Rəqsimin sirri öldü... – Elnaz Eyvaz yazır

Rəqsimin sirri öldü... – <span style="color:red;">Elnaz Eyvaz yazır
5 dekabr 2017
# 16:20

Dostlarım, tanışlarım, qohumlarım – tanıyanlar hamısı deyir ki, gözəl rəqs edirəm.

Bilirəm, səmimidirlər, aldatmırlar. Mən bacardıqca gözəl rəqs edirəm. Çünki rəqs etməyi sevirəm, rəqs etdikcə dincəlirəm, içimdən gəlir əllərimi havada süzdürmək, barmaqlarımın ucunda fırlanmaq. Əl barmaqlarımı necə tutmalıyam: şəhadət barmağımla adsız barmağımı orta barmağımın üstündə cütləyib düppədüz saxlayıram əllərimi. Sol ayağımı yerə basıb, sağ ayağımın barmaqlarının ucunda qalxıb istədiyim qədər fırlanıram, lap səmavi rəqslərdə olduğu kimi.

Stress atıram, istirahət edirəm bu zaman, başım hərlənmir, çünki bunun sirrini bilirəm, incəliyini bilirəm. Təkcə toylarda, məclislərdə yox ki. Lap elə evdə tək olanda. Hə, hə. Evdə tək olanda, kiməsə möhkəm əsəbiləşəndə, adamlardan küsəndə, qırılanda, qəlbim ağrıyanda gözəl musiqilərə bacardıqca səs verib doyunca rəqs edirəm. Unuduram hər şeyi – olanı, keçəni, gülümsünürəm, xoşbəxt oluram: ən azından o anlarda. Rəqs edəndə gözlərim ayaqlarımın altını görmür, qanadlarımı kimsə görmür, uçuram sanki. Bax, bu yazdıqlarımı da gözəl musiqi sədaları altında yazıram, yazdıqca ruhum havada süzür. Filmlərdə ölən adamın ruhu çıxıb qaçmağa başlayır, ya da cəsədinə, ətrafında ağlaşanlara baxıb kədərlənir ha, indi bu yazını yazdıqca ruhum dinlədiyim musiqi sədaları altında süzür, uzun, düz barmaqlarım havaya millənib. Ancaq ağlaya-ağlaya süzür, sən ağlaya-ağlaya oynayan, rəqs edən adam görmüsənmi?

Hamı mənim rəqsimi bəyənir, ancaq kimsə bilmir ki, bunu kimdən, hardan öyrənmişəm, barmaqlarımın ucunda başım hərlənmədən uzun-uzun fırlanmağın, biləklərimi durna boğazına bənzətməyin sirrini kim açıb mənə.

Üçüncü, ya dördüncü sinifdə oxuyurdum. Məktəbimizdə rəqs dərnəyi açıldı. Mən də yazılmaq istədim, anam icazə verdi. Sevinə-sevinə yazıldım. Həftədə, deyəsən, iki dəfə idi. Dərsdən sonra evə gəlib nahar edirdim, əynimi dəyişib gedirdim. O qədər həvəslə gedirdim ki. O da bu həvəsimi, həm də uyğun olduğumu görüb məni rəqs qrupumuzun solisti seçdi. Səsi hələ də qulaqlarımdadır:

“Belini düz tut, düz-düüüz! Ayy sağ ol, beləəə, beləə! Həə, biir-ikiii, üüç-döörd! Əlaaa! Əllər, barmaqlar, düz-düz, elə bil iki barmağının arasında kibrit çöpü tutmusan! Olmadı, dayan!”

İki dənə kibrit çöpü gətirir və hərəsini bir əlimin orta barmağımın üstünə qoyub adsız və şəhadət barmaqlarımı kibrit çöpünün üstündə cütləşdirir. Mən alışandan sonra çöpləri götürür və barmaqlarım olduğu kimi qalır. “Saxla, saxla, qoyma aralansınlar”.

Anam öz paltarının qalan parçasından mənə sarafan tikdirmişdi, kürəyi zəncirbəndlə bağlanırdı. Bir dəfə zal soyuq idi deyə, rəqs paltarlarımızı geyinmədik. Dəstə oynaya-oynaya dairə yaratdı və mən pərdənin arxasından süzə-süzə tən ortaya gəldim, fırlanıb dizləri üstə yerə oturdum, əllərimi cütləyib başımın üstündən irəli uzatdım, əyilib başımı döşəməyə çatdıranda sarafanımın kürəyi açılıbmış. Rəqsə necə uymuşamsa, xəbərim olmayıb. Bir də onu gördüm ki, göz qırıpmında cumub bir dəfəyə zəncirbəndi çəkib səhnədən çıxdı. “Davam elə, davam elə, dayanma!” – dedi. Başa düşəndə də ki, paltarımın kürəyini bağlayıb, utandım... Həm sevindim, həm də məəttəl qaldım ki, qrupun üzvləri görmədən necə cəldliklə bunu edib. Pərt olduğumu görüb səhnəyə qayıtdı və mənə qoşulub oyanmağa başladı. O qədər gözəl oynayırdı ki, elə bilirdin sümükləri yoxdur. Bilmirdim açıq qalan ağzımı yumub oynamağa davam edim, yoxsa dayanıb ona baxım...

Unutmuşam, sonralar niyə davam etmədik, dərnək niyə bağlandı, nə oldu. Amma onu bilirəm ki, mən dərnəkdən çıxmamışdım. Son günə qədər dərslərə getdim. Yadımdadır ki, dərnək bağlananda çox pis olduğumu görüb demişdi ki, kədərlənmə. Vacib deyil ki, böyük səhnələrdə oynayasan, əsas odur ki, nələrisə öyrəndin. Toylarda oynayanda hamı sənə həsəd aparacaq, deyəcəklər, o qız nə qəşəng oynayır! Sonra da gülüb başıma sığal çəkmişdi.

Yoox... O bizim məktəbdə rəqs dərsləri verməyə gəlməmişdi. O bizim məktəbin, təkcə bizim məktəbin yox, qəsəbənin ən gözəl ingilis dili müəllimi idi. Əminəm ki, ən gözəli o idi! Bir insan, bir müəllim öz peşəsini nə qədər sevə bilərsə, o qədər sevirdi müəllimliyi. İngiliscə o qədər səlis, gözəl danışırdı ki, deyirdin elə ingilisdir. Dərsdə iki qrupa bölünürdük. Bizim qrupda heç kəs ingilis dilindən aşağı qiymət almırdı. Heç oxumayan şagirdə də nəsə öyrədirdi. Doqquzuncu sinifdə oxuyanda mənə deyirdi ki, on birinci sinifdə sənə dərsdə Azərbaycan dilində danışmağı qadağan edəcəm, yalnız ingiliscə danışacağıq! Deyirdi, ancaq elə həmin vaxtlarda da dərsdə ana dilində danışmağa qoymurdu. Ana dilində sual versəm, cavab vermirdi, məcbur olub ingiliscə soruşurdum. Odur ki, ali məktəbə imtahan verəndə heç bir hazırlıqsız-filansız yazmışdım ingilis dili fənninin suallarını.

Fəqət mən onun arzusunu ürəyində qoydum: 9-cu sinfin sonunda məndən asılı olmayan səbəblərdən məktəbimi dəyişib, başqa məktəbə keçdim. O mənim yeganə müəllimim idi ki, başqa müəllimlərim kimi mənim məktəbdən çıxmağıma pis olmaqla yanaşı, həm də məndən küsmüşdü. Qəsəbədə rastlaşanda salam verirdim, tanımırmış kimi ötüb keçirdi. Dəfələrlə evə gəlib ağlamışdım...

Universitetin ikinci kursunda idim, dayımın oğlu orta məktəbi əla qiymətlərlə bitirdi. Dayım, oğlunun şərəfinə evində qonaqlıq verdi, məktəbin müəllimlərini də çağırdı. Dedilər ki, müəllimlərin səni görmək istəyir. Qalxdım yuxarı – kişilər üçün açılan süfrə başına. Müəllimlərimlə görüşüb oturdum. Hərəsi mənimlə bağlı öz xatirələrini danışdı, gözlərinin qabağında böyümüşdüm... Bircə o susurdu, başını qaldırıb üzümə baxmırdı. Sonra mənə söz verdilər. Müəllimlərə sevgimi, hörmətimi, ürək sözlərimi bildirəndən sonra, ona baxa-baxa dedim ki, salamımı almayan müəllimlərim belə mənim üçün əzizdir, doğmadır, harda olsam, onların yetirməsiyəm. Üzərimdə haqları var, halal etsinlər. Gözləri yaşla doldu, barmaqlarının ucu ilə gözlərini sıxıb, dedi, o, sözü mənə atır, ay camaat. Hamı gülüşdü... Sonra ayağa qalxıb dedi, haçansa müəllim olsan, onda bilərsən səndən niyə küsmüşəm. Ancaq indi barışa bilərik, üzümüzü ağ elədin, zəhmətimizi yerə vurmadın, şükür. Bundan sonra salamını alacam. Yenə hamı güldü...

Bilirsən, həm də nəyə pis oluram? O, uşaq evində böyümüşdü. Ailə, isti ocaq görməmişdi. Ancaq gözəl ailə sahibi olmuşdu. Övladlarının da, xanımının da dostu idi. Baş-başa, əl-ələ verib gözəl yuva qurmuşdular. Çox zəhmətkeş idi, çox... Ehtiyacın nə olduğunu gözəl bilirdi, ömrünün sonuna qədər zəhmətlə yaşadı, ancaq müəllim işlədiyi vaxtlarda bir dəfə də görmədim, eşitmədim ki, bir şagirdinin əlində gözü olsun. Bizə nə öyrətdi, nə etdisə, təmənnasız etdi.

Həə... deyərsən, ingilis dili müəllimi hara, rəqs dərsləri hara?! Deyirdi, uşaq evində öyrənmişəm rəqsi. Sonralar da universitetin rəqs kollektivinin üzvi, səhv etmirəmsə, hətta solisti olmuşam deyirdi. Rəqs qrupu ilə qastrollarda olmuşam. Sevirdi rəqsi və istəyirdi ixtisası kimi, onu da bizə öyrətsin. Təki nəsə öyrətsin.

Müəllimlərimin qocaldığını görəndə ürəyim şan-şan olur, indi də ölməyə başlayıblar. Təbii... o müəllim xoşbəxtdir ki, bu dünyadan şagirdlərinin çiynində köç edir, şagirdlərinin necə yaşayıb, necə yaşlandığının şahidi olur.

Bu gün gözəl rəqsimin, durna boğazlı biləklərimin sirri ölüb. Yanında olub, son mənzilinə yola salmaq fürsətim, nəsibim olmadı.

Yalan nə deyim, bu günəcən harda rəqs etsəm, həmin vaxt Zəmirxan müəllimi düşünmürdüm, zəhmətini unutmasam da, söz düşəndə xatırlasam da. Fəqət bundan sonra hər dəfə əllərim havanı yaranda, biləklərim havada burum-burum burulanda, gözlərimi yumub barmaqlarımın ucunda ruhumu qanadlandıranda onu düşünəcəm. Necə həmin anlarda xoşbəxt oluram, eləcə də ruhu qarşısında təzim edəcəm.

Ölüm xəbərini eşidən andan 9-10 yaşlı kövrək, küsəyən uşaq olmuşam. Gözlərim tez-tez dolur, ağlamağa bəhanə gəzirəm. Həyat nə gözəldir ki, adamları tanıyırıq, nə kədərlidir ki, onları itiririk. Kaş həyat elə Şeksprin dediyi səhnə olaydı və o səhnədə hər zaman bir Zəmirxan müəllim olaydı. Çətin duruma düşəndə ley kimi özünü bizə çatdırıb pərt olmaqdan, utanmaqdan xilas edəydi bizi, sonra da kövrəlməyək deyə, qol götürüb oynayaydı bizimlə...

# 1857 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
# # #