Ayaz Salayevin soyundurmaq arzusu

Ayaz Salayevin soyundurmaq arzusu
11 avqust 2015
# 12:57

Açıq-saçıqlığına görə müzakirələr doğuran Oda teatrının hazırladığı "MimOda 18+" tamaşasına baxmamışam.

Bir sənət əsərində ideyaya, məzmuna xidmət edən açıq-saçıqlığın olması zəruridir, normaldır və əxlaqsızlıqla heç bir əlaqəsi yoxdur. Əksinə, əxlaqsızlıq sənətə, azad düşüncəyə qoyulan qadağa, senzuradır.

Məlum müzakirələrdə haqqında ən çox danışılan kinoşünas, rejissor Ayaz Salayevin AzNews.az-a açıqladığı fikirlər oldu:

“Hansısa aktrisa deyirsə ki, ailəm mənə açıq-saçıq səhnələrdə oynamağa icazə vermir, rejissor onunla həmin anda vidalaşmalıdır. O ailə övladı bu sənətə gedəndə düşünməlidir. Aktrisa bu yolu seçirsə bilməlidir ki, bu sənətdə onu hər şey gözləyir. Ya səhnəyə çıxıb soyunub, açıq-saçıq səhnələri oynayın, ya da bu sənətə gəlməyin. Nə qədər ki, səhnəyə çıxıb soyunmayacaqsınız, rejissorlar xaricdən aktrisa gətirəcək. Bizimkilər də onları səhnədə görüb baxa-baxa, yana-yana qalacaq. O, başa düşməlidir ki, aktrisadır və ona verilən obrazı oynamalıdır. Artıq vaxt keçdikcə bizim aktrisalar anlayacaqlar ki, bu səhnədə sərhədlər yoxdur, hər şanslı adam səhnəyə dəvət oluna bilər. Nəticədə aktrisalar seçim qarşısında qalacaq, ya soyunmayıb işsiz qalmaq, ya da ki, soyunub sənətə davam etmək.”

A.Salayevin fikri daha çox manifest kimi səslənir və bu, onun intellektinə, kino sənəti haqda mükəmməl biliklərinə adekvat deyil.

Onun fikirlərindən alınan qənaətə görə, milli kinomuzun, teatrımızın əsas problemi aktyorların soyunmamasıdır. Və bir aktrisanın soyunması sənət anlamına gəlir. Bu məntiqlə düşünsək, pornoqrafiyanın, erotikanın yer aldığı əsərlər yüksək sənət nümunəsi sayılmalıdır.

Mənə elə gəlir ki, A.Salayevin aqressiyası onun “Yarasa” filmi ilə bağlıdır. Çünki, “Yarasa” filminə çılpaq soyunmağa cəsarəti çatmayan milli aktirsa tapa bilmədiyindən əcnəbi dəvət eləmişdi.

Hərçənd, A.Salayev yaxşı bilir ki, müasir dünya kinosunda intim münasibətləri, çılpaq bədəni təfərrüatlı göstərməyən onlarla ciddi film var. Məsələn, fin rejissoru Aki Kaurismakinin bir filmində belə intim münasibətlərin çılpaq təsvir edildiyi səhnə görməzsiniz. Və ya Vuddi Allenin filmlərində yataq səhnələri olsa da açıq kadrlar yoxdur. Halbuki, adam dünyanın dahi kinematoqrafçılarından biri sayılır.

Qısa və aydın desək, hər bir rejissorun, aktyorun özünün peşəsi ilə bağlı etik kodeksi, iş prinsipi var. Vladimir Vısotski “Görüş yerini dəyişmək olmaz” filmində bu sistemdə baş verənlərə etiraz olaraq milis forması geyməkdən imtina eləmişdi.

Tarkovski çılpaq səhnələri çəkməyi sevmirdi. Ona görə iki sevənin münasibətini ifadə etmək üçün illah da ki, seksi göstərməyə ehtiyac yoxdur. Bunu başqa şəkildə də ifadə etmək olar.

Bizə elə gəlir ki, Qərb aktyorları həvəslə, kompleks keçirmədən soyunurlar. Məşhur aktrisalar, Meril Strip, Natali Portman yüksək qonorar alsalar da bu cür səhnələrə dublyorla çəkilir. Açıq səhnələrinə görə bəzi ölkələrdə qadağan edilən Trierin “Nimfoman”ında Şarlotta Gensburq da dublyorla çəkilib. Aktrisa müsahibələrindən birində deyir: “Sırf texniki baxımdan Lars hər şeyi elədi ki, aktyorlar real seks səhnələrinin çəkilişlərinə qatılmasınlar. Hətta alt paltarını belə çıxarmamışıq. Hər şey postprodakşn (film çəkildikdən sonra onun montajı, səslənməsi, rəng korreksiyası və s.) zamanı dublyorlarla edildi.”

Qərbdən fərqli olaraq, bizdə problem nədir? Aktrisalar dublyorla belə açıq səhnəyə çəkilmək istəmirlər.

Tanınmış kinoaktrisamız mənə danışırdı ki, oynadığı bir filmdə vannaya girmək səhnəsi varmış. O, rejissora təklif edib ki, vannaya dekolte ilə girsin. Bu zaman kamera yalnız onun çılpaq çiyinlərini göstərəcəkdi və tamaşaçıda onun çılpaq olması haqda təəssürat yaranacaqdı. Amma əri buna qarşı çıxaraq deyib ki, sənin orda çılpaq olmadığını biz bilirik, amma tamaşaçı bilməyəcək.

Ona görə mentallığı cırmaqlayan, yaxşı mənada “xuliqanlıq” edən "MimOda 18+" kimi tamaşaların oynanılması vacibdir. Cəmiyyəti zaman-zaman, nə qədər çətin olsa da, “sənətdə hər şey mümkündür, o, senzurasız olmalıdır, aktyorun çılpaq görünməsi, və ya hansısa intim münasibət səhnəsi əxlaqsızlıq deyil” fikirlərinə alışdırmaq lazımdır.

Açıq səhnələrin yer aldığı onlarla dahiyanə film çəkilib. Sadəcə, yuxarıda dediyim kimi hər bir rejissorun, aktyorun iş prinsipi var. Aktyor soyunmursa, bu, onun istedadsız, qeyri-peşəkar olması anlamına gəlmir. Yaxud, rejissor hətta məzmun tələb edirsə, açıq-saçıq səhnəni təfərrüatlı çəkməlidir deyə mütləq qayda yoxdur. Çünki sənət azaddır və o, mütləq qaydaları sevmir.

Müzakirələr zamanı aktyorların münasibəti maraqlı idi.

Aktrisa Münəvvər Əliyeva “Kimin bədəni yarayırsa, soyunsun. Şəxsən mənim bədənim soyunmağa yaramır, buna görə də soyuna bilmərəm”.

Bizim aktyorlar modelliklə sənəti qarışdırırlar, onlara elə gəlir ki, sənətdə ancaq ideal bədən göstərilməlidir. Bədən sənətdə obyekt yox, hər şeydən əvvəl ifadə vasitəsidir. Avstriya rejissoru Ulrix Zaydlın müstəmləkəçiliyi yeni müstəvidə araşdıran, Üçüncü Dünya Ölkələrində avropalıların seks-turizmindən danışan “Cənnət: Sevgi” dramı var. Bu ekran əsərində 50 yaşlı kök aktrisanın çılpaq olduğu kadrlar yer alıb. Rejissorun məqsədi eyni zamanda bu vasitə ilə qadının tənhalığını daha aydın anlatmaqdır.

Aktyor Kamran Yunis isə deyir: “...demək istəyirəm ki, 150 manata sənin üçün heç evdə arvad da soyunmaz. Bəli, 25 milyon ver, mən də soyunum”.

Yuxarıda yüksək qonorar müqabilində belə soyunmayan Qərb aktyorlarının etik kodeksindən danışdım. Görünür, K.Yunis üçün belə bir kodeks ümumiyyətlə, mövcud deyil və o, keyfiyyətsiz, sənətə dəxli olmayan əsərdə 25 milyona da soyunar. Yəni onun üçün əsas məsələ sənət üçün yox, pul üçün soyunmaqdır.

Xalq artisti Ramiz Məlikin münasibəti isə lap faciəvidir:

“Sənə kim ixtiyar verir Azərbaycanın qızlarını əxlaqsız yola çəkirsən? Bu xalqın milli mentaliteti, yüksək qüruru var”.

Akyorun fikrinə geniş şərh vermək istəmirəm. Sadəcə, R.Məlikin belə təfəkkürlə aktyor peşəsini necə seçməsinə məəttəl qalıram.

# 1389 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
# # #