Rafiq Əliyev: “Mənim həyat mayakım o olub” – Müsahibə

Rafiq Əliyev: “Mənim həyat mayakım  o olub” – Müsahibə
18 may 2020
# 08:54

Kulis.az “İşdən kənar” layihəsindən dünya şöhrətli alim, akademik Rafiq Əliyevlə müsahibənin davamını təqdim edir. Xatırladaq ki, layihədə müxtəlif peşə sahibləri ilə ədəbiyyat söhbəti aparılır.

əvvəli burda

- Az əvvəl siz Xudu Məmmədovun “Məhdudiyyət kəşfin anasıdır” aforizminin səhihliyini öz həyatınız üzərində izah etdiniz.

- Bəli. Siz Bakıda böyümüsüz, yəqin. Düzdür?

- Qusarda böyümüşəm.

- Rayon uşağısız. Demək, bilməmiş olmazsınız, biz yayda barama becərirdik. Baramanın böyüməsi üçün tut ağacı lazım olur, daha doğrusu, tut yox, biz çəkil ağacı deyirdik.

- Cır tut.

- Bəli, cır tut ağacı. 3-cü sinifdə oxuyurdum. Ağaca çıxmışdım. Aşağıda da anamla bibim durmuşdu. Biz əminin həyat yoldaşına bibi deyirik. Demək, mən dəhrəylə budaq kəsmək istəyəndə dəhrənin ucu dizimi dərindən kəsdi. Qan apardı məni... O vaxtı qadınlar siqaret çəkərdi. Bibim tez cunanı çıxarıb kibritlə yandırdı, basdı yaramın üstünə. Sərdar, bu günə qədər həmin göy iz qalıb dizimdə. Üstündən 50-60 il keçib. Allaha min şükür ki, o, ordadı. Mənim həyat mayakım ayağımdakı həmin göy izdir. Bax, bu, həmin dediyiniz məhdudiyyətin yaratdığı məziyyətlərdən biridir.

Oxucuları kövrəltmək istəmirəm... Mən Moskvada aspiranturada oxuyanda, kimsə alma alanda qibtə eləyirdim, düşünürdüm ki, maşallah imkanı var. Mənim iki alma almağa imkanım çatmazdı. Amma bütün bunlar mənim üçün nəsə eləməyə ciddi stimul idi. İndi bilmirəm, bir şey eləyə bilmişəmmi, ya yox.

Gallery

- Kann Festivalının qalibi olmuş bir film var: “Kvadrat”. Təxminən elə bu mövzuya həsr olunub. Hər şeyin mümkün, əlçatan olduğu bir zamanda yaranan mənəvi problemlər... Qəhrəman küçədə özünə bir kvadrat çəkərək mənəvi dünyasını yığışdırmaq istəyir. Sanki həyatı ipə-sapa yatırmaq, dünyaya pəncərədən baxa bilmək mümkün olmayanda insan yeknəsəqliyin içində əriyib gedir.

- Sözsüz belədir. Mənim ən böyük arzum o olub ki, Allah məni maddi zəngin eləməsin. İnsan elə bir varlıqdır ki, bütün hissləri ödəndikdə - pul, mal, şəhvət – o zaman izafi bir hissə ehtiyacı yaranır. Məsələn, insanlar niyə narkoman olur? Qeyd elədiyim səbəblərdən. Bu fikrimi internetə rəhmətlik Lütfi Zadə qoymuşdu: “Allah insanı tarazlıqda yaradır: kimə nəyi, nə qədər”. Mən bu yaşa çatdım, elə bir adam görmədim ki, Tanrı ona hər şeyi versin. Mümkün deyil. Ola bilsin, kənardan baxıb görərsiz ki, hər şeyi var, amma bu, sizə elə görünür, kənardan belə nəticəyə gəlmək olur. Məsələn, yaxşı qamət verər, ağıl verməz. Çox yaxşı ağıl verər, dövlət verməz. Dövlət verər, yaxşı həyat yoldaşı verməz. Allah Nüsrət Kəsəmənliyə rəhmət eləsin, onun yazdığı kimi:

Atalıydı, analıydı uşaqlar
Bizim evdə biri vardı, biri yox.

İndi, dediyiniz kvadrat da vicdandır. Gərək ondan qırağa çıxa bilməyəsən. Sənin kvadratın olmalıdır.

Gallery

- Rafiq müəllim, az əvvəl Hüseyn Caviddən danışdınız... “Füyuzat” ideyalarından, füyuzatçılardan, bu məktəbdən söz düşəndə nədənsə “Molla Nəsrəddin” cəbhəsi də mövzu olur. Bu məktəblər çox vaxt müqayisəli xatırlanır. Həmin məktəblərin bizim ictimai funksionallığımıza təsiri barədə fikirlərinizi bilmək olarmı?

- Azərbaycanın mənəviyyat sütunu Mirzə Cəlil olub. “Əsrimizin Səyavuşu” siyasi sütundur. Bu sütunların sayı 5-dən artıq deyil. Amma bu sütunların hamısı bir adamda birləşib, o da Üzeyir Hacıbəyovdur. Ola bilsin, mən sualdan bir az qaçdım, çünki müqayisə eləmək fikrində deyiləm. Mirzə Cəlil də yüz ildən bir yaranan şəxsiyyətlərdəndir. Cavidi isə mən Şekspirlə müqayisə edirəm. Ədəbiyyatçılar məni diletantlıqda ittiham eləyə bilərlər, amma bunlar öz fikirlərimdir. Mən ədəbiyyatçı deyiləm. Cavid Şekspirdən balaca sənətkar deyil, ancaq Cavidin də Şekspir qədər mühiti olsaydı, nəticəni təsəvvür etmək çətindir.
Şekspirin əsərləri İtaliyanın intibah dövrünün hazır, götürülmə hekayələridir. Bu pəncərədən baxdıqda Caviddə orijinallıq daha çoxdur. Cavid mənim üçün çox böyük şəxsiyyətdir. Metafizik şair deyiləndə ilk ağıla gələn Caviddir.

- Repressiya zamanı Cavidin tələbələri dindirildikdə onlar deyirdi ki, Cavid bizə 1926-cı ildə “İncəsənət incəsənət üçündür” deyirdi. Hansı ki, həmin vaxt bu deyim Avropaya dadaistlərin ağzından yenicə yayılmışdı.

- Hərdən mən də sizin kimi düşünürəm. Məsələn, Axundov əlaqələrin zəif, dünyaya çıxış imkanlarının çox məhdud olduğu bir vaxtda necə böyük yazıçı kimi formalaşa bildi, yeni yaranan fikirləri əsərlərində necə cəmləyə bildi? İnternet yox, kitablar az, Qərblə başqa əlaqə yox... Elmdə də belə şeylər olur. Məsələn, iki şəxs eyni vaxtda eyni ixtiranı edir. Görünür Cavid də, Mirzə Fətəli də tarixə çıxışları az olsa da, fikir etibarı ilə, Tanrının verdiyi güc ilə o düşüncələri yaşaya biliblər.

Gallery

- Ramiz Rövşənlə dost olduğunuzu dediniz... Ədəbi mühitdən başqa kimlərlə dostluq, yoldaşlıq münasibətləriniz var?

- Qəribədir, mənim dostlarım arasında sənət adamları daha çoxdur, nəinki elm adamları. Allah rəhmət eləsin, Bəxtiyar Vahabzadə ilə çox böyük dostluğum olub. Onun haqqında bir neçə yazı yazmışam. Ramiz Rövşən mənə dostdan da, qardaşdan da artıqdır. Musa Yaqub dostumdur. Musa dağlardan süzülən şəffaf bulaq suyudur. Anardır, Kamal Abdulladır, Qulu Məhərrəmlidir, şair Rəfail Tağızadədir... Rəfailin bu yaxınlarda çox gözəl bir kitabı nəşr olunub. Yeri gəlmişkən, Kamalın da son romanını oxudum – “Sirlərin sərgüzəşti”. Sonra Kamal mənə bir kitabını vermişdi, Dədə Qorqudda dil üslubu barədə. Onu xaricdə oxudum və qayıdanda özüylə də danışdım. Həm ədəbiyyat adamı olmaq, həm bu qədər intellekt, metafizik yanaşmaya sahib olmaq unikal hadisədir. Mən hətta orda öz ixtisasıma uyğun olaraq qeyri-səlis məntiq də tapdım. Sonra Ramiz Həsənoğlu, Cavanşir Quliyev, Vaqif Gərayzadə dostlarımdır. İndi xatırladıqlarım bunlar oldu, amma çoxdur. Sənətçi dostlarımın elm adamları ilə müqayisədə daha çox olması bəlkə də onunla bağlıdır ki, Azərbaycanda ədəbiyyat daha çox inkişaf edib, nəinki elm.

- Gənclərdən oxuduqlarınız, maraqlandıqlarınız varmı?

- Təbii ki. İndi gənc sayılmasa da, Fəxri Uğurlunun hekayələrini oxudum. Çox yaxşı hekayələri var Fəxrinin. Aysel Əlizadənin şeirlər kitabını oxudum. Aqşin Yeniseyi oxuyuram. Adını çəkmədiklərim inciməsin, çoxunu oxuyuram. Amma mən bayaqkı sözünüzə qayıtmaq istəyirəm, böyük məhdudiyyətlər olmasa, böyük əsərlər yaranmır.

Gallery

- Radikal səslənsə də, senzuranın sənətə müsbət impulsunun olduğunu qəbul edirsinizmi? Belə bir arzum, istəyim yoxdur. Sadəcə siz iki dönəmi də görmüş bir şəxs kimi bu barədə daha dolğun bilgiyə maliksiniz. Fikirləriniz maraqlıdır.

- Dediyiniz həmin müsbət impulsu verən əslində mühitdir. Senzurasız da həmin mühiti yaratmaq mümkündür. Məsələn, mənim dünyanın müxtəlif ölkələrində 76 kitabım çıxıb. Heç bir kitabımda partiya sözü yoxdur. Hətta o vaxtı Moskvada kitablarım çıxanda deyirdilər əvvəlinə, “22-ci qurultayın nə bilim nəyini nəzərə alaraq...” və s. sözləri əlavə edək. Hətta özüm də partiyaçı kommunist olmuşam, amma bir dənə də partiya sözü yoxdur kitablarımda. Belə bir şəraitdə mən elə bir kitab yazmalı idim ki, o sözü yazmaya bilim, o sözsüz keçinə bilim. Bu baxımdan, dediyiniz məqamda senzuradan daha çox mühit sözü yerinə düşür. Mənim heç bir kitabımda kiminsə, nəyinsə tərifi olmayıb, indi də yoxdur.

- Kitablarınız Azərbaycanda niyə çıxmır?

- Mənim kitablarım daha çox elmi kitablardır, nəzəriyyədir.

- Rafiq müəllim, sizin şeirləriniz də var...

- 2008-ci ildə Səyyarənin “Ovqat” verilişi var idi. Aparıcı əl çəkmədi, dedi, öz şeirlərinizdən oxuyun. Çox çalışdım, imtina edim, dedim, romantik şeirlər idi və s. Mənim hardasa 40-50 şeirim çıxmışdı. Rəhmətlik qudam Famil Mehdi yığmışdı onları bir yerə. Hətta bir mənzum pyesim də var idi. Ramiz Rövşən deyir ki, həmin verilişə bir nəfər dostumuzla oturub baxırdıq, səndən şeir istəyəndə dedim, Rafiq, demə ha, şeir demə... Səyyarə də əl çəkmədi. Mən də bir bənd oxudum. Ramiz deyir, axı sənə dedim, demə də, bunu (gülür).

Gallery

Şeirlər olub. Ramiz Rövşənə həmişə deyirəm, Allah üzümə baxıb, o vaxtdan şeir yazmamışam, yoxsa sənin kölgəndə qalacaqdım. Çox qəribədir, bəzi rektorlar, nazirlər yaşlanandan sonra başlayırlar şeir yazmağa. Absurddur, mənasız bir şeydir. Görünür, öz sənətiylə zamanında özünü bir səviyyəyə qaldıra bilməyib, indi tarixdə qalmaq istəyir. Amma o şeirlərlə, o romanlarla tarixdə qalmaq mümkün deyil. Sənin peşən səni şəxsiyyət səviyyəsinə qaldırırsa, demək, sən o peşənin sahibisən. Peşədə gərək şəxsiyyət olsun. Bu, Fuad Poladovun sözü idi. Fuad özü çox şəxsiyyətli adam idi. O adamlar ki, vaxtında peşələri ilə şəxsiyyət ola bilməyiblər, indi belə işlərlə o səviyyəyə can atırlar. Mənim elə bir arzum yoxdur (gülür).

- Rafiq müəllim, sonda musiqi zövqünüzlə də tanış olardıq.

- Nəzakət Teymurova barədə 3 yazı yazmışam. Bu gün sevdiyim 1 nömrəli şərqiçi Nəzakət Teymurovadır. Onun haqqında ABŞ-da ingilis dilində də bir yazım da çap olunub. Bir yazımda yazmışdım ki, çoxölçülüsən – həm muğam, həm opera və s. Amma mən bir şey arzulayıram; bir lövhə yaradasan, zəminxarə, Ramiz Rövşənin “Qara paltarlı qadın” şeiri və bir də sənin nisgilli səsin. Ancaq ricam var, çalış tam qara olmasın lövhə. Onu elədi. Sonra Arif Babayevin səsi nadir səsdi, onu sevirəm. Qədirin səsi ümumiyyətlə ilahi bir səsdi. Ramiz Rövşən deyir, Moskvada ali ssenari kursunda oxuyanda Qədir Rüstəmovun mahnılarını oxudanda, ruslar deyirdilər ki, bu insan səsi deyil. Sevdiyim musiqilərdən danışarkən bunları deməliyəm, klassiklər - Xan, Seyid Şuşinskilər də öz yerində. Mən 5 illik tar sinfini bitirmişəm. Rəmişlə gedirdim tar sinfinə. Rəmiş məndən bir sinif aşağı oxuyub. Bizdən 3-4 sinif sonra Ramiz Quliyev gəldi. Buna görə də musiqi deyəndə mənim ağlıma ilk olaraq muğam gəlir.

- Təşəkkür edirəm, Rafiq müəllim.

- Mən də minnətdaram. Gənclərə belə bir müraciət etmək istəyirəm; biz dünənik, bu günün nə qədər işıqlı olub-olmadığını bilmirəm, amma çox böyük ümidim – bu arqumentsiz optimizm deyil, elmə, dünyanın gərdişinə söykənərək deyirəm, sabahımız çox işıqlıdır, o da sizlərsiniz.

# 15466 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
# # #