Kimsəsiz adamlar kimi dəfn edilən dahi bəstəkar

Kimsəsiz adamlar kimi dəfn edilən dahi bəstəkar
1 mart 2014
# 09:00

3 yaşından piano çalmağa, 5 yaşından isə musiqi bəstələməyə başlamışdı. Kiçik yaşlarından qeyri-adi istedadı ilə hamını özünə heyran qoymuşdu. O, 7 yaşında konsert verir, 8 yaşında isə simfoniya bəstələyirdi. Bu möcüzə uşaq sonralar dünyanın məşhur bəstəkarı olacaq, Avropa klassik musiqisinin ən önəmli nümayəndələrindən biri Motsart idi.

O, 1756-cı ildə Avstriyanın Salzburq şəhərində dünyaya göz açıb. Motsart doğumundan bir gün sonra Müqəddəs Rupert kilsəsində xaç suyuna salınıb. Bu mərasimdə körpəyə latınca Joaness Chrysostomus Wolfgangus Theophilus Mozart adı verilib. Amma Motsart özünü Volfqanq Amadey Mosart adlandırıb.

Motsartın atası Leopold Motsart Salzburq axriyepiskop sarayının kapelmeyster müavini və bəstəkar idi. Bacısı Mariya Anna isə klaviş çalırdı. Sonralar bacısı xatirələrində deyirdi: "Dörd yaşında atamız onu əyləndirmək naminə klavişdə bir-iki parça ifa etməyi öyrədirdi. O, bir qədər sonra bu parçaları heç bir səhvə yol vermədən və böyük həvəslə ifa edirdi. Beş yaşında isə özü kiçik parçalar bəstələməyə başladı və atamız heyrət içində onları not yazırdı”.

Hələ 3 yaşında olanda bacısında olan musiqi parçalarını öyrənib öz-özünə çalmağa başlayanda atası ondakı dahiliyin fərqinə vardı. Motsartın yaxşı musiqiçi olmaq üçün doğuşdan gələn xüsusi istedadı var idi. Qulağı musiqiyə qarşı çox həssas idi. Həddindən artıq səs-küylü və çirkin səslərə qarşı o qədər həssas idi ki, hətta həmin an huşunu itirə bilərdi. Oğlundakı istedadı gördükcə atası uşaqlarının sayəsində pul və şöhrət qazana bilmək üçün oğlunu və qızını da götürərək Avropa şəhərlərini gəzməyə və konsertlər verməyə başladı. Motsart istedadı ilə hər kəsi heyrətləndirirdi. Atası və bacısı ilə gəzdiyi Avropa turunda krallar və kraliçaların qarşısında çıxış edir. Hər dəfə yeni əsərilə ortaya çıxan Motsartı dinləyə bilmək üçün zadəganlar bir-biri ilə yarışırdı. Məşhur rəssamlar Motsart və ailəsinin portretini çəkirdi.

Həyatının ilk 12 ilini atası və bacısı ilə birlikdə konsertlər verən bəstəkar getdiyi hər yerdə heyranlıqla qarşılanırdı. 14 yaşında ilk opera əsəri “Lucia Silla” Milanda çalındığı zaman Motsart özünü opera səhnəsində və operanın vətəni sayılan İtaliyada qəbul etdirmişdi. 25 yaşına qədər rahatlıq görmədən hər yeri gəzdi, konsertlər verdi. Bəzən ac qaldı, qar və yağışda yol gedərək soyuqdan əziyyət çəkdi. Və bu çətin səfərlər özünü səhhətində də göstərməyə başlamışdı.

Volter və Gote kimi məşhur mütəfəkkirlər Motsartı dinləyənlər arasındaydı və bu balaca uşağın bir gün musiqi sənətinin ən böyük dahiləri arasında adının çəkiləcəyindən əmin olduqlarını deyirdilər. O zamanlar Motsart Papa tərəfindən qəbul edildi və ona yalnız böyük ustalara layiq görülən "Qızıl təkan" nişanı verildi. Motsart heç vaxt bu məşhurluğun və dəbdəbənin əsirinə çevrilmədi. Həmişə sadəcə bəstələri ilə məşğul oldu. Çətin səfərlər onu taqətdən salırdı. Səfərlərinin birində hətta o zamanlar ölümcül sayılan çiçək və oynaq revmatizmi xəstəliyinə tutulsa da xəstəliyi özündən uzaqlaşdırdı və sənətinə davam elədi.

Bacısı xatirələrində deyirdi ki, Motsart bu çətin səfərlərdə "Mən ölkəsini təftiş edən kiçik padşaham" deyərək özünə əyləncə tapırdı. Bu bənzərsiz dahi uşaqlıq nədi bilməsə də ölənə qədər uşaq ruhuna bağlı qaldı. Həyatı boyunca yaxşı və saf xasiyyətə malik olan bəstəkar həm də şən və zarafatcıl idi. Həyatdakı kiçik zövqlərdən həzz alırdı, heç zaman ümidsizliyə qapılmırdı. İnsanlarla bərabər olmaqdan, bilyard oynamaqdan, rəqs etməkdən və türk qəhvəsi içməkdən xoşu gəlirdi. Qısa ömrünü qürurlu və şən keçirtsə də maddi vəziyyətini düzəldə bilmirdi. Həyatı boyunca hər zaman maddi sıxıntı çəkdi. Dərs keçərək və müxtəlif konsertlər verərək yaşamağa çalışırdı. Uşaq yaşlarından ölkələri, şəhərləri gəzən və konsertlər verən bəstəkarın qeyri-adi zəkası var idi. O, getdiyi bir çox ölkənin dilini öz dili kimi danışır və bir çox dillər öyrənirdi.

Bəstəkarın yaradıcılığı

Musiqi dünyasının dahi uşaqlarından biri olaraq kiçik yaşda tanınıb və demək olar hamının bildiyi ölməz əsərlər yaradıb. Motsartın güclü texnikası var idi, musiqilərini incə həssaslıqla işləyirdi. Əsərlərində uşaq ruhunun şən, oynaq havasını tapmaq hər zaman mümkündür. Motsartın möcüzə uşaq olduğuna şübhə yox idi. Vyana, Paris, London kimi bir çox yerləri gəzən, konsertlər verən Motsart hər yerdə alqış toplayırdı. Londonda olanda o, ilk simfoniyasını tamamlayıb. Motsart Avstriyaya döndükdən sonra Salzburq Yepiskopu onun yalançı olduğunu düşünürdü və bunu isbat edə bilmək üçün planı hazırladı. O, Motsartı bir həftə qapalı otaqda bağlı saxladı və əsər yazmasını istədi. Motsart bir həftə sonra otaqdan çıxanda onun istədiyi kimi əsər hazırlamışdı. Yepiskop sonrakı il Motsartı kilsənin musiqi şefi elan etdi.

Motsartın atası oğlunun italyan musiqisi haqqında da məlumat əldə etməyini istəyirdi. Ona uzun İtaliya turunu hazırladı - Milan, Verona, Neapol və Romada musiqisevərlər Motsartın dahiliyinə heyran qaldı. Volfqanq Amadey Motsart klassik Qərb musiqisinin ən məhsuldar və ən təsirli bəstəkarlarından biridir. 35 illik ömründə 626 əsər yaradıb ki, bura simfonik, konsert, kamera, piano, xor kimi klassik musiqi janrları və s. daxildir. Motsart avropalı bəstəkarlar içərisində ən məşhurudur. Bütün dünyada musiqi tarixinin ən böyük dahilərindən sayılır. Motsart məşhurlaşdıqca Avropa gəzintisinə çıxaraq müxtəlif konsertlər verib. Bu səfərlər zamanı o, bir çox məşhur musiqiçilərlə tanış olur və onların əsərləri ilə maraqlanır. Ən əsas tanışlıqlardan biri bəstəkar İohan Sebastyan Bax idi. 1764-1765-ci illərdə Motsart və Bax Londonda dost olublar. 1767-ci ildə Vyanaya yenidən gedən ikili 1768-ci ilin noyabrına qədər burada qalırlar. Salzburqda keçən bir ildən sonra bəstəkar 3 dəfə İtaliyaya səfərə çıxıb.

1769-cu ilin noyabrından 1771-ci ilin martına, 1771-ci ildən avqustdan noyabra və 1772-ci ilin oktyabrından 1773-cü ilin martına qədər Motsart 3 opera bəstələyir - "Mitridate Re di Ponto", "Ascanio in Alba" və" Lucio Silla". Hər üç opera da Milanda oynanılıb. 1782-ci il Motsartın karyerası üçün ən əhəmiyyətli il sayılır. Operası “Saraydan Qız Qaçırtmaq” (Die Entführung aus dem Serail) böyük uğur qazanır. Bu operada bəhs edilən Topqapı sarayı deyil, Aralıq dənizi sahillərindəki yay köşküdür. Opera Osmanlıda baş verən hadisədən bəhs edir. Səlim Paşanın və hərəmağası Osmanın məhbusu Konstanzenin nişanlısı Belmont onu qaçırtmağa çalışır. Sonda Səlim Paşa Belmont və Konstanzenin birləşməsinə razı olur .

Bəstəkar 1777-ci ilin 23 sentyabrında atasının səhhətində problem yarandığı üçün anası ilə birlikdə Avropa turuna çıxır. Parisə uğursuz səfəri zamanı 1778-ci ildə anası vəfat edir. 1780-ci ildə Motsartın ən böyük operası “İdemeno” Münixdə oynanılır. Vyanadakı ilk illərində Motsart Bethovenin də müəllimi olan, 100-dən çox simfoniya bəstələyən Cozaf Haydnla tanış olur və dostluq edirlər. Motsart Haydna yazdığı məktubda deyir:

“Uşaqlarını böyük dünyaya göndərməyə qərar verən bir ata, onlara o dövrdə məşhur bir insanın qoruması və liderlik etməsi lazım olduğunu düşünmüşdü. Sonunda ən yaxşı dostlar halına gəlmişdilər. Mən də eyni yolla, sizə uşaqlarımı göndərirəm. Lütfən onları nəzakətlə - bir ata, bir yol göstərici və bir dost kimi qəbul edin! Ancaq, sizə yalvarıram, lütfən atalarının gözlərindən qaçan səhvlər üçün anlayış göstərin və hörmət etdiyim comərd dostluğunuzu əsirgəməyin”.

Haydn bundan sonra Motsarta böyük heyranlıq duyur və bəstəkarın son əsərlərini dinlədikdən sonra onun atası Leopolda məktub yazır: “Tanrı və dürüst insanlığım üzərinə sizə deyirəm ki, oğlunuz şəxsən və adıyla tanıdığım ən böyük bəstəkardır. Çox zövqlüdür və ən önəmlisi bəstəkarlığın ən dərin bilgisinə sahibdir”. 1782-1785-ci illərdə Motsart bir neçə uğurlu solo konsert verir. Bu konsertlər maliyyə baxımından da bəstəkara çox uğur gətirir. 1785-ci ildən sonra isə Motsart səhnəyə daha az çıxır və yalnız bir neçə konsert verir. Maynard Solomon buna Motsartın əlindəki yaraların səbəb olduğunu deyir. Bəziləri isə deyir ki, xalq artıq bəstəkara əvvəlki marağı göstərmirdi.

Motsart “Don Juan”, “Fiqaro”, “Saraydan Qız Qaçırtmaq”, “Sehrli Fleyta” kimi operaları ilə romantik opera ədəbiyyatına ən gözəl əsərlərini verib. Digər tərəfdən bəstəkarın bir-birindən gözəl 48 simfoniyası var. Fortepiano və orkestr üçün 25 konsert bəstələmişdi. Motsartın əsərlərinin heç biri digərinə bənzəmir. Çətin həyatı olmasına baxmayaraq, heç bir əsərində kədərli not yoxdur.

Uğursuz evlilik

Bəstəkar 21 yaşında Almaniyaya gedir. Bir tərəfdən yeni əsərlər bəstələyir, bir tərəfdən də maddi vəziyyətini düzəltmək üçün piano dərsləri keçirdi. Veber adlı musiqiçinin evində qalırdı. Həmin müddətdə evin böyük qızı Aloysiyə aşiq olmuşdu. Qızın səsi gözəl idi və opera sənətçisi olmaq istəyirdi. Motsartla evlənmək üçün də sözləşmişdilər. Amma qısa müddətdən sonra Motsart konsertlər vermək üçün Parisə getmək məcburiyyətində qaldığı zaman bu macəra sona çatdı. Bir il sonra Aloysi Motsarta olan sevgisini çoxdan unutmuş, özünü tamamilə opera sənətinə həsr etmişdi. Motsart kədərli halda Salzburqa dönür və çoxlu əsərlər bəstələyərək dərdini unutmağa çalışırdı.

1781-ci ildə o, Veberlə Vyanada qarşılaşdı. Bu dəfə isə bəstəkar ailənin kiçik qızı Konstanzaya aşiq oldu. Motsartın atası Konstanzanın bədxərc, eqoist bir qız olduğunu anlamışdı və oğlunu ondan uzaqlaşdırmaq istəyirdi. Amma Motsart bu mövzuda atasını dinləmir və onlar evlənirlər. Motsart 9 il çox çətinliklə yaşadı. Bir tərəfdən dayanmadan əsərlər bəstələyir, bir tərəfdən də həyat yoldaşı xəstələnmişdi. Ona tez-tez müxtəlif dərmanlar almalı olurdu, həkimə aparırdı. Motsart bu çətinliklər içində çox halsızlaşmışdı. Bütün bunlarla bərabər çoxlu konsertlər verirdi, bu da bəstəkarın bədənini çox zəiflətmişdi.

1782-ci ilin 4 avqustunda atasının istəməməsinə baxmayaraq, Konstanza Veber ilə evlənən bəstəkarın 6 uşağı olur, amma onlardan sadəcə ikisi yaşayır – Karl Tomas Motsart və Frans Xaver Volfqanq Motsart. Amma onun iki uşağı da heç vaxt evlənməyib. Yalnız Karlın bir qızı olur, o da uşaqkən ölür. 1783-cü ildə Motsart və Konstanza Salzburqda atası Leopoldu ziyarət edir. Amma atası Konstanzanı yaxşı qarşılamır. Bu hadisə Motsartın “Grobe Messe” əsərini yaratmağına səbəb olur. Əsər bitməmiş olsa da Salzburqda nümayiş olunur və hələ də dünyadakı ən məşhur əsərlərdən biri sayılır.

Evliliyi atasını çox üzmüşdü. Evləndikdən sonra maddi vəziyyəti heç vaxt düzəlmədi və həyatı borc içində keçdi. Zaman keçdikcə atasının onun evliliyi ilə bağlı fikirlərinin gerçək olduğunu gördü. Konsertlərində qazandığı yüksək məbləğlə Motsart və Konstanze əvvəllər dəbdəbəli həyat tərzi keçirir. Onlar 460 florinlik kirayə haqqı olan mənzilə köçürlər. Motsart Anton Valter adlı şəxsdən 900 florin dəyərində gözəl fortepiano və 300 florin dəyərində bilyard masası da alır. O, həmçinin oğlu Karl Toması bahalı internat-məktəbə qoyur və evdə qulluqçular saxlamağa başlayır. Beləliklə həddən artıq bədxərclik nəticəsində onlar zamanla böyük maliyyə problemləri ilə üzləşirlər.

Masonluq həyatının bir parçasına çevrilmişdi

Motsart XVIII əsr Avropasındakı vəziyyətdən ilhamlanır. O, 1784-cü ilin 14 dekabr tarixində mason olur və "Zur Wohltätigkeit" (Xeyriyyəçilik) lojasına üzv qəbul olunur. Masonluq Motsartın qalan illərdə həyatında ciddi rol oynayır. Motsart, cəmiyyətin bir çox görüşlərində iştirak edir, özünə çoxlu mason dostlar tapır və bəzi hallarda mason musiqiləri də bəstələyir. O, 1787-ci ildə ölmədən əvvəl atasını da öz inancına çəkməyə çalışırdı. Motsart həm də Haydnla eyni mason lojasına daxil idi.

Bəstəkarın müəmmalı ölümü

Bəzi məlumatlarda deyilir ki, hələ 36 yaşı tamam olmamış bəstəkarın vaxtsız ölümünə səbəb kiçik yaşlarında keçirdiyi ağır xəstəliklər və etdiyi ağır səfərlər təsirini göstərib.

Motsart 1791-ci ildə imperatorun Praqada tac-qoyma mərasimi ilə bağlı şənliklərdə nümayiş etdirilən “La clemenze di Tio” operasının 6 sentyabr premyerasında xəstələnir. O, bir müddət vəzifəsinin öhdəsindən gələ bilir. Amma xəstəliyi noyabrın 20-dən etibarən ciddiləşməyə başlayır. O, artıq yataq şəraitinə keçmək məcburiyyəti qarşısında qalır, köpmə, ağrılar və intensiv qusmadan əziyyət çəkir.

35 yaşı tamam olandan sonra ölüm qorxusu bəstəkarı rahat buraxmırdı. Bir nəfər müəmmalı şəxs ondan yaxın zamanlarda öləcək xəstə üçün ölüm marşı bəstələməyini istəmişdi. Motsart yaxın zamanda öləcək xəstənin özü, əsəri yazmağını tapşıran adamın isə Əzrayıl olduğuna özünü inandırmışdı. Bu düşüncəyə elə qapılmışdı ki, başqa bir şey düşünə bilmirdi. Motsart “Rekviyem” əsərinin üzərində çalışarkən 1791-ci ildə vəfat edir. Məzarının üzərinə hər hansı bir yazı yazılmadığı üçün tam olaraq harada basdırıldığı bilinmir. “Rekviyem” isə şagirdi Frans Xavyer Sussmayr tərəfindən tamamlanır.

Motsart dekabr ayının 5-i gecə saat 1-də keçinir. Motsartın ölümü ilə bağlı konkret fikir söyləmək çətindir. Rəsmi sənədlərdə onun ölüm səbəbi kimi "kəskin miliar qızdırması" xəstəliyin əlamətləri təsvir olunur. Bu isə bəzi ölüm səbəbləri meydana çıxarır - trixinellyoz, zökəm, zəhərlənmə və nadir böyrək xəstəliyi. Ən geniş qəbul olunan versiya Motsartın kəskin revmatizmdən ölməsidir. Bəzi mənbələrdə Salyerinin onu zəhərləməsi qeyd olunsa da sonralar üzə çıxan bəzi nüanslar bu fikri ortadan qaldırdı.

Motsartın sakit dəfn mərasimi onun cəmiyyətdəki mövqeyinə uyğun gəlmir. Bəstəkarın ölümündən sonra Vyana və Praqada onun xatirəsinə konsertlər həsr olunur. Motsartın zahiri görünüşünü haqqında tenor Maykl Kelli özünün memuarlarında belə təsvir edir: "Çox arıq və solğun, bir qədər qürrələndiyi gur, zərif və açıqrəngli saçı olan son dərəcə alçaq boylu bir insan idi". Bəstəkar musiqilərini bəstələdiyi vaxt əsərlərinin eskizini çəkirdi, lakin bu eskizlər günümüzə gəlib çıxmayıb. Ölümündən sonra Konstanza onların hamısını məhv edir.

Motsartın ölümündən əvvəl son sözləri bu olub: "Ölümün dadı dodaqlarımdadır... Bu dünyadan olmayan bir şey hiss edirəm". Motsart o qədər kasıb idi ki, cənazəsi bir dostunun köməyi ilə qaldırıldı. Cənazə mərasimində güclü yağış yağdığı üçün onu yaxınlıqda kasıblar üçün olan məzarlıqda dəfn edirlər. Daha sonra bastırıldığı məzar axtarılsa da tapılmadı. Arvadı Konstanza xəstə olduğu olduğu üçün Motsartın cənazəsinə gələ bilməmişdi. Bir neçə gündən sonra ərinin məzarını axtardığı zaman qəbiristanlıq işçisi bu adda adamın məzarının olmadığını demişdi. Ölümündən bir müddət sonra isə Vyanada boş məzarın üzərinə bir abidə tikildi və bura Motsartın məzarı elan edildi.

# 11844 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
#
#
# # #