Ay üstünü örtür – Yeni hekayə

Ay üstünü örtür – Yeni hekayə
24 iyun 2019
# 15:31

Gecə saat üçə qalır. Atılıb-düşməkdən, oyunlardan yorulmuşam mən, o yox. Yatmamaq üçün bəhanələr axtarır. Gəlib yatağa girmişəm. Rəngli qələmlərini, dəftərini götürüb gəlir:

- Ata, baba yaz.

Ağzını sürtməkdən yox etdiyi qələmlərlə başı keçəl bir qoca çəkirəm.

- Üstünə yorğan yaz.

Onu da çəkirəm.

- Nənə də yaz.

Qoca kişinin yanına bir qoca qarı qaraldıram birtəhər.

- Cücə də yaz.

Yorğanın üstündə bir cücə peyda olur.

Baxır ki, nəsə çatmır.

- Selcanı da yaz.

Nənənin yanına Selcanı da çəkirəm.

- Qaranıx da yaz.

Yan-yörəni bir az bozardıram.

- İşıx da yaz.

Mən elə bilirəm günəşi deyir. Cızma-qara edirəm yumru, qırmızı nəsə.

Barmağını həmin yerə basır:

- İşıqını yandırdım.

Günəşi demirmiş.

- Yağış da yaz.

Üstdən aşağı yorğanın üstünə yağış yağmağa başlayır.

- Şimşək də yaz.

Əyri-üyrü xətlər çəkirəm.

- Güniş də yaz.

Yağışın içində qırmızı günəş çıxır.

- Nazilə nənəni də yaz.

Qonşumuzdur. Yağışın altında, dəftərin kənarından baxan bir üz çəkirəm. Guya oradan baxır.

- Sunayı da yaz.

Bilmirəm kimdir, nədir. Bir adam silueti çəkirəm.

- Mətəb də yaz.

Göyərçin yuvasına bənzər nəsə çəkirəm.

Danışır, danışır...

4-ə işləyir. Birtəhər yatmağa razı salıb uzadıram. Gileylənir ağlamsınaraq:

- Mən oynamadım ki...

- Yat, quzum, sabah oynayarıq.

Vızıltı gəlir. Üzündə guya həyəcanlı ifadə, dilində təpəkəlləmə bir cümlə:

- O nə səsdən gəldi?

Xeyli baxandan sonra divarın çatı ilə dırmaşan böcəyi tapırıq. Özünə təsəlli verir:

- Qorxmuram ki. Qorxmuram.

Gözünü zilləyib ona. Böcək dırmaşır yuxarı, arada sürüşür alta. Ev dolusu, gecə dolusu gülür:

- Ata, yıxıldı bax, yıxıldı.

Bir az keçir, səs-səmir yox. Düşünürəm, yatıb. Telefonu, gecə işığını söndürürəm, soyunuram, hazırlaşıram yatım. Qaranlıqdan nazik, adamı adam öldürməyə belə sövq edə bilən səs gəlir:

- Ay üstün örtdü? - Buluda girməyə üstünü örtmək deyir, ayın görünməsinə də "ay işıqını yandırdı" deyir.

Saat neçədi bilmirəm. Geyinirəm. Məni aya baxmağa göndərir...

Tural Atəş

Görüntünün olası içeriği: 1 kişi, gülümsüyor

# 2943 dəfə oxunub

Oxşar xəbərlər

Frans Şubert kimi özünə ruhani müəllim  hesab edirdi?

Frans Şubert kimi özünə ruhani müəllim hesab edirdi?

18:10 19 noyabr 2025
Sevdiyi rəssamın adını təxəllüs götürən alman kommunist yazıçı - O, Hitlerə necə yanaşırdı?

Sevdiyi rəssamın adını təxəllüs götürən alman kommunist yazıçı - O, Hitlerə necə yanaşırdı?

17:10 19 noyabr 2025
"Onun varlığı digər yazıçılara meydan oxuyur..." - Prustu niyə bu mükafata layiq bilmirdilər?

"Onun varlığı digər yazıçılara meydan oxuyur..." - Prustu niyə bu mükafata layiq bilmirdilər?

18:45 18 noyabr 2025
Hüqonun çılpaq heykəlini yaradan, sevgilisi ilə 53 il sonra evlənən Ogüst Roden

Hüqonun çılpaq heykəlini yaradan, sevgilisi ilə 53 il sonra evlənən Ogüst Roden

17:53 17 noyabr 2025
Avstraliyanın bestseller yazıçısı Mark Rid - Populyar mədəniyyət ikonu, yoxsa  qatı cinayətkar?

Avstraliyanın bestseller yazıçısı Mark Rid - Populyar mədəniyyət ikonu, yoxsa qatı cinayətkar?

15:00 17 noyabr 2025
Azərbaycan xalçaçılıq tarixinin Lətif Kərimov səhifəsi

Azərbaycan xalçaçılıq tarixinin Lətif Kərimov səhifəsi

10:40 17 noyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər