içiylə kök çənəsini ovuşdurmağa başladığı vaxt, adətən çox amansız olur o.

Lap öz iti kimi...

- Bax haaa... Bütün ölkə səni tanıyır. Sənlə nəfəs alır. Sabah rəhbərlik mənə desə ki...

Direktorumuzun gicləməyi heç ürəyimcə deyildi. İcazə almadan, bircə cəld hərəkətimlə oturduğum yerdən dik yuxarı qalxdım. Küləkdə yellənən, müvazinətini güclə saxlayan ağac budağı kimi bircə dəqiqə bax bu vəziyyətdə, görkəmdə qalmağı bacardım. Sonra eynən möhkəm ağac budağı kimi bircə saniyə aşağı əyilib, ağzımı yaxınlaşdırdım onun qulağına:

- İcazə verin buranı birdəfəlik tərk edim.

Qapıda direktorumuzun təzə köməkçisi ilə özüm də bilmədən qəfil toqquşdum. Bu da o qızcığaza bəs etdi ki, şəhvəti cuşə gəlsin. Gözləri odlanıb hədəqəsindən çıxsın. Həmin alovu birtəhər təzə sədrimizə doğru səmtləndirib, tez aradan çıxdım.

O vaxtdan istədim-istəmədim, fərqi yoxdur... düşdüm bu həyatın acı, ac, quduz “itlər vadisi”nə.

Soruşacaqsız niyə?

Bunun cavabını indiyədək elə özüm də axtarıram.

***

İndi bu xatirələri yadıma salarkən, qarşısına yeddi güllə düzüb fikirləşən Gəray bəy simasında görərəm adətən özümü. Güllələrin birini yıxaram, ikisini, üçünü... ancaq cavab tapmaram heç vaxt fikirlərimi it kimi gəmirən saysız şək-şübhələrə. Saatlarla xəyala dalaram.

***

Ərəbəliylə söhbətimiz zamanı bu xasiyyətim bir də təkrarlandı deyəsən. Həyətdəki “Şəms” adlı atın bu vaxt ucadan fınxırması lap yerinə düşdü, məncə. Üçümüzü də fərdi xəyallarımızdan ayırıb bu dünyaya qaytardı.

- Noolub ey sənə? Nədən belə fikirlisən? – Ərəbəli, belini soyuq divara dirədi bir an. Altındakı kətili bir-iki dəfə ora-bura əydirdi. Kətilin iki ayağı üstə, bircə saniyə müvazinətini saxladı. Beynində nələrisə həll etdi bu vaxt.

- Ərəbəli, səbəbi nəydi axı bu “Space”dəki məcaralarımın? Niyə o vaxtdan mən it-qurdun əlində qalmışam? – Göz bəbəklərim hərəkətə gəlib daha sakitləşmək nədi bilmirdi. – De, niyə belə oldu axı?

Bakıda qapıları, darvazaları çox vaxt vəhşi külək döyür. Nadir hallarda tək-tük Allah qonaqları. Bakılısansa, gərək mütləq bu səsləri bir-birindən ayırd edəsən. Əbdürrəhmanın dəmir darvazası səs edərkən Ərəbəli, bu səsin sahibini tanıdı anında. Əbdürrəhmana göz elədi ki, bəs, boş ver, qapıda kimsə yoxdur. Sonra üz tutdu növbəylə həm mənə, həm də Əbdürrəhmana:

- Oraları, köhnə “Cəfər Cabbarlı” kinoteatrı tərəflərini mən lap qədimlərdən yaxşı tanıyıram. – Ərəbəli tüklü sifətini qaşımaqdan ayrıca ləzzət alırdı. – İndi bildim niyə orda bu qədər sərgüzəştlərə düşübsən. Deyimmi səbəbini, hə?

- De...

Əbrürrəhmanmı dedi bu tək, yetim kəlməni, yoxsa mən?... Düzü, bunu ikimiz də bilmədik. Nigarançılığımız lap artmışdı. Gözlərimizi zilləmişdik Ərəbəlinin qurumuş, ağ qabıq bağlamış nazik dodaqlarına.

Sükut fasiləsi çox çəkdi bu dəfə. Axırdı Ərəbəlinin dodaqları aralandı:

- Əvvəllər orda dağlılar it boğuşdurardı axı... Belə yerlərdən isə yüz illər sonra da it nəfsi kəsilmir əsla.

- Demək istəyirsən ki, o vaxtdan həmin “İtlər vadisi”ndən ayrılıb qopa bilmirəm, həə? – cümlənin əvvəlini Ərəbəliyə ünvanlayıb, axırını Əbdürrəhmana pıçıldadım. Hər ikisi sanki elə bayaqdan hazırdırlar ey bu cavabıma...

- Hə də... İt tayfası belədir... Nəfsini bir yerə saldımı, vəssəlam, orda daha bir başqası, özgəsi xeyir tapmayacaq.

***

Ərəbəlidən aldığım cavab, bir müddət qənaətbəxş oldu mənimçün. İt nəfsinə inandım. Bildim it ağzına düşmək həqiqətdə nə deməkdir. Bəlkə, elə bu cavabla kifayətlənəcəkdim mən də. Day ora-bura şəkk-şübhələrimin köhlənini səyirtməyəcəkdim.

Amma bir gün həmin sualım qəfil yeni məna qazandı özünə. Ərəbəlinin cavabları qaldı bir kənarda...

Qədim yunan tarixçisi Herodotun Midiya tarixi barədə yazdıqlarını oxuyarkən, ordan bir başqa məlumatlar aldım düşündüyüm mövzuyla əlaqədar.

Eşitdiklərimə diksindim.

Kitabda deyilirdi: “Midiya hökmdarı Astiaq yuxuda görür ki, bəs gələcəkdə nəvəsi Kir nə vaxtsa gəlib mütləq onu qətlə yetirəcək. Uşağı götürüb Mitridat adlı bir çobana verirlər ki, öldürsün. Çoban zürriyətsizdi deyə, körpəni öldürmür. Rəhm edib arvadına ötürür. O qadının adı yunanca “kino”, yəni it, midiya dilində isə Space idi”...

Herodotun xəsis sətirlərini oxuduqca dil-dodağımın necə quruduğunu heç vaxt unutmayacağam. Qısası, eşitdiklərim məni tamam başqa səmtə - mistikaya apardı.

“Kino” yunanca it deməkmiş. Dağlıların it boğuşduran yerlərində sonralar “kino” göstərilir... Midiya dilində köpəyə “Space” deyilirmiş. Kino dövrü bitdikdən sonra həmin yerdə “Space” telekanalı məskunlaşır...

Məntiqin bitdiyi, mistikanın başladığı bu paranormal ərazilərdə bircə həqiqət hakimdi...

İt xisləti...

Kosmosa - “Space”-ə uçan ilk canlı varlıq da, unutmayın, insan deyil, elə həmin qədim Midiya köpəyi olub...

# 8291 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
#
#
# # #