Professor və samuraylar

Professor və samuraylar
5 may 2015
# 15:57

Hekayə

Professor İsaxanbəyli çox abırlı, qanacaqlı, ağayana bir kişi idi; dizinin üstündə namaz qılmaq öz yerində, elə bil ağsaqqal çöhrəsində qız həyası vardı, elə bil nə vaxtsa qənddandan qənd oğurlayan vaxtlarında dədəsinin qulağının dibindən tutuzdurduğu qeyrət şapalağındakı beş barmağının beşinin də izi ilişib sifətində qalmışdı. Bu izlər onun aşırma şalvar geyindiyi, pionerə, komsomola keçdiyi, nəhayət özünü Bakıya verib oxuyub-oxuyub böyük professor olduğu vaxtlarda belə üzündən çəkilməyib sanki əbədi niqaba çevrilmişdi. Onun ağlı-kamalı haqqında ürək eləyib nəsə deyə bilmərəm, zatən professordu və heç şübhəsiz ki, dissertasiyasını da özü yazıb. Hələ üstəlik elə adam da təsəvvür eləmirəm ağlından keçirsin ki, İsaxanbəyli bu vaxta kimi heç kəsin qabağında alçaltmadığı, nəcib düşüncələrin oylağı olan başını qaldırıb bir zənən xeylağının nə sifətinə, nə yubkasının darlığına, qısalığına, uzunluğuna baxsın. Belə şeyləri düşünməyin özü elə günahların ən böyüyüdür ki, o dünyada mələklər adamın oriyentasiyasını müəyyənləşdirəndə, yəni cənnətlik, ya cəhənnəmlik olduğunu ayırd edəndə diqqətdən qaçırmayacaqlar.

Hələ mən demirəm ki, kişi gözəl, gözəl olduğu qədər də nümunəvi ailə başçısı idi; qırx il bundan öncə anasının məsləhəti ilə halal süd əmmiş el qızı Tutibikəylə evlənmiş, cəmiyyətə, elə-obaya yararlı qızıl parçası kimi dörd övlad böyütmüş, filan qədər nəvə, filan qədər nəticə almış, kəsəsi bizim diyarın barmaqla göstərilən ailə-təsərrüfat başçılarından, yenə də təkrar edirəm gözəl olduğu qədər də nümunəvi təsərrüfat başçılarından birinə çevrilmişdi. Nə yaxşı ki, insanları bir-birindən fərqləndirən, hərəni bir cürə fərdiləşdirən əxlaq da daxil olmaqla bütün nəcib keyfiyyətlər pul-para kimi cibdən yox, gendən gəlir. Yaxşı qoç quzuluğundan bilindiyi kimi professorun balaları da ayaqlarının dədələrinin cızdığı yoldan kənara qoymadan, əvvəlcə büdrəyə-büdrəyə, sonra yıxıla-dura, nəhayət iri addımlarla yeriməyi, başqa sözlə desək, başlarını aşağı salıb öz yollarıyla getməyi öyrənmişdilər. Özünün uşaqlığında (yuxarıda xatırlatdım ha, qənddandan qənd oğurlayan vaxtlarında) qulağının dibinə vurulan şapalaqdandımı deyim, ya eləcə irsən keçən alicənablıqdanmı deyim, hər nədəndisə professor bu illər ərzində balalarına güldən ağır söz deməmişdi, heç səsini də qaldırmamışdı və bunun üçün heç səbəb də olmamışdı. Yaxşı at özünə niyə qamçı vurdursun ki?.. İsaxanbəyli bax belə şəxsiyyət idi, bir sözlə, uca yaradan indiki dövrün adamlarını tamarzı qoyub ağızlarını sulandırmaq üçün mənəviyyat arsenalında nəyi vardısa hamısını yığıb-yığışdırıb cəmləmişdi bu kişinin simasında.

Gör e, etikaya o qədər aludə oldum ki, estetika yaddan çıxdı – bilmirəm bu qədər yazılanlardan sonra professorun siması gözünüzün qabağında necə canlanacaq? Bəribaşdan ərz edim ki, bu vaxta kimi tanıdığınız yaxşı adamları, yerlibazlığınıza, qohumbazlığınıza salıb öz əqrabanızdakı ağsaqqalları bu əsərin qəhrəmanına tay tutmağı ağlınızdan keçirməyin. İndi əlamətlərini bir-bir sadalayacam, aranızda bekara əl qabiliyyəti olan varsa, mən dedikcə sulu boya götürüb çəkə də bilər, görün heç sizin tayfanızda belə biçimdə adam olub, yoxsa yox? Onun boyu hardasa bir metr səksən, ya səksən beş arasındaydı, hər halda mən onun yanından ötəndə həmişə özümü dünyanın ən cılız adamı, hətta liliputu hesab eləmişəm, həmişə də ona başı qarlı dağlara baxıb şeir guppuldadan bizim ellərin şairləri kimi, türkün məsəli aşağıdan yuxarı baxmışam. Harınlıqdan, yeyib-içib yatmaqdan yox, yaşının çoxluğundan idi ki, yorub əldən saldığı illər sifətinə müdriklik gətirdiyi kimi ortasına yoğunluq vermişdi. Belə biçimdə adamlar gərəkdir ki, üzgüçülük hovuzuna girəndə suya qəfil kəllə vurmasınlar, yoxsa qoltuqlarının altından sallanan piyli ət qırışları kimi suda elə bil ləngər yaranar ki, üzənlər müvazinətini saxlaya bilməz. Mən belə naqolay halın bir neçə dəfə şahidi olmuşam, amma professoru heç vaxt lüt görmədiyimdən imanımı yandıra bilmərəm o, kəllə vuranda belə olar, yoxsa yox? Yoğun gövdəsinin yuxarısında iri qabarıq sinəsi, onunu üstündəysə ayrıca bəhs edəcəyim başı dayanırdı. Professorun əllərinə baxmasan elə bilərdin ki, bu kişi ömrü boyu Şvarstneqrnla bir yerdə məşq eləyib; ştanqla-mıştanqla, qantellə-mantellə, türkniklə-murniklə, nə bilim ağlınıza nə gəlirsə onunla. Amma onun incə, yumşaq əlləri, bapbalaca barmaqları bütün bu fiziki göstəricilərin üstündə yekə bir xətt çəkir və adamın beyninə döyəcləyirdi ki, bu bədən, bu gödən Allahın bəxşişidi, sən özündən danış, liliput. Keçək başa… Çox güman hədsiz oxumaqdan, ya da yazmaqdan bir az donqarlaşmış boynunun üstündə dayanan həmin başı yüz başın içindən seçərəm; arxaya daranmış gur dalğalı ağ saçlar onu keçən əsrin əvvəllərində Peterburqda, ya Sarbonnada oxuyub vətənə qayıtmış cəhalət və xurafat içində çabalayan ümməti millətə çevirmək kimi cəncəl işə girişib ömürlərini əridən ziyalılara oxşadırdı. Təxminən Brejnevin qaşı boyda çallaşmış gur qalın qaşların kölgəsində par-parıldayan gözlər alov saçırdı. Şülək sifətinə münasib, profildən XIV Lüdoviqi xatırladan sivri burunu yekə olduğu üçün amiranə, mən deyərdim həm də yaraşıqlı görsənirdi. Yeri gəlmişkən axır vaxtlar burunlarını kəsib-doğratdıran kişili-qadınlı bu camaatı başa düşə bilmirəm, belə getsə biz yazıçıların işi zülm olacaq, ədəbiyyata gətirməyə özünəməxsus, kreativ burun tapmaq müşkülə düşəcək, qurtarın bu biabırçılığı! Bu nə ədəbazlıqdı belə, hamının burnu bir-birinə oxşayır. Yenə sağ olsun professor İsaxanbəyli, fitrətən yekə burnunun kölgəsində isə yaraşıqda heç də ondan geri qalmayan, necə deyərlər qoşa badam sığmayan ətli dodaqları qərar tutmuşdu. Bayaq burun haqqında dediklərim dodaqlara da aiddi, yığışdırın özünüzü! Professorun dodaqları azca sola əyilmişdi, həm də ətli və yupyumuru idi, təzə dartdırdıqları sifətlərinin qırışmaması üçün qadınlar güləndə dodaqlarını yumrulayıb qabağa verib xoruz səsi çıxartdıqları kimi.

Mənə elə gəlir, bu qədər təsvirdən sonra kişinin əzəmətli simasını gözləriniz qarşısında canlandırmağa müyəssər oldum, bacarmadımsa, gözüm aydın, davamını oxuyun bəlkə nəsə tuta bildiniz.

Təbii ki, uca yaradanın kefinin saz vaxtında xəlq elədiyi belə mükəmməl varlığın zahiri əlamətlərini tamamlayan işi-gücü, sosial statusu, adı-sanı olmalıdır ki, ilahi ədalət təntənəylə zəfər çaldığını nümayiş etdirsin. Əvvəlcə keçək onun soyadında - İsaxanbəylidəki «xan»a və «bəy»ə; heç şübhəsiz mötəbər adamlar digər iki ayaqalı canlılardan fərqli olaraq hələ ana bətnindəykən hansısa qeyri-müəyyən zatın qeyri-müəyyən hissəsi ilə paranormal təmasa girərək kamil doğulurlar. Sizin qana biləcəyiniz dillə desəm bir növ vergili olurlar. Mən vergili deyərkən, nə fala baxanları, nə də əlavə dəyər vergisini nəzərdə tuturam, bu, çox mürəkkəb mövzudur - bir ucu sufiliyə, bir ucu protestant məzhəbinə, o birisi tərəfi isə şamanizmə, amanizmə və başqa izmlərə bağlıdır ki, mənim onlara girişməyə hövsələm çatmaz. Professorun da lüt ətcəbala proletar nəslində nə bəy olmuşdu, nə də xan, heç pristav, uryadnik də olmamışdı, amma kişinin soyadı İsaxanbəyli idi. Görünür, bu sirri-xuda da həmən o qeyri-müəyyən zatla paranormal təmasın təzahürü idi ki, beynimizdə Qordi düyünü kimi düyünlənib qalacaq və heç vaxt əyan olmayacaq.

Sizi çox yormayım İsaxanbəyli qətqamətli, abırlı-həyalı şəxsiyyət, gözəl ailə başçısı olmaqla yanaşı həm də bizim müəllimimiz idi – Asiya və Afrika xalqları tarixindən dərs deyir, imtahan götürür, «zaçot» yazırdı.

Əziz oxucu, and olsun əzizlərimizin canına ki, mən hekayəni qısa yazmaq istəyirdim, bilmirəm niyə belə uzun alınır. Əslində elə sözümün «mustafası» da buradan başlayır, bu yerə qədər oxuduqlarına görə səni yordumsa, üzüm ayağının altına.

Əvvəllər bilmirdim ki, bu kişinin iki qitənin tarixindən oxuduğu mühazirələr içərisində niyə məhz samuray əhvalatı yaddaşımda qalıb? Bir dəfə Yaponiyanın orta əsrlərdə imperiyalar yaradıb bərkgedən vaxtlarından danışanda bu əhvalatı söyləmişdi. Demişdi «ayə», az qala unutmuşdum professor üçün oğlan, qız dəxli yox idi, sinifdə (özüm auditoriya yerinə sinif yazıram ki, o özü belə deyərdi) kimə əlini uzadırdısa eləcə «ayə» deyərdi. Onun dilindən çıxan bu söz adamın canına elə yağ kimi yayılardı ki, qızlar özlərini kişi, kişilər də nə bilim nə hesab eləyərdi. Dedi «ayə, bu yapon samurayları ki, var çox şələşur adamlar idilər. Ancaq qollarının gücünə lotuluq eləməyi bilirdilər. Belə götürəndə vətən-zad da hərləmirdilər. Onlar vətən deyəndə öz qanmaz ağalarını, yəni ciblərinə pul basan feodalları nəzərdə tuturdular. Bu feodallar da samurayları qudurdub salmışdılar Yaponiyanın canına. Onlar da yetənə yetir, elə yetməyənə də yetirdilər. Adamın canına vəlvələ salan bir əcaib qayda, yazılmamış qanun var idi: özünə təzə qılınc düzəltdirib dəmirçixanadan çıxan samuray qılıncının itiliyini yoxlamaq üçün küçədə qabağına keçən istənilən adamı doğrayıb bağarsaqlarını çölə tökə bilərdi. Buna görə ona heç kim gözünün üstə qaşın var deyə bilməzdi. Həm də o vaxtlar belə bir atalar məsəlini də tez-tez yada salardılar – basılmaz samurayı çox olan feodal. Nəysə, bu gədələr Yaponiyanın gününü göy əsgiyə bükmüşdülər. Samuraylar o qədər qudurdular ki, bilirsiniz axırda nə oldu? Dalını kitabdan oxuyarsınız».

Professor abırlı-həyalı şəxsiyyət, gözəl ailə başçısı, savadlı pedaqoq olmaqla yanaşı həm də bir az höcət adam idi, deməli tapşırığa mütləq əməl etmək lazım idi. Amma bizim qrupda heç kimin bəxti gətirmədi, Axundov kitabxanasında bir neçə həftəlik növbədən sonra tapdığımız saralıb, pülüşdənib kitablıqdan çıxmış kitabın həmin səhifəsini əli qurumuşun biri cırıb götürmüşdü. Özü də cırmaq var, cırmaq var elə bil samuray qılıncının itiliyini kitabın üstündə yoxlamışdı. Nəysə çox pəjmürdə olduq, ürəyimizin başı soyuldu, imtahan günü yaxınlaşdıqca hərə bir yerə nəzir-niyaz dedi ki, samuray söhbəti onun qabağına çıxmasın. Mənə gəldikdəysə hər şeyə hazır idim – Asiya və Afrikanın tarixini necə lazımdır öyrənmişdim, Çan Kayşinin qalstukunun rəngindən tutmuş, Cəvahirləl Nehrunun qızı İndiraya yazdığı məktublaracan oxumuşdum, hələ bəlayi-ehtiyat Mərkəzi Afrika ölkələrinin prezidentlərinin adlarını, Vyetnam Kommunist Partiyası Siyasi Bürosunun üzlərinin familyalarını da əzbərləmişdim ki, kara gələ bilər. Xoşbəxtlikdən həmin sual bizim yox, başqa qrupdan başqa bir tələbəyə urcah oldu. Professor incə barmaqlarını arxaya daranmış dalğalı ağ saçlarında gəzdirəndən sonra soruşdu «Samuraylar qudurandan sonra Yaponiyanın axırı nooldu, ayə?» Bədbəxt tələbəni kişinin zəhmi nətəhər basırsa qayıdıb nə desə yaxşıdı «Amerika Xirosimaya bomba atdı». Professorun sözü olmasın, dalını özünüz təsəvvür eləyin…

Biz arada, xüsusən axşamlar, toran qovuşanda professor İsaxanbəylini Elmlər Akademiyasının bağında tək-tənha xırda addımlarla gəzişən görərdik. Sözün açığı mən görməmişəm, yataqxanada uşaqlar görürdülər, mən onun qorxusundan nəinki bağına heç akademiyanın bufetinə belə getmirdim. Niyə ağrımaz başıma dəsmal bağlamalıydım ki, birdən qalın qaşlarının altındakı od-alov saçan gözləri mənə sataşar və yumşaq əlinin şəhadət barmağını irəli uzadıb bircə dəfə «ayə» deməyi kifayət idi ki, damarımda qanım donsun. Burada bekara haşiyəyə çıxım ki, professor sayılıb-seçilən şəxsiyyət, nümunəvi ailə-təsərrüfat başçısı, prinsipial müəllim olmaqla yanaşı həm də canının qədrini bilən gözəl ziyalı idi. Uşaqlar danışırlar ki, axşamlar, əl-ayaq yığışanda kişi xırda addımlarla bağı azından yüz dəfə dövrə vurar, arada nəfəsini dərmək üçün Cavidin heykəli qabağında dayanıb əllərini arxasında çarpazlayaraq aşağıdan yuxarı səma şairinə baxdıqca baxarmış. Mən onu belə pozada bir neçə dəfə sinifdə görmüşəm, əllərini dalına qoyub sinəsini irəli verərək heç bir məna-filan yağmayan alovlu baxışlarını məchul nöqtəyə zilləyəndə bir suyumu yoldaş Stalinə oxşayırdı. Təsəvvür eləyin Stalin gəlib durub Cavidin qabağında, özü də ona aşağıdan yuxarı baxır, dağıl a dünya!

Toranqovuşan gəzintilərinin birində kişinin başına elə bir müsibət gəlir ki, yapon samurayları yalan olurmu deyim, gerçək olurmu deyim. Yüz neçənci dövrədən sonra professor gündəlik gəzinti normativini ödədiyindən yolu keçib evinə getmək istəyir. Yoldan söz düşmüşkən parkın ətrafındakı yol yaman yoldu, hünərin var onu keçməyə cəhd göstər, ya da elə-belə ayağını səkinin qırağına qoy maşınlar üstünə elə şığıyır ki, sanki üç gündü ağzına ət dəyməyən ov iti yaralı dovşanın dalınca düşüb. Heç olmasa havanın işıqlı vaxtları birtəhər keçmək olur, xüsusən qabaqda mini yubkalı zənən xeylağı gedəndə lap əla, bütün maşınlar əyləci basır, yeriniz məlum, siqnal verən kim, fit çalan kim, «Ələsgər, Ələsgər» qışqıran kim… Sən də özünü o yerə qoymursan zənən xeylağının ayaqlarının ritminə uyğun addımlayırsan, elə bil yolu yox farağat dayanmış bir taqım əsgərin qabağından keçirsən. Amma gecə vaxtı, əl-ayaq çəkiləndən sonra zənən xeylağı, özü də gödək ətəklisini akademiyanın qabağından necə tapasan, onda oğlu istəyirəm yolu keçə. Oğlu demişkən, İlahi bu şəhərdə mamasının aldığı maşınları sürən nə qədər oğul varmış! Bu, nə mənim sözlərimdi, nə də facebook-dan çırpışdırmışam, onu mənə ilk dəfə işə başladığım qəzetdə sürücümüz Nuru demişdi, Allah ona qəni-qəni rəhmət eləsin. O, İsaxanbəylinin qohumu-zadı deyildi, heç bir-birlərini tanımırdılar da, tamam başqa dünyanın adamları idilər. Açığı Nuru hardan gəldi bu hekayəyə düşdü bilmirəm, gəlibsə neynək qoy qalsın, xətri həmişə əziz olsun. Rəhmətlik deyərdi ki, o kəslər maşın sürəndə gözləri adam görmür, bil ki onlara maşını mamaları alıb. Nuru Azərbaycan dilini də gözəl bilirdi «ana» demədi, yüz faiz yadımdadı «mama» dedi.

Həmin gecə mədəni həyat tərzinin son akkordlarını vuran İsaxanbəyli yolu keçmək istəyir. Sən saydığını say, gör samuraylar nə sayır… Kişi ayağını asfalta basan kimi dilindən sonuncu kəs çıxan «ayə» kəlməsinin ağ göyərçinə çevrilib bir neçə dəfə havada mayallaq aşandan sonra yerə sərilməsi bir olur. Hər dəfə həmin situasiyanı təsəvvürümdə canlandıranda ətim ürpənir, özümü qoymağa yer tapmıram, heç indi də həmin anı yerli-yataqlı təsvir edə bilməycəm, çox həyəcanlanıram. Mənə elə gəlir ki, həmin vaxt kişinin dilindən çıxan «ayə» çox fərqli olub, hardasa heyrət dolu, hardasa vahimə dolu və hardasa təxminən belə səslənib «ayyyyyəəəəəəəəəə»…

Heyf, çox heyf itirdik onu. Heç bilən olmadı onu vuran tankı kimin maması almışdı. Sən demə küçələrdə quraşdırılmış kameralar qəza vaxtı üzünü başqa səmtə döndərib Akademiyanın qoca və əzəmətli binasının pəncərələrini çəkirmişlər ki, görsünlər elmi işçilərdən hansı evə gedən də işığı yanılı qoyub. Bax belə hekayə qurtardı, bu bahalıq vaxtı göydən üç almanın düşməsini gözləməyin. O əzəmətli, nəcib, şəxsiyyətli kişidən bizə yalnız sual qaldı, cavabını ömrümüz boyu əlləşib tapa bilməyəcəyimiz, oraq kimi başı əyilmiş yekə bir sual - «Samuraylar qudurandan sonra Yaponiyanın axırı nooldu, ayə?»

Aprel 2015

# 1847 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
# # #