Həmdulla necə xoşbəxt oldu

Həmdulla necə xoşbəxt oldu
21 iyul 2015
# 17:30

Kulis Təranə Vahidin "Hipnoz" hekayəsini təqdim edir

Gülarə işdən evə qayıdan ərini az qala tanımayacaqdı. Üz-gözündən zəhrimar yağan Həmdulla qışın sazağında çiçək açmışdı.

Nə az, nə çox, 35 il bir yastığa baş qoymuşdular, həyatın hər üzünü görmüşdülər, Gülarə bilirdi ki, gərək dünya baş-ayaq olsun ki, Həmdulla evə uça-uça gəlsin.

Amma belə bir möcüzə baş vermişdi.

Həmdulla evin içində süzüm-süzüm süzürdü. Süzə-süzə də deyirdi:

- Xəbərin var da, arvad, məni nazir qoyurlar.

Gülarənin əli üzündə qaldı:

- 40 il nazirlikdə kargüzar işləyən adamı?

Həmdulla ürəkdən qəhqəhə çəkdi. Ev-eşik Həmdullanın qəhqəhəsini eşitməmişdi deyə, diksindi.

- İnanmırsan, hə? Bildim ki, inanmayacaqsan...

Əlini üzünə vurub:

- Bu ölsün, bu ölsün, düz deyirəm! – dedi. Dalıca da:

- Hələ bu harasıdı, halvaçı Şükürün qızı, dünən gecə İsveçdə yaşayan dostum, o balıqudan köpəkoğlunu deyirəm, axır ki, məni yadına saldı, səhər xəbər tuturam ki, hesabıma üç milyon pul köçürüb.

Bu dəfə Həmdullanın qəhqəhələri daha uzun çəkdi.

- Gör it oğlu itin nə qədər pulu var ki, mənə üc milyon göndərir. Üçcə milyon...

Həmdulla bu dəfə ağzını qurd kimi göyə tutub qəhqəhə çəkdi, elə bil ulayırdı.

Gülarə udqundu.

Həmdulla bu gülüşdən sonra özünə gəldi, danışmağa başladı:

- Arvad, sənə bir xəbərim də var, maşınımı oğurlayan adam bayaq zəng elədi. Yazıq o qədər dil-ağız elədi, o qədər dil-ağız elədi, əməlli-başlı utandım. Dedi, incimə qədeş, maşın lazım oldu, mən də bir sağa baxdım, bir sola baxdım, qonşuyuq deyə ərk elədim, maşınını götürüb aradan çıxdım. Həmişəlik aparmamışdım deyə, heç icazə də almadım. Ürəyini buz kimi saxla, bir-iki saata maşının yerində olacaq.

Gülarənin gümanı səyridi:

- Bu lap ağ oldu ki – deyib böyümüş gözləri ilə ərinə baxdı.

Həmdulla yüksəkdən uçurdu deyə, nə arvadının kinayəsini, nə də telefon zəngini eşitmədi.

Gülarə tələsik dəstəyi qaldırdı. Xəttin o başından Həmidullanın iş yoldaşı Abuzər müəllimin pıçıltısı gəlirdi:

- Gülarə bacı, Həmdulla bu səhər o qədər şikayətləndi, o qədər ah-vay elədi, o qədər deyindi ki, axırda depressiyaya düşdü. Təcili yardım çağırdıq. Həkim başqa əlac tapammadı, Həmdullanı hipnoz elədi. Dedi, qoyun istədiyi qədər sevinsin, şadlansın, arzularına çatsın, sonrası nə olar, olar...

Amanın günüdü, kişidən göz-qulaq olun, nə desə hə deyin, qoyun ömründə bir dəfə dünyanın dadını çıxarsın. Özünüz də toxtaq olun, görək nolur...

Gülarə dəstəyi asdı, dönüb qorxa-qorxa ərinə baxdı. Həmdulla uçurdu eyyy...

# 1978 dəfə oxunub

Oxşar xəbərlər

Həyata keçməyən arzularımız da xoşbəxtliyimizin ayrılmaz hissəsidir... - Bertran Rasseldən aforizmlər

Həyata keçməyən arzularımız da xoşbəxtliyimizin ayrılmaz hissəsidir... - Bertran Rasseldən aforizmlər

15:00 18 may 2026
Rus alimlərin “top-tüfəng”lə hücum etdiyi kitab - Məşhur şairi Türkiyədə niyə siyahıdan çıxardılar?

Rus alimlərin “top-tüfəng”lə hücum etdiyi kitab - Məşhur şairi Türkiyədə niyə siyahıdan çıxardılar?

12:00 18 may 2026
"Guya ki, mövzuları cibindən çıxardırdı..." - Əbdürrəhim bəy Haqverdiyev Mirzə Cəlil haqqında nə yazmışdı?

"Guya ki, mövzuları cibindən çıxardırdı..." - Əbdürrəhim bəy Haqverdiyev Mirzə Cəlil haqqında nə yazmışdı?

12:00 17 may 2026
İncəsənət və mədəniyyət bioloji qocalmanı gecikdirir? - Araşdırma

İncəsənət və mədəniyyət bioloji qocalmanı gecikdirir? - Araşdırma

12:00 16 may 2026
Luvina - Xuan Rulfonun hekayəsi

Luvina - Xuan Rulfonun hekayəsi

10:00 16 may 2026
"Sokrat çıxışını Süni İntellektin köməyi ilə yazır..." - Əli Novruzovun  yeni hekayəsi

"Sokrat çıxışını Süni İntellektin köməyi ilə yazır..." - Əli Novruzovun yeni hekayəsi

12:00 15 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər