Keçmiş müstəntiqin mənasız söhbətləri - “Keçilərin nəğmələri” haqqında

Keçmiş müstəntiqin mənasız söhbətləri - “Keçilərin nəğmələri” haqqında
30 oktyabr 2023
# 12:00

Kulis.az Vüqar Vanın Rəşad Səfərin “Keçilərin nəğmələri” romanı haqqında yazdığı "Keçilərin nəğmələrinin fabulası ətrafında" adlı yeni yazısını təqdim edir.

Rəşad Səfərin “Keçilərin nəğmələri” romanını oxudum.

Yazıya keçməzdən əvvəl, kitabla aramızda olan qısa, talehsiz əhvalatı danışmaq istəyirəm.

Roman təzə çıxan vaxtlarda bütün kitab dükanlarına girib soruşurdum ki, sizdə "Quzuların nəğmələri" romanı var? Əlbəttə, heç yerdə tapa bilmirdim. Təxminən, dörd aya yaxın gördüyüm bütün kitab dükanlarında kitabın adını səhv soruşub, tapa bilmədim. Romanı belə gec oxumağımın səbəblərindən biri də budur.

Roman üç hissədən ibarətdir. Hər hissədən ayrıca danışsaq, daha yaxşı olar.

Birinci hissə – Yorğunlar və kölgələri

Birinci hissə bir-biri ilə əlaqəsi olmayan 10 hekayə və həmin hekayələrdən törəyən əlavə hekayələrdən ibarətdir.
Hekayələrdəki adamların kim olduğu, bu hekayələrin nə üçün danışıldığı, təhkiyəçinin hansı şəxsdə danışdığı, ümumiyyətlə, protaqonistin kimliyi hələlik qeyri-müəyyəndir.
Hekayələrin bir nəfərin xatirələri olduğunu başa düşmək olur. Amma bu “bir nəfər” naməlum şəxsdir. Mənə elə gəlirdi ki, kitab belə hekayələrdən ibarətdir və axıra qədər də belə davam edəcək. Bəzi yerlərdə qəhrəmanın səsini eşidə bilirik, amma onun bu hekayələri niyə danışdığını aydılaşdıra bilmirik.

Misalçün:

“Bəzən bu epizodları niyə yazdığımı unuduram. Bir hekayə yazırammış hissinə qapılıram, yazdıqlarıma da hekayə kimi yanaşıram. Amma əvvəlcədən özümlə şərtləşdiyim kimi, bunları – adına xatirələr, memuar, avtobioqrafiya, nə deyirsinizsə, deyin, – bir janra, üsluba, formaya pərçim etmək qayğımız olmayacaq.
...bəzən razılaşmamızı unudub, başı-ayağı olan bir hekayə qurmağa, epizodlar arasında qeyri-ixtiyari təsnifat aparmağa çalışdığımı görürəm.
...sabaha çıxmaq gümanı olmayan, qorxulardan özünə arzu yaradıb arxasınca qaçan insanın belə bir qayğısı olmamalıdır”.

Səh: 75-76

Məlum olur ki, bu əhvalatları, xatirələri, hekayələri danışan adamın özünə də tam məlum deyil ki, bunları niyə danışır və biz bu hekayələrlə nə edəcəyik?..

Hekayələr nə qədər pərən-pərən olsa da, alt qatında bir harmoniya hiss olunur. Oxuduqca görürsən ki, bu əhvalatların hamısı bir adamla bağlıdır. Onun gördüyü, eşitdiyi, yaşadığı şeylərdir.

Birinci hissəni avtobioqrafiya saymaq olar. Rəşad başına gələnləri, gördüyü əhvalatları canlı, təbii dillə yazmağı yaxşı bacarıb. Amma təkcə başına gələn, gördüyün söhbətləri yazmaq hələlik roman yazmaq deyil, gərək həmin hadisələr funksional olsun. Bu funksionallıqdan ikinci hissədə danışacağıq. İndi isə həmin hekayələr haqqında danışaq.

10 hekayə və onlardan törəyən əlavə hekayələrin, məncə, digər birləşdirici xüsusiyyəti, əhvalatlardakı adamların əksəriyyətinin ya ölmüş olması, ya da alınmayan taleləridir. Bilmirəm, müəllif bunu öz iradəsiylə yazıb, yoxsa qeyri-ixtiyari belə alınıb, demək olar, haqqında danışılan bütün adamlar ya ölür, ya türməyə düşür, ya kasıblıq içində yaşayır, ya da yaxınlarının başına faciəvi hadisələr gəlir.

Qəhrəmanla birlikdə onun xatirələrinə boylanıb baxanda, ancaq uğursuz insan taleləri görürük. Hətta bu uğursuzluq qəhrəmana da sirayət edib, o da bədbindir, tez-tez isterikaya qapılır, elə bilir ki, xəstələnib tezliklə öləcək, ailəsi ilə münasibətləri çox da yaxşı deyil, özünə yer tapa bilmir, xaricdə yaşayıb qayıdır, introvert, travmalarla böyüyən uşaq olub. Misal üçün, “Təhlükə” hekayəsində görürük ki, qəhrəman həmyaşıdları ilə oynamağa getməyib, qonşularında düşən yasa baxır, hər kəsi görə biləcək vəziyyətdə oturub, gəlib-gedənləri seyr edir, söz-söhbətlərə qulaq asır. Qəhrəmanın ruhi vəziyyətinin stabil olmadığını, hekayələrin ağır ab-havasından, gərgin və nataraz atmosferdən hiss etmək olur. Bu gərginlik və narahatlıq oxucuya da təsir edir.

Bütün hekayələr içində ləzzətlə oxuduğum və xüsusi qeyd etmək istədiyim hissə oğlunu itirmiş bir qadının pul verib qəhrəmanımıza “Yasin” oxutdurması oldu. Bu söhbətləri bilməyən adam üçün, ola bilsin həmin hissələr çox cansıxıcı olar. Amma eyni şeyləri mən də yaşamışam deyə, tanış söhbətləri görəndə sevindim. Məni də uşaq vaxtı qohum-əqrəbası ölən arvadlar tutub qəbiristanlığa aparırdılar, ucadan və avazla “Yasin” oxumağımı istəyirdilər. Bitirəndən sonra da Quranımın arasına 3-5 manat qoyurdular.

Birinci hissənin sonlarına doğru bizə məlum olur ki, sən demə, öz xatirələrini tələsik, rabitəsiz danışan qəhrəmanımız elə bilir ki, tezliklə öləcək, özündən sonra nəsə qoyub getmək ehtiyacı hiss edir və təcili surətdə öz hekayəsini yazmalıdır.

İkinci hissə – Şahidliyə doğru

İkinci hissə qəhrəmanın gün üzünə çıxmağı ilə başlayır və hekayəsini bitirib yox olmağı ilə bitir. Bizə tam aydın olur ki, birinci hissədə danışılan bütün hekayələr məhz bu qəhrəmanla bağlıdır, onun uşaqlığı, gəncliyi, ailəsi, qonşuları, qohumları, dostları, xəstəliyi haqqında artıq kifayət qədər məlumatımız var. Zəmin hazırdır. Əslində, birinci hissədə oxuduğumuz xatirələri yazan adam bu hekayələri şəhərdən qıraqda tutduğu bir bağ evində yazır. Səbəbi də məlumdur: Ölüm. O ölməkdən qorxur və xilas yolunu yalnız yazmaqda görür. Beləliklə, hər şey yerinə oturur. Birinci hissədə olan hekayələri niyə oxuduğumuzu və bunları kimin yazdığını başa düşürük.

Bu forma oyunu məni bir az əziyyətə saldı, işimi çətinləşdirdi. Sanki əvvəlcə bir yeməyin reseptini oxuyursan, içində nə var bir-bir müşahidə edirsən, bişirilmə prosesinə şahidlik edirsən, aşpaz sənə uzun-uzun bu yeməyin hekayəsindən, onu necə bişirəcəyindən, inqrediyentlərindən söz açır, hətta araya salıb, özüylə də bağlı xatirələri danışır, nəhayət, onu bişirib sənə verir. Yeməyi yeyə-yeyə başa düşürsən ki, bu qədər əziyyətə niyə dözmüsən, niyə aşpaz yeməyin hekayəsini sənə danışıb. Başa düşəndən sonra yemək dadlanmağa başlayır, dadı daha yaxşı hiss etmək üçün isə məcbur olub bayaq candərdi qulaq asdığın, “bu söhbətlərin heç bir mənası yoxdur” deyə fikirləşdiyin tarixçəni yenidən yada salmalı olursan.

Bu mənada deyirəm ki, forma məni əziyyətə saldı. Çünki birinci nəyin nə olduğunu bilmədiyim halda oxuduğum, üstündən şappıltıyla keçdiyim, qiymətsiz hər hansı bir cümlə, bir epizod anidən ikinci hissədə qiymətə minir, funksionallaşıb romanın açarına çevrilir. Ona görə mən ikinci hissəni bitirəndən sonra, qayıdıb birinci hissəni yenidən oxudum ki, söhbət tamamilə aydınlaşsın, qaranlıq bir şey qalmasın.

Qəhrəmanın səyahəti artıq başlayıb, baş obraz gəlib çıxıb şəhərdən xeyli uzaqda, dayısının tapdığı, sınıq-salxaq, tökülmüş bir bağ evinə.

Bağ bəşəriyyətin ən böyük iki metaforasından biridir. Digəri də çaydır. Belə metaforalar bilinməyən şeyləri bilinənlər vasitəsilə açmağa kömək edir. Bu cür metaforalardan adətən rejissorlar çox istifadə edirlər. Məsələn, ən çox işlədilən metaforalardan biri gəmidir. Dünyadakı prosesləri, iyerarxiyanı, insan münasibətlərini, fors-major hallarda adamların reaksiyasını ən yaxşı formada gəmidə göstərmək olur. Gəmi bizim dünyamızdır. Təbii, bağ metaforasında söhbət bağ, bağçadan gedir, amma bizim romandakı hər şeydən təcrid olunmuş “bağ evi”ni də belə metafora hesab etmək olar. Nə olursa, həmin qeyri-adi bağ evinə görə olur. Əgər o ev olmasa, ümumiyyətlə, bu roman olmaz.

Bağın yiyəsi keçmiş müstəntiqdir. O kobud və nəzakətsiz, qarşısındakı adama hörmət qoymayan, insanları ciddi qəbul etməyən, qocalmış, xəstəhal, arvadı ilə tək yaşayan bir kişidir. Qəhrəmanımızın planı belədir: bir ay bu bağda qalacaq, bacardıqca sürətli şəkildə öz xatirələrini yazacaq. Amma müstəntiqlə tanış olandan sonra planda olmayan bəzi şeylər ortaya çıxır. Qoca müstəntiq onu rahat buraxmır, gah yemək yeməyə öz həyətlərinə çağırır, gah samovar qaynadır, gah nərd oynamaq istəyir, gah səhər tezdən oyadıb gəzməyə aparır, onu mənasız və təkrar söhbətləri ilə yorur, avtobioqrafiya yazmağına rişxənd edir, öz həyatından danışıb bezdirir.

Bu hissələrdə də biz qəhrəmanla daha yaxından tanış oluruq, onun ölüm qorxusunu, həyat haqqında düşüncələrini, yazmaq istədiklərini, münasibətlərini daha dərindən öyrənir və onun dünyasına səyahətə çıxırıq. Paraleldə isə müstəntiq obrazı getdikcə irəliləyir.

Bir aylıq bağ macərasının axırı yaxşı qurtarmır, on beşinci gündə gözlənilməz hadisə baş verir. Gözlənilməz hadisədən sonra qəhrəmanın hekayəsi yekunlaşır, müstəntiqin hekayəsi başlayır.

Üçüncü hissə – İnsanı öldürmək asandır

Üçüncü və son hissə əsasən detektiv janrın xüsusiyyətlərini daşıyır. Romanın bu hissəsini haqqında çox yazmaq istəmirəm, zəhmət çəkib, oxumaq lazımdır. Həm də bu hissədə baş verən hadisələri yazsam, romanı danışmış oluram. Üstüörtülü şəkildə yazmaq lazım olsa, ikinci hissədəki gözlənilməz hadisə qalır hələlik ortada, biz müstəntiqin cavanlığına qayıdır və ona qoşulub bir cinayət hadisəsini araşdırmağa başlayırıq. Bu zaman müstəntiqi yaxından tanıyır, onun necə bir adam olduğunu öyrənir, ailəsi haqqında məlumatlanırıq. İkinci hissədəki gözlənilməz hadisənin də necə baş verdiyi, ora gətirib çıxaran səbəblər, psixoloji alt qat yavaş-yavaş hörülür. Heç nə havadan baş vermir, hər şeyin bir səbəbi var. Roman müstəntiqin son yaşadıqları və qəhrəmanla olan münasibətləri ilə yekunlaşır.

Qüsurlar təbii ki, var. Məsələn, qəhrəmanın dili ilə müstəntiqin dili eynidir. Halbuki hər biri öz hekayəsini danışır. Yaxşı olardı ki, bir-birindən fərqlənsin.

Ciddi olmasa da, struktur problemi var. Birinci hissənin məhz birinci hissədə olmağının xüsusi bir rolu yoxdur, on hekayəni romanın içində səpələmək, bununla da romanı daha rahat və oxunaqlı etmək olardı. Kitabın üz qapağı və adını da bəyənmədim.

Rəşad dilin üst qatlarından istifadə edir. Bu dilin gücünün zəifliyini ikinci hissədə sezmək olur. Oxuduqca hiss edirsən ki, vəziyyəti ifadə etməyə dilin gücü çatmır. Birinci və üçüncü hissələrdə heç bir problem yoxdur, dil idealdır. Amma elə ki, qəhrəmanın mənəvi dünyasına daxil olmaq istəyirsən, orda dil axsayır. Elə bil “Fanta” butulkası ilə futbol oynayırsan.

Ümumilikdə, uğurlu romandır. Birnəfəsə oxudum, son zamanlar oxuduğum ən yaxşı roman idi. İstər yerli, istər xarici olsun, çoxdandır belə maraqlı roman oxumamışdım.

# 2841 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
# # #