Müharibə mövzusunda yazılmış sanballı hekayədir - Hekayə müzakirəsi

Müharibə mövzusunda yazılmış sanballı hekayədir - Hekayə müzakirəsi
29 mart 2023
# 15:00

Kulis.az "Hekayə müzakirəsi" layihəsində Sevinc Elsevərin “Azad” adlı hekayəsi haqqında yazarların fikirlərini təqdim edir.

Cavanşir Yusifli

Sevinc Elsevər, fikrimcə, maraqlı bir hekayə qələmə alıb. Vətən müharibəsinin ağrılarından yazılan hər bir hekayə, müşahidələrimizə görə, müəyyən duyğuların sətraltı ifadəsi ilə maraq kəsb edir. Sanki mətndə iki qat iştirak edir: bəzi pasajlarda buna şahid olan kənar şəxsin təəssüfünü, hansısa qara xəbəri eşitdikdə ürəyində düyünlənən sözlərin açımı... görə, sezə bilirsən. Bu vəziyyət həmin mətnlərə xüsusi rəng qatır. Sevincin hekayəsində də bu məsələnin detallarını görmək mümkündür. Məlum sözün semantik çaları bütün mətn boyu “gözdən itənə / suya baş vurub gözdən qeyb olana” və o dərinlikdən üzə çıxmasına, artıb-çoxalmasına qədər “yanıb-sönür”. Bu, birinci qatdır. İkincidə adın tale olması, taledən, onun qədərindən xəbər verməsi başqa bir gerçəklik yaradır. “... Bəlkə də, atam-anam bilmirdilər ki, adam ən çox öz adını mehriban bir səslə eşidəndə xoşbəxt olur. Ən çox anamın adımı çağırmasını sevirdim...”

Başqa bir mətn parçası: “... Necə ki çağa idim, soruşmadan adımı Azad qoymuşdular, – düzdür, onda mənimlə məsləhət eləyə bilməzdilər də, – ancaq indi də gəyişmədən adımı dəyişmək fikrinə gəldilər...” Əsas məsələ də budur: kimlərsə sənin adını qoyur, sən o talenin əsirinə çevrilirsən, istəsən də, istəməsən də, lap sonradan adını dəyişsələr belə. Bu mənada Sevincin təhkiyə mövqeyi də düzgün və maraqlıdır. Ayrı-ayrı hadisələrin, hərəkət və hərəkətsizliyin ifadəsində “pafoslu müdaxilə” nişanələri yoxdur, həm də yerli-dibli. Ağrı, müharibədə şəhidi olan Azadın ağrısı bir dəfə son qətrəsinə qədər çəkilmiş, indi mətnin cümlələri həmin “sakit” ağrının uzaqdan diktəsi ilə yazılıb...

Narıngül Nadir

Adi, bəsit, həm də çox tanış mətndir. Yəni hekayədə xüsusi tutunacaq, təsirlənəcək nə isə tapmaq olmur. Hadisələr, cümlələr oxucunun gözü önündən sürüşüb gedir, altşüura toxunacaq, yadda qalacaq heç nə yoxdur. Bir neçə abzas oxuduqdan sonra hekayənin gerisini oxumağa maraq qalmır. Sönük, yorğun təhkiyə hiss etdirir ki, hansısa bir maraqlı situasiya gözləmək yersizdir.

Hekayədə yeganə sızıntı, insana toxunan üfüqi xətt şəhidə və onun anasına olan yanğıdır. Təsvir olunan hadisələr sanki hərbi xidmətdə olan bir gənc tərəfindən deyil, hansısa məktəblinin diliylə nəql olunur.

Ayrıca, birinci şəxsin təkində nəql edilən mətndə qadın müəllifin kişi obrazında çıxış etməsi də mənə bir qədər qeyri-səmimi görünür.

Düşünürəm ki, Sevinc Elsevərin bundan daha maraqlı mətn yazmaq potensialı var və ona uğurlar arzulayıram.

Rasim Qaraca

Oxudum. Yaxşı hekayədir. Təsirlidir. Sevincin potensialı böyükdür.

Mübariz Örən

Sevincin bu hekayəsini “Kulis”in hekayə müsabiqəsindən oxumuşdum, bəyənmişdim. Mövzu ağrılı mövzudur, ürək ağrısı ilə də yazılıb. Hiss olunur ki, qəhrəmanların həyatda real prototipləri var və müəllif o insanları yaxşı tanıyır, yaxından tanıyır. Onların ağrılarını öz ağrıları kimi çəkir. Sevinc, tanıdığım qədər, həyatda da çox həssas adamdır, amma bu hekayədəki həssaslıq adamın ürəyini əsdirir. Bu da, bəlkə, hadisələrə qadın gözüylə, ürəyilə baxmaqdan irəli gəlir. Hekayənin quruluşu sadə və işləkdir; qoyulan hədəfə “kəsə yolla” çatılır. Təhkiyədə bəzi “taqqıltı”lar var (“ah-fəğanı göylərə bülənd oldu, “ürəyi təlx olur”…), amma hekayə bütövlükdə layiqli hekayədir, lazımlı hekayədi, xüsusən, müharibə mövzusunda sanballı əsərlərə ehtiyac duyulan indiki vaxtda.

# 2191 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
#
#
# # #