Jan Pol Sartr: “Ölümsüz olduğuma inanırdım” ­– Müsahibə

Jan Pol Sartr, fransız yazıçısı

Jan Pol Sartr, fransız yazıçısı

7 avqust 2022
# 10:00

Kulis.az Mişel Kontatın 1975-ci ilin iyul ayında Jan Pol Sartrdan götürdüyü müsahibəni təqdim edirik.

– Bir ildir ki, sağlamlığınızla bağlı o qədər də yaxşı olmayan söz-söhbətlər gəzib-dolaşır. Bu ay yetmiş yaşınız tamam oldu. Sartr, hazırda necəsiniz?

- Yaxşıyam deməyə bir az çətinlik çəkirəm. Ancaq pisəm də deyə bilmərəm. İki ildir ki, müxtəlif dərdlərlə əlləşirəm. İki kilometrdən artıq yeridikdə ayaqlarım sızıldamağa başlayır. Sonra da bu sızıltının öhdəsindən gələ bilmirəm. Bu yaxınlarda sol gözümün arxasında qanaxma oldu. Sağ gözüm, onsuz da, üç yaşım olanda görmə qabiliyyətini itirmişdi. Görən gözüm isə bu idi. İndi işıqları, rəngləri görə bilsəm də, əşyaları və simaları ayırd edə bilmirəm.

Ancaq hələ danışa bilirəm. Yuxularım çox gözəldi. Ağlım nə çox, nə də azdı. Hissiyyatım on il əvvəlki kimidi. Yaddaşım da pis deyil. Təkcə adları tapa bilmək üçün bir az çətinlik çəkirəm. Küçədə çətinlik çəkmədən təkbaşına öz yolumu tapıb gedə bilirəm.

– Yaza bilməmək ağır yumruq zərbəsi kimidir. Siz isə bundan sükunətlə bəhs edirsiniz...

– Yaza bilməmək bütün mövcud olma səbəbimi yox edir. Bu bir zamanlar vardım, indi artıq yaşamıram kimi bir şeydi. Əslinə qalsa, yerə sərilməyim lazım idi. Ancaq bilmədiyim səbəblərdən nəyisə itirdiyimi düşündükcə, nə üzülürəm, nə də pis qayğılara düçar oluram.

Sartre's Existentialism | Philosophy Talk

– Daxilinizdə etiraz etmək hissi heç baş qaldırmır?

– Kimə etiraz etməyimi istəyirsiniz? Bunun bir stoisizm olduğunu görmürsünüz? Üstəlik də, bildiyiniz kimi lap əvvəldən stoisizmə qarşı çox hissiyyatla baxmışam. Mənim hazırkı vəziyyətim budur və təəssüf ki, əlimdən heç bir şey gəlmir. Elə isə kədərlənməyimə də heç bir əsas yoxdur.

İki il qabaq vəziyyətim çox ciddiydi. Çox çətin anlar yaşadım. Xəfif sayıqlamalarım var idi. Simona ilə Avinona getdiyimiz zaman hardasa mənimlə görüşəcək gənc bir qızı axtararaq gəzdiyimi xatırlayıram. Halbuki belə bir görüş haqqında danışıq belə olmamışdı...

İndi görə biləcəyim yeganə iş bugünkü vəziyyətimə tabe olmaqdı. Vəziyyətimi yaxşıca incələyib dəyərləndirməyə çalışıram.

Məni ən çox narahat edən görmə qabiliyyətimi itirməyimdir. Bu dəhşətli dərəcədə pis bir haldır. Çünki həmişə olmasa da, arada bir kağıza köçürəcəyim çoxlu hisslər yaşayıram.

– Özünüzü işsiz hesab edirsiniz?

– Bəli. Bir az gəzirəm. Qəzet oxuyub, radioya qulaq asıram. Hərdənbir televizorda göstərilənlərin içərisindən nə isə seçib baxıram. Amma bunlar işsiz-gücsüz insanın xasiyyətləridir. Əvvəllər qabaqcadan hazırladığım şeyləri yazırdım. Ən önəmli an da yazı anı idi. İndi də düşünürəm, amma yazma qabiliyyətim mümkünsüzləşdiyindən, düşünmək hissim də yoxa çıxıb. Əlbəttə, biri mənim yazdığımı və yaxud da söylədiklərimi oxuya bilər. Lazım gələrsə mən onlara bir neçə düzəliş də edə bilərəm. Lakin bunun qələmi əlimə alıb yazacaqlarımla heç bir əlaqəsi yoxdur.

– Oxuya bilməmək ağır itki olmalıdır...

– Hazırda yox. Bu dəqiqə nəşr olunan, diqqətimi çəkən kitabları təkbaşına tanımıram. Ancaq kimsə mənə bunları oxuyur və başa salır. Beləcə, yayımlanan hər şeyi izləyə bilirəm. Simona (həyat yoldaşı – red.) mənə çoxlu kitab oxudu. Hər cür mətni başdan sona qədər birlikdə bitirdik. Amma keçmişdə kitab və ya jurnallara özüm nəzər salırdım. İndi bunları edə bilməmək arzuolunmazdır.

Simona de Bovuar çox sürətli oxuyub danışır. Özümü onun vərdiş elədiyi kimi oxuma sürətinə uyğunlaşdırmağa çalışıram. Bu da təbii ki, müəyyən zəhmət tələb edir. Sonra hər fəslin sonunda düşüncələrimizi müzakirə edib, bir-birimizə ötürürük. Burada da qarşıma bir maneə çıxır: bir kitabı özünüz oxuduğunuz zaman hər an var olan zehni tənqid, yüksək səslə oxunan kitabı dinləyərkən o qədər də açıq olmur. Tənqid ikinci planda qalır.

– Başqalarından belə asılı vəziyyətə düşmək sizə ağır təsir etmirmi?

Ağır sözü həddindən çox olsa da, bəli edir. Çünki bu dəqiqə heç bir şey tab gətirə bilməyəcəyimiz qədər ağır deyil. Lakin buna baxmayaraq, bu asılılıq yaxşı deyil.

Tək başına oxuyub-yazmağa vərdiş eləmişəm. Və həqiqi yazıçının yaradıcılıqda yalnızlıq arzuladığı qənaətindəyəm. Mən bununla zehni iş birliklərinin ortaq olmayacağını demək istəmirəm. Amma yaradıcılıq işini iki-üç adamla həyata keçirtmək olmaz. İndiki düşüncə üsullarımızla hər hansısa bir nəsnənin qarşısında başımızda əmələ gələn düşüncənin üzərini örtən pərdənin qaldırılması yalnızlıq tələb edir.

Jean-Paul Sartre: more relevant now than ever | Philosophy books | The  Guardian

– Sizə belə şəxsi suallar verməyimə əsəbiləşmirsiniz ki?

– Xeyr. Niyə əsəbiləşim? Məncə, insanlar arasındakı münasibətləri zədələyən şey hər kəsin özündə nələrsə gizlətməsi, sirr tutmasıdır. Bunları hamıya açıb danışın demirəm. Amma əgər biri ilə danışmağa qərar verilibsə həmin adamdan lazım olanların gizlədilməməsinin tərəfdarıyam.

Həmişə də gizlinin yerinə şəffaflığın tərəfdarı olmuşam. Günlərin birində istər subyektiv həyat, istərsə də obyektiv həyat tamamilə hər kəsə açılacağı üçün iki insanın bir-birindən gizlətdiyi sirlərin qalmayacağını indidən zehnimdə canlandıra bilirəm. İndiki kimi bədənimizi qarşımızdakına əsirgəmədən təqdim edərkən, düşüncələrimizi də gizlətməyimiz yolverilməzdir. Üstəlik mənim gözümdə bədənlə şüur arasında hər hansı bir quruluş, təbiət ayrı-seçkiliyi yoxdur.

– Bədənimizi əsirgədiyimiz insanlardan düşüncələrimizi də gizləmirikmi?

– Bədənimizi hər kəsə təqdim edirik. Həm də cinsi əlaqənin xaricində belə: baxışlarımızla, toxunma duyğusuyla. Siz bədəninizi mənə təqdim edirsiniz, mən də sizə: bir-birimiz üçün bədənlərimizlə varıq. Amma düşüncələr bədənin görüntü dəyişdirmiş formaları olduğu halda, şüurumuzla, düşüncələrimizlə eyni şəkildə bir-birimizin qarşısında var olmuruq.

Həmişə olmasa da, başqalarının gözündə həqiqətən mövcud olmaq, lüm-lüt bir bədənlə görünmək istəyiriksə, düşüncələrimizin qarşımızdakı insana bədənimizdən çıxırmış kimi görünməsi lazımdır. Sözləri ağızdakı dil söyləyir. Ən naməlum, ən əllə tutulmaz düşüncələrin də məhz bu yolla çölə çıxmağı lazım idi. Başqa yolla desəm keçmiş yüzilliklərdən üzü bəri gələn qadın və kişi üçün vacib sayılan bu gizliliyin aradan götürülməsi lazımdır.

– Sizcə, şəffaflığın qarşısını kəsən başlıca maneə nədir?

– Hər şeydən əvvəl çətinlik və sıxıntıdır. Bunu deyərkən mənim fikirlərimdən fərqli fikirlərə məxsus olan düşüncələrin qəbul olunmayacağı nəticələrə gətirib çıxaran davranışları nəzərdə tuturam. Sıxıntı bütün düşüncələrin qarşımızda olan insanlara ötürülməsini çətinləşdirir. Çünki başqasının başındakı düşüncələri anlamaq üçün onun mənim prinsiplərimə nə qədər yaxın olduğunu bilə bilmirəm. Əlbəttə, bu prinsiplər bəlli ölçüdə müzakirə edilib aydınlaşdırıla bilər. Amma önümə çıxan hər adamla da hər şeyi müzakirə edəcəyim fikri də doğru deyil. Bunu sizinlə edə bilərəm. Ancaq qonşumla, ya da yoldan keçən biri ilə edə bilmərəm. Çox məcbur etsəm belə, mənimlə mübahisə etməkdənsə döyüşməyi üstün tutar.

Deməli, əslində, etibarsızlıqdan, məlumatsızlıqdan və qorxaqlıqdan irəli gələn qarşımdakına hər an etibar etmədiyim özümüz üçün saxlayacağımız sirlər var. Bunun üçün də də qarşıma çıxan hər kəslə hər mövzuda danışmıram. Ancaq yenə də bacardıqca şəffaf, açıq olmağa çalışıram. Çünki daxilimizdəki varlığın həm bizə, həm də başqalarına qaranlıq görülən tərəflərinin aydınlığa çıxması üçün bizim də başqalarına qarşı açıq olmağımızın vacibliyinə inanıram.

Naissance de Jean-Paul Sartre, figure de l'existentialisme et de  l'intellectuel engagé | Gouvernement.fr

– Bu şəffaflığı hər şeydən əvvəl yazıda axtardınızmı?

– İstəyirsiniz lap belə deyək ki, nəinki hər şeydən əvvəl hətta yazdıqlarımın nöqtəsinə qədər çatdırmağa çalışdım.

Sizinlə söhbət etdiyim zaman bacardıqca açıq və dürüst olmağa çalışıram. Şəxsi həyatımı sizə bütünlüklə təqdim etməyə cəhd edirəm. Bəzən isə daxilimdə təkcə özümə deyə biləcəyim nələrsə ilişib qalır. Hamı kimi mənim də dilimə gətirə bilmədiyim qaranlıq xasiyyətlərim var.

– 1971-cil ildə mənə demişdiniz: “Nə vaxtsa həqiqətləri deyə biləcəyim gün də gəlib çatacaq.” Sonra isə əlavə etmişdiniz: “Ancaq obrazların da əlavə olunduğu bir yaradıcı mətnlə”. Nə üçün belə demişdiniz?

– O vaxtlar bir növ siyasi vəsiyyətnaməni əvəz edəcək, həyat yolumun davamı olacaq uzun bir hekayə yazıb o günə qədər yaşadıqlarımı əksiltmədən həmin yazıya daxil etməyi planlaşdırırdım. Sonra bu fikrimdən vaz keçdim. Həmin hekayədə zehni quruluşda olan üslublar az olacaqdı. Oxucu mətni oxuyarkən “Burada bəhs olunan Sartrın özüdür” deyə biləcəyi bir şəxs yaradacaqdım.

Bunu deyərkən hekayənin qəhrəmanı ilə yazıçı yüzdə yüz uyğun gələcəkdi demək istəmirəm. Ancaq qəhrəmanı başa düşməyin ən yaxşı yolu məndən ona keçən şeyləri axtarmaq olacaqdı. Bu idi hazırlamaq istədiyim. Bu dediklərim əsl yazı üsuludur.

– Hər hansısa həqiqət onu dilə gətirən insandan asılı olmayaraq yarana bilərmi?

– Yarana bilər, ancaq maraqlı olmaz. Bu yaşadığımız dünyadan bir canlını, insanı yox hesab edib, ancaq nəsnənin həqiqətləri ilə kifayətlənmək kimi olardı. İnsan öz həqiqətini düşünmədən nəsnənin həqiqətlərinə çata bilər. Amma burada həm yaratdığımız nəsnəlikdən, həm də nəsnəliyin arxasındakı subyektivlikdən danışmaq istəsək ki, bu subyektivlik eyni ilə nəsnə kimi insanın ayrılmaz bir hissəsidir. Onda gərək yazıya “Mən Sartram” deyə başlayım. Bunu isə etmək mümkün deyil. Çünki özümüzü lazımınca tanımırıq. Belə olan halda qurğuyla, dolayı yollarla subyekt və nəsnənin birliyinə daha yaxşı yaxınlaşa bilərik.

Jean-Paul Sartre - Unifrance

– Artıq həqiqəti söyləməyin vaxtı çatıb dediyiniz zaman insanlar “bu günə qədər həmişə yalan dedi” qənaətinə qapıla bilər...

– Xeyr, xeyr. Bu günə qədər dediklərimdə yalan olmadı. Yarı yarıya həqiqətlər var. Məsələn, həyatımın intim və sevgi əlaqələrini aşkara çıxartmadım. Onsuz da hər kəsin kartlarını ortaya qoyub açıq şəkildə oynayacağı bir cəmiyyət qurulmadıqca belə bir aşkarlığın da lazım olduğuna inanmıram.

Tərcümə: Samirə Əşrəf

# 3798 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
#
#
# # #