Üzeyir bəy - olmadığı kimi

  Üzeyir bəy - olmadığı kimi
18 sentyabr 2015
# 14:35

Üzeyir bəyin ad günüdür, Facebook profilimin divarını ancaq bəstəkar haqqında təbriklər tutub. Bu gün həm də Musiqi günüdür, rəsmi tədbirlər keçirilir, konsertlər, tamaşalar oynanır. Bütün bunlar lazımlıdır və çox gözəldir. Lakin mənim diqqətimi çəkən tamam özgə bir mətləbdir.

Məncə Üzeyir bəyə göstərilən bu diqqət bir az ifrata varır. Əlbəttə, Üzeyir bəy klassik musiqimizin əsasını qoyub, çox gözəl publisistik nümunələr yazıb, opera bəstələyib. Və onun təmiz bioqrafiyasını da bura əlavə etsək ortaya kamil şəxsiyyət portreti çıxır.

Lakin məni narahat edən başqa şeydir. Üzeyir bəyə göstərilən bu ictimai diqqət nəyə görə Cəlil Məmmədquluzadəyə göstərilmir? Nəyə görə obıvatelin ürəyindəki Üzeyir sevgisi Mirzə Cəlil məhəbbətinə yer qoymur?

Üzeyir bəy bütün bunları narahatlıqla qarşılayardı, çünki onun özü də mollanəsrəddinçiydi, “Molla Nəsrəddin” jurnalının yaratdığı mənəvi mühitdə doğulmuşdu. Yalnız Üzeyir bəymi? Yüz ildir Azərbaycan ziyalılar nəsli Molla Nəsrəddin kürəsindən çıxırlar. Adamayovuşmaz Mirzə Cəlil də Üzeyir bəyin xətrini çox istəyirdi.

Deməzdim ki, ümumiyyətlə xalqımız Mirzə Cəlilə biganədir, lakin Üzeyir bəyə olan diqqət ona niyə göstərilmir? Bəlkə ona görə ki, Mirzə Cəlil cərrah bıçağı ilə yaralarımızı deşib, Xudayar bəyləri ifşa edib, din haqqında tənqidi şeylər yazıb, kəskin ideoloji mübarizə aparıb, bizə həzin yox amansız əsərlər qoyub gedib və o aynada biz özümüzü görürük, özümüzə gülürük, bəlkə də özümüzdən də qorxuruq.

Əlbəttə, Üzeyir bəy də mollanəsrəddinçi kimi Mirzə Cəlillə eyni dəyərləri bölüşürdü, onun kimi din xadimlərini də, çarizmi də tənqid edirdi, misal üçün “Pruşkeviç və Hacı Xudu” felyetonunda çar məmuru Pruşkeviçin mollalarla əlbir olub xalqın maariflənməsinin qabağını almasından yazmışdı.

Lakin gənc jurnalist Üzeyir bəy sonralar musiqi yaradıcılığına üz tutdu və tarixdə də jurnalistdən, müəllimdən daha artıq dərəcədə bəstəkar kimi qaldı. “Molla Nəsrəddin” jurnalının baş redaktoru Cəlil Məmmədquluzadə isə Azərbaycan nəsrinin atası kimi tarixdə yerini tutdu.

Obıvatel ürəyində “Koroğlu” operası kimi milli hisslərimizi şahə qaldıran bir operanın müəllifi “Danabaş kəndinin əhvalatları”nın yerini əlbəttə ki, dar edəcək.

Və mollanəsrəddin ideyalarının davamçısı olan Üzeyir bəyin daşıdığı ictimai-siyasi məzmundan azad edərək onu bir bəstəkar kimi qələmə verilməsi də obıvatelcəsinə bir istəkdir. Zira Üzeyir bəy ömrü boyu maarif sevdalısı olub, mütərəqqi ideyalar üçün yaşayıb və yaradıb. Onu bütün bu cəhətlərdən təcrid edərək bir obıvatel qəhrəmanına çevirmək ilk növbədə sənətkarın özünə qarşı xəyanətdir.

Mirzə Cəlil “Ölülər” pyesində iki ziyalı tipi yaradıb: biri Kefli İsgəndərdir ki, missiyası aləmə məlumdur. Digər tiplər isə Əlibəy və Heydər ağadır. Onlar Şeyx Nəsrullahın tərəfindədir.

İndi bu gedişlə Üzeyir bəydən Əlibəy, Heydər ağa düzəltmək istəyirlər. Halbuki Üzeyir bəy Kefli İsgəndərin özüdür ki, var.

# 1572 dəfə oxunub

Oxşar xəbərlər

İlya Repin  impressionizmdən niyə  imtina etmişdi?

İlya Repin impressionizmdən niyə imtina etmişdi?

14:15 29 sentyabr 2025
Erotik "Venera" rəsmləri ilə tanınan Fransua Buşe kim idi?

Erotik "Venera" rəsmləri ilə tanınan Fransua Buşe kim idi?

12:45 29 sentyabr 2025
Duyğularını tablolara köçürən ekspressionist rəssam

Duyğularını tablolara köçürən ekspressionist rəssam

18:05 26 sentyabr 2025
"Yazıçı və tərcüməçi" - Tim Parksın essesi

"Yazıçı və tərcüməçi" - Tim Parksın essesi

09:00 25 sentyabr 2025
Dildə, fikirdə, işdə birlik carçısı - İsmayıl Bəy Qaspıralı

Dildə, fikirdə, işdə birlik carçısı - İsmayıl Bəy Qaspıralı

13:50 24 sentyabr 2025
Stendalla dost olan, Jorj Sandla ehtiraslı sevgi yaşayan yazıçı - Merimenin  "Karmen"i niyə sərt  tənqid edilmişdi?

Stendalla dost olan, Jorj Sandla ehtiraslı sevgi yaşayan yazıçı - Merimenin "Karmen"i niyə sərt tənqid edilmişdi?

15:00 23 sentyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər