Deyirəm ki, darıxsaydın, gələrdin - Əfsanə Rəvanın yeni şeirləri

Deyirəm ki, darıxsaydın, gələrdin - Əfsanə Rəvanın yeni şeirləri
24 yanvar 2024
# 16:24

Kulis.az Əfsanə Rəvanın yeni şeirlərini təqdim edir.

Qurtardı

Sən gedəndə üz-üzəydim ölümlə,
Təslim etdin ayrılığa əlinlə,
Bir də çətin barışarıq səninlə,
Qurtardı e, qurtardı.

Sevmədim ki, səndən özgə heç kimi,
Yaraların qaysaq tutub keçdimi?
Yağış döydü, xəzan vurdu eşqimi,
Apardı e, apardı.

Yaşadınmı mən yaşayan zülümü?
Çağırdınmı, səslədinmi ölümü?
Əcəl gəlib ən sevdiyim gülümü,
Qopardı e, qopardı.

Bir də gördüm, ayrılığın ilidi,
Həsrətinlə dinən könül kiridi,
O qış mənə nə oldusa, yeridi,
Amma indi bahardı e, bahardı.

Bir də çətin qovuşarıq səninlə,
qurtardı e, qurtardı!!!

Kişilər ağlamaz

Ömrümü yarıya böldü gedişin,
Nə gecəm bilindi, nə də sabahım.
Yumub gözlərimi, içimi çəkdim,
Ölüncə yaxanı buraxmaz ahım.

Dolub gözlərimə həsrət, intizar,
Dərdini özümlə daşıyıram mən.
Hərdən öz-özümə deyirəm, Allah,
Bu əzabla necə yaşayıram mən?

Kirpiyin tökülər, saçın tökülər,
Ömrün qurban gedər səhvə, günaha.
Oturub bəxtinə doyunca ağla,
"Kişilər ağlamaz" demirlər daha.

Darıxsaydın, gələrdin

İki yolun ayrıcında qalmısan,
Yoruldumu ümidlərin de, bilim.
Hərdən-birdən yazırsan ki, "darıxdım"
Sözdür, vallah, deyirsən də, nə bilim?

Həsrətini məndən yaxşı çəkən var?
Sənin qədər sevilsəydim, ölərdim.
Hisslərimdə yanılmıram, biləsən,
Deyirəm ki, darıxsaydın, gələrdin.

Bir də kimi sevərəm ki sən qədər?
Bir də kimə aldanacaq ürəyim?
Qıymaram ki, gözlərini unudam,
Sən unutdun? Sağ ol, var ol, nə deyim?..

Mənə mənsiz keçən günündən danış

De, necə izlədin bu müsibəti?
Yəni bir dəfə də canın yanmadı?
Bəs hansı günümə sevirdin məni?
Tüstüm ərşə çıxdı, havalanmadın.

Qınadım, qınadım bəxtimi axır,
Əydi uşaq kimi başını yerə,
Mən ki toparlanıb göyə daşındım,
Tökdüm ətəyimdən daşımı yerə.

Səndən başqa hər şey nağıldı mənə,
Uçdu e, bəxtimə qonan kəpənək.
Əşi, mən cəhənnəm, özündən danış,
Ala bildilərmi qadanı mən tək?

Çox çətin gəldimi yaşamaq sənə?
Hər ümid ardında yeni aldanış.
Güldümü gözlərin gözümdən uzaq?
Mənə mənsiz keçən günündən danış.

# 7080 dəfə oxunub

Oxşar xəbərlər

Anasının portreti ilə dünyanı fəth edən dahi - Ceyms Vistler kimdir?

Anasının portreti ilə dünyanı fəth edən dahi - Ceyms Vistler kimdir?

13:20 11 iyul 2026
Gözləri tutulandan sonra ən məşhur tablolarını yaratdı - Dahilərin müəllimi haqqında

Gözləri tutulandan sonra ən məşhur tablolarını yaratdı - Dahilərin müəllimi haqqında

11:30 10 iyul 2026
Dünyanın ən qanlı tablosunun arxasında gizlənən qadın faciəsi

Dünyanın ən qanlı tablosunun arxasında gizlənən qadın faciəsi

17:16 8 iyul 2026
"Görünür, ağcaqanadlar müəllifi çox narahat edib" - Hekayə müzakirəsi

"Görünür, ağcaqanadlar müəllifi çox narahat edib" - Hekayə müzakirəsi

12:15 8 iyul 2026
Azərbaycanı SSRİ-dən ayırmaq istəyən yazıçının dəhşətli taleyi - O, Səməd Vurğuna gizli məktubunda nə yazmışdı?

Azərbaycanı SSRİ-dən ayırmaq istəyən yazıçının dəhşətli taleyi - O, Səməd Vurğuna gizli məktubunda nə yazmışdı?

10:00 8 iyul 2026
Ayasofiya qazisinin qara eynəyinin arxasında nə gizlənir? - Səlim Babullaoğlunun ən sirli kitabı haqqında

Ayasofiya qazisinin qara eynəyinin arxasında nə gizlənir? - Səlim Babullaoğlunun ən sirli kitabı haqqında

15:00 7 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər