Şaumyandan bəhs edən Azərbaycan filmi

Şaumyandan bəhs edən Azərbaycan filmi
2 aprel 2016
# 09:00

“Naməlum kino” layihəsində Nikolay Şengelayanın 1932-ci ildə ekranlaşdırdığı “İyirmi altı komissar” filmini təqdim edirik.

Film 1918-ci ildə Bakıda baş verən ictimai-siyasi hadisələrdən, Bakı komissarlarının inqilabi fəaliyyətindən, onların Kommuna yaratmaq cəhdlərindən və Kommunanın süqutundan danışır.

Xatırladaq ki, tərkibində bolşeviklər, sol eserlər, sağ eserlər, menşeviklər və daşnaklardan ibarət olan Kommuna 1918-ci ildə Bakıda mart soyqırımından sonra hakimiyyətə gəlib. Onun sədri isə o vaxt Qafqaz Fövqəladə İşləri üzrə icraçısı, komissarlardan biri Stepan Şaumyan idi.

Müəllif süjeti konkret mərkəzi fiqurlar üzərində qurmayıb. Yuxarıda dediyimiz kimi bu ekran əsərində dövrün ictimai-siyasi, eyni zamanda sosial mühiti, Kommunanın toplantılarının fəaliyyəti, fəhlələrin ağır əməyi geniş əksini tapıb.

Amma bununla belə digər komissarlardan fərqli olaraq, məsələn, bəzi epizodlarda kamera Şaumyana nisbətən çox fokuslanıb, onun şəxsiyyətini daha qabarıq verib.

Bakı Kommunasında ingilislərin paytaxta girib-girməməsi ilə bağlı müzakirələrdə Şaumyanın çıxışı xüsusi bədii həllə verilir. Çıxış üçün Şaumyana söz veriləndə, onun obrazı dərhal ekrana gəlmir. Əvəzində zaldakıların həyəcanlı, çoxmənalı baxışları, emosional pauzalarla planların növbələnməsi tribunaya möhtəşəm insanın gəlişinə aksent edir.

“Lətif” filmində olduğu kimi burda da bədii informasiya yükü olan maraqlı portretlər var: fındıq yeyən yoxsul qadın, həlak olmuş adamın əlindəki qarpız dilimini qoparıb acgözlüklə yeyən əsgər, məzlum fəhlə, ona mərhəmətlə baxan qadın...

Bununla belə ümumilikdə filmə dramaturji yük qatmayan, az qala bir-birinin təkrarı olan sadə adamların portret bolluğu da, uzun-uzadı iclas səhnələri, gərginliyi artırmağa xidmət edən, əslində isə o qədər də effekt doğurmayan emosional, mübaliğəli planlar da var.

Konkret qəhrəmanlar üzərində qurulmadığı üçün nəzərə çarpan aktyor ifası da yoxdur. Yalnız fəhlə arvadı rolunu oynayan gürcü aktrisası Veriko Ancaparidzedən başqa. Onun mübaliğəli ifadəliliyə yol açmayan təmkinli ifası yaddaqalan yeganə ifadır.

Xatırladım ki, azərbaycanlı tamaşaçı aktrisanı “Onu bağışlamaq olarmı” filmindəki ana obrazından tanıyır.

Ümumiyyətlə, “İyirmi altı komissar” filmi ekranlara çıxandan sonra kəskin tənqidlərə tuş gəlib.

Rejissor filmi “intellektual kino” və “emosional ssenari” konsepsiyalarının təsiri altında çəkdiyi üçün tənqid olunub: “Müasir mövzular əsasında yaradılan əsl sənət əsərləri həyatı canlandırarkən həqiqəti və partiyalılığı əks etdirməli, insan psixologiyasına, fərdi obrazlara marağı artırmalı, realistik üslub və vasitə axtarışlarını gücləndirməlidir. Çox təəssüf ki, Azərbaycan studiyasında istehsal olunmuş “İyirim altı komissar” filmi haqda bunları söyləmək mümkün deyil. Zahiri oxşarlıq əlamətlərinə görə dəvət olunmuş tipajların ifa etdikləri Bakı komissarlarının obrazları dəqiq və dolğun deyil. Zəif aktyor oyunu səbəbindən həmin obrazların psixoloji portretləri açılmayıb və sxematik təsir bağışlayır”.

Qısaca olaraq, hər iki anlayışa aydınlıq gətirim.

“İntellektual kino” termini rejissor Sergey Eyzenşteyn tərəfindən 1928-ci ildə təklif olunub. Konsepsiyası “Oktyabr” filmi üzərində işləyərkən meydana gəlib. Həmin filmdə Eyzenşteyn hadisələri yalnız rekonsrtruksiya eləmirdi, eyni zamanda fikirlərin ekranda parlaq ifadəsinin tərəfdarı idi.

Onun fikrincə “intellektual kino” emosional, sənədli və absolyut filmlərin sintezidir və bu, “məntiqi dili” və “obraz dili” arasında mübahisəyə son qoya bilər.

“Emosional ssenari” anlayışını də Eyzenşteyn irəli sürüb, bu halda ssenari mənsur şeir kimi yazılır. Belə ssenarilərdə kadrların təfərrüatlı təsviri yoxdur, bu, sadəcə rejissora emosional təsir etməli, qəhrəmanların fəaliyyətinə və vəziyyətinə gücləndirilmiş həyəcan hissini verməlidir. Epizodlar əksər hallarda hadisələrin ardıcıl hərəkəti ilə yox, müəllifin düşüncələrinin keçidləri, rejissorun emosional enerjisi ilə bağlı olur.

Və bunu da praktikada ilk dəfə Аleksandr Rjevski “İyirmi altı komissar” ssenarisində istifadə edib, hadisələri romantik novella, patetik dillə ifadə edib.

Rejissor isə filmi haqda deyir: “Formal olaraq bu film sözün kinematoqrafik obrazlarla əvəz edildiyi, emosionallıqla zəngin siyasi nitqdir”.

Amma filmin bır sıra epizodları doğrudan da sxematik təsir bağışlayır, siyasi ehtiraslar, emosiyalar bir növ təsirsiz qalır.

Filmin yaradıcı heyətində əsasən ruslardan, gürcülərdən ibarətdir. Yalnız Ağarza Quliyev rejissor assistenti, Muxtar Dadaşov operator assistenti kimi qatılıb. Aktyorlardan isə Əlisəttar Məlikov, Mustafa Mərdanov, Kazım Həsənov rol alıb.

Rejissor Nikolay Şengelaya filmə görə dövlətin fəxri fərmanı ilə təltif olunub.

O, gürcü kinosunun tanınmış nümayəndələrindən, poetik səssiz kinonun simalarından sayılır.

Operator Yevgeni Şneyder sovet kinosunda xüsusi dinamik təsvirlərinə, çəkiliş zamanı fərqli bucaqlardan istifadəsinə görə yadda qalıb.

1923-cü ildən kinoda fəaliyyət göstərən ssenarist Aleksandr Rjevski isə əvvəlcə epizodik rollar oynamış, çətin tryukları ifa edən kaskadryor kimi məşhurlaşmışdı.

Qeyd: Yazıda kinooperator Rafiq Quliyevin “Azərbaycan səssiz kinosunun təsviri irsi” kitabındakı faktlardan istifadə olunub.

# 2970 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
#
#
# # #