Fenlə göz yaşlarımı - Həmid Herisçinin yeni şeirləri

Fenlə göz yaşlarımı - Həmid Herisçinin yeni şeirləri
15 avqust 2024
# 14:47

Kulis.az Həmid Herisçinin yeni şeirlərini təqdim edir.

FENLƏ GÖZ YAŞLARIMI

Yenidən sevmək istəyirəm səni.

GPS xidmətinə üz tuturam bu dəfə...

Ünvanını dəqiq et bu sevdanın,

qoy, səyyar pizza satıcıları da dəqiq tapsınlar

bu qapını...

bu qadını...

Siqaret qutusuna yazdığım

köhnə telefon nömrən,

bu dəfə ürəyimə də yazıldı,

gecənin uluduzları azaldı

gözlərin parlayınca...

Bu dəfə teflon tavalarda,

Qızardacam ehtirasımızı.

Day heç nəyi yandırmayacam

həyatımızda.

Yatağımızda.

Köhnə taxta talvarlarda

yetişdirəcəm salxım öpüşlərimizi.

Gecikmiş məhəbbətimizi.

FM dalğalarındakı musiqimizi.

Yenidən sevmək istəyirəm səni.

Fenlə göz yaşlarımı.

Dinlə, sözlərimi yox,

göz-qaşlarımı.

Fenlə göz yaşlarımı.

Fenlə.

Kriminal xəbər başlıqlarında görəcəksən simamı bu dəfə.

Başqa adla etiraf edəcəm cinayətlərimi.

Bank kartımda yad adımı oxuyacaqsan.

O cür də, o adla da,

yenidən sevmək istəyəcəm səni.

Çarpayına bu dəfə özümü yox...

Kölgəmi sərəcəm astaca.

Həəə... dəyişmişəm bir balaca

Fenlə göz yaşlarımı.

Bu köhnə göz yaşlarımı...

MOMENTO MORE

Müslüm Moqamayevin

dəniz haqda “O more” mahnısında

“Momento more”, yəni “ölümü xatırla”

ifadəsinimi?

musiqisinimi?

eşitdim qəfil?

Ey dili-qəfil...

Gördüm bir an içində

tabutumun üstünə necə qondu

bir dəstə qırmızı qərənfil.

Çaşdım.

Gördüm, vaxsey,

fincansızdı masadakı çayım.

Sudaşıyan Kamaz avtomobili kimi

bütün Bakı küçələrində ağladım

özüm üçün.

Bəlkə də ölüm üçün.

“Sibriz” restoranındaydım bu vaxt.

Toy sahibi, bilməm niyə

tort göndərdi masamıza.

Nələr gəlmədi, qonmadı qarşımıza.

Düz qapımıza!

Tərslikdən, milçək də qondu qarpızımıza...

Hamı "O more" mahnısına qulaq asırdı,

Mənsə, "Momento more" mahnısına.

Başladı həyatımın ultrabənövşəyi şüalanma dövrü.

Külək Bakını da, məni də

Xəzərə süpürürdü.

QAŞIQSIZ

Ərəblər qaşıqsız yedilər Camal Qaşıqçını

Osmanlı hökmdarı 16-cı əsrdə Qaşıqçı ailəsini

Hicaza göndərmişdi ərəbləri qaşığa öyrətməyə.

Alınmadı.

Şahzadə Məhəmməd ibn Səlmanın bircə əmriylə

Səudiyyə baş potoloqoanatomu elektrik mişarını

işə saldı…

İstanbuldakı Səudiyyə səfirliyi döndü qəssəbxanaya.

Ərəblər qaşıqsız yedilər Camal Qaşıqçını.

- Qəhvə? - təklifini çox gec eşitdi o.

Diqqəti, daxili musiqisi heç kimlə sevişmədi.

Əvvəl plaşını,

sonra bədənini soyundu sakitcə.

Eyni ahənglə.

Tələsmədi sualları cavablandırmağa.

Mənzərə bircə baxışına sığdı.

Elektrik mişarı başladı bəstəkarlığa.

Ərəblər qaşıqsız yedilər Camal Qaşıqçını.

Mətbəxdəki qaşıqları

xatırlamadılar

əsla.

***

Gecə... "Koroğlu" metrostansiyası...

Metronun bayır girişi açıq olsa da, içəriyə giriş artıq bağlı idi...

Bağlı şüşə qapıların önündə bir an canlı heykələ çevrildim...

Geri dönmək, özü də gecənin bu vaxtında, bəli, qeyrətimə, hissiyyatıma sığmadı... Qərarı bircə an, bircə saniyə içində verdim - qanun, qaydalara tüpürdüm.

Giriş qapısından yan ötüb, çıxış qapısından cəld içəri soxuldum. Polis arxamca qaçdı. Növbətçi qadınlar dalımca nəsə qışqırdılar... Elektron giriş qapısını söndürsələr də, artıq gec idi - mən, elektron maneələri dəf edib irəli cummuşdum.

Gördüm sonuncu qatar perrona yaxınlaşır...

Özümü qatarın açıq qapılarından içərimi atdım?

Yoxsa qatar təkərləri altına?

Soruşsan, indi də bilmirəm.

Hər şey bircə saniyəyə sığdı...

Hər şeyi bircə saniyə həll etdi...

Taleyin, daha doğrusu, metronun qapalı dairəsini pozdum... Qatarda ayılıb gördüm qarşımda bir təkgöz kişi əyləşib... Bulanıq tək gözüylə diqqətlə üzümə baxır... Baxışlarını məndən ayırmır... Tale qüvvələrinin tək canlı nümayəndəsini idi o, həmin dramatik anlarda…

Gözü də təkdi… özü də…

Mən də o yalqızlığı əsla poza bilməzdim.

# 3144 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
#
#
# # #