İlk uşaq filmimiz

İlk uşaq filmimiz
26 mart 2016
# 10:00

Kulis.az “Naməlum kino” layihəsində Qəmər Salamzadə və Aleksandr Popovun 1937-ci ildə çəkdiyi “Dəcəl dəstə” filmini təqdim edir.

Komediya janrında çəkilən filmdə hadisələr Bakının beynəlmiləl orta məktəblərindən birində baş verir. İlk epizodda altıncı sinifdə coğrafiya fənninin tədrisi təsvir olunur. Müəllim Hindistan cəngəlliklərində vəhşi pişiklərin ovundan danışır. Bunun təsirinə düşən Heydər xəyala dalıb özünü Hindistanda ovçu kimi təsəvvür edir. Heydər yaxın dostu və parta yoldaşı Olyaya xəyalındakı macəranı gerçəkləşdirmək üçün oyun qurmağı təklif edir. Sonradan isə onun bu oyununa sinif yoldaşları da maraq göstərir. Paralel olaraq, onların digər sinif yoldaşı, dərslərini əla oxuyan Yusifin evdə kimyəvi təcrübələrlə məşğul olduğu səhnələr də yer alır. Onun yanına gələn Heydər Yusifin hazırladığı rəngin tərkibini öyrənir. Bazar günü dəniz gəzintisində Heydər hazırladığı həmin rənglə qızlardan birinin paltarının arxa hissəsinə xəlvəti əcaib rəsm çəkir. Bunun Yusifin elədiyini zənn edib, ona məktəbdə töhmət verirlər. Heydər isə susur. Ancaq Olyanın təkidli tələbindən sonra Heydər Yusifə həqiqəti deyərək üzr istəyir.

Film sovet ideologiyasını, sovet gənclərinin ideal modelini təbliğ eləsə də, hər halda orda baş verənlər, məktəblilər arasındakı dostluq, düzlük, ədalət - təbii ki, ümumbəşəri dəyərlərdir. Sadəcə filmin vizual nəqli primitivdir, vəziyyətlərin təsvir həlli yaradıcı deyil, bəsitdir, hadisələrin gedişatında istifadə olunan fəndlər də klişedir. Hər halda yaddaşımda kinematoqrafik dəyəri, yükü olan bir kadr da qalmadı. Film daha çox çəkildiyi zamanın, yəni 1937-ci il Bakısının, şəhər həyatının, adamların, o illərin məktəb mühitinin təsviri ilə maraqlıdır.

Filmin ikinci yarısında hadisələr Heydərin xəyalındakı oyunları gerçəkləşdirmək istəyindən bir az daha fərqli motivə keçir: əlaçıların əməyindən istifadə edən, tənbəl, dərs oxumayan şagirdlərin öz sinif yoldaşları tərəfindən cəzalandırılması. Sanki bütün filmin çəkilməsi də daha çox buna hesablanıb: şagirdlərin hamısı birmənalı şəkildə zəhmətsevər, əlaçı olmalı, ideal sovet insanı modelini təbliğ etməlidirlər.

Filmin müəlliflərindən biri Qəmər Salamzadə Azərbaycanın ilk qadın kinorejissoru və ssenaristidir. 1908-ci ildə doğulan Q.Salamzadə "Molla Nəsrəddin"çi şair-publisist, Əliqulu Qəmküsarın qızıdır. O, Moskvada Ali Kinematoqrafiya İnstitutunu bitirib.

Q.Salamzadə məşhur rejissor Aleksandr Dovjenkonun yanında təcrübə keçib. Hətta Dovjenko onun haqqında yüksək fikirdə olub. Bunu onun məktubu da sübut edir: “Qəmər Salamzadənin istehsalatdakı iş üslubu, estetik mühakimələri, kino sənəti haqqında gündəlik iş əsnasında meydana gələn fikirləri və işə olan son dərəcə nəzakətli davranışı ona yüksək və xeyirxah qiymət vermək imkanını yaradır”.

Kədərlidir ki, ilk qadın rejissor olmasına, 86 il yaşamasına rəğmən müstəqil rejissor kimi ancaq bir neçə filmi var. Kinoşünas Aydın Kazımzadə “Azərbaycan kinematoqrafçıları” kitabında yazır: “Çox vaxt azərbaycanlı xanımı hansısa çəkiləcək bir filmə rejissor təyin etsələr də, son anda ya bir erməni, ya da Moskvadan gəlmiş kimsə bu vəzifəni yerinə yetirirdi”.

O, daha çox rejissor köməkçisi, assistenti kimi çalışıb. Məsələn, 1930-cu ildə Bakıya qayıdanda onu ictimai-iqtisadi, siyasi-mədəni həyatda gedən dəyişikliklərdən bəhs edən “Qızıl kol” filminə rejissor köməkçisi təyin edirlər.

1932-ci ildə isə məktəbi bitirib müstəqil həyata başlayan gənclərdən danışan “Əlsiz adamlar” filmində rejissor assistenti işləyir.

Yalnız 1935-ci ildə debütünü edir və ukraynalı rejissor Aleksandr Popovla birlikdə “Rəqs edən bağalar” filminə quruluş verir. Abdulla Şaiqin “Oyunçu bağa” hekayəsi əsasında çəkilən filmdə Qambay adlı oğlanın atası ilə sirkə getməsindən, təlimçi olmaq fikrinə düşməsindən bəhs edilir. 1937-ci ildə yenə Popovla birlikdə “Dəcəl dəstə” filmini ekranlaşdırır.

Amma yenə sonrakı illərdə “Səbuhi”, “Bir ailə” filmlərində sadəcə rejissor assistenti olur.

Bir də 1944-cü ildə həkim Hüsniyyə Diyarova haqqında “Şəfa nəğməsi” sənədli filmini lentə alır.

Sonrakı illərdə daha onun adına rast gəlinmir.

Filmin ssenari müəllifi Yuri Fidler Azərbaycan Yazıçılar Birliyinin üzvü olub.

Heydər rolunu teatr aktyoru, vokal ifaçı, Azərbaycanın xalq artisti Mobil Əhmədov oynayır.

Bu filmdə rejissor köməkçisi işləmiş Zeynəb Kazımova bir sıra sənədli filmlərin müəllifidir.

Pioner baş dəstə rəhbərini Leyla Bədirbəyli ifa edir.

Qeyd edək ki, "Dəcəl dəstə" filmi elə çəkiliyi ildə it-bata düşüb.

Bu ekran əsəri Dövlət Film Fondunun uzun axtarışlarından sonra Rusiya Dövlət Film Fondundan tapılaraq, 2008-ci ildə ölkəmizə gətirilib və tamaşaçılara təqdim olunub.

“Dəcəl dəstə” milli kinematoqrafiyamızda ilk uşaq filmlərindən sayılır.

# 1555 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
# # #