Diri-diri yandırılan kəndlilər, Aşıq Şəmşirin dağıdılmış məzarı, unudulmayan – Ağdabandan reportaj...

Diri-diri yandırılan kəndlilər, Aşıq Şəmşirin dağıdılmış məzarı, unudulmayan – Ağdabandan reportaj...
8 aprel 2022
# 15:25

“Ermənilərdən nə desən gözləmək olar”

Üzü Kəlbəcərə

Adını unutduğum bir mütəfəkkirin fikridir ki, həqiqət heç vaxt başqa bir həqiqətə zidd ola bilməz. “Kəlbəcərə gedirəm” mənim, “Kəlbəcər Azərbaycandır” isə bizim - Azərbaycanın həqiqətidir. Və doğrudan da, bu iki həqiqət hazırda düz mütənasibdir.

Gəncə. Saat 06:15. Çiskin yağış yağır. Gecəni yarı nigaranlıq, yarı sevinc içində keçirmişəm.

Saat 07:15-də Toğana postuna yaxınlaşdıqca içimdə qəribə bir hüzn hökm sürür. Bilmirəm, səfərimizin məqsədi-məramından doğur, ya nədən, hələlik, "Kəlbəcərə gedirəm"i tam hiss edə bilmirəm. Bu natamamlıq post görünər-görünməz rahatlıq hissi ilə əvəz olunur. Bu, yəqin ki, uzaqdan görünən Azərbaycan əsgəri və onun məğrur duruşunun verdiyi rahatlıq idi. Tarix yazan, bu boyda həsrəti, intizarı cəmi 44 günə tarixə çevirən Azərbaycan əsgərinin verdiyi rahatlıq...

Səfər zamanı Ağdaban kənd sakinləri də bizimlə bərabər eyni avtobusda olacaqdı. Budur, avtobus yavaş-yavaş kənd sakinləri və jurnalistlərlə dolur. Kənd sakini Qərənfil ana səfərin təşkilatçılarına təşəkkürünü edib kövrəlir.

“Hər dağı, daşı, adicə çör-çöpü üçün elə darıxmışam ki...” - deyib susur.

Avtobus yola düşür.

Yolboyu dağıdılmış, yandırılmış evlər, iaşə obyektləri, avtomobillər sanki illərdir, bizi gözləyirmiş kimi üzümüzə gülümsünür. İlk dəfə gördüyüm bu mənzərə məni dərindən sarsıdır. Uzaqda, yoldan bir xeyli aralı meşənin dərinliklərində yandırılmış maşın gözümə sataşır. Kənd sakinlərindən biri yanımda əyləşib astadan deyir:

– Hələ nə görmüsən ki, qardaş oğlu, dəhşət irəlidədir.

Doğrudan da, irəlilədikcə mənzərə daha da vahiməli hal alır - insan dediyin bunu etməz. Öz-özümə astadan Qulu Ağsəsin misralarını pıçıldayıram: Şükür külünə! Şükür qayıdış gününə!

Həmsöhbət olduğum ağdabanlı ağsaqqaldan öz kəndlərinin və qonşu kəndlərin nə işlə məşğul olduğunu soruşuram. Ağsaqqal sualı çoxdandır gözləyirmiş kimi başlayır:

– Kəndçi nə ilə məşğul olarsa, Ağdaban camaatı da onunla məşğul idi, qardaşoğlu. Əkinçilik olsun, maldarlıq olsun – hamısı da öz işindən, öz yaşayışından məmnun. Bizlər bu torpaqda böyümüşük, buranın havasını udmuşuq, buranın suyunu içmişik, – əli ilə yolboyu bizi müşayiət edən çayı nişan göstərib başını yelləyir.

– Bəs qonşu kəndlər? – deyə soruşuram.

Ağsaqqal yaxınlıqda əyləşmiş kəndlisinə işarə edir:

– O biri kəndlər bizdən oğurluq edirdi, – özü öz zarafatına bir xeyli güldükdən sonra davam edir:

– Zarafat edirəm, qardaşoğlu, bu kəndlər hamısı məhsuldar olub, Allah haqqı.

Heç özüm də gözləmədən belə bir sual verirəm: Sizcə, övladlarınız da gəlib eyni işlə məşğul olarmı?

Qolunu boynuma salıb o biri əli ilə sinəsini göstərir:

– Bu kişinin, – sonra digər kəndliləri göstərir, – və bu kişilərin tərbiyəsini görən övladlarımız da eynən bizim kimi, ondan tam arxayın ol!

Ömər aşırımı - adı boyda kəhkəşan

Söhbətimizin elə bu şirin yerində birdən avtobus gurultu ilə silkələnib dayanır. Kəndlilərdən biri yerindən qalxıb pəncərədən boylanır:

– Hə… hazırlaşın!.. – deyir.

Biz jurnalistlər bir-birimizə baxırdıq ki, vermədiyimiz sualın cavabı gəlir:

– Ömər aşırımıdır. Eşitməmiş olmazsınız…

Cavab vermədim, eləcə mən və digər jurnalist dostlar ayağa qalxıb zirvəsi buludları qılınc kimi yaran dağlara tamaşa edirik. Söhbətə başımız qarışdığından bayaqdan bəri az-az yağan qarın şiddətlənməsindən də xəbərsiz idik. Güclü qar yağırdı – əsl dağlara yaraşan şəkildə: lopa-lopa.

Bayaqkı ağsaqqal üzümüzdəki yarı təəccüb, yarı nigaranlığı görüb əlavə edir:

– Çətini buranı keçincədir...

Ömər aşırımı. Müharibənin ilk günlərindən sorağını eşitdiyimiz və iliklərimizə qədər bizi üşüdən, adı da əzəməti qədər böyük və kəhkəşanlı Ömər aşırımı.

Nədənsə bayaq verilmiş suala indi cavab verirəm:

– Eşitmişdim, amma inanmırdım ki, nə vaxtsa görəm.

Murovu dolandıqca qar şiddətini artırır. Sıx dumandan, demək olar ki, heç nə görünmür.

Ömər aşırımında üç təhlükəli döngə var idi. Hər üçünü eyni həyəcan və eyni rahatlıqla keçdik – sürücümüz işinin peşəkarı idi. Arabir kəndlilərdən biri “Burda əyləci basmaq olmaz, düz edir, nabələd adam deyil”, - deyib həm bizi, həm də avtobusda olan digər həmkəndlilərini arxayınlaşdırırdı.

Ağdabanlılardan biri bayaqdan bəri pəncərəyə dikilib nəyəsə diqqətlə baxır. Hələlik onu diqqətdə saxlamaqla kifayətlənirəm. Az sonra gözlərini qıyıb məyus-məyus nəyisə təyin etdiyini görürəm:

– Bax, bax, odur!

– Nədir? – deyə soruşuram.

– Onu tar vurub, bax, tar. – Dağın yamacında çevrilmiş hərbi maşını göstərir.

– Onlarınkıdır, yəqin, – deyib mənə “tar"ın nə olduğunu izah edir.

– Sən, deyən, dağ adamı deyilsən. “Tar” qardan, qarın üst-üstə yığılmış buzlaşmış formasından yaranır, – əli ilə yolboyu uzanan həmin tarı göstərir.

– Çox kəskin olur, dağ adamları belə şeylərə bələddir, harada tar yarana bilərsə, oradan gen gəzərlər. Öz torpağı olmayıb, gəlib bura – bu da sonu.

Çovğuna, qara, dumana rəğmən "Ömər aşırımı - 3260" metr yazılan lövhə görünür. Lövhəni keçdikcə aşırım yavaş-yavaş arxada qalır. Avtobusda dodaqaltı "Şükür" sədaları eşidilir.

Elə bu dəm maşın dayanır. Hamı ürəyində, çox yəqin ki, eyni sualı düşünür: Birdən aşırımı keçib deyə motor sıradan çıxar?

Amma yox, çox keçmədən bilinir ki, sən demə, bu boyda həngaməni aşan maşın da nəfəs almaq istəyir. Elə belə də olur, döngəni burulub nisbətən rahat yola qoyulur.

"Yol evi" deyilən yerdə təzədən "nəfəs alırıq". Ağdabanlılar sürücünü təlimatlandırmağı özlərinə borc bilirlər: qətiyyən əyləcə basma. Çox keçmir ki, bu təhlükə də sovuşur. Murovu endikcə qar da azalır və Kəlbəcərin əzəmətli gözəlliyi gözümüz önünə sərilir.

Özünə qayıdan Kəlbəcər

Meydan çayı boyunca uzanan yolda tikinti işləri aparılır – Kəlbəcər özünə qayıdır. Kəndlilərin sözlərinə görə, bura Zallar kəndidir. Kəndə girər-girməz bayaqkı ab-hava yenidən qayıdır – dağa-dərəyə yaraşan hava: duman. Sıx dumandan yalnız dimdik qalxan qayaların sivri ucu görünür. Elə bil dağlar, dərələr də əl açıb Tanrıya şükür edir: Şükür Kəlbəcərinə!

Qərənfil ana dağa-dərəyə baxa-baxa dillənir:

– Duman bu yerlərin yaraşığıdır!

Bayaqdan bəri heç dinib-danışmayan bir digər kənd sakini ayağa qalxır, lakin nahamar yol ona imkan vermir, odur ki ucadan Zəlimxan Yaqubun şeirini səsləndirir:

Arımı yemişəm, ar itirmişəm,
Bir dağam, zirvəmdən qar itirmişəm,
Qarabağ görkəmdə dünya gözəli,
Şuşa yaraşıqda yar itirmişəm
Öldürün, öldürün, öldürün məni.

Üstə duz səpilmiş yaramdı dünya,
Mənə yaz, düşmənə bayramdı dünya
Tək bircə Kəlbəcər gedibsə əldən,
Mənim kimisinə haramdı dünya.
Öldürün, öldürün, öldürün məni.

Qasımbinə kəndini keçəndə bayaq şeir deyən adamın yanında oturub kəndin tarixini soruşuram, niyəsə adı mənə maraqlı gəlmişdi.

Şeir deyən adam ilk olaraq özünün də şeir yazdığını söyləyir.

Sonra kənd haqqında danışır:

– Demək, bu kəndə qonşu kəndlərdən köçüb gəliblər. Başçılarından biri Qasım kişi olub. Maraqlıdır ki, Qasım kişinin sonra üç oğlu olub, onların da adını elə Qasım qoyub. “Binə” də məskən, yurd deməkdir. Yəni Qasımın yurdu.

30 ildən sonra…

Xudavəng monastrını keçirik. Sıx duman avtobusdan monastrı görməyimizə mane olur.

Ağdaban kəndinin adı ilə maraqlanıram. Kənd sakinlərinin hər birinin özünə görə nəzəriyyəsi var idi: Ağdabanı ağ dumana bənzədən də oldu, Albana da, ağ rəngli aşırıma da. Ortaq qərara gələ bilməsək də, kəndə gəlib çıxa bildik. Budur, Ağdaban kəndinin girişindəyik. Ordumuzun postunun yanında dayanırıq. Avtobusdakı kənd sakinlərinin dediyinə görə, burada əvvəl “Çay evi” olub. Postun ətrafında bir az gəzirik. Kəlbəcərin havasını ilk dəfə bütün bədənimizlə, bütün ruhumuzla hiss edirik. Dostumuz Mirmehdinin Cəbrayıl haqqında dediyi söz yadıma düşür. Mirmehdi deyirdi ki, mənim Cəbrayıldakı bulaqda şüşə lövhəyə toxunmağımla, cəbrayıllıların toxunmağı başqadır. O toxunuş min cür xatirəni yada salır. İndi eyni şeyi mən də hiss edirəm. Ağdaban sakinləri hər addımı, hər qarışı hiss edə-edə, xatirələri tarixin köksündən sökə-sökə, bir-birlərinə təsəlli verə-verə kəndin girişində dolanırlar. Bu dəm sakinlərdən biri dayandığımız yerlə üzbəüz meşəlikdə uçuq-sökük bir daxmanı göstərir:

– Babamın dəyirmanı…

Yaxınlaşıram, ayaqüstü bir az söhbətləşirik:

- Çox bərəkətli dəyirman idi. Allah haqqı, orda dən üyüdürdük, qoxusu iki kənd o yana gedib çıxırdı. Hamının tələbatını da ödəyirdi.

Məndən uzaqlaşıb gedə bildiyi qədər yolun kənarına çəkilir. Bir az da dəyirmana baxıb təzədən geri qayıdır.

Avtobusa əyləşib yolumuza davam edirik. Bundan sonra isə kənd sakinləri kəndin hər qarışını xatırlaya-xatırlaya uçuq-sökük daxmaları göstərir, xatirələrini danışır: Mustafa kişinin evi, Əlqəmə kişinin evi, Seyranın dükanı…

Bir azdan Ağdaban məktəbinin yanında dayanırıq. Məktəbdən qalan sadəcə uçuq-sökük divarlardır, vəssalam.

Dədə Şəmşirin məzarında...

Yolboyu Aşıq Şəmşirdən və onun oğlu və qızının qəbrinin Ağdaban kənd qəbiristanlığında olmasından danışmışdıq. Çünki Aşıq Şəmşirin nəvəsi də bizimlə yol yoldaşı idi. Amma nə qədər eləsəm də, ondan söz qopara bilmədim. Sadəcə susmaq və əzəli-əbədi torpaqlara qayıtmağın dadını çıxarmaqla məşğul idi.

Qəbrin salamat olub-olmaması haqqında heç kəsdə dəqiq cavab yox idi. Amma ümid var idi...

Qərənfil ananın sözlərinə görə, Aşıq Şəmşirin qızı Çimnaz xanımı Ağdaban faciəsindən bir az qabaq öldürüblər. Tərtərdən gələndə qonşu kənddən bir neçə nəfərin və Aşıq Şəmşirin qızı Çimnazın olduğu avtobusun yolunu kəsən ermənilər onları atəşə tutub hamısını öldürüblər.

Ağdabanlılar ermənilərdən çox çəkib…

Budur, yavaş-yavaş yamac boyunca kənd qəbiristanlığına qalxırıq. Qərənfil ana yolüstü bir vaxtlar işlədiyi mağazanı görüb dayanır. Təhlükəsizlik baxımından uçulmuş tikiliyə tam yaxınlaşmağa icazə olmadığından ətrafında bir xeyli dolanıb kövrəlir:

– Bala, elə bir gün idi ki, and olsun Allaha, ana balasını, bala anasını qoyub qaçırdı. Bir anda oldu hər şey. Səs-küy, güllə-boran. Düz üç nəfəri diri-diri yandırdılar.

Qolundan yapışıb yamacı qalxmasına kömək edirəm:

- Allah Prezidentimizə, ordumuza can sağlığı versin. Hələ də inana bilmirəm, Allah haqqı.

Bizim kənd qəhrəman kənddir. Nə olur-olsun, nə yaşayırıq-yaşayaq, o faciəni, o günü unuda bilmərik. Güllə demədilər, qorxu demədilər, hamı savaşdı. Allah hamısına rəhmət eləsin!

Başqa bir kənd sakini o günü belə xatırlayır: “Kənddən çıxmaq üçün bir yolumuz var idi. Camaat meşələrə töküldü. Hərə bir yana dağıldı. Kimi anasından, kimi balasından yapışdı. Gəldik Bağırlı kəndinə. Camaatın bir qrupu yol aşağı getdi, düşündülər ki, yolu tutmazlar. Sən demə yolumuzu da kəsibmişlər. Mühasirəyə almışdılar bizi. Yaxınlarım şəhid oldu”.

Atışma başlayan kimi ağdabanlılar meşələrə sarı üz tutublar.

Kənd sakinləri Ağdabanı ikinci Xocalı kimi qiymətləndirirlər: “İnsanların üstündən tanklarla keçdilər. Evlərimiz talan edildi. Ermənilər Ağdabanda ziyarətgahlarımız, qəbirlərimiz təhqir olundu, məhv edildi”.

Yamacı qalxırıq. Kənd sakinlərinin dediklərinə görə, həmin faciənin üç qurbanın qəbri burada yerləşir. Həmçinin Aşıq Şəmşir, onun qızı və oğlunun qəbri də burada idi. Qəbirlər dağıdılmış, kənarları qazılmışdı.

Qərənfil ana Aşıq Şəmşirin qəbrinin yanındakı çuxuru göstərib astadan pıçıldayır:

– Qızıl dişlərini söküblər, yəqin. Bunlardan nə desən, gözləmək olar.

Faciə qurbanlarını, Aşıq Şəmşiri və ailə üzvlərini yad edib kəndin bir digər yerində yerləşən və bəzi faciə qurbanlarının dəfn edildiyi yerə gedirik.

Yolboyu kənd sakinləri faciə haqqında danışır:

– Ağdaban faciəsi Kəlbəcərin işğalından bir il qabaq olub. Yəni aprelin 7-dən 8-nə keçən gecə. Kənddə 130-a yaxın ev ermənilər tərəfindən talan edilərək yandırılıb, dinc sakinlərə divan tutulub. 800-ə yaxın kəndli amansız işgəncələrə məruz qalıb, onlardan 70-i xüsusi qəddarlıqla öldürülüb. 3 nəfər diri-diri yandırılıb, 2 nəfər isə itkin düşüb.

Kənd sakini Rafiq Məmmədov deyir ki, 1993-cü ildə Kəlbəcər uğrunda döyüşən kəndliləri də olub. Bu, Ağdabanın işğalından sonra olub. Onlar o döyüşlərdə şəhid olublar: Ülfət, Rizvan və digərləri. Amma təəssüflər olsun ki, onların nəşləri bu günə qədər hələ də tapılmayıb.

Ağdaban faciəsinin 14 qurbanının qəbri sakinlər tərəfindən sadəcə bir daşla nişanlanıb. Birlikdə şəhidlərin ruhunu 1 dəqiqəlik sükutla yad edirik, ruhlarına dua oxuyub geriyə – avtobusa qayıdırıq.

Dönüş

Saat 13:55. Təhlükəsiz şəkildə gedə bildiyimiz yerlərə gəzib təzədən avtobusa toplaşırıq. Nahar vaxtıdır. Bu, yəqin ki, mənim ömrüm boyu keçirdiyim ən yaxşı nahar idi: Qərənfil ana bir-bir hamıya dürmək hazırlayır, onlarla bərabər olduğumuz üçün bizlərə təşəkkürünü bildirirdi.

– Kəlbəcər dürməyidir e, hələm-hələm ələ düşməz, – deyir.

Nahar bitdikdən sonra təzədən yola qoyuluruq. Yenə eyni şəkildə xatirələrini danışmağa başlayırlar, yenə eyni şəkildə "Bura filankəslərin" evidir deyilir.

Qayıdarkən bayaq keçdiyimiz Azərbaycan postlarını keçirik. Və bu vaxt dünya bir anlıq təzədən gözəlləşir: Ağdabanlılar əsgərlərimiz üçün hazırladıqları torbalarını onlara verir – yemək, geyim və s.

– Bu gün bura gəlməyimizə səbəb onlardır, – deyir Qərənfil ana.

Bu dəm kənd sakinlərindən biri cibindən yumruq boyda bir daş çıxarıb üç dəfə öpüb gözünün üstünə qoyur: kəndimizin daşı... Tozuna, torpağına qurban olduğum kəndimdən xatirə...

# 3940 dəfə oxunub

Oxşar xəbərlər

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

15:00 24 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

17:00 23 noyabr 2024
Mirzə Cəlil Sabirin heykəlinin açılışını niyə tənqid etmişdi? - TARİX

Mirzə Cəlil Sabirin heykəlinin açılışını niyə tənqid etmişdi? - TARİX

11:51 21 noyabr 2024
Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
# # #