Qəbir daşı düzəldən heykəltəraşa xəyanət edən arvadı

Qəbir daşı düzəldən heykəltəraşa xəyanət edən arvadı
27 may 2017
# 09:00

Kulis.az “Naməlum kino” layihəsində Davud İmanovun 1987-ci ildə çəkdiyi “Afroditanın qolları” qısametrajlı bədii filmini təqdim edir.

Süjet: Heykəltəraş Cahid (Rafiq Əliyev) qazanc əldə etmək üçün qəbirüstü büstlər düzəldir, müqabilində yaxşı qazanc əldə eləyir. Amma onun maddi vəziyyəti bir sənətkar kimi mənəvi tənəzzülünün bahasına başa gəlir. Cahid sırf maddiyyat üzərində qurulmuş işindən yorulur, mənəvi zövq ala bilmir. O, getdikcə arvadına da laqeydləşir.

Onun gənc arvadı (Olqa Zolotuxina) isə ərinin bütün gününü emalatxanada keçirməsindən darıxır, monoton həyatından qurtulmaq üçün dostlarını evə çağırır, əyləncələr təşkil eləyir. Sonra isə qadın məhəllədə təlim keçən gənc yanğınsöndürənlə (Əliqulu Səmədov) eşq macərasına başlayır.

Tanışı Cahidə daha sərfəli iş təklif eləsə də, o, razılaşmır. Təsadüfən bir qəzet elanında “Afroditanın qolları” adlı müsabiqəyə rast gəlir. Elanda qolsuz Afroditaya uyğun yaradıcı yanaşma tapan heykəltəraşa mükafat veriləcəyi deyilir.

Cahidin içində yenidən yaratmaq eşqi güclənir. O, bütün günü emalatxanasında heykələ uyğun qol həlli tapmağa çalışır. Gecə evə qayıdanda arvadını məşuqu ilə tutur....

Bu günümüzün gerçəkliklərinə adekvat olan film hər şeydən əvvəl şəxsiyyətin böhranı haqdadır. Sənətlə maddi qazanc arasında qalan və ikincini seçən heykəltəraşın faciəsini anladır. Əslində əhvalatda konflikt - cəmiyyət-sənətkar, şərait –sənətkar və ya ailə - sənətkar arasında yox, onun özünün daxilində baş verir. Bu mənada qəhrəman bütün film boyu ən çox özü özü ilə mübarizədədir. Təsadüfi deyil ki, film boyu o, daha çox susur nəinki danışır. Və onun susqunluğu daxilində baş verənləri, ağrılarını sözlərdən çox anladır.

Hərçənd, Cahid durğun vəziyyətindən çıxmaq üçün nəsə eləmir, ideyasız yaşayır, düşdüyü situasiyaya müticəsinə tabe olur. Sənətdə öz yerini, yolunu müəyyənləşdirə bilməyən qəhrəman təsadüfi bir elanla həyatını dəyişdirmək, peşəkar uğur qazanmaq istəyir.

Amma təsadüf Cahidə sənətdə öz sözünün deməyə nəinki imkan vermir, əksinə, onun böhranını daha da dərinləşdirir.

Emalatxanada Afroditanın qollarının bədii həllinin ipuclarını tapan Cahid sevincindən uçur. Rejissor heykəltəraşın sevincini onu əhatələyən kloun libasında ağ mələklərlə ifadə edir. Mələk kimi klounların seçilməsi yəqin ki, təsadüfi deyil. Çox güman ki, Cahidin vəziyyətinə sarkastik eyhamdır.

Evə qayıdanda arvadının xəyanətinin şahidi olur və mələklər yoxa çıxır.

Filmin annotasiyasında qeyd edilir ki, əgər insan münasibətlərindəki səmimiyyət aradan götürülərsə, bu münasibətlər pozularsa onları Afroditanın qolları kimi düzəltmək müşkül məsələdir. Bu iş prosesində o, xəyanətin ağrısını öz üzərində hiss edir, özünün səhvlərini başa düşür.

Hərçənd, qadının xəyanətini sözün birbaşa mənasında qəbul eləmirəm. Bu, artıq sənətə, özünə xəyanət etmiş, sənətlə özü arasında özgələşmə yaşayan Cahidə taleyin cəzasıdır. O, sevdiyi peşəsinə xəyanət elədiyi kimi, sevdiyi qadın da ona xəyanət edir. Ailədəki xəyanət bir növ onun sənətə münasibətinə metafordur.

Film onunla bitir ki, Cahid emalatxanasına qayıdaraq, ümidsizlik içində düzəltdiyi heykəlləri dağıdır. Müştəri gəlir və ona qəbirüstü büt sifariş edir. Cahid razılaşaraq pulu alır. Yəni peşəsinə dərin bağlılığı, sevgisi olmayan adam sənətdə ciddi nəsə yarada bilməz.

“Debüt” studiyasında istehsal olunan filmin ssenari müəllifi Nüsrət Kəsəmənli, operatoru Nizami Abbasov, bəstəkarı Xəyyam Mirzəzadədir. Bu, Davud İmanovun ilk filmidir.

Qeyd edək ki, “Miloslu Avrodita” məşhur antik heykəldir, eramızdan əvvəl 130 – 100 illərə aid edilir.

Əsərin müəllifinin Antioxlu Aleksandros olduğu güman edilir.

Heykəl 1820 – ci ildə Egey dənizinin Milos (Melos) adasından tapılıb. Tapılanda artıq heykəlin qolları itirilmişdi. Hazırda Luvrda saxlanılır.

# 1742 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
# # #