O, həyat yoldaşı ilə niyə evlənmişdi? - Yad yataqda, yad şəhərdə vəfat edən dahi

O, həyat yoldaşı ilə niyə evlənmişdi? - Yad yataqda, yad şəhərdə vəfat edən dahi
29 yanvar 2024
# 21:00

Bu gün görkəmli yazıçı, “novella Allahı” kimi anılan Anton Çexovun doğum günüdür.
Kulis.az
Pavel Burleyevin Çexov haqqında yazdığı "Çexov və..." adlı məqaləni təqdim edir.



Çexov və Çar

Çexov heç vaxt çar fərmanlarını oxumazmış, çar haqqında filmlərə də baxmazmış, heç çarlar haqqında kitabları da əlinə almazmış, bir sözlə, çar ona zərrəcə də maraqlı deyildi. Elə çar özü də Çexovu sevməzmiş, nədən ki, Qoqolu oxuyanda gülürsən, Saltıkov-Şedrini oxuyanda yenə gülürsən, düzdür, bir az qəzəb də yaranır, Çexovun da yazdıqları adamın üzündə təbəssüm yaradır, amma di gəl ki, onun həqiqətləri insanı elə dərin bir kədərə bürüyür ki, bu dünyadan başını götürüb qaçmaq istəyirsən. Buna görə də Çexovla Çar heç vaxt bir-biri ilə söhbət etməyiblər.

Çexov və xəstə

Günlərin bir günü Çexovun yanına bir xəstə gəlir, başlayır ki, dişim də ağrıyır, qarnım da ağrıyır, başım da ağrıyır, qabırğalarım da ağrıyır, oynaqlarım da ağrıyır, gözlərim qaralır, barmaqlarım isə taqətsizdir. Xəstəyə kömək etmək istəyən Çexov soruşur: “Bəs sizin soyadınız necədir?”
Demərəm, - xəstə bunu deyib qaçır.
Onda Çexov tüpürüb “At soyadı” hekayəsini yazır.

Çexov və Qorki

Çexovun bir zəif tərəfi vardı. Özü də əyalətdən çıxdığı üçün, əyalət adamlarını sevər və onlarla dostluq edərmiş. Çünki nə Korolenko, nə Tolstoy, nə Bunin Peterburqda, nə də Moskvada doğulmuşdular. Qorkini isə daha çox qadınlar və proletariat oxuyurdu. Onlar söhbət edəndə Çexov etiraf edir ki, kiçik şəhərləri, doğma palçığı, bozluğu, səhralığı, bir sözlə, cansıxıcı hər şeyi sevir. Qorki isə əksinə, yeni şeylərdən ruh yüksəkliyi ilə danışır, fırtınanın tezliklə yatışacağından, yağışların kəsəcəyindən və tarixin arxından palçığın axıb təmizlənəcəyindən söhbət açır. Onların söhbətləri başdan-başa bu tempdə davam edir. Sonra söhbətdən doyub meyxanəyə üz tuturlar, bol-bol içirlər və yalnız bundan sonra dalaşırlar.


Çexov və Tolstoy

Tostoy insanları sevmirdi, buna görə də onlardan uzaqda, Yasnoe-polyanada yaşayırdı. Çexovsa yaxşı yazıçı olmaqla bərabər, bəzən başqa yazarlara baş çəkib, söhbət etməyi sevir, başqa yazarlar da Çexovu eyni maraqla qarşılayırdılar, bir sözlə, Çexov yaxşı yazarların yığıncağından yan ötməzmiş.

Belə yığıncaqların birində süfrəyə dəniz ilbizi qoyurlar. Çexov naməlum qidaya maraqla baxır, hətta onlardan birini götürüb qoxlayaraq dillənir: "Bu nə qəribə yeməkdir gətiribsiniz?"
"Ay Anton Pavloviç, siz Allah, bilmirsiniz bu nədir? Bu ki dəniz ilbizidir." – Tolstoy cavab verir.
"Mənim ona qarşı allergiyam var" – Çexov məğrur-məğrur dillənir.
"Siz bilərsiniz..." – Tolstoy ilbizlərin üstünə limon sıxıb yeməyə başlayır.
Çexov Tolstoyla çay içib gedir. Tolstoy qayıdanda gündəliyinə yazır: “O, necə də yaxşı insandır”.

Çexov və almanlar

Çexov alman dilini bilirdi, bununçün də almanlar onun dünyasını dəyişdiyi alman şəhərində (Badenvayler şəhəri – red) heykəlini qoyurlar. Bəlkə də, Çexov yaxşı yazıçı olduğu üçün məhz ona heykəl qoyublar, bəlkə də, bu onun alman dilini yaxşı bilməsinə görədir, ola bilsin, həmin şəhərə daha əvvəl başqa yazıçılar gəlməmişdi, özlərinin də Çexov kimi yazarları olmayıb. Ola da bilsin, almanlar Çexovu milli qəhrəmanları hesab ediblər və Hitler kimi bir adamın heykəlini qoymaqdansa, onunkunu qoymağı üstün tutublar. Ona görə də bu gün Almaniyada Hitlerin bircə heykəli də yoxdur, ancaq Çexovun var.

Çexov və Knipper-Çexova

Günlərin bir günü, qış fəslində, bəlkə də, yaz, ya da payızda, ancaq bircə yayda deyildi, Anton Çexovla Olqa Knipper qonaq otağında oturub çay içirlərmiş.
"Sizin nə kobud soyadınız var?" - Çexov gənc qıza deyir. Soyadınızda adamın qulağını cırmaqlayan nəsə var. Sanki hardasa qağayı qışqırır. Elə bil, kimsə söyüş söyür. Bunun ardınca Çexov bir neçə dəfə yüksək səslə qışqırır: “Knipper, Knipper”!
"Ya da, elə bil bazarda alverçilər müştəri səsləyir. Ya da nəyisə reklam edirlər. Yaman biabırçı soyaddır..." – Çexov deyir.

Özünü itirməyən Olqa cavab verir: "İndi ki, mənim soyadımı bəyənmirsiniz, onda sizinkini də biabır edəcəm..." - Bir müddət sonra Çexova ərə gedir və ölənə kimi hər iki soyadını saxlayır.

Çexov və poçtalyon

Günlərin bir günü, payızın oğlan çağında Çexov işləri ilə bağlı bir malikanəyə baş çəkməli olur. Qarşısına şən, kürən və danışqan bir poçtalyon çıxır.

"Eh, ay ağa, burda heç darıxmazsan," - malikanənin yaxınlığında Çexovu qarşılayan poçtalyon deyir, - o əli ilə sol tərəfi göstərir, - "Təsəvvür edin, burda yaşayan ağa yəhudi qızıyla evləndi və qonşu qızı ilə ona xəyanət etməyə başladı. Yəhudi qızı vərəmləyib öldü, ağaysa başına bir güllə çaxdı. Ya da, o tərəfdəki, - o barmağını sağa tuşlayır, - dayı bacısı qızı ilə yaşayırdı, hansısa professor cavan arvadıyla onlara qonaq gəldikdən sonra dava-qırğın başladı, nə başladı, evdə bir əşya, qab-qacaq qalmadı, hamısını qırdılar, sonra dayı az qaldı, professoru güllələsin. Gölün o yanında oğluyla birlikdə bir xanım yaşayırdı, oğlu pyeslər yazırdı, sonra nədənsə, kefi pozuldu, o da başına bir güllə çaxdı. O dərədəki evin xanımı isə borcların əlindən başını götürüb Parisə getdi, sadiq nökərini yaddan çıxartdı, nökər də elə burda öldü..."

Çexov poçtalyonu dinləyib, dəftərçəsinə növbəti pyesinin süjetini yazırdı.

Çexov və Bunin

Bunin 1953-cü ildə dünyasını dəyişib, Çexovsa 1904-də. Bununçün də Buninin başına çox iş gəlmiş, çox şeylər görmüş, çox bəlalar çəkmiş, xeyli xoşbəxt günləri də olmuşdur və özündən sonra kağız üzərində cild-cild əsərlər qoyub getmişdi. Çexovsa az yaşamışdı, ancaq zığ-palçıq, kasıblıq görmüş və özündən sonra “Qarağat” hekayəsini qoymuşdu. Bu səbəbdən, Bunin mühacirətdəki həyatında nə vaxt qarağatla qarşılaşsa, Çexovu ehtiramla yad edirdi.

Çexov və insanlar

Çexov ana söyüşü söyməyi sevirmiş. Təkcə buna görə onu qətiyyən avara, ya da quldur adlandırmaq olmaz, sadəcə, o, söyüşü sevirdi. Onun ətrafındakı adamlar da, kəndlilər də ana söyüşü söyürdülər, heç onlar da nə avara, nə quldur idilər. Onların danışıq tərzi beləydi və bir-birləriylə əla yola gedirdilər.

Çexov və Teatr

Günlərin bir günü Stanislavski zəngin həyatdan doyub məşhurlaşmağa qərar verir və beləliklə, Nemiroviç-Dançenko ilə birlikdə teatr yaratmağı qərara alır. Çexovsa doğma oğlundan başqalarının əsərlərini sevməyən və belletristə vurulan dramaturq anası ilə bağlı bir pyes yazır və bu pyesi yeni yaranan teatra təqdim edir.

"Yaxşıdır..." - Stanislavski dillənir və eynəyini çıxarır. O, nəyisə bəyənəndə həmişə gülümsəyib eynəyini çıxararmış. "Yaxşıdır..." - Nemiroviç-Dançenko dillənir və saqqalını tumarlayıb, bir mahnı zümzümə etməyə başlayır. O, nəyisə bəyənəndə həmişə mahnı zümzümə edərmiş, gecələr tez-tez arvadı onun bu hərəkətindən səksənib qorxarmış.

"Yox, pisdir!" - Çexov deyir.

Pyesi səhnələşdirirlər, maraqla qarşılanır, yenidən səhnələşdirirlər, hamının xoşuna gəlir, rəqslər də olur, şampan şərabı da içirlər, öpüşürlər də, hətta pyesdəki surətə daha çox bənzəməsi üçün aktyorlardan birinin vurub üz-gözünü dağıdırlar.

Bütün bunlar Çexovun kefini açmır. O, əsərin müəllifi kimi teatra gedib-gəlir, amma səhnədə göstərilənləri qətiyyən sevmir.

Çexov və şampan şərabı

Çexov araq içirdi. Bunu hamı bilirdi və hər bayram ona bir şüşə araq hədiyyə edirdilər. Bu, Çexovun xoşuna gəlirdi, o gülür, əl sıxır və olduqca sevinirdi. Şampan şərabı isə onda ikrah oyadırdı, onu içəndə mədə qıcqırması, baş ağrısı, ağzında xoşagəlməz tam yaranırdı. O, Almaniyada olanda bu ölkəylə bağlı bütün təəssüratlarını korlamaq üçün ancaq şampan şərabı içirmiş. Şampan şərabı isə həqiqətən, onun səhhətini korlayır. Kədərli bir tarixçədir.

Çexov və yollar

Çexov bütün Rusiya boyu tez-tez və uzun səyahətlərə çıxarmış. O vaxtın adəti idi, hamı səyahət edirdi: Tolstoy qatarla, Qorki ayaqyalın, başqa birisi paraxodla, bir başqası karetayla. Çexovsa arabada səyahət edirmiş, köhnə-küləş bir arabaymış, yağış yağanda su onun yaxasından içəri dolurmuş. Belə hallarda o, qəmli-qəmli deyərmiş ki, Rusiyamız necə də kədərlidir, bunun ardınca gözünün yaşı yağışa qarışırmış. Çexov utancaq idi və göz yaşını kimsəyə hiss etdirməzmiş. Yağış kəsəndən sonra isə, Çexov yol boyu söyüş söyər, qarğış tökər və əsasını havada yellədərmiş. Bunu görən arabaçılar səksənib xaç çəkərmiş, buna görə də Çexovu “Əli əsalı, dəlisov həkim” adlandırırlarmış, uşaqları onunla qorxudurlarmış.

Çexov və seks

Çexov seksi sevirdi. O hər gecə yataqdan sıçrayıb qalxar və seks zamanı yaşadıqlarını yazmağa başlayarmış. “Onun ayaqları əyriydi”, yaxud “Onun bir döşü daha böyük idi”, ya da “O, yataqda elə zingildəyir ki, adamın əsəblərinə toxunur”, bəzən də “Onun tər qoxusu, az qalsın, məni öldürəcəkdi”, ya da buna bənzər bir şey yazarmış. Qızlar bundan özlərini narahat və təhqir olunmuş hiss etsələr də, Çexov özünü böyük realist kimi tanıda bilmişdi.

Çexov və ölüm

Çexov böyük realist idi. Əcəli gələndə öləcəyini dedi və öldü də. O, yad yatağında, yad şəhərdə, yad ölkədə və yad insanların arasında dünyasını dəyişdi. Məncə, Çexovu sevmək lazımdır, çünki biz hələ də tənhayıq, hələ də darıxırıq, yollar həmin palçıqlı yollardır, həmin çay içmək məqamıdır, həmin qarlar yağıb yağışa keçir, mürəbbələr həminki kimi qoxur, elə o vaxtlardakı kimi daim işləmək, kədərlənmək və əzab çəkmək, sevmək, siqaret çəkmək, içmək, gəzmək lazımdır. Həmişəki kimi.

# 2844 dəfə oxunub

Oxşar xəbərlər

"Şeir gərək azad ruhla yazılsın..." - Nərmin Kamal

"Şeir gərək azad ruhla yazılsın..." - Nərmin Kamal

12:00 30 noyabr 2024
"Qohumları onun həyat yoldaşını qətlə yetirmişdilər..." - Erməni rejissor niyə azərbaycanlı aşıq haqqında film çəkdi?

"Qohumları onun həyat yoldaşını qətlə yetirmişdilər..." - Erməni rejissor niyə azərbaycanlı aşıq haqqında film çəkdi?

12:00 29 noyabr 2024
Ştefan Svayq və Hitlerin şahmat oyunu - Ramil Əhməd

Ştefan Svayq və Hitlerin şahmat oyunu - Ramil Əhməd

17:00 28 noyabr 2024
Ermənilərin Novxanıya hücumu - Məşhur axundu niyə güllələmişdilər?

Ermənilərin Novxanıya hücumu - Məşhur axundu niyə güllələmişdilər?

09:00 28 noyabr 2024
"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

12:00 27 noyabr 2024
"Ey qatil, çıx üzə!" - Rafiq Tağıya həsr edilmiş şeirlər

"Ey qatil, çıx üzə!" - Rafiq Tağıya həsr edilmiş şeirlər

15:17 26 noyabr 2024
# # #