Nərmin Kamal: “Yazıçılar Birliyi ilə savaşı bacarmadıq” – Müsahibə

Nərmin Kamal. Yazıçı

Nərmin Kamal. Yazıçı

13 dekabr 2021
# 09:00

Kulis.az yazıçı Nərmin Kamalla müsahibəni təqdim edir.

- Nərmin, mətbuatda görünmürsünüz. Nə publisistik yazılarınız gedir, nə də müsahibə verirsiniz. Bu nə ilə bağlıdır?

- İndi müəllim işləyirəm, özəl universitetdə fəlsəfədən dərs deyirəm. Mətbuata ara-sıra baxıram, görürəm gündəmi nə təyin edir. Məsələn, kimsə bir uşağı tutub aparıb öldürüb, yandırıb, gətirib evlərinin yanına atıb. Bütün mətbuat, hamı ondan danışır. Sən də bir mətbuat yazarı kimi gərək gündəmdə olan məsələdən yazasan, yəni fikrən düşəsən o dəlinin dalınca. Yox, əgər sən öz mövzundan danışırsansa, bu nə redaktorun xoşuna gəlir, nə də oxucu kütləsinin, IP də gətirməzsən. Gündəm belə şeylərlə tez-tez dəyişir.

- Və uzaqlaşmaq qərarına gəldiniz...

- Hə... Amma indi burada gündəmi özüm təyin edirəm. Gündəmi fəlsəfənin, insanın əbədi mövzuları əsasında təyin edirəm.

- Ədəbiyyat üçün darıxmırsınız bəs?

- Ədəbiyyatsız bir gün yoxdur. Məsələn, fəlsəfə mühazirəsidir, baxıram ki, on səkkiz yaşlı gənclər üçün çox mücərrəd mövzudu. Auditoriyanın diqqəti dağılır, baxışlar yayınır, elə olanda tədricən keçid edib mövzuya aid bir romanın, hekayənin qısa məzmunundan danışırsan, onda gör reaksiyanı. Sadəcə “Bir dəfə bir kişi...” – demək kifayət edir, baxırsan gənclərin simaları necə dəyişir. Onda bir daha görürsən hekayəçilikdə necə böyük qüvvə var. Təzə hekayələrim var, yaxın vaxtlarda hekayə kitabı çıxarmağı düşünürəm. Ara-sıra ədəbiyyat saytlarına baxıram, yazarlarla yazışıram. Amma ədəbi mühit zəngin olmadığına görə izləmək də asandır, iyirmi dəqiqənin içində bir həftənin materialını oxumaq olur.

- Köhnə dostlardan kimlərlə danışırsınız?

- Demək olar, hamıyla münasibətim var email vasitəsilə. Məsələn, Seymur Baycanla on ildən çoxdu yazışırıq. Onunla ünsiyyət çox xoşuma gəlir.

- Nərmin, “Aç, mənəm” romanınızda fikir verdim ki, Bakını çox yaxşı tanıyırsınız. Bu cür yazıçılar var, məsələn, Pamuk İstanbulu yazır. Dikkens Londonu yazıb. Sizin şəhər isə Bakıdır. Bakıda da doğulmusunuz. İndiki Bakı ilə sizin uşaqlığınızdakı Bakı sizdə necə təəssüratlar yaradır?

- Kədər, ancaq kədər. Amma Bakı həm də Abşerondur. Bakı dəyişsə də, Abşeron əsasən dəyişməyib. Bunu ilin bu vaxtları daha çox hiss eləmək olur. O gün yenə getmişdim. Abşeron çölləri, bağ yolları, qəbiristanlıqlar, dəniz qırağı, eynidi. Dayanacaqdan, stansiyadan bir az uzaqlaşırsan, heç kim yoxdu, kilometrlərnən piyada get, bir adam yoxdu. Hiss olunmur ki, hansı zamandı. Yeni kitabımın adı da “Abşeron hekayələri”di, hekayələrdəki obrazlar abşeronlulardı. Bu yerdə necə deyərlər, Abşeron indiyə qədər ədəbiyyatımızda işlənməyib.

- Elçin Əfəndiyev işləyib bu mövzuda. Sizcə, necə işləyib?

- Yaxşı deyil.

- Niyə?

- Abşeronun ruhu sərtdir. Oxucu kimi deyirəm, Elçin Əfəndiyevin Abşeron mətnlərinin üslubu, personajları, problemləri Abşerona adekvat deyil, çox yumşaqdır.

- Bakını köhnə nəsildən kim yaxşı qələmə alıb, sizcə?

- Köhnələr köhnə Bakını yazıblar. Yeni Bakını yazmaq potensialı yeni yazarlardan Həmid Piriyevdə var.

- Abşeronun, Bakının özəlliyi nədir sizin üçün?

- Bunu özüm də bilmirəm. Abşeronda olanda yüngül eyforiya keçirirəm. Bilirəm illüziyadır, Abşeronu fikirləşəndə quş azadlığı kimi bir hissim olur. Ayda bir dəfə də olsa Abşerona gedirəm, boş-boş küçələrdə, bağların arasında gəzirəm. Uşaqlığımın o bağları yoxdur, qohumlar çoxdan satıblar o bağları, o küləfrəngiləri də çoxdan söküblər, o adamlar da yoxdu. Novxanının köhnə qəbiristanlığında babamın qəbrinin yaxınlığında babamın atasının qəbri var, onun üstündə doğum ili yazılıb: 1881. Məndən düz yüz il əvvəl. Baxıram o rəqəmə, qorxuram, deyirəm, deməli o qədər həngamə cəmi yüz ildə olub. Ülvilik o deməkdir ki, gözəlliklə yanaşı qorxu hissi də keçirəsən. Bir şeydən həm zövq alasan, həm də qorxasan. İnsan okeana, vulkan püskürməsinə baxıb həm zövq alır, həm qorxur. Abşeron da elə, həm zövq aldığım, həm qorxduğum ülvi bir yerdir. Elə ölkələr var ki, onlara nə qədər xərc çəkib əhali cəlb edirlər. Müxtəlif dövlət proqramlarıyla o gələn əhalini işləməyə, oxumağa, daimi qalmağa şərait yaradırlar. Amma nə qədər etsələr də, o yerlərin özünəməxsus mədəniyyəti yoxdur. Məsələn, Avstraliyanın, Kanadanın özünəxas mədəniyyəti yoxdur, orada Britaniya, yaxud bəzi əyalətlərdə fransız mədəniyyətini görürsünüz. Özünəməxsus Kanada, Avstraliya mədəniyyəti yoxdur. Amma Abşeronda öz-özünə yaranmış unikal mədəniyyət var.

- Sizin bir esseniz də vardı. “Atam, mən olanda saqqal saxlamışdı” deyə başlayırdı. Qız uşaqlarına münasibət necə idi ki o dövrdə?

- O ata obrazı ümumiləşdirilmiş obraz idi. Şəxsən mənim atam mən doğulanda saqqal saxlamayıb, heç vaxt da onu saqqallı görməmişəm, amma Bakıda, Azərbaycanda elə kəndlər var. Sadəcə o yazı müsabiqəsinin mövzusu bu idi: “Azərbaycan qadınının həyatı və düşüncələri”. Mənə tipik bir obraz lazım idi ki, bütün problemləri ona yükləyərək, tündləşdirilmiş boyalarla esse yazım. Birinci şəxsin dili də çox vaxt təsirli olur.

- Atanız oxumuşdu o esseni?

- Bəli, oxumuşdu.

- Münasibəti necə olmuşdu?

- Adi qarşılamışdı. Asəf Zeynallını bitirib, klassik musiqidir onun ixtisası. Bilir obraz nədir, bədii tip nədir, yaradıcılıq nədir.

- Nərmin, şeir yazırsınız?

- Yazıram. Gec-gec yazıram amma.

- Şeirin dövrü bitibmi, sizcə? O qədər şeir yazılır, o qədər şair var ki, bəzən şeirdən yorulursan...

- Şeir dövrü bitə bilməz, bu mümkün deyil. İnsanda estetik şüur var. Təkamül bizi gətirib şeiri, incəsənəti duyan varlığa çevirib. Şeirin təbiət qaşısında insanı sakitləşdirmək, toxdatmaq funksiyası var.

- Sizin “Nana sevirdi” hekayəniz var. Orda ölmüş ərini milçəyə bənzədən qadın təsvir olunub. Bu mənə absurd bir səhnə kimi gəlmişdi. Ümumiyyətlə, sizin hekayələrdə absurd nüanslar sezilməkdədir. Absurd temasına maraqlısınız?

- Ola bilər, sizə bu absurd görünüb. Amma reallıqda insanın dünyada düşdüyü vəziyyətin özü absurddur. İnsan birini sevib onda sevinc tapır. O da ölürsə, iztirabını necə ovutmalıdı insan? Hərə bir cür əzab çəkir. Ümumi bir çıxış yolu yoxdur. Hərə özünü bildiyi yolla xoşbəxt etməlidir. Nana da özünü o cür ovudur.

- Hekayələrinizdə, hətta romanınızda sizə dil qüsurları tutanlar olurdu. Bu söhbətlərə necə baxırsınız?

- Kiçik xalqların millətçiliyi kimi bir şeydir bu da. Ümumən son onillərdə belə bir aludəçilik var bizim ədəbiyyatda. Heç bir yazar o birinin dilini bəyənmir. Bunun hardasa xeyirləri də var, amma bunu aludəçiliyə çevirmək ziyanlıdır. Bunu aludəçiliyə çevirməyin necə ziyanlı olduğunu görmək üçün indiki bəzi hekayələri oxumaq kifayətdir. Baxırsan dili zəngindir, lüğəti rəngarəngdir, amma əsas məsələ nədir, hekayə oxucuya nə deyir, bizdə hansı hissləri, hansı düşüncələri oyadır? Ədəbiyyatın mahiyyəti bu deyil?

- Nərmin, xanım yazarlarla bağlı bizdə klişeləşmiş fikirlər var. Məsələn, Seymur Baycan deyir ki, qadın nəsr yaza bilməz. Tutaq ki, qadın ancaq şeir yaza bilər. Siz də şeirlə başlamışdınız, uğur da qazanmışdınız. Bu bölgü nə qədər ədalətlidir və nə qədər doğrudur?

- Bu bölgü süni problemdir. Gerçəklikdə yoxdur, bizim düşüncəmizdədir. Ümumiyyətlə, qadın, kişi, ədalət, xoşbəxtlik və sair, ümumi anlayışlarla fikir yürütmək çoxlu problemlər yaradır.

- Niyə?

- Çünki ümumi anlayışlarla danışmaq fəlsəfənin işidir. Fəlsəfədə ümumi anlayışlarla bir hökm verdinsə onu ardıcıl məntiqi arqumentlərlə əsaslandırmalısan. Məntiqin də nəticə çıxarmaya aid öz qayda-qanunu var. Ədəbiyyatda fəlsəfəçilik etmək çox gülməli görünür, çünki arxasında əsaslandırma gəlmir, belə pinti hökmlər ortaya çıxır.

- Onda Şopenhaueri filosof kimi necə görürsünüz?

- Bəzi populyar filosoflar var ki, fəlsəfə tarixinin özündə onlar ciddi fiqur hesab olunmur, çünki onlar həqiqəti üzə çıxarmağa yox, hiss etdiyi kimi danışmağa üstünlük veriblər.

- Aha...

- O da həmçinin. Şopenhauer qadınlar haqda essesində deyir ki, qadınlar heç vaxt böyümür, ömür boyu uşaq qalır. On səkkizinci əsrdə eləydi, yəni onun fikirlərinin səbəbi həm də onun dövrüdü, ondan sonra tarixdə çox şey dəyişib.

Fəlsəfədə ümumiləşdirmələr üçün mütləq əsaslandırma olmalıdır. Ədəbiyyatsa birbaşa təcrübədən yazır. Ədəbiyyat ümumiləşdirmə etmir. Ümumiləşdirib nəticə çıxarmaq oxucunun işidir. Ədəbiyyat “qadın belədir, kişi belədir”, varlıq belə gəldi, idrak belə getdi kimi ümumiləşdirmələr edəndə o nə ədəbiyyat olur, nə fəlsəfə. Ortalıqda qalır.

- Amma bu bölgünün həqiqət tərəfi də var. Dünyaya baxsaq, qadın yazıçıların sayının azlığı, kişilərin çoxluğu...

- Dünyadakı ədəbiyyat jurnallarını izləyirəm. Görürəm ki, kifayət qədər gözəl qadın imzalar və əsərlər var. Qadağalar hələ təzə götürülüb, imkanlar təzə açılır. Şopenhauerin dövründə qadınlar heç universitetə gedə bilməzdi. İndi hansı dövrdü?

Lap tutaq ki, təbiətən kişi qadından üstündür. Biz, fiziki sağlam adamlar ayağı yeriməyən, gözü görməyən adamla bir deyilik, biz ondan daha çox şey bacarırıq. Biz görürük, o görmür, biz öz ayağımızla qaçırıq, o yox. Amma bu o demək deyil ki, onların hüquqları, imkanları bizdən az olmalıdır. Bacarıqlarımız eyni deyilsə belə, imkanlarımız bərabər olmalıdır.

Qadın-kişi məsələsi də elə onun kimidir... Qolu məndən güclüdürsə belə, kişi yazıçılar keçmişdə gözəl əsərlər yaradıblarsa belə... Qadınlarla kişilərin yazmaq, çap olunmaq imkanları, hüquqları bərabər olmalıdır.

- Dünyada belə bir şey də var ki, qadın yazarlar bizdən fərqli olaraq müəyyən mövzularda çox rahatdırlar. Məsələn, Elif Şafak rahat şəkildə demişdi ki, mən biseksualam. Bizim qadın yazarlarda isə sanki qapalılıq var. Bəlkə də mentalitetdən gələn bir şeydir bu. Qadınlığı ifadə edən çox azdır. Sizin yazdıqlarınızda, Sevinc Elsevərdə, Günel Mövludda bu vardı...

- Baxın, bir şey deyim. Keçən il döyüşə gedən oğlanlar müharibədən gəliblər, bizim universitetin də məzunlarından var aralarında. Universitet onlar üçün tədbir keçirəndə gördük ki, onlar müharibəni öz gördükləri kimi, öz təcrübədən keçirdikləri kimi danışa bilmirlər. Çıxış edirdilər, müharibədən bir dənə səhnə danışmırdılar, ancaq ümumi cümlələr deyirdilər ki, o cümlələri elə döyüşdə olmayanlar da deyirlər. Hətta bəziləri gəlib müharibədə olmayan qadın müəllimlərə deyirdilər ki, mənə çıxış mətni yazın da. Müharibə görən bu adamlar öz gördüklərini ifadə edə bilmədiyi kimi, bu qadınlar da öz müharibələrini ifadə edə bilmirlər.

- Amma yazar özünü ifadə etməlidir axı...

- Doğrudur. Amma yəqin asan deyil, yoxsa hamı edə bilərdi. Məsələn, bizim nəsildə bir neçə nəfər var idi. Amma bu o demək deyil ki, bu bir yoldur və hamı o yolla getməlidir.

- Siz necəsiz bu barədə?

- Məndə bəzi şeylər ikrah doğurur. Məsələn, bir qadın yazıçı ancaq qadın problemlərindən yazırsa, yaxud qadın filosof ancaq gender problemi üzrə ixtisaslaşırsa, bu məndə ikrah hissi doğurur.

- Niyə?

- Yəni qadınsansa, ancaq qadın mövzusundan yazmalısan? Həyat mövzuyla doludur, qadın məcbur deyil ki, ancaq qadın olmaq təcrübəsindən yaza.

- Nərmin xanım, yaxşı xatırlayıram, sizin Bəxtiyar Vahabzadədən sərt yazınız vardı. Sonra Aqşin Yenisey AYO-nun (Azad Yazarlar Ocağı – A.A) sədri olanda demişdiniz ki, Aqşin AYO-nu Aqşin Yenisey Ocağı edib. Bu cür polemika yaradan onlarla yazınız və müsahibələrinizdə söylədiyiniz fikirlər var. Ancaq yenə də sizi həmişə sakit xarakterli tanımışıq. Qalmaqal edən tip deyilsiniz. Xarakter olaraq sakitliyinizi qorumusunuz həmişə.

- O yazılardan indi bəlkə daha çox yaza bilərəm. Sadəcə bilmirəm... (fikrə gedir)

- Sizcə, indi ehtiyac yoxdu o yazılara?

- Görünür, nələrinsə dəyişmədiyini gördüm. Tək mən yazmırdım da elə yazılar. Mühit var idi.

- Dəyişmədi ki heç nə?

- Nə bilim, məncə, yox.

- Məmur yazıçılara münasibət bir az olsun dəyişdi, məncə. Sizin nəsil bunu bacarmışdı.

- Elədirsə, şadam (gülür).

- Siz elə hesab etmirsiniz?

- Bilirsiniz, mən hesab edirəm ki, hər nəsil təzədən tərbiyə olunmalıdır.

- Məmurlaşmış yazıçılara, Anara, Elçinə münasibətiniz indi necədir? Yenə mübarizə aparmaq lazımdırmı?

- Məncə, dava bitib.

- Nəyə görə? Səbəb? Məğlub oldunuz, ya qalib gəldiniz?

- O dixotomiya ilə düşünmürəm. Mübarizə davam etməlidi, amma daha fundamental məqsədlər uğrunda.

- AYB ilə savaşmaq fundamental məsələ deyil?

- Onu bacara bilmədik. Hər şey yerindədir. Heç nə dəyişməyib.

- Onda bu sözlərinizdən nə nəticə çıxaraq? Silahı yerə qoydunuz?

- İnsanlar arasında o qədər divarlar, uçurumlar var ki, onlarla müqayisədə bu kiçik məsələdir.

- AYB funksionallığını itirdi deyə onunla mübarizə aparmaq mənasını itirdi?

- Mənə görə, AYB bir nüfuzlu qurum kimi yoxdur. Ona görə ona qarşı savaşmaq da mənasızdır. Amma gənclər üçün ora hələ də nüfuzludur. Ora üzv olmaq istəyirlər. Bu mənə indi xırda söhbət kimi görünür.

- Bəs AYO?

- AYO onsuz da bir təşkilat deyildi ki. Fikir birliyi idi. Azad yazarlar var. Əvvəlki kimi olmasa da, ideya var. Könüllü bir birlikdir.

- Yəni var AYO?

- Bəli, var.

- AYO jurnal çıxardırdı, AYB ilə, məmur yazıçılarla savaşırdı, ortaya problem atırdı, polemika yaradırdı...

- Bilirsiniz, siz elə danışırsınız ki, elə bil biz tamaşa göstərməliyik, növbəti gələn nəsil də o tamaşaya baxmalıdır. Bir gün o tamaşanı da gənclik eləsin, yeni gələnlər.

- Demək istədiyim odur ki, prosesi AYO yaradırdı, indi isə o prosesi yaradan adamlar yoxdur ortada.

- Siz heç belə bir qurum, qurum da deməyək, könüllü birlik görmüsünüz Azərbaycan mədəniyyətində? Yazıçılar bir estetik manifest ətrafında bir yerə yığışır, fəaliyyət göstərir və yaxşı nəticələr əldə edir. Alternativi, bənzəri yoxdur. Proses durubsa, təbii şəkildə durub.

- Həmid Herisçi o vaxt demişdi dava bitəcək və biz əsərlər yazacağıq. Sizcə, indi həmin dövrdür?

- Bəlkə də, hə. Hərə öz əsərini yazır indi.

- Sizcə, yeni yazarlar o əsərləri yazdılar? Davadan sonranı nəzərdə tuturam.

- Mən qoca görünürəm? (gülüşmə) Mənim hələ planlarım var. Gələcək qabaqdadır. Yazıram. Yazacağıq. Yazanlar da var. Azad yazarlar kitabxanası var.

- Kimləri deyə bilərsiniz?

- Elə bütün azad yazarları deyə bilərəm.

- Məsələn, kimləri?

- Çoxunu demək olar. Həmid Herisçi, Murad Köhnəqala... Mənə görə, onlar hələ də azad yazarlardı.

- Azad yazarlardan AYB-yə gedənlər haqda nə düşünürsünüz bəs?

- İnanıram ki, onlar ürəklərində yenə də üsyankardırlar. Sadəcə həyatın praktik məsələləri var.

- AYO estetik dəyərləri dəyişə bilmədi. Belə göründü ki, dövlət üçün də köhnə yazıçılar lazımdır. Yeni yazarlara ehtiyac yoxdur. Ümumiyyətlə, yeni ədəbiyyata ehtiyac yoxdur. Lap geniş götürsək, ədəbiyyata ehtiyac yoxdur. Bu da depressiyaya gətirib çıxardı.

- Dövlət həmişə ümumi anlayışlarla düşünür: xalq, kütlə, partiya... Dövlət təkcə insanı, ayrı-ayrı fərdləri düşünmür. Bunu etmək yazıçının sahəsidir. Tək-tək insanı millət, xalq, kollektiv kimi anlayışlardan yuxarı qaldırmaq yazıçının işidir. Yazıçı da dövlət kimi ümumi, kollektiv anlayışlarla danışırsa, olur dövlətin katibi.

- Bəlkə də indi ədəbiyyatın depressiya dövrüdür. Sizin nəsil ədəbiyyatçılarla müqayisədə indiki nəsil də sönük görünür. Onlar sizlərin etdiklərini edə bilmədi. Bu sizi ağrıdırmı?

- Təzə nəsildə o cəsarət də yoxdur, ideyalar da yoxdur. Bu o demək deyil ki, belə də qalacaq. Nəsillər sürətlə dəyişir, hər il yeni imzalar gətirir. Ola bilər ki, ədəbi prosesdə dəyişikliklər olsun, durğunluq aradan qalxsın.

- Bəlkə alternativ yoxdu deyə belə olur? AYB təqaüd təklif edir, kitablarını çap edir və gənclər də ora tərəf gedir.

- Alternativi özləri yaratmalıdır. İndiki gənclər düşünür ki, kimə yaltaqlanıb irəli düşüm. İndikilər rahata qaçır. Tək-tək fərdləri ittiham eləmək deyil bu, ümumi tendensiya budur.

- Müstəqillik dönəmində ədəbi mühiti, o mühitin ideyasını aparan adamlar vardı. Bəlkə indiki gənclik də həmin adamlardan, tutaq ki, Rasim Qaracadan, Həmid Herisçidən, Seymur Baycandan, eləcə də də sizdən o şeyi gözləyirlər. Artıq siz də kənara çəkildiniz. Məsələn, gənclər gördü ki, Rasim Qaraca AYO-nu əvvəlki kimi idarə etmir, jurnal buraxmır və nəticədə onlarda bir məyusluq yarandı. Düşündülər ki, sanki biz də mübarizəyə başlasaq sonu belə bitəcək. Bu bir nümunədir. Bəlkə bunun təsiridir?

- Bəs bizim gənclik niyə elə deyildi? Biz keçmişə baxıb nəticə çıxartmırdıq.

- Sizdən əvvəl nümunə yox idi axı...

- Nümunə məsələsi, bilirsiniz, nəyi yadıma salır? Məsələn, tələbələrə sərbəst iş mövzusu verirsən ki, get sərbəst mövzuda yazı yaz. Tələbə gəlib deyir ki, mənə bir nümunə ver, keçən il sərbəst iş yazanlardan, mən ona baxım yazım. Belə yaşamaq olmaz. Bizim ədəbiyyat ona görə də uşaqlıq dövrünü yaşayır.

- Bugünkü durğunluğun səbəbi inkarçılığın olmamağına görədir? Sanki depressiv bir mühit var...

- Gənclər ortalığa bir ideya ilə çıxa bilər. Vacib deyil ki, o inkar ideyaları olsun. Hər hansı bir estetik manifestlə ortalığa çıxıb jurnallarını yarada bilərlər. Ölkədə bir dənə aylıq müstəqil ədəbiyyat jurnalı yoxdur ki, alıb oxuyaq.

- Nərmin, bir müddət Londonda yaşadınız. Təxminən üç il. “Küçədən keçən adam haqda yazılar” adlı esselər kitabınızı oxumuşdum. Orada da Londonla, Dikkenslə bağlı bir məqalə vardı. Fərqli dünya, fərqli bir şəhərlə tanış oldunuz. Bizdə bir şablon var, Azərbaycan ədəbiyyatı niyə dünyaya çıxa bilmir? Bu da bir klişedir. Hətta o gün Seymur Baycan yazmışdı ki, oxucunun yazıçıdan “niyə dünyaya çıxmırsan” sualını verməsi həyasızlıqdır. Sizcə, ədəbiyyatımızı dünyaya çıxartsaq maraqla qarşılanar? Londondan baxanda bu sual necə görünür?

- Xeyr.

- Maraqlı deyil yəni?

- Əvvəla Amerika və Britaniyanın əhalisi çoxdur. Özləri öz ədəbiyyatını, kitab bazarını təmin edirlər. Xarici müəlliflərdən kimi tərcümə etmək istədiklərini də özləri seçir. Bizim ədəbiyyatla da maraqlanan adamlar var. Görürlər, axtardıqları səviyyədə bədii əsərlər yoxdur.

- Tərcümə məsələsi var axı...

- Yəqin ki, kimisə öz hesablarına, öz sifarişləriylə tərcümə etməyə layiq bilmirlər. Amma bizim ədəbiyyatçılarımız fikirləşirlərsə ki, bu əsərləri amerikalıya, ingilisə oxutmalıyam, onda gərək norveçlilər kimi etsinlər. Amma onu da etmirlər, dövlətin pulunu israf edirlər. Avropa ədəbi fikrində rolu olmayan yüzüncü dərəcəli saytlara dövlət hesabına tərcümə edib mətnlər göndərirlər. Keyfiyyətsiz tərcüməylə şablon “Azərbaycan ədəbiyyatı” almanaxları buraxırlar. Fundamental iş görmürlər.

- Yaxın qonşumuz Gürcüstanda bir müəllif Buker siyahısına düşdü, bir neçə Avropa ölkəsinin də aparıcı mükafatlarına təqdim olundular. Hətta Nobeldə də adları çəkildi. Orada bir proses başladı. Qonorar, nəşriyyat sistemi yarandı. Müəlliflərlə işlədilər, sonra onları yüksək səviyyədə tərcümə eləməyə başladılar. Azərbaycanda isə bu proses yoxdur. Olsa, çıxa bilərik dünyaya?

- Yazıçı sənətiylə məşğul olmalıdır. Dövlət hesab edirsə ki, öz mədəniyyətini xaricə çıxartmalıdır, onda bununla dövlət özü birbaşa, ya dolayısıyla, məşğul olmalıdır. Amma beynəlxalq standartlara uyğun təşkil olunmalıdır, belə yox.

- Bütün bunlar olsa necə?

- Yenə də Azərbaycan ədəbiyyatı dünya üçün maraqlı deyil. Bunu süni şəkildə Bukerin siyahısına da salmaq olar.

- Yəni Bukerə düşmək bu qədər asandır?

- Buker ictimai-tarixi hadisələr fonunda bir ölkədə həyatı ifadə edən hekayətlərə verilir. Məsələn, “Əli və Nino” kimi əsərlərə. Bu standart qəlib üzərində qurulur bu mükafat.

- Konyukturadır yəni?

- Bəli.

- Nərmin, sizi daim kənardan intellektual biri kimi tanıyıblar. Düşünüblər ki, sizinlə həyati söhbətləri deyil, sırf ədəbiyyat, fəlsəfə söhbətləri aparmaq olar. Doğrudan belədir?

- Ola bilər. Dostlarım var, elə söhbətlər də edirik, amma çox da həzz almıram.

- Elə birisiniz ki, sizə məişət, sevgi mövzusunda sual verməyə adam çəkinir...

- Sevgi mövzusunda şeirlərim var amma (gülür).

- Ədəbi mühit bilirdi ki, Mövlud Mövlud sizi sevirdi. İntihar etməmişdən əvvəl sizə mesaj da yazmışdı. Bilmək olar, nə yazmışdı?

- Hə, intihardan bir neçə həftə əvvəl idi, yazmışdı “Salam, necəsən,” mən ona cavab vermədim, ardınca yazdı ki, “göy siçan, mənə su ver, yoxsa susuzluqdan qırılacağıq”. Ölümündən əvvəl mesajı görmüşdüm. Fikirləşmişdim ki, Mövluddur da. Cavab verməmişdim. Mövludun intiharından sonra uzun müddət axtardım ki, göy siçan nə deməkdir. Sən demə, mən bu əsəri oxumamışam. Sonra bir gün Sevinc Elsevər bu əsəri mənə tapdı. Çingiz Aytmatovun “Dəniz qırağı ilə qaçan alabaş” povestindəndir. Oxudum o əsəri. Bildim göy siçan nə imiş. Nə isə. Keçmişə qayıtmaq imkanım olsaydı mesajı cavablayardım.

- Niyə sevmədiniz Mövludu?

- Ciddi yanaşmırdım. Düşünürdüm ki, yeniyetmədi, keçəcək. Əslində indi də elə düşünürəm. Sadəcə intihar etməsi çox ağır oldu.

- Sizi sevən kişilərə obraz kimi baxdığınız olub? Sonradan bunu yazacam deyə bir hiss keçirmisiniz? Adətən kişi yazıçılarda bu hal olur.

- Olmayıb. Ədəbiyyatda indi məni düşündürən mövzular qadın-kişi münasibətləri deyil. Təzə iki hekayəm var, tamam başqa mövzulardı.

- Ailəli olmaq sizi yormur ki? Yaradıcı bir adam kimi.

- Ailə məni yaxşı insana çevirdi. Elə bilirəm ondan əvvəl mən pis insan olmuşdum, indi xeyirxah insana çevrilmişəm. Ana olmaq məni mərhəmətli, səbrli elədi. Öz uşaqlığım pis keçib, uşağımla birlikdə təzədən uşaqlıqdan keçdim, bu dəfə uşaqlığı yaxşı yaşadım. İndi də uşaqla bir riyaziyyatı öyrənirəm.

Foto: Sabir Məmmədov

# 13228 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
# # #