Bu Azərbaycan filmində məscidi dağıdırlar

Bu Azərbaycan filmində məscidi dağıdırlar
12 mart 2016
# 09:00

Kilis.az “Naməlum kino” layihəsində Ağarza Quliyevin Qriqori M. Braginski ilə birgə 1936-cı ildə ekranlaşdırdığı “Almaz” filmini təqdim edir.

Əslində “Almaz” filminə Cəfər Cabbarlı özü quruluş verməliydi. O, özünün eyniadlı pyesi əsasında ssenarini yazır, yaradıcı heyəti formalaşdırır, aktyorları seçir, sınaq çəkilişləri aparır, amma qəfil ölümü onun arzusunu yarıda qoyur.

Ağarza Quliyev xatirələrində deyir: “Yeni ilə bir gün qalmış kinostudiyada Cəfər sonuncu dəfə aktyorların sınaq çəkilişlərini apararkən ürəyində bərk ağrılar başladı. Onu təcili evə aparmalı olduq. 1934-cü ilə dekabrın 31-də səhər saat altıda qapımızın qəflətən döyüldüyünü eşidib tələsik eşiyə çıxdım. Qapının ağzında Abbas Mirzə Şərifzadə dayanmışdı. O, çox dalğın görünürdü. Abbas Mirzə məni görən kimi kövrəlib ağladı və çiynimə söykəndi.

- Sənə nə olub, Abbas dadaş?

- Biz Cəfəri itirdik...

Mən özümü saxlaya bilməyib ağladım... Sonra paltarımı geyinib Cəfərgilə yollandıq...

Cəfər Cabbarlnın vəfatından sonra “Almaz” filminin istehsalı yarımçıq qalmadı. Mən, rejissor Braginski, opeartorlardan Əjdər İsmayılov və İvan Frolov böyük sənətkarımızın başladığı işi davam etdirdik”.

Filmdə Azərbaycanın çətin, ziddiyyətli, keçid dövrü təsvir olunur. Azərbaycanın ucqar kəndinə işləməyə gələn gənc müəllimə Almaz burada mühafizəkar, təhsilə, yeniliyə qarşı çıxan insanların törətdiyi çətinliklərlə üz-üzə gəlir. O, təkcə şagirdlərə dərs demir, eyni zamanda qadın haqlarının müdafiəçisi rolunda çıxış edir, onların asılı olmaması və müstəqil şəkildə qazanc əldə etməsi üçün məscidin toxuculuq artelinə (adamların müştərək iş fəaliyyəti) çevrilməsi təşəbbüsünü irəli sürür.

“Almaz” təkcə bir qadın dramı deyil, o özündə sosial, ictimai, mental qatları da daşıyır. Müəlliflər bəzi dramatik hadisələri yumorla işləyiblər. Ən maraqlı epizodlarından biri məscidin toxuculuq arteli kimi işlədilməsinə bir qrup qadının etiraz eləməsidir. Həmin epizodda Almaza nifrətlə baxan qadın portretləri uğurlu alınıb. Xüsusən, Fatmanisə rolunun ifaçısı Panfiliya Tanailidinin koloritli oyunu - məscidin qapısında özünü sipər eləməsi, Almaza qarşı təxribatlarda təşəbbüskarlığı filmin ən yadda qalan epizodlarındandır.

Filmdə sinfi mübarizə əsas motivlərdən biri olsa da, “Almaz” ümumilikdə təbliğat təsiri bağışlamır. Rejissorlar mümkün qədər pafosdan qaçmağa çalışıblar, daha çox elə indi də aktuallığını itirməyən qadın taleyini, haqqlarıni, düşüncələrdəki köhnəfikirliliyə qarşı mübarizəni ön plana çəkiblər.

Almaz rolunu "Sevil" filmində də çəkilmiş İzzət Orucova ifa edib. 1934-cü ildə İ. Orucova bu rola dəvət olunanda Elmi-Tədqiqat İnstitutunda yenicə fəaliyyətə başlamışdı. İnstitutun direktoru M.Kapelyuşnikov onun filmə çəkilməsinə izn vermir. Təsadüfən Cabbarlı ilə Moskvadan qayıdarkən qatarda eyni kupeni bölüşürlər. Cabbarlının söhbətləri Kapelyuşnikovu ram edir və o, Orucovaya çəkilməyə icazə verir.

C.Cabbarlı Yaxşı roluna qardaşı qızı Mələki təsdiq eləmişdi. Əmisinin ölümündən sonra o, roldan imtina edir. Nəticədə bu obrazı Hökumə Qurbanova oynayır və Yaxşı onun kinoda ilk işi olur.

Filmin əvvəlində onun Cəfər Cabbarlının işıqlı xatirəsinə ithaf olunduğu yazılıb.

Natura çəkilişləri Şamaxının Dədəgünəş kəndində baş tutub, məktəbin həyəti səhnəsi kinostudiyanın həyətində, məscid səhnəsi isə Maştağada çəkilib.

Cabbarlının vəfatından sonra onun ssenarisi ilə bağlı kinostudiyada bəzi müzakirələr də olur.

Rejissorlardan biri Braginski “Almaz”ı səsli film kimi çəkməyin tərəfdarı idi: “Biz əsl səsli ssenari hazırlamalıyıq. Onu etmək asandır. Ona görə ki, əlimizdə pyes və ssenarinin səssiz variantı var. Quruluşun iki variantda - türk və rus dillərində olması məni o qədər də qorxutmur. Aktyorlarımız dili bilirlər. İndiki halda aksentin qalmasında qorxulu heç nə yoxdur. Danışıq isti və inandırıcı alınır. Hər halda “Almaz” səsli filmini bir ildən sonra ekrana buraxacağıq”.

Sonda elan edilir ki, “Almaz” filminin çəkilişləri dayandırılsın və bütün işçiləri ssenarinin səsli variantının hazırlanmasına yönəldilsin.

18 gün sonra yenidən iclas çağırılır.

Braginski işdən narazı olduğunu deyir: “Bəzi səhnələri yenidən çəkmək istərdik. İşə başlamazdan əvvəl hiss etmişdik ki, ssenari ağırlaşdırılmışdır. Səhvimiz ondadır ki, biz rejissorlar ssenariyə tənqidi yanaşmadıq. Ssenaridə çoxlu mənfi, az müsbət obrazlar vardır. Heç də bütün aktyorlardan razı deyiləm. Almazla işləmək çox çətindir, lakin biz ondan razıyıq”.

Studiyanın əməkdaşlarından biri Dubrovski onunla razılaşmır: “Qeyd etmək istəyirəm ki, film çəkilən zaman ssenari haqqında belə danışmaq yaxşı üsul deyil. Ssenari ikiqat qiymətlidir: birincisi, ona görə ki, o Cabbarlı tərəfindən yazılmışdır. İkincisi isə ona görə ki, ssenari bizim tərəfimizdən lazımi qiymətini almışdır. Bu ssenari filmin uğuruna tamamilə təminat verir. Mənim fikrimcə, ssenari uğurludur. O sizin işinizdə təməl daşı olmalıdır. Ayrı-ayrı səhnələr çox yaxşıdır.

Məsələ heç də onda deyil ki, ssenaridə dəyişikliklər aparasınız, əsas məsələ odur ki, materialı düzgün təqdim edəsiniz. Nəzərə almaq lazımdır ki, yoldaş Braginski dramaturq kimi yoldaş Cabbarlıdan zəifdir. Bu ssenari dramaturji cəhətdən təməl daşıdır. Filmi də məhz onun əsasında çəkmək lazımdır. Bu ssenaridə əsas məsələ Almaz obrazıdır. Heç bir şeylə əsaslanmayan ssenarinin dəyişdirilməsi haqqında yox, obrazların traktovkası, rejissor işi barədə danışmaq lazımdır.

Almaz sovet həqiqətlərinin müsbət başlanğıcının daşıyıcısıdır. Əgər o, bütün film boyu həyatsevərliyini qoruyub saxlaya bilsə - bu, yubka geymiş “Çapayev”dir. Ssenari bütünlüklə Almazın mənfi qüvvələrə qarşı mübarizəsi üzərində qurulmuşdur.

Əgər rejissorlar filmi çəkə bilmirlərsə, bunu demək lazımdır. Nəinki Almaz soyuqdur, həm də sizin ssenariyə münasibətiniz soyuqdur. Ssenariyə münasibətinizə yenidən baxmalısınız. Əgər rejissorlar hiss edirlər ki, yaxşı film çəkə bilərlər, qoy işləsinlər. Əgər bunu hiss etmirlər, qoy desinlər. Ssenariyə xırda düzəlişlər aparmaq lazımdır”.

Nəticədə film səssiz çəkilir və milli kinoda həm də son səssiz film kimi tarixə düşür.

Qeyd: Yazıda kinoşünas Aydın Kazımzadənin “Azərbaycan kinematoqrafçıları” kitabındaki faktlardan istifadə edilib.

# 1408 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
# # #