Buz şəlaləyə dırmananlar REPORTAJ

Buz şəlaləyə dırmananlar <span style="color:red;">REPORTAJ
2 fevral 2015
# 17:05

“Bu günlərdə tədbirimiz olmalıdır, amma şəlalənin donmağını gözləyirik. Donan kimi sizə xəbər edəcəyik”.

Buza dırmananlar haqqında reportaj hazırlamaq məqsədilə Hava və Ekstremal İdman Növləri Federasiyasına müraciət edəndə bu cavabı aldıq.

18 yanvarda Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası, yəni FAİREX və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Qusar rayonunun Ləzə kəndi yaxınlığındakı donmuş şəlalədə Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatı keçirilməliydi.

Ancaq şəlalənin gec donmasına görə tədbir 31-nə qədər təxirə salındı.

***

Laza kəndi Qafqaz sıra dağlarının şimal-şərqində dəniz səviyyəsindən 4242 metr hündürlükdə yerləşən Şahdağ zirvəsinin ətəyində, Baş Qafqaz sıra dağlarından keçən Böyük Qafqazın cənub-qərbinə və şimal-qərbinə gedən karvan yolu üzərində (Kurve perevalı) dəniz səviyyəsindən 1300 metr yüksəklikdə olan dağ çökəkliyində yerləşir. 26 evi, 130 nəfər əhalisi olan kəndin yaxınlığında 20-yə qədər şəlalə var. Kənddə yaşayanların hamısı ləzgidir. Laza turistlərin tez-tez gəldiyi kəndlərdəndir. Bəzi ehtimallara görə burda bineyi-qədimdən laz tayfaları yaşayıb. Kəndin adı da lazların adı ilə bağlıdır. Kənd sakinləri də bu ehtimalı təsdiqləyir.

Əhali onu da deyir ki, burda bir-birini dəlicəsinə sevən iki gəncin adına iki dağ var: biri Laz, o biri Ya.

Yadıma lap “Kurtlar Vadisi”ndəki Laz Ziya düşdü.

Şübhəsiz ki, bu ərazilər Azərbaycanın ən gözəl guşələrindən biridir.

***

Çempionatın keçiriləcəyi şəlalə Lazadan bir qədər aralıdadır. Bura adətən gözünə döndüyüm “Niva” ilə qalxırlar.

Şəlalənin aşağısında, dağların ətəyində çadır qurulub. İdmançılar burda bir gün əvvəldən düşərgə salıblar. Çatan kimi bizi samovar çayına qonaq edirlər. Burda samovar çayı içməyin necə ləzzətli olduğunu yazmağa, düşünürəm ki, ehtiyac yoxdur...

Şəlalənin yanına qalxmaq üçün də bir xeyli enerji sərf etməlisən. Bizimlə yola çıxan jurnalistlərin bəzisi şəlaləyə qədər gedə bilmədi. Ancaq çoxumuz bələdçilərimizin köməyi ilə sürüşə-yıxıla şəlalənin ayağına çata bildik.

Şəlalə elə vüqarla durmuşdu ki, sanki buzu heç vaxt açılmayacaq.

Çempionat isə qızğın şəkildə davam edirdi.

Qıraqda olan idmançılar gözlərini şəlalədən ayırmadan rəqiblərinin çıxışlarını seyr etsələr də buza dırmanmağın incəlikləri ilə bağlı bəzi şeylər öyrənə bildik.

Buza dırmanan idmançı üçün lazım olan ləvazimatlar dəmirdən dişləri olan idman ayaqqabısı, kaska və iki buz baltasıdır. İdmançı həm ayaqlarını, həm də baltanı buza keçirib yuxarıya doğru hərəkət etməlidir. Amma burda bir incə məqam var. Buzun üstündə marşrut boyu paralel və rəngli xətlər çəkilib. Baltanı bu xətlərdən kənara vurmaq olmaz. Vursan yarışdan uzaqlaşdırılacaqsan.

Çempionatda bir neçə nəfər elə bunun güdazına getdi.

Yadımdan çıxmamış bunu da deyim... Buza özün dırmansan da, ipin başqalarının əlində olur. İpsiz şəlaləyə dırmanmaq həyatınla zarafat deməkdir.

Buz baltası ilə də xüsusi ehtiyatla işləmək lazımdır. Balta bir balaca əlindən qaçsa, üzünü çapıb tanınmaz hala sala bilər.

Ordakı söhbətlərdən bir şey də öyrəndim ki, federasiyanın tərkibində fəaliyyət göstərən Dağ Hazırlığı Məktəbində hamı üçün pulsuz-parasız dırmanma kursları təşkil edilir. Arıqlamaq istəyənlərə yaxşı məsləhətim var: o boyda xərc çəkməyinizə ehtiyac yoxdur, pulsuz kurslara gəlsəniz, əmin olun, xeyli arıqlayacaqsınız. Məktəb, şəhərdə - Nobel prospekti, 61-də yerləşir.

Bu idman növü ilə məşğul olanlar əsasən gənclərdir. Təbiidir, çünki buza dırmanmaq hər oğulun işi deyil. Güc və enerji tələb edir.

Buza dırmanmada üç kateqoriya üzrə qalib olur: boulderinq, sürətçətinlik dərəcəsi üzrə.

Buzadırmanmanın ustası sayılan ruslar Azərbaycanda bu idman növü yarananda bizə yuxarıdan-aşağı baxırmışlar: Bunlara bax ha, bizim kimi buza dırmanmaq istəyirlər. İllər keçdi və sübut etdik ki, bəli, papaq altında oğlanlar varmış, biz buza da dırmana bilərik. Hətta bu yaxınlarda ABŞ-da keçirilən çempionatda idmançılarımızdan biri onuncu yerə də çıxıb.

Maraqlı məqamlardan biri də budur ki, bu idmana maraq göstərən xeyli xanım var. Yarış iştirakçısı olan qızların sayı oğlanlardan çox idi. Yenicə kursları bitirən xanım hakimlər də xüsusi həvəs nümayiş etdirirdilər.

***

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası 2005-ci ildə yaradılıb. Hal-hazırda 44 klub, filial və birliklər Federasiyanın üzvüdür. Federasiyanın idmançıları 2005-ci ildən etibarən Azərbaycanın buzadırmanma və qayayadırmanma çempionatlarında, beynəlxalq tədbirlərdə iştirak ediblər. Habelə, federasiyanın üzvləri paraşüt tullanışları, deltaplan, paraplan, motoparaplan uçuşları həyata keçiriblər.

Federasiyanın idmançıları Azərbaycanın bir sıra dağlarının zirvələrinə - Heydər Əliyev, İlham, Tufandağ, Bazardüzü, Şahdağ, Bazaryurd, Kəpəz, Yarudağ və s. zirvələrinə qalxıblar.

2008-ci ildən başlayaraq FAİREX Gənclər İdman Nazirliyi ilə birgə idman dırmanması və buzadırmanma üzrə Ümumrespublika Çempionatları, Federasiya kubokları və turnirlərinin də təşkilatçısı və icraçısıdır.

2009-cu ilin yanvar ayında Federasiyanın komandası Azərbaycan-Antarktida ekspedisiyasını həyata keçirərək Antarktidanın ən hündür nöqtəsinə – Vinson zirvəsinə (4892 m) qalxıb və Cənub Qütbünə qədər yürüş edib.

Bundan başqa federasiyanın bir qrup üzvü Afrikanın ən hündür nöqtəsi, Kilimancaronun Uhuru zirvəsinə (5895 m) elmi, idman və siyasi məqsədlərlə ekspedisiya həyata keçirib.

2009-cu ilin sonu, 2010-cu ilin əvvəllərində federasiyanın elmi-idman ekspedisiyası Cənubi Amerikanın ən yüksək zirvəsi olan Akonkaqua (6962 m) zirvəsinə qalxıb.

2012-ci ildə FAİREX dağçıları Pamir dağlarının İbn-Sina zirvəsinə (7131) uğurla yürüş etmişdirlər.

2012-ci ildən başlayaraq Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası tərəfindən Böyük Qafqaz dağlarının Başdağ silsiləsinin Qızıl Qaya massivində yerləşən Heydər zirvəsinə kütləvi yürüşlər təşkil edilmiş və hər il may ayının 2-11 arası keçirilən bu tədbirlərə qatılanların siyahısı gün-gündən artmaqdadır.

Federasiyanın Qusar, Qax, Zaqatala, Ağcabədidə və başqa rayonlarda klubları var və bu idman şəbəkəsi ilbəil genişlənməkdədir....

***

Nəhayət çempionat yekunlaşır. Keçirilən xüsusi tədbirdə qaliblər elan olundu, diplomlar verilir komandalara kuboklar təqdim olunur.

Qaliblər bunlardır:

Sürət (Oğlanlar):

Birinci yer: Şıxrəhimov Qalib

İkinci yer: Rəhimxanov Ramel

Üçüncü yer: Atluxanov Alim

Çətinlik (Oğlanlar):

Birinci yer: Rəhimxanov Ramel

İkinci yer: Hidayətov İftixar

Üçüncü yer: Atluxanov Alim

Sürət (Qızlar):

Birinci yer: Pirəliyeva Gülnar

İkinci yer: Əhmədova Leyla

Üçüncü yer: Novruzova Fidan

Çətinlik (Qızlar):

Birinci yer: Pirəliyeva Gülnar

İkinci yer: Əhmədova Leyla

Üçüncü yer: Süsən Əliya

Komandalar:

Birinci yer: Zirvə

İkinci yer: AMEAST

Üçüncü yer: SALAVAT

Qızlı-oğlanlı qalib olanların bəziləri elə Laza kəndindəndir.

Məsələn, sürət üzrə qalib Qalib Şıxrəhimov... 22 yaşı var, 6 ildir ki, bu idman növü ilə məşğul olur. Şəlaləyə dırmananları görüb necə həvəsə gəlibsə, indi qabağında durmaq olmur.

Çətinlik üzrə qalib Ramel Rəhimxanov isə Qusardandır. 15-16 yaşı olar. Nə qədər dirəşsək də ondan bir kəlmə qoparda bilmədik. Hətta federasiyanın prezidenti Firdovsi müəllimin işə qarışmağı da faydasız oldu. Qardaş yaman utancaq imiş.

***

Tədbir qurtarandan sonra yolumuzu Lazadan saldıq. Həyətdə kəndin ən yaşlı sakini, 95 yaşlı Mehriban nənə ilə söhbət etdik. Elə bu vaxt içəri iki-üç yeniyetmə qız girdi. Boyunlarında da medal. Qalib olanların ikisi bu evin uşaqları - Mehriban nənənin nəvələriymiş...

***

Bakıya saat 21:00-da çatdıq. Metroya düşdüm. İki ağsaqqal həyəcanla qatarın gəlməyini gözləyirdi. İstər-istəməz qulaq müsafiri oldum söhbətlərinə:

- Bircə Xoşqədəmin verilişinə çata bilsəydik...

Fotolar Rüstəm Fərmanındır...

# 3860 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
# # #