“Ay brilliant” – qurşaqdan aşağı zarafatlar toplusu

“Ay brilliant” – qurşaqdan aşağı zarafatlar toplusu
17 mart 2015
# 15:39

Son bir ildə başlanan komediya axınına "İlk Media" və "Azad Azərbaycan" (ATV) televiziya kanalının birgə layihəsi olan “Ay brilliant” da qoşuldu.

Bu kommersiya məhsulunun “My name is İntiqam” və “Xoxan” filmləri kimi yaxşı gəlir gətirəcəyi istisna deyil.

Alış-veriş mərkəzlərinin birindəki kinoteatrda filmin gündüz seansında zal dolmuşdu. Nəzarətçidən öyrəndim ki, bütün seanslarda zal dolu olur.

“Ay brilliant”da nəql olunan əhvalat komediya janrının klassik süjetlərindən biridir. Bir neçə avara (bir qayda olaraq, onların tipi sadəlövh, bir az səfeh, köntöy təsvir olunur) istəmədən mafiyanın oyununa gəlir, ortada mütləq nəsə miras, pul söhbəti olur. Sonra gözlənildiyi kimi avaraların səfeh avantüraları, təsadüflər mafiyanın oyununu pozur, onların törətdikləri zərərsiz cinayətlər şər qüvvəni məğlub edir, sonda xeyir qalib gəlir. Yeri gəlmişkən, dünya kinosunda təxminən oxşar motivlər əsasında çəkilən usta filmlərdən biri italyan komediyasının liderlərindən Dino Rizinin “Müqəddəs Yanuari əməliyyatı”dır.

Kənan M.M.-in rejissoru olduğu, ssenarisini Ənvər Abbasov, Samid Ağayev, Kənan M.M-in yazdığı “Ay brilliant” komediyası da bir az səfeh, sadəlövh, müftə yaşamağa alışan personajların macərası, onların cinayətkarlar üzərində qələbə hekayətidir.

"Bozbash Pictures" layihəsindən tanıdığımız beş personajı mafiya brilliant oğurluğunda günahlandırır. Və onlara brillantın pulunu ödəmək üçün vaxt qoyulur. Hadisələr də bunun ətrafında cərəyan edir.

“Ay brilliant” təsvir həlli, maraqlı planlar, keyfiyyətli yumor baxımından məsələn, “My name is İntiqam”a uduzur. Hətta “Xoxan”a da.

“My name is İntiqam”ın vəziyyətin təsvir həlli, montajı daha orqanik idi. Kənddə yaşayan qarının boğçadan planşet çıxarıb, video izləməsi kimi koloritli, gözlənilməz, İntiqamın narkotik maddə istifadə edəndən sonra gözünə görünən qarabasmaların absurd, sürreal təsvir həllərini nəzərdə tuturam.

Bu mənada “Ay brilliant” düz, estetik özəlliyi olmayan, yumoru daha lokal, sadə filmdir.

Filmin baş prodüseri və əsas qəhrəmanlarından biri İlkin Həsəni çox istedadlı insandır. Onun yumor hissinin, situasiyaya anında maraqlı reaksiyalarını hələ “Yeni ulduz”un aparıcısı olanda hiss eləmişdim. İ.Həsəni istedadı, işgüzarlığı ilə "Bozbash Pictures" telelayihəsinə də xeyli tamaşaçı kütləsi yığıb.

Amma söhbət televiziya məhsulundan yox, böyük ekranlara hesablanmış filmdən və aktyor peşəkarlığından gedirsə, konkret bu filmdə aktyorların oyunu xüsusi olaraq iz buraxmadı. Hətta baxmayaraq ki, aktyor ansamblında Şamil Süleymanov kimi peşəkar aktyor da yer almışdı.

Yəni “My name is İntiqam”da İlkin Misgərli, “Xoxan”da Fərda Xudaverdiyevin oyunu kimi xüsusi seçilən parlaq ifa təəssüf ki, yox idi.

Sadəcə, yaxşı kollektiv oyunu vardı. Və kollektivçilik ayrı-ayrı aktyor oyunlarındakı kəm-kəsiri, əyər-əskiyi ört-basdır edirdi.

Kriminal, dram, melodram elementlərinin yer aldığı film klip estetikasında dinamik çəkilib. Hərçənd, dinamikliyə rəğmən bəzi səhnələrdə yersiz uzadılma vardı: Tiflisdəki kazino, ilk epizodlardakı qaçış səhnəsi və s.

Yuxarıda adını çəkdiyim digər iki komediya filmində olduğu kimi burda da qurşaqdan aşağı zarafatlar bol idi: artıq astarı üzünə çevrilmiş xoruz söhbəti, “69” rəqəminin hallanması, hansısa fizioloji proseslərindən bəhs edən ifadələrin işlədilməsi.

Həmçinin, qurşaqdan aşağı zarafatların təsvirlərdə realizəsi: kameranın diskotekada rəqs edən qadınların arxasına dəxilsiz aksenti, personajın qaz buraxmağı, qadın alt paltarının burda da görünməsi və s.

Ümumiyyətlə, sırf geniş istehlaka hesablanmış son dövrün müstəqil çəkilən komediya filmlərini birləşdirən əsas cəhət qurşaqdan aşağı dialoqların bolluğudur.

Reaksiyalardan anlamaq olur ki, seyrçinin görmək istədiyi də məhz budur: gündəlik həyatda işlənən jarqonları, fizioloji proseslərdən bəhs edən ifadələri konkret bədii situasiyada, yumor kontekstində eşitmək arzusu. Aktyorlar seyrçinin istəyini onların arzuladığı şəkildə çatdırmağa çalışırlar. Bəzən alınır, bəzən alınmır.

Bununla da son bir ildə böyük ekranlara çıxan komediyalar marketinq nöqteyi-nəzərdən tamaşaçının tələbatını nəyə olduğunu aydınlaşdırdı...

Tamaşaçı diktə edir, onlar çəkir...

Hər halda kino bazarını hərəkətləndirən, tamaşaçının kinoteatra getməyə vadar edən və istehlakçılara növbəti filmlərini çəkməyə imkan verəcək kommersiya layihələrinin çoxalmasını ümumən kinomuz üçün yaxşı əlamətdir.

# 1827 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
# # #