"Şair sözü, əlbəttə, yalandır..." - Kamal Abdulla

"Şair sözü, əlbəttə, yalandır..." - Kamal Abdulla
4 mart 2024
# 15:00

Kulis.az Xalq yazıçısı Kamal Abdullanın "Şair sözü, əlbəttə, yalandır" adlı essesini təqdim edir.

Füzuli yazırdı:

“Gər dersə Füzuli ki, gözəllərdə vəfa var,

Aldanma ki, şair sözü, əlbəttə, yalandır”.

Şair sözü – özü də yalan?!

Bu fikrin poetik ifadəsi əslində, bizimlə, yəni, real aləmlə mahiyyətlər, harmoniyalar dünyası arasında bir maneənin olmasına, özü də bu maneənin məhz Söz olmasına işarədir. Füzuliyə görə, mahiyyətlər dünyası ilə üzdəki görümlü, yaşanan həyat arasında “yalan olan şair sözü” durur. Niyə bu söz yalan kimi təqdim edilir?

Bir qədər bizə tərəf və bir qədər yana – Rusiyaya gələk və XIX əsrin bö­yük şairlərindən biri Tütçevi xatırlayaq. Bu böyük estet şair И мысль из­ре­чен­ная есть ложь” deyirdi. Füzuli ilə açıq-aydın fikir, məntiq əlaqəsi göz qabağındadır.

Bizim ətrafımızdakı reallığa, yəni, həqiqətə, beyin energiyası, beyində ge­dən proseslər çox yaxındır, bəlkə də, onun birbaşa inikasıdır, eynidir. Bizim fik­rimiz, düşüncəmiz təmiz halda, yəni, hələ beynimizdə ikən mahiyyətlər dün­yasının adekvat, başqa sözlə, həqiqi əksidir. Nə zaman ki, bey­ni­miz­də­ki­lər söz halına düşür, ağızdan çıxıb deyilir, o zaman artıq düşüncədən sözə çev­rilən energiya öz həqiqilik, reallığa, mahiyyətə uyğunluq ölçüsünü itirir sözə dönmək artıq nəyinsə itkisi deməkdir.

Heç bir söz bizi öz fikrimizin, yəni, beynimizdəkinin tam adekvat ifadəsinə gətirib çıxarmır. Sözlər bizimlə dün­ya arasında labüd bir maneəyə çevrilir, sərhədə dönür.

Bu məqamda musiqi ilə analogiya aparmaq olar. Musiqiçi olmayanlar, yə­qin ki, hər hansı bir melodiyanı öz içlərində (beyinlərində) təmiz şəkildə “çala bilirlər”. Amma səslə çalmağa gələndə məsələ qat-qat çətinləşir, çox vax­t bu heç mümkün olmur – melodiyanı “xatırlaya” bilmirsən. Harmoniyanı için­dən buraxanda o dağılır.

Söz sənətində də, təxminən, belə olur. Harmoniyanın, mahiyyətin ta­pıl­ma­sı “sözləşən” zaman dağılırsa bu, şair şişirtməsində “yalan” kimi təqdim edi­lir.

Füzuli də, ondan bizə tərəf bir qədər yanda yaşayıb-yaradan Tütçev də, neçə-neçə həqiqəti sözlər arasında axtarmağa çalışıb həqiqətin – ma­hiy­yə­tin üzünə hopmuş təsadüfi cizgiləri silməyə çalışanlar da (Bloku xatırlayaq: “Сот­ри случайные черты, И ты увидишь: мир прекрасен!”), əslində, bü­tün yaradıcılıqlarını daxili əzabla yaşayıblar.

Bu əzab möhtəşəm bir sonluq kimi amerikalı Folknerin sözlərində öz məntiqi təbii nəticəsini tapıb. Folkner de­yirdi: Ən böyük ən gözəl məğlubiyyət nəyi isə həyata keçirmək cəhdi və bu cəhd üçün əlində olan imkanın uyğunsuzluğundan yaranır.

Əlbəttə ki, əgər “yalan olan şair sözü” bizimlə mahiyyətlər dünyası ara­sın­da sədd çəkirsə və onu olduğu kimi görməyə qoymursa, “beynindəkilər hə­yata gəlirsə, yalanlaşır” deyən şairə o qalır ki, mahiyyətlər dünyasının bağ­lı qapısına gücsüz zərbələr vursun.

bütün bunları görüb dərk edən baş­qa bir sənətkar onların hamısının əvəzinə bu böyük gözəl məğlubiyyəti boynuna alır.

Hansısa daha bir gözəgörünməz çevrə beləcə qapanmış olur.

# 1035 dəfə oxunub

Oxşar xəbərlər

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
# # #