Sənət əsəri - Çexovun hekayəsi

Sənət əsəri - Çexovun hekayəsi
23 sentyabr 2023
# 10:00

Kulis.az görkəmli rus yazıçı Anton Çexovun "Sənət əsəri" hekayəsini təqdfim edir.

"Birja xəbərləri" qəzetinin 223-cü sayına bükülmüş bir şeyi qoltuğunun altında tutan və anasının yeganə oğlu olan Saşa Smirnov üz-gözünü turşudaraq, həkim Koşelkovun kabinetinə daxil oldu. Həkim onu bu sözlərlə qarşıladı:
— Hə, sənsən, nəcib oğlan? Səhhətin necədir? Görək hansı xoş xəbərlərlə bizləri sevindirəcəksiniz?

Gözlərini döyən Saşa əlini ürəyinin üstünə qoyub, həyəcanlı bir səslə dedi:
— İvan Nikolayeviç, anam tapşırdı deyim ki, qarşınızda baş əyir və sizə minnətdardır... Mən anamın yeganə oğluyam və siz həyatımı... qorxunc bir xəstəlikdən xilas eləmisiniz... buna görə sizə necə təşəkkür edəcəyimizi bilmirik.

Razılıqdan yağ kimi əriyən həkim oğlanın sözünü kəsdi:
— Yetər, cavan oğlan! Mən də yerimdə olacaq istənilən kəsin görəcəyi işi yerinə yetirmişəm sadəcə.
— Mən anamın tək oğluyam... Kasıb olduğumuz üçün, əlbəttə ki, sizin əməyinizin qarşılığını verməkdə acizik. Odur ki, həkim, çox xəcil durumdayıq... hərçənd, anam və mən... yəni onun yeganə oğlu, dönə-dönə xahiş edirik ki, minnətdarlığımızın nişanəsi olaraq... bax, bu əşyanı... bizdən qəbul edəsiniz. Bu qədim əşya bürüncdən hazırlanıb... və nadir sənət əsəridir.

Həkim üzünü qırışdırdı:
— Əbəs zəhmət çəkmisiniz! Buna nə gərək vardı axı?!

Bağlamanı açmağa başlayan Saşa burnunun altda mızıldamağına davam elədi:
— Yox, xahiş edirəm, bundan imtina etməyəsiniz. Belədə həm mənim, həm də anamın könlünü qırarsınız... Xeyli qiymətli əşyadır bu... köhnədir, bürüncdəndir... Bizə rəhmətlik atamdan miras qalıb və indiyədək onu əziz yadigar kimi qorumuşuq... Atam bürüncdən hazırlanan qədim əşyaları satın alar, onları bunun həvəskarlarına satardı... İndi anamla mən də elə eyni işlə məşğuluq...

Bağlamanı tamam açan Saşa o əşyanı təmtəraqla masanın üstünə qoydu. Bu, bədii dəyərə malik, köhnə bürüncdən hazırlanmış kiçik bir şamdan idi. Şamdanın pyedestal qismində dayanan bir cüt çılpaq qadın fiquru hansı vəziyyətdə dayanmışdısa, bunu təsvir eləməyə nə mənim cürətim yetər, nə də çılğınlıq dərəcəm. Hər iki fiqur işvə ilə gülümsünürdü, görünüşlərində də qəribə bir ifadə vardı: sanki bu şamdanı saxlamaq öhdəliyindən hər nə cürsə boyun qaçırıb, həmin pyedestaldan yerə hoppana bilsəydilər, onlar bu otaqda elə həngamə çıxarardılar ki, əziz oxucum, bu barədə düşünmək belə bizlərə yaraşmaz.

Hədiyyəni süzən həkim aramla qulağının ardını qaşıyıb qığıldadı, ardınca isə çıxılmaz vəziyyətə qapıldığı üçün fınxırdı. Sonra mızıldanaraq dedi:
— Hə-ə, həqiqətən də gözəl əşya imiş... ancaq, bilmirəm ey necə deyim, bir az o məsələdir... ədəb-ərkana tamam ziddir bu... Bu geyim heç dekolte də sayılmaz ha, kim bilir nədir belə...
— Axı niyə ki?
— Heç o cənnətdəkiləri başdan çıxaran ilan da bundan daha naxoş bir şey düşünüb tapa bilməzdi. Öz masasına belə bir fantasmaqoriyanı qoyan adam yaşadığı mənzili tamamən kirlətmiş sayılar!

Saşa incik halda dedi:
— Həkim, sizin də incəsənətə əcəb qəribə yanaşmanız varmış ha! Axı bu - bədii əsərdir, bir diqqət yetirin də! Ondakı gözəllik və zəriflik insanın könlünə necə xoş duyğular aşılayırsa, qəhər hissi gəlib düz boğazımızda düyünlənir! Belə gözəllik qarşısında insan bütün yer üzündəki nemətləri unudar... Siz hələ bunların duruşuna, ekspressiyasına baxın, görün nə qədər həyat eşqi yağır bunlardan!

Həkim onun sözünü kəsdi:
— Əzizim, mən bütün bunları lap əla anlayıram, ancaq mən evli bir adamam, mənzilimdə oğul-uşaq qaynaşır, evə başqa qadınlar gəlib-gedir axı.

Saşa dedi:
— Əgər kütlənin gözüylə baxsaq, hə, onda, əlbəttə, yüksək bədii dəyərə malik bu əşya nisbətən fərqli məna qazanar... Ancaq, həkim, siz gərək qara kütlədən yüksəklərdə dayanasınız: əgər bu hədiyyədən imtina eləsəniz, həm mənim, həm də anamın könlünü qırarsınız. Mən isə anamın yeganə oğluyam... siz həyatımı xilas edibsiniz... Buna görə də bizim üçün ən dəyərli sayılan əşyanı sizə hədiyyə edirik və mən... mən təəssüflənirəm ki, bizdə ikinci belə şamdan yoxdur...
— Təşəkkürlər, əzizim, sizə hədsiz minnətdaram... Ananıza dərin ehtiramlarımı çatdırın. Ancaq Tanrı xətrinə, bir özünüz düşünün də, evimdə oğul-uşaq qaynaşır, xanımlar gəlib-gedir axı... Nə isə, qoy hədiyyə qalsın! Onsuz da məni anlayan deyilsiniz.

Saşa sevindi:
— Bunda anlamayacaq bir şey də yoxdur. Baxın, bu şamdanı o vazanın böyrünə qoyun, bitsin də. Heyf ki, bundan iki dənə deyil! Çox heyf! Haydı, salamat qalın, həkim.

Saşa getdikdən sonra həkim uzun-uzadı şamdanı süzdü, yenə qulağının ardını qaşıdı və fikrə getdi. Düşünürdü: "Misilsiz əşyadır, orasına söz ola bilməz, atmağa da əlim gəlməz... Bunu özümdə saxlamam da imkansızdır... Hm-m! Əcəb işə düşdük də! İlahi, indi bunu kimə bağışlayım və ya ianə kimi verim mən?"

Uzun-uzadı baş yorduqdan sonra özünün yaxın tanışı, vəkil Uxov yadına düşdü, çünki gördüyü bir işə görə vaxtilə bu adama borclu qalmışdı. Aldığı qərar yamanca döşünə yatdı:
— Əla olar. Dost-tanış olduğum üçün o, məndən pul götürməyə çəkinərdi, amma bu əşyanı ona hədiyyə kimi verməm tamamilə yerinə düşər. Bu şeytan oyuncağını tezcənə götürüb ona çatdırım! O, həm subaydır, həm də yüngülxasiyyətdir bir az...
Məsələni sonraya ertələməsin deyə, həkim əynini geyinib, şamdanı əlinə almaqla, birbaşa Uxovun yanına yollandı.
Vəkili evdə tapınca, sevincək dedi:
— Salam, dostum! Gəldim ki... Gəlmişəm çəkdiyin o zəhmətə görə... sənə təşəkkür eləyim... qardaş. İndi ki, bizdən pul-para götürmürsən, onda barı, bax, bu əşyanı qəbul elə... bax, bunu, qardaşım... Misilsiz əşyadır ey!

Hədiyyəlik əşyanı görən vəkil ona hədsiz dərəcədə heyran qaldı. Qəhqəhə çəkərək dedi:
— Əcəb şeymiş ha bu! Bax, bax, bu cür baştovlayıcı şeyləri ancaq və ancaq şeytanlar düşünüb yarada bilərlər! Misilsizdir! Heyrətamizdir! Bu cür sənət incisini sən haradan tapmısan belə?

Heyranlıq dolu təriflərinə ara verən vəkil ürkək-ürkək qapıya baxıb əlavə elədi:
— Ancaq, qardaş, sən bu hədiyyəni geri götür. Onu ala bilmərəm mən...

Həkim qorxdu:
— Nəyə görə?!
— Elə ona görə... Yanıma anam və müştərilər gəlir... üstəlik, qulluqçumdan da ayıbdır.

Əl-qolunu ölçən həkim dedi:
— Xeyr, xeyr, xeyr! Bundan əsla boyun qaçıra bilməzsən! Bu sənin tərəfindən əsl qabalıq olar! Bunun bədii bir dəyəri var... sən bundakı hərəkətliliyə, ekspressiyaya nəzər yetir... Etiraz-filan istəmirəm! İnciyərəm, vallah!
— Bunların məhrəm yerlərini nə iləsə, əncir yarpağıyla-filan örtəydilər barı...

Ancaq həkim əvvəlkindən də betər şəkildə əl-qolunu ölçməklə Uxovun mənzilindən yel kimi çıxdı. Evinin yolunu tutduğu dəqiqələrdə o, hədiyyəni başından elədiyi üçün özündən xeyli razı idi...

O, gedincə, vəkil diqqətlə şamdana göz gəzdirdi, barmaqlarını onun bütün səthində gəzdirdi və eynilə həkim kimi, o da bu hədiyyəni kimə sırıya biləcəyi üzərində baş sındırmağa başladı. Düşündü: "Əşyaya söz yoxdur, amma onu nə ata, nə də özümdə saxlaya bilərəm. Ən uyğun yol - onu kiməsə bağışlamaqdır... Gəlsənə, şamdanı elə bu axşam aparıb komik aktyor Şaşkinə hədiyyə edim? O bu cür açıq-saçıq şeylərə düşkündür, həm də bu gün benefisi (xeyriyyə məqsədli tamaşası - A.Y.) var onun..."

Dediyi kimi də elədi. Yaxşıca bükülən şamdan elə o axşam komik aktyor Şaşkinə hədiyyə edildi. Bütün axşam o hədiyyəyə baxmağa gələn kişilərin ayağı aktyorun qrim otağından kəsilmək bilmədi: onların çılğın hay-küyü və at kişnərtisinə bənzər hırıldaşmaları yüksəldi. Hansısa aktrisa qapıya yanaşıb: "Gəlmək olar?" sualını verəndə isə komikin xırıltılı səsi eşidildi:
— Yox, yox, qadası! Mən hələ əynimi geyinirəm!

Tamaşadan sonra çiyinlərini çəkib əllərini yana açan aktyor dedi:
— Yaxşı, indi bu iyrənc şeyi neyləyim mən? Axı mən özəl mənzildə yaşayıram! Qadın aktrisalar evimə qonaq gəlirlər! Bu da foto-zad deyil ki, masanın siyirməsində-zadda gizlədəsən?!

Komikin dediklərini eşidən saç ustası ona bu məsləhəti verdi:
— Cənab, siz də onu satın getsin. Yaxınlıqdakı məhəllədə bürüncdən köhnə əşyalar alıb-satan bir qarı yaşayır... O səmtə gedib, Smirnovanı soraqlaşın...

Orada hamı onu tanıyır.

Komik bu məsləhəti dinlədi...

Bundan iki gün sonra öd kisəsindəki turşular barədə qara-qara düşünən həkim Koşelkov əlini alnına söykəyib öz otağında oturmuşdu.

Qəfildən qapı açıldı və Saşa Smirnov güllə kimi otağa soxuldu. Oğlanın gözlərinin içi gülürdü, bütün görkəmindən ətrafa əsl bəxtəvərlik nuru yayılırdı...

O, əlində qəzetə bükülmüş nə isə tutmuşdu.

Təngnəfəs halda dedi:
— Həkim, sevincimin həddi-hüdudu yoxdur! Bəxtiniz gətirdi və o şamdanın digər tayı da tapıldı!.. Anam elə sevinirdi ki, buna... Axı mən anamın tək oğluyam... siz isə mənim həyatımı xilas edibsiniz...

Minnətdarlıq hissindən əlləri titrəyən Saşa bunu deyib şamdanı həkimin qarşısına qoydu. Nə isə deməkdən ötrü ağzını açan həkim daha heçcə nə deyə bilmədi, çünki qapıldığı heyrətdən dili-ağzı tutulmuşdu.

Tərcümə: Azad Yaşar

# 4218 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
# # #