Şuşaya təşkil olunan turları niyə qınayırlar? – Ulucay Akif yazır...

Ulucay Akif, yazar

Ulucay Akif, yazar

16 mart 2023
# 11:51

Kulis.az Ulucay Akifin yeni yazısını təqdim edir.

Mən bilmirəm azərbaycanlılar nə istəyir. Dərd orasıdır ki, hərdən mənə elə gəlir, heç azərbaycanlılar özləri də nə istədiklərini bilmirlər.

Ola bilər ki, elə oxuduğunuz bu ilk 2 cümlədən sonra əsəbiləşdiniz. Yəqin yazını oxumağa davam eləməyən adamlar da olacaq. Amma əsəbiləşməyin. Mən sizə sadəcə həqiqəti deməyə çalışıram.

Azərbaycanlılar nə istədiklərini bilmirlər. Ən yaxşı ehtimalda, istədikləri şeyi niyə istədiklərini bilmirlər. Küyə düşüb istəyirlər həmin şeyləri.

Niyə belə düşünürəm? Deyim...

Şuşaya turlar təşkil olunmağa başlayıb. Şuşaya getmək istəyən azərbaycanlılar üçün turlar təşkil olunur. İki gün üç gecəlik, nə bilim, bir həftəlik. Bu turların da mütləq bir qiyməti olmalıdır axı. Oteli var, restoranı var, orda gəzməli-görməli yerlərinə aparılmaq var. Bunlar pulsuz olası deyil ki. Adı üstündədir: tur.

Həmin tur elanlarına təxminən belə şərhlər gəlir:

“Oğullarımız şəhid oldular ki, oraları görmək üçün pul verək?!”

Doğrudan, adamlar belə cümləni, belə “fikri” hansı məntiqlə yazır, bilmirəm. Sizi ora pulsuz aparmalıdılar? Niyə?

Deyir, ora bizim öz torpağımızdır, mən niyə ora turist kimi getməliyəm?!

Ay qardaş, o biri rayonlar öz torpağımız deyil?

Hansı rayona təşkil olunan turlar pulsuzdur ki?

Qəbələ, İsmayıllı, Quba, Lənkəran... Hansınasa getmək istəyirsənsə, pul xərcləməlisən də. Allahın Kürdəmirinə, İmişlisinə gedəndə də pul xərcləyirsən.

Və, bəli, sən Şuşaya turist kimi gedəcəksən. Turist ancaq xaricə getmir ki. Ölkədaxili turist də olur.

Hansısa rayona istirahət etməyə, gəzməyə getmisənsə, turist sayılırsan. Necə ki, İstanbuldan olan türkiyəli vətəndaş yay tətilində Antalyaya, Bodruma gedəndə, turist sayılır.

Bəs məsələ nədir?

Adamların Şuşaya tur elanlarına verdiyi reaksiyalar dəhşətdir. Belə yazanlar da var:

“Ayıb olsun! Şəhidlərin qanı hələ qurumayıb!”

“Camaat orda şəhid oldu ki, ora gəzməyə gedəsiniz?!!!!”

“Utanmazlar Şuşanı istirahət yerinə çevirirlər!!!”

“Şuşanı orada otel tikəsiniz deyə azad ediblər?!!!”

Dəlixanadır. Düşünəndə ki, belə şərhləri həqiqi, real, ətdən-qandan olan adamlar yazır, adam dəli olur.

Ay qardaşım, ay bacım, şəhidlərin qanı hələ qurumayıb nədir? Qətiyyən məni səhv anlamayın, amma bu nə yanaşmadır? Müharibənin üstündən 3 il keçib. Nə vaxt qurumuş sayılır şəhidlərimizin qanı?

Ümumiyyətlə, bu nə axmaq ifadədir?

“Şəhidlərin qanı qurumayıb”

Şəhidlərin qanının quruma tarixi var? Kim təyin edirsə bu müddəti, desin, hamımız bilək.

Ayıbdır. Yığışdırın belə söhbətləri. Şəhidlərin qanı heç vaxt qurumamalıdır, amma qəlbimizdə, beynimizdə. Onları həmişə qəlbimizdə yaşadıb, hörmətlə, ehtiramla yad etməliyik.

Qaldı ki, həmin yazılan şərhlərə...

Bəli, orda ona görə şəhid oldular ki, biz gedib oralarda gəzə bilək.

Bəli, orda ona görə şəhid oldular ki, biz gedib oralarda istirahət edə bilək.

Bəli, orda ona görə şəhid oldular ki, biz orada yeyib-içə bilək.

Niyə şəhid oldular bəs?

Oraları azad etdilər ki, ancaq yas saxlayaq?

Biz ora qayıtmaq üçün vuruşduq, savaşdıq.

Orada toy eləyib, mahnı oxuyub, rəqs eləmək üçün.

Orada sağlıq deyib hansısa xoş günümüzü qeyd etmək üçün.

Bir sözlə, orada yaşaya bilək deyə vuruşduq.

İşğaldan azad olunan torpaqlarda nəsə iş görülür. O dəqiqə başlayırlar ki, “ayıb olsun, camaat orda buna görə şəhid oldu?!”.

Şuşada market açılır. Deyirlər, ayıb olsun.

Restoran açılır. Deyirlər, şəhidlərin ruhundan utanın.

Qardaş, niyə utansınlar?

Şuşada market olmamalıdır?

Restoran olmamalıdır?

Otel olmamalıdır?

Bu nə absurd yanaşmadır?

30 ildir Qarabağı görmək istəmirdin?

30 ildir "oraları görmək üçün hər şeyimi verərəm!" demirdin?

Noldu? İndi oraları görməyin üçün təşkil olunan turlara niyə əsəbiləşirsən? Ver pulunu, get gör də. Pulsuz aparmalıdılar səni?

Pulsuz getməli olanları, oraların sakinlərini yavaş-yavaş köçürürlər Qarabağda tikdikləri evlərə. Səni niyə pulsuz aparsınlar ki?

Qəbələyə pulsuz gedirsən?

Qubada oteldə pulsuz qalırsan?

Ya Lənkəranda restoranda qabağına çayı pulsuz qoyurlar?

Adicə yayın cırhacırında Allahın Kürdəmirində avtobus yolda kafedə saxlayır, orda da bir qurtum suya pul verirsən. Halbuki Kürdəmirdə suyu gərək adama pulsuz verələr. Özü də yayın istisində.

Ümid edirəm ki, yazdıqlarımı oxuyan kimi məni söymək əvəzinə, soyuq başla oxuyub anlamağa çalışacaqsınız.

# 2789 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
# # #