Qara Mustafayev: “Dedilər, Qara müəllimin başına hava gəlib”

Qara Mustafayev: “Dedilər, Qara müəllimin başına hava gəlib”
24 fevral 2015
# 12:17

Kulis.az məşhur “Təbiəti sevənlər” verilişinin aparıcısı, Bakı Dövlət Universitetinin "Onurğalılar zoologiyası və bioekologiya" kafedrasının müdiri, professor Qara Mustafayevlə müsahibəni təqdim edir.

- Qara müəllim, necəsiz? Kefiniz necədir?

- 83-ü qurtardım, keçdim 84-ə. Uzun müddətli həyatımda Allahdandı, cəmiyyətdəndi, nədəndi bilmirəm, mənim bir istirahət nöqtəm var. O da təbiətdir. Heç harda təbiətdə olduğum qədər özümü rahat hiss etmirəm. Təsəvvür edin, hamı tələsir; intervü verən də tələsir, alan da tələsir. Fikir verirəm ki, hamı qaçır. Amma heç kim bilmir hara qaçır, nə üçün qaçır. Bu qaçışda onun özünə, ətrafa, ailəsinə faydası nə olacaq, zərəri nə olacaq? Bu barədə heç kim düşünmür.

Bu fikir məni nə qədər boğubsa yatıb yuxumda görürəm ki, getmişəm dağa. Şəlalə axır, əlimi uzadıb sudan bir ovuc götürmüşəm. Əlimi uzadıb suya deyirəm ki, ey gözəl məxluq, sən hara qaçırsan? Sən hara tələsirsən? Su mənə cavab verir ki, mən hamıdan çox tələsirəm. Ona görə ki, mən bir də sənin ovcunda olmaq üçün mənə 2 milyon il lazımdır. Və sən tək deyilsən. Mən çoxlarına baş çəkməliyəm. Yuxunun fəlsəfəsinə baxın. Mən bədbəxt o qədər yuxu ilə çırpınıram ki, 6 saat yatanda da başımdan çıxmır.

- Deməli hazırkı zamanımızdakı dinamizm təbiətdə də var.

- Bəli var. Çarlz Darvinin... Rəhmətlik çox böyük adam olub. İndi onu uşaq-muşaq da ələ salır. O, çox nəhəng şəxsiyyət olub. Amma Darvin bir məsələni vaxtında görə bilməyib. Cansız təbiətə təkamüldə yer verməyib. Onsuz təkamül yoxdur.

- Deməli Darvinə inanırsız.

- Əlbəttə. İnanırsız yox e, Darvinin təkamül haqqında fikri bu gün də var. Sən də təkamül eləyirsən. Sən on il əvvəlki uşaq deyilsən, mən də.

- Allaha necə, inanırsız?

- Allaha inanmamaq olar? Allahı Qurani-Kərimdə yazıldığı kimi açmaq olmaz. Onu açsan Allah nə demək olduğunu başa düşməyən nadanlar qan çanağına dönəcək. Daha da pis olacaq. Daha da ziyankar olacaq. Ona görə Allah xofun intellekti aşağı adamdan götürmək olmaz. Götürsən onu canavar edərsən. Quranda da deyir ki, onun dediyinə əməl elə. Qurani-Kərimdə Allahın adından deyilən informasiya xəstəni sağaldır. Adamın adamdan qorxması qorxanı xəstələndirir. Amma Allahdan qorxması onu sağaldır. Deyir içmə, içmə də.

Mənim dərketməmə görə Allah gücdür. Kainatı yaradan qüvvədir. O qüvvə kainatı necə yaradıb, niyə yaradıb nə elm bilir, nə də din. Bizim kainat haqqında biliyimiz 3-5 faizdir. Qalanı hələ sirr olaraq qalır. Ən az da özümüzü tanıyırıq. Özümüzü ayağımızın altında qalan qarışqadan da, başın kəsib yediyimiz toyuqdan da zəif bilirik. Özünü tanımaq özünüdərkdir. Özünü dərk edən adam səhvə yol verməz.

- Sovet dövründə də bu cür düşünürdüz?

- Sovet dövründə təbiət haqqında eyni cür düşünmüşəm, əhali haqqında başqa cür. Sovet quruluşu deyirdi ki, insanı bazis, yəni qurum, sosializm xoşbəxt edə bilər. Sosializmdən kənarda xoşbəxtlik yoxdur.

- Təkamül nəzəriyyəsi haqqında nə deyə bilərsiz?

- İnsan insandan əmələ gəlir. İnsan meymundan əmələ gələ bilməz.

- Bəs insanın yaradılışına hansı yöndən baxırsız, dini yöndənmi, elmi yöndənmi?

- Dini forma ilə elmi formanı siz ayırırsız, mən ayırmıram. Hər ikisi bir-birini tamamlayır. Din də elmdir.

- İlkin yaranış necə olub?

- Əlbəttə heyvan əvvəldi, insan sonra. İnsanın iki ayaq üstə durmağı 2 milyon ildi, lap primitivliyindən üzü bəri qoy olsun 5 milyon il. Amma Yer üzərindəki həyat milyard illərlə ölçülür, milyon illə yox. Bir meymunun dönüb insan olması milyon və yüz milyon illərlə ölçülür. İndi mənə de görək bunu hesablayan cihaz var? Hansı “pribor”, hansı cihaz, kim, nə vaxt 10 milyon ili ölçüb? Heç kim. Bəli heyvan insandan əvvəldi. Qurani-Kərimdə də deyilir ki, Allah insani ən axırda yaradıb. Ona görə ki, insanın gəlişi üçün bütün şərait hazır olsun.

- Belə çıxır ki, Quran da hardasa insanın meymundan əmələ gəlməyini təsdiqləyir.

- Dolayı yolla hə. Demək olmaz ki, “püff” elədim hamısı birdən əmələ gəldi. Stolun üstündə bir jurnal vardı. Zəhləm getdi, atdım. Götürüb Darvini xaltalayıblar. O jurnalda belə yazılmışdı: “Bütün kainat Allahın bircə “ol” kəlməsi ilə yaranıb”. XXI əsrin adamının beyninə bu cür söz batmaz axı?

Yenə deyirəm elmlə dini ayırmaq olmaz. İslam dininin özündə elə elm var ki, bu gündə ona nail olan olmayıb.

- Sovet dövründə camaatı dindən uzaq saxlayırdılar, indi isə hamının əlinə imkan düşüb. Başı çıxan da, çıxmayan da Darvini söyür.

- Sovet dövlətinin günahı onda idi ki, dini əhalidən ayırdı. Qadağan elədi. Ən çox da islam dinini. İslam dini bu gün də savadlı adam əlinə düşsə fayda verər.

- Elə bil sizin veriliş bağlanandan sonra insanların təbiət sevgisi azaldı.

- Təbiət sevgisini azaldan xüsusi mülkiyyət şəraitindəki yarışdır. O yarışa iki cür münasibət var. Sivil adam münasibəti, qeyri-sivil adam münasibəti. Sivil adam münasibəti xüsusi mülkiyyət uğrunda yarışa ziyan törətmir. Tilsim burdadır.

- Heyvanlar aləmindən bəhs edən xarici kanallara baxırsız?

- Hə. Mümkün qədər baxıram. Çox gözəl çəkirlər.

- Siz o vaxtı belə çəkə bilmirdiz?

- Sovet hökuməti kənara buraxmırdı. Deyirdi ki, dünyanı bütün landşaftları Sovetlərdə var. Ona görə bizi xarici ölkələrə qoymurdular. İndi isə maddi baxımdan getmək çətindir. Yaş da o yaş deyil. Məni kim Avstraliyaya göndərəcək? Onda Sovet hökuməti istəsə göndərirdi.

- O vaxtı bir veriliş də vardı; “V mire jivotnıx”. Nikolay Drozdov aparırdı.

- Hə, onunla yoldaş idik. Həm ailəvi, həm özümüz.

- Oxşarlığınız da vardı. O da sizin kimi təmkinlə, səbirlə danışırdı.

- Sağdı, o da sağdır.

- Onunla öz verilişinizi müqayisə edirdiz?

- Onun verilişi böyüklər üçün idi, mənimki uşaqlar üçün. Amma məzmunda hər ikisi eyni idi.

- Səsiniz efir səsi olmasa da bütün Azərbaycanda doğma olduz, hər yerdə qəbul olunduz, tanındız.

- Yəqin mənim səsimə doğma yanaşanlar məni dərk edirlər, mənim dediyimi qəbul edirlər və çalışırlar ki, mənim kimi onlar da təbiətin gözəlliyindən zövq alsınlar. Gözəllikdən zövq almaq ən çətin problemlərdən biridir. Bir dənə yaxşı akvarium olur. Bax bizim evdə biri var. Elə qonaq var orda iri balıq görəndə o birinə deyir ki, yaxşı buğlamalıqdı.

- Heyvanlar aləmində dişiyə münasibət necədir?

- Bütün heyvanlarda belədir. İnsandan başqa heç bir varlıqda dişiyə əl qaldırmaq yoxdur. Mənə elə bir heyvan göstərə bilməzsən ki, dişiyə əl qaldırsın, güc sınasın. Məsələn, bir erkək canavarla bir dişi canavarı götürək. Dişi canavar yuvadan çıxır. Başqa bir canavar görüb ona qoşulur. Erkək canavar yaxın durmur, gözləyir cütləşib qurtarsınlar sonra erkək canavarla boğuşsun.

- Belə çıxır ki, dişi canavarın erkəyinə sadiqliyi yoxdur.

- Özləri bilər. Heyvanlarda dişi seçir erkək seçilir. Cəmiyyətdə əksinədi, qadın seçilir, kişi seçir. Ona görə qadın gözəl, kişi eybəcərdir. Axı o seçilən deyil, seçəndir.

- Rəsul Rzanı o vaxt küsdürmüşdüz.

- Rəsul Rza təbiət haqqında kitab yazmışdı. O vaxt rəy yazmaq üçün onun kitabını universitetə göndəriblər. Kitab da gəlib çıxmışdı mənim əlimə. Oxudum gördüm ki, kitabda hamısı səhvdi. Bu heyvanı o heyvana qohum edib, amma qohum deyil, vəzərini keşmişə qohum edib, amma qohum deyil. Belə-belə səhvləri qeyd edib gedib özü ilə görüşdüm. Qeydlərimi onun üçün oxudum. Dedi bütün şeirlər belədir? Dedim hə. Götürüb kitabı kənara qoydu. Dedi bunu çap etməyəcəm.

- Sizə görə Rəsul Rza kitabı çap eləmədi.

- Eləmədi. O vaxtı mən cavan oğlan idim. O boyda dahi bir cavan oğlanın sözü ilə kitabını çap eləmədi.

- Amma ikinci kitabı sizə vermədi, Mirəli müəllimə verdi.

- Mənə dedi ki, Mirəli müəllimə demişəm, istəsən sənə de versin, oxu. Mirəli müəllim də sağlığına kitabı nə mənə göstərdi, nə də...

- Bilib ki ,yenə bəyənməyəcəksiz.

- Rəsul Rza böyük adam idi. Çox yazıçı-şair təbiəti yaxşı bilmir. Mənə bir yazıçı-şair gətir de ki, təbiəti yaxşı bilsin. Yoxlayım sənə deyim.

- Ceyrana əl qaldıran insan necə baxırsız?

- Çox pis. Təzə doğulmuş balasını zibil qutusuna atana necə baxırsan? Bu da onun kimi bir şeydi.

- Ovçuluq eləmisiz?

- Yox. Heç sərçə də vurmamışam. Ömrüm boyu da çiynimdə tüfəngim olub. Yalandan gəzdirmişəm.

- Ov əti yeyirsiz amma.

- Yox, bu tamam başqa şeydi. Kimsə qoyunu kəsib lüləkabab çəkir. Mən də ondan bir tikə yeyirəm. Guya mən ondan bir tikə yeməsəm o qoyun diriləcək?

- Ceyranı ovlayan görür ki, tələbat var, ona görə ovlayır.

- Camaat ceyran ətində nə görüb? Keçi ətidir də. Kilosu çıxıb 50, 100 manata. Pullular gedib alıb qapı dalında gizli yeyirlər. Keçi ətini kabab çəkim verim ye. Heç bilməyəcəksən ceyrandı, ya keçi. Elə xüsusi fərqi yoxdur.

- Uşaq vaxtı bir kitabda oxumuşdum ki, canavarlar üzbəüz yatır. Elədir?

- Ümumiyyətlə, yırtıcılar üzbəüz yatır. Onların kənardan qorxuları yoxdur.

- Onda belə çıxır canavar elə də fərqli heyvan deyil.

- Adi heyvandır. Kaftar ondan ağıllıdır. Əgər bir kənddə can verən adam varsa kaftar beş altı saat əvvəldən iyindən bilir ki, öləcək.

- Bəs bayquş və qarğa?

- Ruslarda deyim ki, “Belaya vorona umnaya ptisa”. İdrak quşlarda cüzi əmələ gəlir. Məməli heyvanlarda bir az artıqdı, daha insan səviyyəsinə çatmır. Burda da bağlılıq var. Bayquşda ən çox eşitmə üzvü inkişaf edib.

- Qara müəllim, müqəddəs bildiyiniz heyvan, toteminiz var?

- Yox, yoxdur.

- Bəs bitkilərdən?

- Ümumiyyətlə mən bitkiləri, ağacları heyvanlardan çox sevirəm. Çünki o yaradandı, heyvan yaranan. Üzvü maddəni yaradan odur, heyvan isə onun yaratdığını yeyəndi. Universitetdən evə gedirdim. Bir ağacın budağı sınıb sallanmışdı. Ürəyim ağrıdı. Bağlaya da bilmədim. Ağacın gövdəsini öpüb getdim. Sonra eşitdim universitetdə bir ay söhbət gedib ki, Qara müəllimin başına hava gəlib. Mən də xəbər tutanda dedim ki, zəmanədi da, indi havanın da başına hava gəlir. KVNşiklər demişdi bunu.

- KVNşiklər sizlə bağlı məşhur stəndap hazırlamışdılar.

- Onlar mənə yazmışdılar ki, bu qədər sən təbiət, təbiət deyirsən. Onun adını dəyişib qoyduq, təbiəti sökənlər. Mən də ekrana çıxıb dedim ki, düz deyirsiz.

- Dünyanın gələcəyi ilə bağlı nə düşünürsüz?

- Akademik Vernadskinin bir fikri var. Mən də onun yan-yörəsini bir az ütüləmişəm: Yer kürəsində olan əhalinin 75 faizi sivil olarsa dünya xoşbəxt olar.

# 3074 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
# # #