Ümumi vaqonda - Valentin Rasputinin hekayəsi

Ümumi vaqonda - Valentin Rasputinin hekayəsi
5 yanvar 2024
# 17:00

Kulis.az Valentin Rasputinin "Ümumi vaqonda" hekayəsini təqdim edir.

Volkov çoxdan idi ki, ümumi vaqonda heç yerə getmirdi, amma bu dəfə getmək məcburiyyətində qaldı. Yay vaxtı idi, sərnişin çox idi və qatarlar dalğa kimi səs-küy salaraq vağzallardan ayrılıb uzaq şərq və qərb sahillərinə gedirdi. Volkov axırıncı vaqona gəldi və ayaqlarla kürəklər arasında var-gəl etməyə başladı. Oturmağa yer yox idi, hər yer adam və bağlamalarla doluydu, bağlamalar da adamlar kimi hərəkət edirdi, bir-birini itələyib boş yer axtarırdı. Volkov axırıncı kupenin ağzında dayanıb pencəyini çıxartdı.

Kupedə bürkü dözülməz dərəcəyə çatmışdı. Üz-gözündən tər yağan adamlar bir-birinin yanında qalanmış tonqal kimi yanırdılar. Üzlərindən axan tər damcıları qığılcım kimi parıldayırdı, elə bilirdin, bu saat çilik-çilik olub ətrafa səpələnəcəklər, amma ən sonuncu anda onlar üzlərindəki tər damcılarını yaylıqla söndürürdülər. Qatar artıq yola düşməli idi, amma nə üçünsə dayanıb durmuşdu. Volkov neçənci dəfə idi ki, ürəyində onacan sayırdı, hər dəfə saymağa başlayanda ona çatan kimi qatarın yerindən tərpənəcəyinə ümid edirdi, amma qatar elə bil heç yerə tələsmirdi.

Volkovun düz qabağındakı skamyada on yeddi-on səkkiz yaşlarında iki qız və başına həsir şlyapa qoymuş, boynuna balıq quyruğuna oxşayan parıltılı qalstuk taxmış kişi oturmuşdu. Kişi hər dəfə ağzını açıb havanı acgözlüklə udduqca, qalstuk müti şəkildə o yan-bu yana yellənirdi. Dördüncü yeri qəribə düzbucaqlı bağlama tutmuşdu, o bağlamanın kişiyə aid olduğunu heç sübut etmək də lazım deyildi, bağlama elə bil kişinin doğma oğluydu. Bu bağlama Volkovu əsəbiləşdirirdi. Nə var, nə var, onu bir az tez gətiriblər deyə, yer tutub, adam isə ayaq üstündə qalıb.

- Atam, - Volkov, nəhayət, dözə bilməyib dilləndi, - bağlamanı götürə bilərsiniz?

- Bağlamada araq var, - kişi dedi.

- Nə olsun?

- Heç nə. Əlbəttə, arağı skamyanın altına da qoymaq olar. Səninçün də yer boşalar.

- Çox sağ olun, - Volkov burnunun altında mızıldandı.

Volkov oturan kimi qatar tərpəndi. O saat vaqondan külək keçdi, adamlar yerlərində qurcalandılar, nəfəs aldılar, bir-birinə baxdılar. Amma çox qısa müddət çəkdi, sonra adamlar yenə canlandılar, elə bil içlərində söndürülmüş hansısa hissələr yenə işə düşdü. Volkovun yanında oturmuş kişi də, nə üçünsə, birdən-birə narahat oldu, ətrafına boylandı. Sonra Volkova tərəf döndü:

- Uzağa gedirsən?

- Yox.

- Bu baxır hansı tərəfdən yanaşırsan, - kişi filosofyana dedi, - belə götürəndə, heç Moskvaya da o qədər uzaq deyil.

- Düzdür, - Volkov onunla razılaşdı. - Amma mən Moskvayacan getmirəm, səhər düşəcəyəm qatardan.

Kişi başını tərpətdi, amma sakitləşmədi. Nə haqdasa fikirləşə-fikirləşə bir neçə dəfə başını tərpədəndən sonra yenə soruşdu:

- Səhər hansı dayanacaq olacaq ki?

- Komarovo.

- Komarovo, - kişi sevindi. - Belə de. Əvvəldən deyəydin də, bunu. De, bunlar da Komarovoda düşəcək, - kişi əliylə qızları göstərdi. - Orda müharibəyə qədər dostum yaşayırdı, Vanka Andriyanov. Bəlkə tanıyırsan onu?

- Yox, tanımıram, - Volkov dedi. - Mən hələ orda olmamışam.

- Demək, birinci dəfədir. Bax da. Amma mən Komarovoda olmuşam. Çoxdan olmuşam e, hələ müharibədən qabaq. Biz o dediyim Vanka Andriyanovla mühasibatlıq kurslarında oxumuşuq, bir yerdə. Sən də ora qonaq gedirsən?

- Yox, qonaq getmirəm. Ezamiyyətə gedirəm.

- Həə, işə bax.

Kişi başını tərpətdi, amma aydın məsələdir ki, onun fikrincə, bütün insanların ürəyini və ruhunu birləşdirən şeydən Volkovun nə üçün imtina etdiyini başa düşmədi. Kişi səsini kəsdi, amma sakitləşmədi. O artıq özünə icazə vermişdi, əsas da elə bu idi, qalanlarını yola vermək olar. Ayağa durub qatarın getdiyi istiqamətə getdi. Volkov yüngülləşmiş halda dərindən nəfəs aldı.

Vaqon dəhşətli dərəcədə yırğalanırdı. Elə bil bir ayağı üstündə relsdən-relsə tullanır, bir müddət sonra sabitləşir, sonra yenə atılıb-düşməyə başlayırdı. Volkov bilsəydi ki, qatarda kupeli vaqon yoxdur, hamısı ümumi vaqondur, bəlkə də buna öyrəşərdi. Amma qatarda kupeli vaqonlar da vardı, o vaqonların sərnişinləri şahmat oynayırdılar, kitab oxuyurdular, uzanırdılar. Bu fikir Volkovu incidirdi və o xəstə adamlar kimi üzünü turşudurdu. Qarşıda duran gecə haqqındasa, fikirləşmək istəmirdi.

Qatar qərbə - sona çatmaqda olan günün dalınca gedirdi, amma tələsmirdi, çünki qatarın özünü artıq gecə haqlamaqdaydı, buranın gecəsi isə dumanlıydı, aydın deyildi, elə bil qaçdı-qovdudan yorulmuşdu. Volkov pəncərədən baxırdı, amma qatar yoluna, teleqraf xəttinə çökməkdə olan gecədən başqa heç nə görmürdü.

Volkovun artıq baxmağa hövsələsi çatmadı, üzünü çevirdi. Yanında oturan qızlar nə haqqındasa danışırdılar və o da istər-istəməz qulaq asmağa başladı. Qızlar sinif yoldaşlarından, dərslər qurtarandan sonra kimin hara getməsindən danışırdılar. Volkov söhbətdən belə başa düşdü ki, onlar təzəlikcə Pedaqoji İnstituta imtahan veriblər, indi dərslərin başlanmasına qədər qalan bir neçə günlərini keçirmək üçün evə gedirlər. Qızlar evdə onları gözləyən sualların cavabını fikirləşirdilər, əlbəttə, bu qısa müddət üçün evə qayıtmaya da bilərdilər. Bir tərəfə baxanda, doğrudan da, artıq pul xərcləməyə dəyməzdi. Volkov bir istədi onlarla danışsın, haçansa özünün keçirdiyi hisslərə oxşar hiss keçirən qızların sevincinə şərik olsun. Nə qədər keçib həmin vaxtdan? Düz on altı il! Volkov təklikdə bu iki qızın yaşadığı qədər yaşamışdı, buna baxmayaraq, qızlar özlərini böyük hesab edirdilər, o isə otuz yaşı keçməsinə baxmayaraq, böyüklüyü gələcəkdə hiss edirdi. İndi gəl, baş aç görüm, kim haqlıdır, kim haqsız. Bu haqda fikirləşsə də, başqa şey soruşdu.

- Stansiyadan Komarovoya qədər uzaqdır, qızlar?

Qızlar ona tərəf döndülər.

- Yox, çox uzaq deyil, hardasa, iki kilometr olar, - biri dedi.

- Ora avtobus gedir, - o biri qız əlavə etdi.

- Avtobus varsa, yaxşıdır, - Volkov gülümsədi.

- Doğrudan, ora birinci dəfə gedirsiniz?

- Hə, doğrudan, birinci dəfədir.

- Bizim şəhər haqqında nə eşitmisiniz?

- Deyəsən, heç nə, - Volkov bir az fikirləşib cavab verdi. - Amma istəsəniz, sizə ora haqqında danışa bilərəm.

- O necə olur? - Volkovun yanında oturan qız soruşdu, onun gözləri bahar rəngindəydi, gözlərinin bəbəyi eyni zamanda göyə, maviyə və yaşıla çalırdı.

- Bax, belə.

Volkov bu söhbəti saldığına görə şad idi, beləcə vaxt keçərdi, gözə görünməzdi, amma əsas məsələ bu deyildi, əsas məsələ o idi ki, Volkov bu yolla onların gəncliyinə, sadəlövhlüyünə, laqeydliyinə, içlərində hələlik nə böyük səhvlərlə, nə də böyük qayğılarla dolmağa macal tapmamış insani boşluğa çox da fikir verməzdi. Qızlar, nə üçünsə, Volkova süd dolu şüşəni xatırladırdı - nahaqdan demirlər ki, ağzından süd iyi gəlir - onların görünüşü də, müəyyən mənada, südü xatırladırdı: bəyaz, təmiz və təzə-tər. Onlar hələlik, sadəcə, yaşayırdılar, nə öz böyüklüklərinin fərqindəydilər, nə də insan olmağın ağırlığının.

Qızların yaşadığı şəhər haqqında danışmaq Volkov üçün çətin deyildi, o, çox səyahət etmişdi və bilirdi ki, əyalət şəhərcikləri bir-birindən çox da fərqlənmir. Demək olar ki, hamısında ifadəsiz işçi siması var, cəlbedici deyillər.

- Sizdəki səkilər taxtadan düzəldilib, - deyə Volkov sözə başladı, - özü də ancaq əsas küçədəki səki qaydasındadır, qalanları sökülüb-dağılıb. Həmin əsas küçə çox uzundur, şəhərin bu başından o başına, yəni, vağzaldan hansısa yağ zavoduna qədər uzanır, bu küçə boyu birqapılı, balaca avtobuslar işləyir.

- Bizdə böyük avtobuslar da var, - küncdə oturan qız Volkovun sözünə düzəliş etdi, - özü də onlar yağ zavoduna qədər yox, Texniki-təmir stansiyasına qədər gedir.

- Hə, Texniki-təmir stansiyasına qədər, - deyə Volkov razılaşdı. - Avtobuslar Komarovka çayının üstündəki körpüdən keçir, sizin çayın adı Komarovkadır da, düzdür?

- Hə-ə.

- Çay çox da enli deyil, sakitdir, qışda isə, üstündən saman daşıyırlar. Atla. İndi davam edək. Şəhərinizdəki tikililərin, demək olar, hamısı taxtadandır. İkimərtəbəli daş ev cəmisi beş-altı dənədir - onlar da rayon komitəsi, iki məktəb, kombinat, klub və Texniki-təmir stansiyası. Mehmanxananız da taxtadandır və nə üçünsə girişi həyətdəndir.

- Siz doğrudan, bizim şəhərimizdə olmamısınız? - Gözləri bahar rəngində olan qız heyrətlə soruşdu.

- Doğrudan, olmamışam.

Kişi qayıdıb səs-küylə yerində oturdu və qulaqlarını şəkləyib onları dinləməyə başladı.

- Bəs siz bizim şəhərimizə lağ eləmirsiniz ki? - qız yenə soruşdu.

- Yox. Niyə ki?

- Bizim şəhərimiz köhnə olsa da, çox gözəldir, heç kimə pislik eləmir. Biz onu sevirik.

Volkov gülümsədi.

- Vicdanlı komsomol sözü!

- Amma hər halda, siz onu qoyub böyük şəhərə gedirsiniz, - Volkov dedi.

- Ay sağ ol! - Kişi sözü onun ağzından aldı. - Bayaq burdaydılar, bir də ayılırsan ki, yoxdular. Ayağı yer tutan aradan çıxır. Sonra ata-ana da qalır belə, axtar ki axtarasan! Bilirsən, kəndlərdə nələr olur?

- Yox e, kişi, - Volkov səbirsizliklə dedi. - Biz ondan danışmırıq. Onlar axı oxumağa gedir. Öz balaca şəhərlərində onlar yaxşı insan olmağı öyrənir, sakitlik, ağcaqayınlar, çay onları mehriban edir, ağıllı olmaq üçünsə, başqa yerə getmək lazımdır.

- Nə danışırsan!

- Əlbəttə!

- Hə də, hamı ağıllıdır, bircə axmaq bizik.

- Niyə belə deyirsiniz?

- Eh, gedirlər, getsinlər də. Mənə nə var ki? Bir qədəh aşırdırsan, bu da olur sənə ayrılıq. Mənim əkin-biçinlə o qədər problemim var ki, bilsən, ağlın çaşar.

Volkov susurdu.

Kişi dodaqlarını büzüb Volkovu dümsüklədi.

- Yerlimə rast gəldim.

Volkov cavab vermədi.

- O biri vaqonda gedir. Mən, deməli, gedirəm, o isə oturub. Yanından keçəndə gördüm onu. O isə mənim getdiyimi bilmirdi, ona görə oturmuşdu. Hələ deyirlər...

Kişi birdən səsini kəsib əyildi və şüşə cingiltisi eşidilənə qədər əlini skamyanın altında gəzdirdi.

- Eşidirsən, səs verirlər, - kişi sevincək dedi. - Araq şüşədə olanda ağıllı olur, ancaq adamın bədəninə girən kimi biabırçılıq edir - bu düzdür.

Kişi sözlərinin necə təsir göstərdiyini görmək üçün Volkova baxdı, amma Volkovun simasında heç bir ifadə görmədiyi üçün davam etdi:

- Mənim qonşum vardı. Ömrüboyu ağzına bir damcı da araq dəyməmişdi, amma ölməyə uzananda qarısını şüşə dalınca göndərdi. Bütün şüşəni içdi, sonra da öldü. Bunu necə izah etmək olar?

- Bilmirəm, - Volkov çiyinlərini qısdı.

- Burda bilməməli nə var ki? Adam ömrü boyu ayıqlıqdan əziyyət çəkmişdi, ölümqabağı isə, daha səbri tükənmişdi. Bunu başa düşmək lazımdır.

Kişi özündən razı halda çoxmənalı köks ötürdü, sağa baxanda sevincək dedi:

- Gəlir, gəlir!

Bir oğlan yaxınlaşdı.

- Bir də salam, Petro, - kişi əlini uzadıb dedi.

- Salam, İvan Sergeyeviç.

- İşə bax e, Petro! Sən orda gedirsən, mən də burda oturmuşam. Bu necə olur?

- Olanda, olur da, - oğlan əlini yellətdi.

- Eybi yox, həll eləyərik. Özün necəsən? Nə var, nə yox?

- Heç.

- Ay sağ ol. Əsas odur, axmaq olmayasan. Düz deyirəm?

Kişi bağlamanı götürdü, dizlərinin üstünə qoyub açdı. Bunu tələsmədən, ahəstə-ahəstə, sahiblik duyğusu ilə etdi. Şüşələri corabın içinə salmışdı, yəqin, yolda bir-birinə dəyib sınmasınlar deyə, belə etmişdi.

Oğlan üçün yer yox idi otursun, buna görə də ayaq üstündə dayanıb kişinin hərəkətlərini izləyirdi. Şüşənin boğazı göründü, kişi qapağı açdı, stəkan çıxartdı.

- Görüşün şərəfinə, hə?

- Necə istəyirsən.

- Yaxşı.

Qatar isə dayanmadan gedirdi. Bayırda qaranlıq çökmüşdü, qatar qaranlığı iynə kimi deşib gedirdi.

Qonşu kupedə uşaq ağlamağa başladı. Volkov ananın uşağı yellədə-yellədə pəncərədən qaranlığa baxdığını gördü, yəqin ki, bu qaranlıq ananı həyəcanlandırırdı. Kişi yenə stəkanı doldurdu, dərindən nəfəs alıb dayandı. Volkovun yanında oturan qızın gözləri ağırlaşırdı - onun iki balaca günəşi üfüqdə batmaq üzrəydi. Oğlanın yəqin ki, qışda da, yayda da ancaq küləyin yaladığı qaramtıl boynu qırmızımtıl rəngə çalmağa başlamışdı. Skamyalarda oturan adamlar ahəstə-ahəstə yellənirdi. Volkovun da yuxusu gəlirdi, gözü qabağındakı hər şey başqa şəkil, başqa ölçü alırdı.

Qəfil Volkova tərəf fırlanan kişi onun böyrünü bərkdən dümsüklədi.

- Ehtiyatlı ol da, kişi, - Volkov gözlərini açıb hirslə dedi.

- A, bağışla, bağışla.

Yuxu o saat ərşə çəkildi - gəldi, gözlədi, inciyib getdi. Volkov ürəyində söydü, yuxulu-yuxulu ayaqlarını uzadan, başları çiyinlərinə düşən adamlara baxmağa başladı. Elə bil bu adamlar böyük bir mişenin üstündəki rəqəmlər idi, gözəgörünməz atıcı ustalıqla onları vururdu.

- Mən gedim, İvan Sergeyeviç, yoxsa, yerimi tutarlar. - Oğlan dedi.

- Get, get, - kişi ona icazə verdi. - Mən də bir az gözümün acısını alım, səhər bir yerdə düşərik. Düz deyirsən, bu günlük bəsdir.

"Çox şükür, - Volkov fikirləşdi, - bəlkə yatıb məndən əl çəkər".

Kişi başını vaqonun divarına söykədi, nəsə mızıldandı və o saat da başını qaldırdı.

- Hansı stansiyadayıq? - soruşdu.

- Bilmirəm, - Volkov dedi. - Yat sən, səhər baxarıq.

- E, yox. Əlbəttə, yatmaq da olar, amma bir yandan, içmək də olar. Sən nə deyirsən?

- Mən heç nə. Sənə də bəsdir, kişi, yat. Yoxsa, bütün gecəni yatmazsan.

Volkov hirslənmişdi.

- Gözlə, bir dəqiqə, - kişi başını tərpədib dedi. - İndi sənə hər şeyi başa salaram. Biz Petro ilə bir corabı boşaltdıq, amma mənim iki dənə ayağım var. Başa düşürsən?

Kişi xırıltılı səslə gülüb bağlamasını çıxartdı.

Volkovun yanında oturan qız başını qaldırıb gözlərini açdı. Onun üzü qeyri-ixtiyari kişiyə tərəf döndü və qız sifətini turşutdu. Sonra yenə gözlərini yumdu, elə bil kişi ilə bir yerdə qalmamaq üçün qapını çırpıb getdi. Amma nəsə onu qayıtmağa məcbur etdi. Volkov ona tərəf çevriləndə qız köks ötürüb sakitcə qabağına baxırdı, bu köksötürmə açılan qapının səsi kimi, onu əvvəlki yerinə qaytarmışdı.

- Yata bilmirsən? - Volkov qısıq səslə soruşdu.

- Burda yatmaq olur ki? - qız incik səslə bildirdi.

- Eybi yox, gündüz yatarsınız.

- Əlbəttə, yatacağam. Amma hər halda yuxum gəlir.

- Rəfiqəniz yatıb.

- Hə, o yatır, - qız Volkova baxıb xəfif gülümsədi.

- Sabah nə edəcəksiniz? - Volkov soruşdu.

- Bilmirəm.

- Mən bilirəm.

- Siz hər şeyi bilirsiniz.

- Hə, - Volkov təsdiqlədi.

- Mən sabah nə edəcəyəm?

- Siz taxta səkilərlə vağzaldan Texniki-təmir stansiyasına qədər gedəcəksiniz.

Qız susurdu.

- Düz dedim? - Volkov soruşdu.

- Düzdür, - qız etiraf etdi. - Amma artıq getməyəcəyəm, çünki siz bunu bilirsiniz.

- Nahaq yerə.

- Yatmaq istəyirəm, - qız dedi. - O hələ çox içəcək?

- Yəqin ki, səhərə qədər.

Qız heç nə demədi. Elə bil onun üzü duvaq və ya çadra ilə örtülürdü, getdikcə ifadəsini itirirdi və yorğunlaşırdı, axırda gözləri də yumuldu və Volkov kişi ilə baş-başa qaldı.

Kişi harasa, baxa-baxa barmaqlarının arasındakı papirosu ovuşdururdu, papirosun tütünü onun dizlərinə tökülürdü.

- Qulaq as, kişi, - Volkov onun çiynindən yapışdı. - Gəl, belə danışaq da, sən burda çəkmə. Burda axı, uşaqlar var.

- Uşaqlar yatıb, - kişi dedi.

- Əgər sən burda çəksən, səni vaqondan atacağam, - Volkov əminlikdə dedi.

Kişi mütiliklə ayağa durub tambura keçdi.

Volkov yorulmuşdu. "Bir də heç vaxt ümumi vaqonda getməyəcəyəm. Gərək gözləyəydim. Lazım olsaydı, lap on qatar buraxaydım, o birincidə adam kimi gedərdim".

Sonra ayaqlarını uzadıb qıza baxdı. Qız yatırdı. Yatmaq narahat olsa da, qız qollarını sinəsində çarpazlayıb yuxuya getmişdi. Onun balaca, qızlıq bəkarətini qoruyan düyün kimi bir-birinə yapışmış dizləri titrəyirdi. Volkov içində baş qaldıran şirin ağrının qabağını almaq üçün üzünü çevirdi. "Belə şeylər üçün yaşım keçib, - deyə kədərlə fikirləşdi. - Həmişə belə olur, birdən-birə komanda verilir və sən artıq başqa sıradasan".

Volkov gözlərini yumdu, sonra yenə açıb qızın titrəyən, çılpaq dizlərinə baxdı.

- Sən artıq başqa sıradasan, - deyə təkrarladı.

Qatar mədən lifti kimi qaranlığın bağrını yara-yara, arxasında boş və susqun stansiyalar qoya-qoya dərinlərə gedirdi. Hərdən yan tərəfdən ay görünürdü. Ətrafda o saat toxunulmazlığı, bakirəliyi ilə adamı qorxudan təbiətin bir parçası görünürdü. Qatarın getdiyi sonsuz dəhlizdə külək uğuldayırdı.

Vaqondakı sərnişinlər özlərini qatara etibar edib yatırdılar. Bu yuxu narahat idi - hərdən sərnişinlərdən biri başını bu çiynindən o biri çiyninə aşırdırdı. Elə bil onlar gecə növbəsinə gedirdilər, buna görə yatıb yuxularını almağa çalışırdılar.

Volkov uzun müddət müqavimət göstərsə də, nəhayət, yuxuya məğlub oldu və yerin üstündə uçmağa başladı. O, yerdəki alovların, səmaya qalxmış sifətlərin, damların üstündən keçirdi, amma heç cür enmək üçün yer tapa bilmirdi. O, yerdə gördüklərinə piştaxtalarına çoxlu gözəl şeylər düzülmüş mağaza vitrininə baxdığı kimi baxırdı, amma özünə nə lazım olduğunu bilmədiyi üçün dayanmırdı, uçub gedirdi. Sakitlik idi, uçduqca, uçurdu, ona heç nə mane olmurdu.

Sonra yorğunluq hiss etdi, aşağı endi, rastına çıxan birinci skamyada oturub ayaqlarını uzatdı, rahat olsun deyə, başını skamyanın söykənəcəyinə qoydu. Necə lazımdır, istirahət etmək qərarına gəldi. Ətrafda ins-cins gözə dəymirdi.

Volkov hələ yuxuda ikən nəsə çox vacib bir şeyin baş verdiyini anladı. Elə bil kimsə onu döyəcləyirdi, qulaq asdı - zərbələr yumşaq olsa da, inadkar idi, zərbələr şərab kimi canına yayılırdı, zərbə-qurtum, zərbə-qurtum və beləcə davam edirdi. Volkov dayana bilməyib qapını açmağa getdi, getdikcə döyənin kim olduğunu fikirləşdi. O, ehtiyatla gözlərini açdı, başını sağa çevirəndə nəfəsini tutdu.

Qız bir əliylə onu qucaqlayıb, başını onun çiyninə qoyub yatmışdı. Qız yatırdı və yəqin ki, etdiyindən xəbəri yox idi. Qız onun yanına yuxuda gəlmişdi, qızdan istilik və mehribanlıq yağırdı, Volkov çoxdandır ki, belə yaxşı olmurdu, elə bil qız onun çoxdan unutduğu hissi təzədən yaşatmağa, yaddaşını təzələməyə gəlmişdi. Volkovun ürəyi bərkdən atmağa başladı, qız rabitəçi kimi uzun barmaqları ilə dayanmadan nöqtə və tirelərə basır, baş verən hadisəni bütün bədənə yayırdı. Özü isə sakit və rahat nəfəs alırdı və bu nəfəs Volkovu sakitləşdirdi.

O, qıza söykənib gözlərini yumdu və yatdı. Amma yuxuda da qızı oyadıb yuxusunu yarı qoya biləcək şeylərdən qoruyurdu. Kişinin yerinə qayıtdığını, uzun müddət yerində qurdalandığını da eşitdi, amma elə bil ki, bu səslər hardansa, uzaqdan gəlirdi. Dayanacaqları sayırdı, amma elə sayırdı ki, elə bil unudulmuş nəyisə xatırlamağa çalışırdı. Volkov, həm yatırdı, həm də oyaq idi, elə bil uzun dəhliz boyu gedirdi, dəhlizin pəncərələrinin bəziləri qaranlıq idi, bəzilərindən işıq vururdu, qaranlıq və aydın pəncərələr bir-birini əvəz etdikcə, Volkova böyük şahmat taxtasını xatırladırdı, Volkov bu taxtanın arxasında oturub özü özü ilə oynayırdı. Yuxuda olmasına baxmayaraq, hələ də süd iyi verən və uşaq saflığı ilə etibar edən qızın gözlənilməz yaxınlığından xoşbəxt idi. Bu onu, həm həyəcanlandırırdı, həm də sakitləşdirirdi - o, istədiyi yerə gedə bilərdi, hara getsəydi, hər yerdə ona yaxşı olacaqdı. Volkovun içində iki adam vardı: biri, axırıncı elektrik qatarında sevgilisini qucaqlayıb oturan on səkkiz yaşlı oğlan idi, o birisi qızının sığındığı yaşlı kişi. Bu vəziyyət onu daxilində olan hisslərlə qarşılaşdırırdı, amma o, yatdığı üçün bu hissləri aydınlaşdıra bilmirdi.

Volkov özünü tənha və soyuq hiss edəndə yuxudan oyandı. Başını qaldırıb baxanda havanın açıldığını gördü. Qız üzünü çevirib başqa tərəfə baxırdı. Qız yad və uzaq birinə çevrilmişdi, gecəki hadisədən utandığını başa düşmək çətin deyildi.

- Komarovoya az qalıb? - Volkov soruşdu.

Qız cavab vermədi.

- Çatırıq, bir azdan, - deyə rəfiqəsi dedi.

Sərnişinlər oyanıb gərnəşirdilər. Bələdçi qadın sarı bayrağını yellədə-yellədə vaqondan keçdi. Qızlar ayağa durdular. Volkov da onların dalınca durdu, qatar dayanırdı deyə, Volkov müvazinətini saxlamaq üçün yuxarı rəflərdən tutmalı oldu.

Onlar perrona düşdülər və Volkov çamadana işarə edib qıza dedi:

- Verin, kömək edim.

- Yox, yox, özüm apararam, - qız qorxub, tələsik getməyə başladı.

"Qudok" qəzeti alıb piştaxtaya söykəndi, qız gedənə qədər gözləmək istəyirdi. İçində elə bir hiss var idi ki, elə bil çox vacib imtahandan kəsilmişdi və bir çox şeyi həmişəlik itirmişdi. Qəzetə baxsa da, fikirləşirdi: nə baş vermişdi? Ürəyi sakit deyildi.

Sonra o, təxmin etdiyi kimi cırıldayan taxta səkilərlə dünən haqqında danışdığı balaca şəhərcik boyu getməyə başladı. Getdikcə fikirləşirdi ki, nə üçün gecə adamla dolu vaqonda o qədər yaxşı idi, amma səhər o yaxşılığın yerini boşluq tutmuşdu? Və daha heç yerə getmək istəmirdi, istəyirdi bu saat qatara oturub geri qayıtsın.

Tərcümə: Həmid Piriyev

# 1171 dəfə oxunub

Oxşar xəbərlər

Sabah olmayacaq... - ADNA faciəsi qurbanlarının xatirəsinə

Sabah olmayacaq... - ADNA faciəsi qurbanlarının xatirəsinə

15:00 30 aprel 2024
Yaz intizarı - Şərif Ağayarın yeni hekayəsi

Yaz intizarı - Şərif Ağayarın yeni hekayəsi

09:00 30 aprel 2024
Balıqçılar - Nadir Yalçının yeni hekayəsi

Balıqçılar - Nadir Yalçının yeni hekayəsi

14:30 29 aprel 2024
Səməd Vurğun ona məktub yazan gəncləri satmışdı? - Anar

Səməd Vurğun ona məktub yazan gəncləri satmışdı? - Anar

12:00 29 aprel 2024
Şayiə yayılır ki, tezliklə müharibə başlanacaq... - Öz evində artıq adama çevrilən leytenant

Şayiə yayılır ki, tezliklə müharibə başlanacaq... - Öz evində artıq adama çevrilən leytenant

09:10 29 aprel 2024
Məşhur rejissoru və həyat yoldaşını öldürən inək – Ömər Xəyyam

Məşhur rejissoru və həyat yoldaşını öldürən inək – Ömər Xəyyam

12:00 27 aprel 2024
# # #