Teodor Angelopolos: “Elə bilirdim, dünyanı dəyişdirəcəyik” – Müsahibə

Teodor Angelopolos:  “Elə bilirdim, dünyanı dəyişdirəcəyik” – Müsahibə
22 iyul 2022
# 15:00

Kulis.az Samirə Əşrəfin tərcüməsində məşhur yunan rejissor Teodor (Teo) Angelopolosun müsahibəsini təqdim edir.

– Bilirsiniz ki, dünya və Avropa kinosunda böyük rejissorlar zamanı olaraq adlandırılan dövr yaşandı. Lakin, indi həmin dövr artıq bitmiş hesab olunur. Hətta siz belə o dövrün son təmsilcisi hesab olunursunuz. Sizin fikrinizcə qarşıdakı illərdə bir Tarkovski, Antonioni və ya Bunuelin yetişməsi üçün necə bir şərait olmalıdır?

– Bilirsiniz ki, Tarkovski, Antonioni və xeyli sayda rejissorların film çəkdikləri zaman kinonun tarazlıqda olduğu dövr idi. Amerika kinosu vardı. Amma eyni zamanda da Avropa və Yaponiya filmi də inkişaf etmişdi. O zamanlar filmlər arasında bir növ tarazlıq mövcud idi. İndi isə Amerika kinosunun tam hakimiyyəti movcuddu. Mən məktəbi bitirib Fransadan geri qayıdanda Braziliya filmi partlayış etmişdi. Eləcə də Çex və Polşa filmləri vardı. Yəni demək istədiyim odur ki, ölkə filmlərinin canlanma, partlayış yaşadığı dövrlər idi.

Təbii olaraq daha əvvəl tamamilə yanlış dəyərləndirilmiş, müəyyən bir dövr Amerika kinosunun, perspektivləri və yenidən qiymətləndirməsi Yeni Dalğayla birlikdə həyata keçirildi. Həmin dövrdə Amerika kinosunu kəşf etməyə başladılar. Həm də təkcə ticarət baxımından üstün olan filmləri deyil, eyni zamanda keçmiş Amerika rejissorlarının da çox maraqlı filmlərini Avropa kəşf etdi.

Bu ictimai, iqtisadi və siyasi cəhətdən fərqli bir dövr idi. Müharibədən sonra 1952-60-cı illər arası hər şeyin daha kəskinləşdiyi zaman idi. 60-cı illərdə isə kinoda bir partlayış yaşandı. Bu günün kinosu da cəmiyyətimizi əks etdirir. Kino bir güzgüdür. Kinoya niyə tələb var? Bu günün kinosunda keçmişin usta rejissorlarının olmadığını niyə soruşursunuz?

Bəs musiqidə, kinoda, ədəbiyyatda, poeziyada, sənətdə ümumiyyətlə daha əvvəl sahib olduğumuz ustalara sahibik? Bu gün bir Pikasso varmı?

– Bu günün kinosunun cəmiyyəti əks etdirməkdə uğurlu olduğunumu demək istəyirsiniz?

– Xeyr. Kino cəmiyyətin daxili hərəkətlərinin var olmadığını əks etdirir. Cəmiyyətdə heç bir daxili hərəkət yoxdur və kino bu boşluğu göstərir. Kino bu boşluğun şahididir.

– Ken Louçla eyni zamanda film çəkməyə başlamısınız...

– İkimiz də solçuluqdan başladıq. O hələ də oradadı. Mən isə yox. Ola bilər həssaslıq baxımından hardasa soldayam. Amma iş etibarı ilə yox. Lakin Ken Louçun hələ də fəhlə sinfinin çevriliş edəcəyinə inamı var.

– Öz nəsillərinizin ictimai mübarizədə rolunun sona çatdığını söyləyə bilərikmi?

– Mənim nəslimin vəzifəsi nədir? Dövriyyəsinimi tamamladı? Mənim dövrümün rejissorları söylənilməsi lazım olduğunu söylədi. Ola bilər, bəlkə də bu siz deyən kimidir... Ancaq mənə mənim nəslimin bitdiyini deyə bilməzsiniz. Bunu demək çox çətindir. Bəlkə də doğrudur. Amma çətindir... Bilmirəm...

Həqiqətən gözəl bir dövr yaşamışıq. Cəmiyyətdə və kinoda hərəkətin olduğu bir dövrdə. Və ümidlərlə yaşamışıq. Bəlkə də bitdi. Ola bilsin ki, bu tarixlə birlikdə biz də qurtardıq. Amma bunu mən özüm deyə bilmərəm... Ağırdı...

– Filmlərinizdəki obrazlar arasında fərqlilik varmı?

– Bir dəfə “Madam Bovari” romanının müəllifi Floberdən soruşublar: Madam Bovary kimdir? O da Madam Bovari mənəm deyə cavab verib. Yəni mənim filmimdəki obrazlarım da mənim bir hissəmdirlər. Ancaq eyni zamanda, bildiyim digər insanların da bir parçasıdılar.

– 20-ci əsrin sizin filmoqrafiyanızdakı yeri necədir?

– İyirminci əsr mənim əsrim idi. Çünki həyatımın ən böyük hissəsi həmin əsrdə keçdi. Eyni zamanda həm də ailəmin, həyat yoldaşımın əsri idi.

Mən bu əsrin böyük bir hissəsini yaşadım. Müharibəni uşaq yaşlarımdan tanıdım. Ümidlər və ümidsizliklərlə birlikdə… O vaxtı həyatımda önəmli bir qadın olan anamın xatirəsinə film çəkmək, bir qadının həyatı üzərindən bu əsrlə bağlı şahidliyimi izah etmək istədim. Təxminən Qodarın "Onun haqqında bildiyim iki üç şey" filmi kimi bir film. Burada, bir qadının yaşadıqları, eyni zamanda bütün əsr boyu davam edən bir eşq hekayəsi vardı.

– Bəşəriyyət 20-ci əsrdə çox böyük əzablar yaşadı. 21-ci əsr də yenə böyük acılarla, müharibələrlə başladı. Sizin 21-ci əsrə ümidiniz varmı?

– Mənim hər zaman ümidim var. Özümü tanıyandan bəri hər zaman ümid edirəm. Tezliklə dəyişə bilər! Mən dünyanın dəyişikliyini ümid edən bir nəsildən gəlirəm. 1960-cı illərdən üzü bəri dünyanı dəyişdirəcəyimizə inanırdıq. Amma dünya dəyişmədi. Lakin ən pis anlarda belə ümidimi itirməmişəm. İnsan nə optimist, nə də pessimist olmamalıdır. Ehtimalları görməyə çalışmalıdır, Vyetnam müharibəsi dövründə Con Lennonun “Təsəvvür et” mahnısında söylədiyi kimi...

– Avropada sizin nəsil kinematoqrafçılarının çoxu siyasi hisslərə malik idi və kinoya da siyasi nöqteyi-nəzərdən yaxınlaşırdılar. Bu günkü yeni nəsil rejissorlarının isə demək olar ki, hamısı şəxsi hekayələr danışmağa üstünlük verirlər. Sizcə bu dəyişikliyin səbəbi nədir?

– Keçmişdə siyasət bizim xaricimizdə olan bir şey deyildi. Siyasətin içində yaşayırdıq, siyasətə inanırdıq. Gənc insanlar siyasətə inanmır və bu da təbiidi. Çünki siyasətin özü belə artıq siyasətə inanmır, hətta siyasətçilər belə siyasətə inanmır. Amma gələcəkdə siyasətin də fərqli təklifləri olacağını təsəvvür etmək lazımdır. Gənc insanların da inana biləcəyi, sevəcəyi, buradan yola çıxaraq nələrisə dəyişdirməyi təcrübədən keçirəcəkləri yeni və başqa təkliflər irəli sürmək lazımdır.

– Bu, gənc kinematoqrafçılara da aiddir?

– Elə olduğunu düşünürəm. Bildiyiniz kimi, kino, cəmiyyətin əks olunmasıdır. Məsələn diktatura götürək. Bizim ölkəmizdə diktatura vardı. Bu dövrdə insanlar diktatorluğun sona çatacağına və daha sonra fərqli bir dövrün başanacağına inanırdı. Həmin dövrdə Yunanıstanda çox yaxşı filmlər çəkildi. İndi diktatura yoxdur. Tamamilə neytral, tamamilə dadsız bir demokratiya var. Əslində həqiqi bir demokratiya da deyil. Bunu tapmaq lazımdır. Yeni bir utopiya olsa belə... Fikrimcə, dünya kiçik, ya da böyük utopiyalar olduğu zamanlarda irəliləmişdir.

– Filmlərinizdəki hekayələr yunanlı bəstəkar Eleni Karaindrounun möhtəşəm musiqiləri ilə gözəl harmoniya yaradır. Bu harmoniyaya necə nail olursunuz?

– Mən çox uzun zamandır eyni insanlarla çalışıram. Gənc yaşlarımızdan birlikdə başladıq və birlikdə qocaldıq. Ailə həaytı kimi bir həyatdır. Bu seçim deyildi. İşlədiyim insanlar hamısı mənim ailəmdi. Eleni də həmin ailənin bir üzvüdür. Onunla birlikdə işləməyə başlamağımın çox maraqlı tarixçəsi var. Başqa filmlər üçün fərqli musiqilər yazdığından xəbərim var idi. Lakin şəxsi heç bir tanışlığımız olmamışdı. Bu səbəbdən də üz-üzə söhbət etmək istədim. Mənimlə görüşə səsyazma aparatı ilə birgə gəlmişdi. Mən hələlik onunla işləyib işləməyəcəyimi müəyyənləşdirmədiyimi ona demişdim. Amma filmin ssenarisini ona danışmaq istəyirdim. Təxminən iki saat danışdım. O da mənim bütün danışdıqlarımı səsyazma aparatına qeyd etdi. Mən bəlkə də görüşərik, görüşmərik deyə fikirləşərkən. Eleni bir həftədən sonra bir kasetlə yenidən bizə gəldi. Oradakı musiqini dinləyəndə dedim ki, bu məhz çəkmək istədiyim filmin musiqisidir. Eleni mənim ona danışdığım hekayəni dinlədikdən sonra həmin musiqini yazmışdı.

İndi də hər dəfə mənim yanıma bir səsyazma cihazı ilə gəlir, dediklərimi qeyd edir və sonra musiqini yaratmağa çalışır. Ona görə bu görüş bir eşq kimiydi, aramızda qəribə cazibə yaranmışdı. Bütün iş yoldaşlarımla münasibətim belədir. Qydam isə budur: yalnız peşəkar insanlarla çalışmalıyam.

Komandamdakı insanlarla şəxsi münasibətim var. Dediyim kimi, hamısı mənim ailəmdir. Məsələn, dekorçu sadəcə orada çalışan biri deyil. Elə olur ki ona səhnəni danışıram, filmə qoşulmasını istəyirəm. Həmin səhnənin çəkilişi bitəndən sonra o da özünü həmin səhnənin köməkçisi qismində görür. Bu hissləri yaşamaq gözəldir.

# 3004 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
# # #