İnqilab şairləri bir yaz günü öldülər - Rəvan Cavidin yeni şeirləri

İnqilab şairləri bir yaz günü öldülər - Rəvan Cavidin yeni şeirləri
19 yanvar 2025
# 09:00

Bu gün gənc şair Rəvan Cavidin doğum günüdür.

Kulis.az şairi doğum günü münasibətilə təbrik edir və yeni şeirlərini təqdim edir.

***

yalanının xiffəti gör nə boyda dağ olub,
dağ yarılıb, div çıxıb, səsi ömrə çığ olub,
getmisən, dönməmisən - bu da ayrılıq olub,
axtar məni, gör məni, eşit məni, bil məni...

rüzgara de, yubansın, saçlarında əylənsin,
qumdan otaqlarım var, fəqirə rəhm eyləsin,
yolunu azan aşiq ünvanını neyləsin?
axtar məni, gör məni, eşit məni, bil məni...

köz üstündə yeridim, ağladım, odlanmadım,
qafil ovçu gecikdi, gizləndim, ovlanmadım,
sənə xatir yaşadım, tək qaldım, soylanmadım,
axtar məni, gör məni, eşit məni, bil məni...

and içdim qış ömrümün buzuna, sazağına,
zəmhərir gecəsinə, gün doğmayan çağına,
getdiyin yerdən qayıt, pıçılda qulağıma:
tapdım səni, gördünmü, eşitdinmi, bildinmi?!

***

Qaldırdım başımı –
buludlar, səma, ənginlik və sair.
Sağa baxdım –
mavilik, dalğalar, qızıl qürub –
hər şey dənizə dair.

Sola çevirdim başımı –
pəncərəsi açıq evlər,
və küləklərlə rəqs edən bəyaz pərdələr,
budaqlarda sərçələr,
adam boyda divlər.
Yerə baxdım –
torpaq,
həmənki köhnə nəğmə,
min illərin ağısı,
min illərin ağrısı,
sonsuz yalnızlığın əbədi yurdu,
simurq qonmuş ağacın
budaqları qurudu.

***

Bu pinti sahillərin qosqoca Mərmərəsi,
Tutqun dekabr günü, bir azdan yağış yağar.
Həmənki yelləncəkdə gözləyirəm baharı,
Sən gələrsən, yaz gələr,
Yaz gələr, günəş çıxar.
Gedərsən, qış qayıdar,
Buz səltənətin qurar.

Həmənki yelləncəkdə ayrılıram səninlə,
Tutqun dekabr günü, bir azdan yağış yağar.
Dəniz lal-dinməz qalıb, sahil qaranlıq və pus,
Gözləyirəm, gələrsən,
Sən gələrsən, dağılar bu səssizlik, bu kabus.

Qutuda son siqaret, şüşə dibindən çaxır,
Tutqun dekabr günü, bir azdan yağış yağar,
Bu gecəni qoruyan dili nəğməli sərxoş,
Ona qoşulub mən də dənizə daş ataram,
Bir ağacın dibində səhərədək yataram.

***

İnqilab nəğmələri bəstələmək istədim,
Fəhlələrin dilində ağı kimi oxundu.
Bayraqların üstünə qırmızı ulduz tikdim,
Masmavi parçalara sarı ulduz toxundu.

Həbsxana divarına yazmışdılar o gecə,
Yaşasın inqilablar! Yaşasın oktyabr!
Aldatmışdılar bizi, oktyabr deyildi,
Bir yanvar gecəsində biz etdik inqilabı.

Özü yeyib bitirdi devrim oğullarını,
Yarısı ipdə qaldı, yarısı mərmi altda.
İnqilab şairləri bir yaz günü öldülər,
Qələbə paradının başladığı saatda.

# 5355 dəfə oxunub

Oxşar xəbərlər

"Başqasının səmasında ulduz olacaqsan..." - Məşhur "Black" necə yarandı?

"Başqasının səmasında ulduz olacaqsan..." - Məşhur "Black" necə yarandı?

17:00 31 avqust 2026
Barokko işığında küçə estetikası - Dan Vitzin məşhur əsərləri

Barokko işığında küçə estetikası - Dan Vitzin məşhur əsərləri

16:00 31 avqust 2026
Napoleonun portretlərini çəkən məşhur neoklassik rəssam - Jak-Lui David kimdir?

Napoleonun portretlərini çəkən məşhur neoklassik rəssam - Jak-Lui David kimdir?

12:30 30 avqust 2026
Napoleonu "Yupiter" kimi təsvir edən rəssam - Jan Ogüst Dominik Enqr kim idi?

Napoleonu "Yupiter" kimi təsvir edən rəssam - Jan Ogüst Dominik Enqr kim idi?

12:00 29 avqust 2026
"Haradan gəlib hara getdiyi bilinməyən qadınlar..." - İngilis rəssamın  "Qızıl pillələri"

"Haradan gəlib hara getdiyi bilinməyən qadınlar..." - İngilis rəssamın "Qızıl pillələri"

17:30 28 avqust 2026
Ölümsüz qocanın başına gələnlər - Andrey Platonovun hekayəsi

Ölümsüz qocanın başına gələnlər - Andrey Platonovun hekayəsi

10:00 28 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər