Ulucay Akif: "Əcəb eləyib, əlinin içindən gəlib!"

Ulucay Akif:  "Əcəb eləyib, əlinin içindən gəlib!"
11 oktyabr 2023
# 15:20

Kulis.az Ulucay Akifin Kazım Kazımoviçin "Dəvət" hekayəsi haqqında yazısını təqdim edir.

Ədəbiyyatın nə üçün lazım olduğunu hələ tam dəqiqləşdirə bilməsəm də, onu bilirəm ki, ədəbiyyat həqiqəti də, yalanı da, sevgini də, nifrəti də cilalayıb daha parlaq göstərmək qüdrətindədir.

Bəlkə, elə tək bunun üçün lazımdır ədəbiyyat: Həqiqəti daha real, yalanı daha kəskin, sevgini daha güclü, nifrəti daha böyük göstərmək üçün.

Kazımın “Dəvət” hekayəsini oxuyandan sonra bu qənaətim daha da möhkəmləndi içimdə. Çölə çıxıb siqaretimi yandırdım, tüstülədə-tüstülədə iş yerimizin yanında tikilən “navastroyka”lara baxdım.

Gördüm ki, Günəşin qabağını “navastroyka” da ala bilərmiş, o qədər də böyüdüləcək nəsə yoxdur burada. Günəş neçə milyard ildir çıxdığı yerdən doğacağı müddətdə, bu yeni tikilən göydələn yerində qaldığı müddətdə dayandığım yer gün işığından məhrum olacaq. Burada qəribə, ya da kədərli nəsə yoxdur.

Düz üç il öncə Kazım uzaq metrostansiyalardan birinin çıxışında (yadıma düşdü, "Nəsimi" metrostansiyasının), yol qırağında bir zoomağazada satıcı işləyirdi. İçəridən bütün heyvan mağazaları kimi quş nəcisi, pişik və it yeməyi qoxusu gəlirdi.

İçəri girəndə, gördüm ki, Kazım özünə bir qab pişik yeməyi çəkib aram-aram qaşıqlayır. Mənə də balaca dəmir qabda öz yediyindən çəkib qoydu qabağıma. Dedi, “nuş elə, çox xeyirlidi, hər vitamin var”. Nuş elədim.

Quşların, ev siçanlarının, balıqların arasında oturmuşdu. Hərdən hansısa quşun cikkiltisinə qalxıb suyunu dəyişirdi, quş susurdu. Balıqları yemləyirdi, balıqlar suda qanad çalırmış kimi hərəkətlər eləyirdilər, toxtayırdılar. Balaca ev siçanlarını ovcuna alıb qarınlarını, başlarını sığallayıb qoyurdu təzədən qəfəslərinə, onların da pikkiltisi kəsirdi. Süleyman peyğəmbər kimi heyvanların dilini öyrənmişdi.

“Dəvət” Kazımdan oxuduğum ilk hekayə oldu. Səhv etmirəmsə, elə birinci hekayəsidir. Kazımın şeiriyyatına çoxdan bələdəm. İstedadlı, fəhmli, sözü göydə tutan, quşu dimdiyindən tanıyan, fərqli və maraqlı şairdir. İndi zərgərlik edir bildiyim qədərilə. Hansısa uzaq cənub şəhərimizdə zər qədrini bilməklə məşğuldur.

"Dəvət” hekayəsini oxuyanda hiss etdim ki, Kazımın içində xeyli söz topalanıb. Hekayədə də çalışıb içindəki bütün sözləri bir nəfəsə desin, əndərsin mətnə, rahatlasın. Bunu o qədər də bəyənmədim. Hekayədə hər cümləyə poetik yanaşmağın da adı yoxdur indiki zəmanədə. Hekayəni misra-misra yox, cümlə-cümlə yazmaq lazımdır. Çünki quş su istəyəndə ona yem versən, ölə bilər.

Hekayənin mövzusu xoşuma gəldi. Maraqlı, sürreal hekayə idi. Çox nadirdir bizdə sürreal mətnlər.

Amma sürreal mövzunu da bu qədər qəlizləşdirmək olmaz, zənnimcə.

İçindən çıxışın mümkünsüz olduğu labirintin yollarını bir də işıqdan məhrum etməyə nə hacət var? Heç olmasa, labirintin yollarını aydın saxlayardı. Ancaq Kazım bütün yolların əvvələ qayıtdığı labirintdə işıqları da söndürərək oxucunu zülmətə qərq edib.

Belə də ki, əcəb eləyib, əlinin içindən gəlib!

# 4989 dəfə oxunub

Oxşar xəbərlər

Səhnədə üsyan, mağazada moda – Qranj necə özünə xəyanət etdi?

Səhnədə üsyan, mağazada moda – Qranj necə özünə xəyanət etdi?

18:40 6 oktyabr 2026
"Ömrümdən nə qaldı vəfasız dünyada?" - Məşhur "Əlvida"nın pərdəarxası

"Ömrümdən nə qaldı vəfasız dünyada?" - Məşhur "Əlvida"nın pərdəarxası

15:00 6 oktyabr 2026
Alman romantizminin vizual manifesti - "Duman dənizi üzərində səyyah"

Alman romantizminin vizual manifesti - "Duman dənizi üzərində səyyah"

14:00 5 oktyabr 2026
“Xoşbəxtlik — bir təlxəyin söyüşsüz keçən günü” - Elçin Məhərrəmin yeni şeirləri

“Xoşbəxtlik — bir təlxəyin söyüşsüz keçən günü” - Elçin Məhərrəmin yeni şeirləri

14:00 4 oktyabr 2026
İnancın ən ağır sınağının təsviri - "İshaqın qurban verilməsi" tablosu

İnancın ən ağır sınağının təsviri - "İshaqın qurban verilməsi" tablosu

13:30 4 oktyabr 2026
"Müharibə ilə təkbətək qalmaq lazımdır..." - Lui-Ferdinand Selinin «Gecənin sonuna səfər» romanından bir hissə

"Müharibə ilə təkbətək qalmaq lazımdır..." - Lui-Ferdinand Selinin «Gecənin sonuna səfər» romanından bir hissə

10:00 4 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər