Ermənilərin terrorist olduğunu gizlədən Azərbaycan filmi

Ermənilərin terrorist olduğunu gizlədən Azərbaycan filmi
14 oktyabr 2017
# 09:10

Kulis.az “Naməlum kino” layihəsində Rasim İsmayılovun 1990-cı çəkdiyi “Tələ” filmini təqdim edir.

Süjet: Əhvalatın qəhrəmanı Tural (Vüqar Mədətov) adlı gəncdir. Onun atası Mirişli (Muxtar Maniyev) külli miqdarda pul mənimsədiyinə görə həbs olunub.

Bakıda təhsil alan tələbələr Laçında qaçqınlar üçün bina tikintisində inşaatçılara kömək edirlər.

Turalın sevdiyi qız Günel (Tamilla Quliyeva) də Laçında inşaatda işləyir. Günelin atası Səfərov (Həsən Məmmədov) Mirişlinin istintaqının aparıldığı məhkəmədə hakimdir.

Tural atasını çox sevsə də, onun pul mənimsəməsinə qarşı çıxır, analığı Fatmanın (Suğra Bağırzadə) təkidlərinə baxmayaraq, atasına mənəvi dəstək olmaq istəmir, məhkəmədə axıradək qalmır.

Və Güneli görmək üçün Laçına gedir. O, videokamerasıyla tələbələrin ordakı gündəlik həyatını çəkir. Sonra Güneldən xahiş edir ki, ad gününü onunla birlikdə keçirsin. Onlar inşaat aparılan yerin yaxınlığında yerləşən tikilidə gecələyirlər. Gecə yarısı silah səsləri eşidilir. Qarovulçu qətlə yetirilir, bir qrup silahlı dəstə isə tikilməkdə olan binanı partlatmağa hazırlaşırlar. Tural hadisəni lentə alır. Amma onların təxribatı baş tutmur. Qurğunu səhv quraşdırdıqlarından nəticədə onlardan bir neçəsi ölür. Günellə Tural hadisə yerindən uzaqlaşır. Amma təxribatçılar duyuq düşərək nişanı silinmiş vertolyotla onları təqib edir. Gənclər maşını meşədə qoyub, kəndə piyada getməyə məcbur olurlar. Tural hadisəni kənd sakini Zakirə (Firdovsi Atakişiyev) danışır. Ancaq o, özünü şübhəli aparır, partlayışın olmadığını, qarovulçunun ölmədiyini, baş verənlərin onun gözünə göründüyünü deyir.

Günellə Tural şəhərə qayıdır, amma onlar hər addımbaşı naməlum adamlar tərəfindən təqib olunur. Az sonra Zakir də qətlə yetirilir. Tural əlindəki yeganə dəlili videomaterialı deputatlara, yüksək vəzifəli şəxslərə göstərsə də ona əhəmiyyətsiz yanaşırlar. Sonda Tural da qətlə yetirilir...

Doğrudur, sənət baxımından “Tələ” filminin yüksək plankası yoxdur.

Ancaq reportaj manerasında çəkilən bu kriminal dram 1990-cı illərin ab-havasını dəqiq əks elətdirir. 20 Yanvar hadisələrindən sonra lentə alınan bu filmdə etiraz ruhu çox güclüdür. Onda hələ Qarabağ konflikti dərinləşməmişdi və o vaxt qoyulan problemlərə görə bu filmi sonradan baş verən proseslərə öncəgörmə kimi də dəyərləndirmək olar. Məsələn, təxribat, ona ölkənin məsul şəxslərinin laqeydliyi, öz şəxsi rahatlıqlarını düşünmələri artıq gələcəkdə baş verəcək daha dəhşətli hadisələrə işarədir.

Tanınmış telejurnalist Rübabə (Tanilə Əhmərova) də Turalın danışdığına etinasız yanaşır, ona inanmır.

Bununla belə filmdə terrorun erməni silahlılarının törətdiyini göstərən hansısa açıq təsvir, söz, dialoq yoxdur. Hətta Laçında atəş səsləri eşidiləndə belə, atəşin kimlər tərəfindən açıldığı deyilmir. Görünür, müəyyən səbəblərdən (məsələn, hələ o vaxt Sovet İttifaqı dağılmamışdı, bunu millətlərarası münasibəti qızışdırmaq kimi qiymətləndirə bilərdilər) bu amilə ehtiyatla yanaşılıb.

İstənilən halda problemlərə yanaşmasıyla “Tələ” cəsarətli filmdir. Oğlunun ölümündən sarsılan atanın hakimlə mübahisəsi zamanı dediyi “Biz hamımız bu ölkənin girovlarıyıq”, final səhnəsi həm mövcud hakimiyyətə protestdir, həm də son illərdə baş verənlərin güzgüsüdür.

Finalda hakim qızı Günellə Laçına cinayət yerində təhqiqat aparmağa gedir. Həmin vaxt partlayış baş verir, radioda isə xəbər səslənir: “Bu günlərdə respublikanın Daxili İşlər Nazirliyinə bir məlumat daxil olmuşdur ki, guya Laçın rayonunda yeni tikilmiş evlər partladılmalıdır. Səlahiyyətli orqanların və müvafiq təşkilatların verdiyi əsaslı materiallara görə belə bir təxribat təhlükəsi yoxdur və gözlənilmir. İndi isə musiqiyə qulaq asın”. Son kadrda da faciə fonunda şən musiqi səslənir.

Tural və Günel adları “Dədə Qorqud” dastanına göndərmədir.

Filmin ssenari müəllifi Nadejda İsmayılova, operatoru Rövşən Quliyev, bəstəkarı Ruhəngiz Qasımovadır. Film “Azəraycanfilm” kinostudiyası ilə “İnterdet” studiyasının birgə məhsuludur.

# 3146 dəfə oxunub

Oxşar xəbərlər

Rəng deyil mavi - Aytac Sahədin yeni hekayəsi

Rəng deyil mavi - Aytac Sahədin yeni hekayəsi

12:00 13 may 2026
Əriyən pendir, dünyəvi vəsvəsələr, arvadını sancan arı... - Salvador Dalinin ən məşhur əsərləri

Əriyən pendir, dünyəvi vəsvəsələr, arvadını sancan arı... - Salvador Dalinin ən məşhur əsərləri

15:00 11 may 2026
"Hələ siz sonra görəcəksiz analar necə oğullar doğub..." - "Kərgədan buynuzu" povestindən bir hissə

"Hələ siz sonra görəcəksiz analar necə oğullar doğub..." - "Kərgədan buynuzu" povestindən bir hissə

12:00 11 may 2026
"Qadın cinsi ilə rəftar eləməyi bacarmayan..." - Şillerin "Məkr və məhəbbət"indən bir hissə

"Qadın cinsi ilə rəftar eləməyi bacarmayan..." - Şillerin "Məkr və məhəbbət"indən bir hissə

10:00 9 may 2026
Moskvadan gələn tabut, hava limanındakı məmurlar və ağlayan "Nəsimi" – Rasim Balayevlə baş tutmayan görüşün pərdəarxası

Moskvadan gələn tabut, hava limanındakı məmurlar və ağlayan "Nəsimi" – Rasim Balayevlə baş tutmayan görüşün pərdəarxası

15:00 8 may 2026
"Qınadığım şeylərə qarşı məndə maraq oyatmağa haqqınız yoxdur..." - Floberin "Hisslərin tərbiyəsi" romanından sitatlar

"Qınadığım şeylərə qarşı məndə maraq oyatmağa haqqınız yoxdur..." - Floberin "Hisslərin tərbiyəsi" romanından sitatlar

10:00 8 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər