Vaqif Mustafayev, Telli Borçalı və dünya kinosunu nə birləşdirir?

Vaqif Mustafayev, Telli Borçalı və dünya kinosunu nə birləşdirir?
11 sentyabr 2015
# 10:35

1950-ci illərdə kinonun ciddi sənətdən çox əyləncə olduğu Böyük Britaniya kinematoqrafiyası haqda “Yeni dalğa”nın önəmli rejissorlarından biri Fransua Trüffo deyirdi: “Məgər kino və Britaniya anlayışları arasında hansısa uyğunsuzluq yoxdurmu?”

Trüffonun fikrini bir balaca dəyişim: İndi siz də Telli Borçalı ilə Vittorio De Sika və ümumiyyətlə, kino sənəti arasında hansısa uyğunluq görürsüz?

Kimsə görüb-duya bilməsə də, “Space” kanalının rəhbəri, rejissor Vaqif Mustafayev mütləq görüb. Filmlərini “Space” kanalındakı yaradıcı prinsiplərini nəzərə alsaq, belə bir ideya ancaq ona məxsus ola bilər.

Həm də o səbəbdən ki, V.Mustafayev başqalarının görə bilmədiyini görən, nadir milli rejissorlardan biridir.

Hər bazar ertəsi, gecə bu kanalın efirində yayımlanan “Dünya kinosu inciləri” verilişi kimi. Adından göründüyü kimi proqramda kino sənətinin sayılıb-seçilən filmləri göstərilir.

Və verilişin unikallığı ondadır ki, bu filmləri müğənnilər təqdim edir.

Təxəyyülümü işə salıram və proqramın ərsəyə gəlmə prosesini təsvir etməyə çalışıram: Vaqif müəllim kanalda ciddi bir kino verilişinin olması haqda təklif verir. Əməkdaşlar da proqramın formatını müzakirə edəndə təklif edirlər ki, verilişi ya Ayaz Salayev, ya Aydın Dadaşov aparsın. Lap bədəbəddə Ramiz Fətəliyev də olar. Çox güman ki, Vaqif müəllim başıalovlu etiraz edərək deyir ki, onların təqdimatında baxan olmayacaq, bizə manıs lazımdır...

Beləliklə, Manaf Ağayevin təqdimatında Rober Enrikonun “Köhnə tüfəng” filminin təqdimatı:

“Bu film mənim ən çox sevdiyim filmlərdən biridir. Bu filmə professor da baxır, adi adam da baxır və bizim kimi müğənnilər də baxır. Mən bu filmə çox baxmışam. İstəyirəm siz də baxasız”.

İlk abzas bir neçə dəfə təkrarlanır. Davam edir Manaf müəllim:

“Köhnə tüfəng” filmində həm sevgi, həm müharibə mövzusu çox gözəl işlənib. Bu filmdə aktyor oyununu xüsusi qeyd etmək lazımdır. Bu, bizim gəncliyimizin filmidir. Elə indi də müasirdir. Bu filmə professor da baxır, adi adam da baxır və bizim kimi müğənnilər də baxır. Mən istəyərəm məni sevənlər, pərəstişkarlarım da baxsın. Çox gözəl filmdir”.

Telli Borçalının təqdimatında Vittorio De Sikanın “Çoçara” filminin təqdimatı:

“Hər dəfə baxanda o filmə çox kövrəlirəm. Necə ola bilər ki, bir ananın (burda Telli xanım səsini qəhərləndirməyə çalışır) gözünün qabağında balasını bax, belə bir günlərə salsınlar, doğrudan çox...” - kədərli musiqi səslənir, Telli xanım gözlərini hüznlə süzdürür, başını yellədir, güclə də olsa ağlamsınmağa çalışır: “Bir anlığa Xocalı faciəsi gözümün qabağına gəlir. Bu filmə baxmayanlar baxsın, baxanlarsa bir də baxsın. Neçə dəfə baxsam, kövrəlirəm. Ən çox sevdiyim filmlərdən biridir. Çox faciəvi çəkilib, çox kövrəkdir. Mən özüm də çox emosional qadınam. Aktrisanın balasını bağrına basması, onu qucaqlaması, onun üstünü təmizləməsi, başını sığallaması, elə bilirəm ki, əsgərlərin içinə gedib az qalıram onları müdafiəyə qalxam ki, niyə bir ananın gözü qabağında onun balasını bu günlərə qoyurlar. Sofi Loren onu elə oynayıb ki, o demək deyil ki, o, italyan qadınıdır. Bu, hər bir qadının başına gələ bilər”.

Onların kamera qarşısında bir az karıxmasından hiss olunur ki, filmlərə gözlərinin ucu ilə də baxmayıblar. Hazır mətn verilib və qəsdən loru, bəsit yazılıb.

M .Ağayevin bir neçə dəfə təkrarlanan “Bu filmə professor da baxır, adi adam da baxır və bizim kimi müğənnilər də baxır” cümləsindəki “Bizim kimi müğənnilər” sözlərinin intonasiyasında V.Mustafayevin ənənəvi sarkazmı duyulur. “Bizim kimi müğənnilər” yəni, çal-çağır edən, bayağı, yüngül mahnılar oxuyan və düşüncə tərzləri bayağı mahnı ilə sərhədlənən müğənnilər... Və M.Ağayev özü də qətiyyən fərqinə varmadan V.Mustafayev tərzində özünə ironiya edir.

Verilişin belə formatı hansı məqsədi güdür, necə bir auditoriyaya hesablanıb?

Bir neçə versiyam var. Məsələn, dünya kinosunun təbliğatını çal-çağır əhlinin vasitəsilə etmək, onların auditoriyasını cəlb eləmək... Telli xanımı, Manaf bəyi meyar seçən kütlə düşünər ki, əgər onlar bu filmləri məsləhət görürlərsə, deməli, izləməyə dəyər.

Sonra belə mənzərəni təxmin edirəm. “Sevimli şou”da M.Ağayevi ayaq üstə, entuziazmla alqışlayan əmi, Yusif Mustafayevin “Ana” mahnısına ağlayan xala filminin ilk dəqiqələrindən sonra sıxılıb növbəti şou üçün kanalları gəzir.

Başqa versiya o ola bilər ki, V.Mustafayev sadəcə bu vəziyyətdən həzz alır. Sarkazmını filmlərindən televiziya ekranlarına gətirən rejissor üçün belə tamaşalar qurmaq onun həyat tərzi, həyat ritmidir.

Yox, əgər veriliş savadlı publikaya nəzərdə tutulubsa, onlar üçün maraqlı olacağını sanmıram. Bu filmlər sovet dövründən indiyədək kanallarımızda göstərilir. Əksər yaşlı nəsil rejissorlamız italyan neorealizmində qaldığı kimi, telekanalların da ağlına “kinonun inciləri” deyəndə ya De Sikanın “Çoçara”sı, ya da Fellinin “Kabiriyanın gecələri” gəlir.

Çox səmimi deyirəm, stress atmaq, əylənmək üçün bu verilişi səbirsizliklə gözləyəcəm. Sadəcə, Vaqif müəllimdən xahiş edirəm: təqdimat mətnlərində sarkazmı, bəsitliyi bir az da bol eləsin ki, daha əyləncəli olsun.

# 1587 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
# # #