O niyə hər şeydən imtina edib çöllərə düşmüşdü? - Müqəddəs hesab edilən yazıçı

O niyə hər şeydən imtina edib çöllərə düşmüşdü? - Müqəddəs hesab edilən yazıçı
11 mart 2024
# 09:16

Kulis.az Herman Hessenin hind poeması - “Siddhartha” romanı haqqında Fəxri Uğurlunun "Yazıçının tutmayan fəlsəfi calağı" adlı məqaləsinin birinci hissəsini təqdim edir.

Oxucuya əvvəl elə gəlir ki, müəllif bu əsərdə Buddanın ömür yolunu qələmə alıb. Oxuduqca görürsən, yox, Siddhartha böyük müəllim Qautama Şakyamuninin özü deyil, adaşıdır, onunla bir dövrdə yaşamış əkiztayı, oxşarıdır. Bu baxımdan “Siddhartha” romanı Buddanın paralel, daha doğrusu, alternativ tərcümeyi-halı sayıla bilər.

Hessenin başqa əsərlərində olduğu kimi bu, özü demiş, “hind poeması”nda da traktat elementləri çoxdur. Əsər bədii mətnlə fəlsəfi risalənin sərhədində yazılıb, adamda elə təəssürat yaranır ki, müəllifin məqsədi bədii əsər yaratmaqdan çox tapındığı təlimin əyninə bədii don biçmək olub. Əgər keçmiş zamanlarda qələmə alınsaydı, bu gözəl mətni buddizmin kanonik kitablarına salardılar. Təsadüfi deyil ki, induist-buddist arealda, ən çox da bu qohum təlimlərin vətənində Hessenin adı az qala müqəddəslər sırasında çəkilir. Onun “hind poeması” Hindistanın hətta bir çox yerli dilinə də tərcümə olunub.

***

Sağlam, gözəl, ağıllı brahman oğlu Siddharthanı xoş, rahat, dinc, tox gələcək gözləyir. Onun nüfuzlu atası, mehriban anası, Qovinda adlı sadiq dostu var. Fəqət bütün bunlar onu qane eləmir. Siddhartha xoşbəxt deyil, çünki onu düşündürən suallara atası qarışıq dövrün heç bir müdriki, heç bir induizm kahini cavab verə bilmir.

Bu səbəbdən həqiqət aşiqi, bilik təşnəsi cavan oğlan rahat ev-eşiyindən olub çöllərə düşür, öz gerçək Məninin axtarışına çıxır, özünü ziyarətə gedir. İnsan yalnız həqiqi, daxili Mənini kəşf eləməklə, yəni ruhunu tapmaqla yalançı mənliyini, yəni nəfsini əynindən soyunub ata bilər, özlüyünə, özümlüyünə qovuşa bilər. Eyni diləklə yaşayan dostu da bu səfərdə ona qoşulur.

Bir müddət keçmiş dostlar samanlara - gəzərgi rahiblərə, asketlərə qoşulurlar. Budda haqqında rəvayətlərdə də onun cəlayi-vətən olandan sonra bənzər icmaya yan aldığı, özünü aclıqla sınağa çəkdiyi, günə bir düyü dəniylə keçindiyi deyilir. Ancaq zaman keçdikcə o (yəni həm əfsanəvi Budda, həm də Hessenin qəhrəmanı) anlayır ki, tanrılara mal-mülk, can qurban verməklə, pəhriz saxlamaqla, ac-susuz qalmaqla, əkməyib-becərməyib qapılara düşməklə, dünya nemətlərini nəfsinə haram buyurmaqla həqiqətə çatmaq olmaz.

Belə deyilsə, bəs nədən bu saysız-hesabsız brahmanların, meşələr dolusu samanların biri nirvana məqamına ucalmayıb? Niyə indiyə qədər bunlardan birinin də beyni, ağlı nurlanmayıb?..

***

Üç ili bu minvalla yola verəndən sonra dostlar nirvanaya çatmış tək insan olan Qautama Budda haqqında eşidirlər. Onlar samanlardan qopub bu müqəddəs insanın ziyarətinə gedirlər. Siddhartha Buddanı çox yüksək qiymətləndirir, onun ucaldığı zirvədən yuxarısı olmadığını düşünür, bununla belə onun yanında qalıb itaətkar şagirdlərindən biri olmaq istəmir. Səbəbi çox sadədir: həqiqətə elliklə yetişmək olmaz, haqqa aparan yolu hər kəs öz ayağıyla getməlidir. Bu baxımdan fərdiyyətçi, tərki-dünyaçı Şərq təlimləri (daosizm, buddizm) kollektivçi monoteist dinlərdən, platonizmin hər üzündən, o cümlədən sufizmdən ciddi fərqlənir.

Siddhartha nirvanaya çatmış müqəddəs insana gedişinin səbəbini təxminən belə izah eləyir: əgər bizim məqsədimiz öz mənimizdən (yəni eqomuzdan, qürurumuzdan, təkəbbürümüzdən, nəfsimizdən) arınmaqdırsa, burada bu məqsədə çatmaq alınmayacaq, çünki bu insanların arasında mənim mənim bir az da böyüyəcək, bütöv bir icma, sekta, din miqyası alacaq. Buradan da o məna hasil olunur ki, əgər mən təkadamlıq mənimin uçuq-sökük çəpərini basıb keçə bilmirəmsə, yüz minlərlə, milyonlarla adamdan ibarət mənimin hündür, qalın hasarını necə aşaram?..

Həqiqətən də, hansısa bir dini icmanın, təriqətin, sektanın tərkibində olan adam heç vaxt öz taleyinə azad sərəncam verə, sərbəst qərar qəbul eləyə bilməz. Heç bir dindar deyə bilməz ki, mən də öz peyğəmbərimə, allahıma bənzəmək istəyirəm, mən də eynən onlar kimi, bacarsam, hələ onlardan da üstün olmaq istəyirəm. Belə arzu heç bir dindara bağışlanmaz, dərhal küfr elan olunub cəzalandırılar. Halbuki hər bir ideal ona bənzəmək, ona dartınmaq, onun kimi olmağa can atmaq üçündür.

Buddanın əli hansı ucalıqlara dəyirsə dəysin, onu yamsılamaqla onun çatdığı məqama yetişmək olmaz. Böyük Müəllimin şagirdləri bunu qanmırlar, ustadı kor-koranə təqlid eləməklə haqqa qovuşacaqlarını düşünürlər. Qovinda da bu icmada qalmağa üstünlük verir, ondan ötrü həqiqət yolçuluğunun ən son mərtəbəsi budur. Siddhartha isə fərdiyyətçidir, o, Buddanın yolunu bəyənir, fəqət o yolu kiminsə ətəyindən yapışmadan fərdi qaydada getmək istəyir. Başqa sözlə, Qovinda din-təriqət, qulluq, köləlik yolunu, azadlığını könüllü təhvil verib rəhbərə sözsüz təslim olmaq yolunu, Siddhartha isə azad mənəvi təkamül, yalquzaq kimi yalqız dolanmaq, mənəvi nemətlərlə təkbaşına bəslənmək yolunu seçir.

***

Yeganə dostundan ayrılıb tək-tənha yola düzələn Siddhartha bir müddət çölü-düzü məqsədsiz dolaşa-dolaşa özünü ələkdən keçirir. Ona əyan olur ki, indiyəcən özündən ayrı yaşayıb, özünü özgələrə - ağaclara, quşlara, heyvanlara, hətta murdar çaqqal leşinə sürgün eləyib, həyata qıraq ünvanlardan, kənar gözlərdən baxıb, fəqət özü olmayıb, özünə yad kəsilib. Bütün bunlar başqasında təcəlla eləmək deyil, özündən, özlüyündən, özümlüyündən qaçmaqdır. Başqasına qovuşmaq özünü azdırmaqla yox, öz eqonun sərhədini aşmaqla mümkün olar. Əslində, gerçək Mənini tapan adamın başqa nəsə axtarmağa ehtiyacı da qalmayacaq, çünki başqası deyilən nə varsa, o Mənin içindən çıxacaq. Öz Mənini tapan kəs adına Atman deyilən cəmi varlığı, varlığın cövhərini tapmış olacaq, bununla da nirvanaya çatmış olacaq...

Bunları anlayandan sonra Siddhartha dünyaya bir ayrı gözlə baxmağa başlayır, bütün gördüklərindən bacardıqca zövq almağa çalışır. Dünya həmin dünyadır, fəqət ona baxanın baxışları dəyişib; baxışlar dəyişibsə, demək, dünya da dəyişib. Bu məqam dahi filosof Edmund Hüsserlin fenomenologiya nəzəriyyəsini (intensionallıq, obyektin zahiri cəhətlərini mötərizəyə alıb mahiyyətinə nüfuz eləmək) xatırladır.

Enli çayın yaxasında Siddhartha müdrik qayıqçı Vasudeva ilə rastlaşır. O zamanlar böyük körpü salmaq sənəti hələ icad olunmadığından Vasudeva adamları çayın bir yaxasından o biri yaxasına adlatmaqla ruzi qazanır. Qayıqçı Siddharthanın xoşuna gəlir, o, bir az da müqəddəs Qautamanı xatırladır. Vasudeva müdriklik dərsini çaydan alıb, hər gün sinəsini yara-yara o tay-bu taya üzdüyü çay ona pıçıldayıb ki, hər şey dövr eləyir, hər kəs qayıdır. Odur ki, Siddhartha onu çaydan pulsuz adlatmağı xahiş eləyəndə qayıqçı qərib yolçunu naümid qoymur, bilir ki, bir gün o da hərlənib-fırlanıb bu yerlərə qayıdacaq.

***

Getdiyi kənddə Siddhartha Kamala adlı kurtizan qadınla, eşq tanrıçasıyla tanış olur. Kamala həm çox gözəl, həm də varlı xanımdır, yalnız pullu kişilərə xidmət göstərir. Siddhartha ondan sevgi dərsi almaq istəyir, amma bu xidmətin haqqını ödəməyə pulu-parası yoxdur. Kamala onu Kamasvami adlı varlı tacirin üstünə göndərir. Siddharthanın ağıllı, savadlı, bilikli olması tacirin də, özünün də karına gəlir, tacir ona mühüm işlər tapşırır, köməkçisinə yaxşı pullar qazandırır.

Siddhartha bu işinə əyləncə kimi baxır, çünki alver prosesi ona çoxlu yeni şeylər öyrədir, ticari səfərlər hesabına o, yeni torpaqlara ayaq açır, yeni insanlar tanıyır. Bir sözlə, bu müddətdə Siddharthanın həyat təcrübəsi də, sərvəti də görünməmiş dərəcədə artır. Qazancını isə o, Kamalaya xərcləyir, yəni çoxlu pul qazansa da, puldan asılılığı yaranmır. Yekə-yekə kişilərin var-dövlət düşkünlüyü, uşaq sayağı gözü gördüyünü qamarlamaq hərisliyi onda mərhəmət qarışıq heyrət doğurur.

Bununla belə qüdrətli Sansara sözünü deyir, Siddhartha yavaş-yavaş dəyişməyə başlayır. Bütün canlıları tamahından tora salan çərxi-fələk onu da qarmağına keçirir, brahman oğlu yaşamaq ehtirasına aludə olur, həzz dəryasına baş vurur. Evindən, ailəsindən nə niyyətlə ayrıldığı, hansı məqsədlə çöllərə düşdüyü, kimi, nəyi axtardığı yadından çıxır. Ehtiras, tamah burulğanında gicəllənən, sərvət, könül ovçusuna çevrilən Siddhartha sözün həm müstəqim, həm məcazi mənasında dünyayla aşıq-aşıq oynamağa girişir, həyatını qumara qoyur, təkcə udmaqdan yox, hətta uduzmaqdan da şeytani zövq alır.

Günün birində duyuq düşür ki, Sansaranın amansız pəncəsində çabalayır. Bu vaxt köhnə təcrübəsi onun karına gəlir, meditasiyaya dalmaqla fələyin dəmir barmaqlarını yaxasından qoparır. Bundan sonra həyatın bər-bəzəyi onun gözündə sönür, Siddhartha var-dövlətini, cah-cəlalını atıb varlığın rəmzi kimi durmadan axan çayın sahilinə dönür. Ən böyük həqiqəti ona çay pıçıldayacaq, çay onu yenidən özünə qaytaracaq.

# 1876 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
# # #