Vicdan haqqı, bu, yaxşı serialdır

Vicdan haqqı, bu, yaxşı serialdır
4 may 2016
# 14:30

Bir neçə həftənin söhbətidir. Gözəllik salonuna getmişdim. Saç ustalarından biri, sarışın, gənc qadın məndən “Vicdan haqqı” serialına baxıb-baxmadığımı soruşdu. Çiyinlərimi çəkdim, belə bir serialın adını ilk dəfə eşitdiyimi dedim.

-Türk serialıdır?

-Yox, bizimkilər çəkib. Əla serialdır. Kişinin iki arvadı var. Həyatda belə şeylər çox olur.

Qadın çayından bir qurtum alıb nigarançılıqla dedi:

- Görəsən, axırı necə olacaq?

Nəsə, maraq məni bürüdü. Və təxmin elədim ki, rejissoru Rövşən İsax ola bilər. Çünki onun rejissorluğu ilə çəkilən ailə dramları adətən süjet xəttindəki intriqaları, yaxşı qurulumuş dramaturji konfliktləri ilə seçilir.

Evə gəlib, serialı Youtube-dən izləməyə başladım. İlk bölümdən serial marağımı çəkdi və həmin gün efirə getmiş bütün hissələrini izlədim.

Ssenarini Rövşən İsax Vüqar Əmirovla birgə işləyib.

Deyim ki, “Vicdan haqqı” bizim tamaşaçı auditoriyasının böyük hissəsini zəbt eləmiş çox türk serialından nə rejissurası, nə təsvir keyfiyyəti, nə aktyor oyunu ilə geri qalır.

Serial tamaşaçıya daha çox ona görə maraqlıdır ki, əhvalat aktualdır, seyrçi ekranda ona tanış olan həyat gerçəkliklərini görə bilir.

Əsas qəhrəmanlardan biri Kamil (Elxan Yunis) ədəbiyyat müəllimidir, o, dolanışıq üçün Rusiyaya gedir. Orda müəyyən səbəblərdən Larisa (Çimnaz Sultanova) adlı rus qadınla evlənir və bir oğlu doğulur. Kamilin Azərbaycanda da ailəsi var. O, maddi imkanları yaxşılaşandan sonra Bakıya, ailəsinin yanına qayıdır. Larisa isə Kamildən ayrılmaq istəmir, az sonra oğlu ilə birlikdə Bakıya gəlir. Və beləliklə də, çox qatlı konfliktlərin əsası qoyulur...

Tamaşaçıları narazı salan, saxta intonasiya, saxta vurğular, bizim gündəlik danışığımızdan uzaq, qeyri-təbii danışıq tərzi serialda yoxdur. Nəhayət ki, seriallara tədricən sıravi azərbaycanlıya doğma ifadə tərzi gəlir, aktyorlarımız pafossuz-filansız, bizim kimi danışmağa başlayırlar. Bu, isə serialı seyrçiyə yaxın edən, onu əhvalata inandıran amillərdən biridir.

Bundan başqa aktyorlar kamera qarşısında sərbəstdirlər, onu hiss eləmirlər, əllərini rahatlqla qoymağa yer tapırlar.

Təbii davranışa nail olmaq üçün rekvizitlə işləyə bilirlər. Yəni sadəcə qarşı-qarşıya dayanaraq, ancaq çay, su içərək, oturaraq vəziyyətin, emosiyaların nümayişi ilə kifayətlənmirlər. Kadrlarda daim hərəkətdədirlər. Bu, isə onların bədən plastikası, üz plastikası, obrazlarının xarakteri və dialoqları ilə orqanikləşir, epizodları statiklikdən, ölü ritmdən çıxararaq dinamikləşdirir.

“Vicdan haqqı” həm də milli, mental koloritə yaxın olan, onu özündə daha çox əks elətdirən ekran işidir. Ailədaxili münasibətlərdə - gəlin-qaynana, gəlin-baldız, ər-arvad, nənə-nəvə münasibətlərində narazılıqlar, dedi-qodular xırda nüanslara, detallara kimi dəqiq, yerində işlənilib.

Seriala xüsusən də qadın xarakterləri özlərinin tədbirliliyi, ekspressivliyi, fəndgirliyi, qeybətləri ilə rəng qatır.

Məndə təəssürat yarandı ki, serialda ən məsum, düzgün davranan personaj Kamildir. Onun ətrafındakı qadınlar arvadlarından tutmuş baldızına, bacısına kimi hər biri öz məqsədini həyata keçirmək üçün plan qurur, onun dürüstlüyündən istifadə edirlər. Dilarə, Larisa ərlərini əldə saxlamaq üçün hər şeyə əl atır, baldızı bacısına kömək edir, ikinci arvadı qulluqçu qadınla, anası qızı ilə işbirliyindədir. Qızı isə nişanlısına qayıtmaq üçün yaranmış gərgin vəziyyətdən istifadə edir və s. Və hər kəs də özlüyündə hardasa haqlıdır.

Ümumilikdə konfliktin yaranmasının kökündə sosial qat dayanır. Amma serialda bu sosial qat üzdə yox, altda, dərindədir: Kamilin müəllim maaşının azlığından, qazanc dalınca Rusiyaya getmək məcburiyyəti, vəziyyətdən çıxmaq üçün rus qadını ilə nikaha girməsi və s.

Aktyorlar Kəmalə Müzəffərin, Hicran Nəsirovanın, Elxan Yunisin, Çimnaz Sultanovanın, Məlahət Əhmədovanın, Təzəgül Hidayətin, İlham Hüseynovun, Cavidan Novruzun, Kamran Yunisin və başqalarının oyununda falş, mübaliğə yoxdur.

R.İsax serial rejissoru kimi serialdan serialda maksimum yaxşı nəticəyə can atır, buna da nail olur. Ən azı gözəllik salonlarında serialların əsas publikası olan qadınlar türk yox, milli serialımızı müzakirə edirsə, bu, artıq inkişafdan xəbər verir.

# 2112 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
# # #