Məşhur abidələri eskizə çevirən 16 yaşlı modelyer: “Geyim sosial mesaj ötürməlidir” – Müsahibə

Məşhur abidələri eskizə çevirən 16 yaşlı modelyer: “Geyim sosial mesaj ötürməlidir” – Müsahibə
14 yanvar 2021
# 12:51

Kulis.az Azərbaycanın işğal altında qalan abidələrini geyimlərdə əks etdirən 16 yaşlı modelyer Zümrüd Ağasıyeva ilə müsahibəni təqdim edir.

- Zümrüd Ağdam Çay Evini və digər abidələrimizi geyimlərdə əks etdirmək ideyası necə yarandı?

- Ümumiyyətlə, mən modelyer olmaq qərarına gələndə artıq bilirdim ki, gələcəkdə Azərbaycanla, Qarabağla bağlı mütləq bir iş görəcəm. Moda eskizi kursunda bizə eskizdən ruhlanma dərsləri keçirilir. Mən də ruhlana biləcəyim şəkillər axtaranda daha çox Azərbaycan abidələrinə baxırdım. Ağdam Çay evi çox qədim tarixə malik olmasa da nədənsə, diqqətimi ilk o çəkdi. Ondan ruhlanıb belə bir ideya yarandı məndə. Eskizi çəkdim və gördüm ki, həqiqətən də orijinal bir şey alındı. Ondan sonra digər tarixi abidələrimizi geyimlərdə təsvir etdim. Müəlliməmə göndərdim o da çox bəyəndi və dedi ki, sən mütləq bunları kolleksiya etməlisən.

- İdeyanız artıq diqqət çəkdi. Belə tezliklə reaksiya verilməsini gözləyirdiniz?

- Açığı heç gözləmirdim. Hələ də mənə elə gəlir, şişirdilir. Mən sadəcə ideyamı təqdim etmişəm. Çox da mükəmməl bir iş ortaya çıxartdığımı düşünmürəm. Düşünürəm ki, işlərim abidələrlə, ölkə ilə bağlı olduğu üçün daha çox diqqət cəlb edib.

- Özünüzü bu sahədə necə kəşf etdiniz. Niyə modelyer olmağı seçdiniz?

- Açığını söyləsəm, əvvəl modelyer olmaq istəməmişəm. Tez-tez fikrimi dəyişmişəm bu mövzuda. Amma əl qabiliyyətim olduğu üçün hiss edirdim ki, incəsənətə daha çox meylliyəm. Bir çox kurslara getməyə başladım. Müxtəlif maraq dairələri olan biri olduğum üçün özümü tapmağa çalışırdım. Hansı sənətin mənə daha uyğun olduğunu isə moda eskizi kurslarına gedəndən sonra anladım. Və artıq qətiləşdirdim ki, mən məhz modelyer olmalıyam.

- Zümrüd, Azərbaycanda hansı modelyerləri izləyirsiniz?

- Düzünü deyim ki, Azərbaycandakı modelyerlərin işlərini izləmirəm. Daha doğrusu, heç kimi tanımıram. Daha çox xariciləri izləyirəm. Məsələn, Koko Şaneli, Karl Laqerfeldi... Karl Laqerefledi öz idealım hesab edirəm. Çox uğurlu və tanınmış markaların işləmək istədiyi bir modelyer olub, amma mən öz markamı qurmaq fikrindəyəm.

- Dedin, Azərbaycanda heç bir modelyeri tanımırsan. Misal üçün, Gülnarə Xəlilova məşhur yerli modelyerdir, heç rast gəlməmisən adına?

- Nə yalan deyim, tanımıram. Bilirsiniz, mən həm də ingilis dilimi inkişaf etdirməyə çalışdığım üçün bu sahə ilə bağlı ingilis dilində materiallar izləyim. Dünyaca məşhur modelyerləri tanıyıram, amma azərbaycanlı modelyerləri araşdırmamışam.

- İşlərinizdə milli ornamentlər olaraq ilk addımı abidələrimizlə atdınız. Gələcəkdə geyimlərə hansı milli ornamentləri qatmağı düşünürsünüz?

- Azərbaycan xalçalarının üzərində olan milli ornamentlərdən istifadə edərək eskizlər çəkməyi planlaşdırıram. Milli ornamentləri müasir geyimlərdə əks etdirməyə çalışacam. Keçmişlə müasir dövrün sintezi düşünürəm ki, maraqlı və diqqət cəlb edən olacaq.

- Zümrüd, bu sahədə seçilmək üçün təməl şərt nədir sənə görə?

- Məncə, istənilən sahədə seçilmək üçün insan öz qarşısına məqsəd qoymalı və çox çalışmalıdır. Seçilən modelyer olmaq üçün insanların tələblərinə uyğun məhsullar istehsal etməklə yanaşı öz kreativliyini, xarakterini və mənliyini əks etdirməlisən. Dünyada məşhur modelyerlərin hər birinin fərqli tərzləri var. Şanel deyəndə bəlli bir tərz gəlir ağlımıza. Ona görə də öz tərzində insanları məmnun edəcək, həmçinin içərisində sosial mesajlar ehtiva edəcək geyimlər təqdim etməlidir.

- Sizin bir tərziniz varmı, yoxsa hələ axtarırsınız?

- Tam olaraq tərzim yoxdur hələ, axtarışdayam. Amma daha çox rəngli, canlı və detallı şeyləri sevirəm. Yəqin, gələcəkdə inkişaf etdirdikdə tərzimi bu nüanslar üzərində formalaşdıracam. Tərzimi insanlara qəbul etdirmək kimi bir istəyim, hədəfim yoxdur. Sadəcə, sevdiyim və istədiyim işi görmək istəyirəm.

- Qeyd etdiniz ki, geyimlər sosial mesajlar ötürməlidir. Sizin belə nümunələriniz varmı?

- Məsələn, elə abidələrlə bağlı çəkdiyim eskizlərdə sosial mesaj var. Gələcəkdə məşhur modelyer olsam belə bir kolleksiya hazırlayıb bütün dünyada nümayiş etdirmək istəyirəm. Hətta Qarabağda baş verən hadisələri də geyimlərim vasitəsilə dünyaya çatdırmaq arzusundayam.

# 3291 dəfə oxunub

Oxşar xəbərlər

Orxanın hekayəsini kim danışır? - Mətanət Vahid

Orxanın hekayəsini kim danışır? - Mətanət Vahid

14:38 5 avqust 2025
"Getdiyin yolun bitməyini istəyirsənsə..." - İnsan niyə Tanrıdan asılı deyil?

"Getdiyin yolun bitməyini istəyirsənsə..." - İnsan niyə Tanrıdan asılı deyil?

09:00 30 iyul 2025
Bəxtiyar Vahabzadənin o şeirindən sonra... - Vaqif Səmədoğlunun kitabı niyə qadağan olundu?

Bəxtiyar Vahabzadənin o şeirindən sonra... - Vaqif Səmədoğlunun kitabı niyə qadağan olundu?

09:00 29 iyul 2025
Sevgili cin - Kamal Abdullanın hekayəsi

Sevgili cin - Kamal Abdullanın hekayəsi

14:05 28 iyul 2025
Bir biləydim, məni kim unutdurur... - Xəyalə Sevilin şeirləri

Bir biləydim, məni kim unutdurur... - Xəyalə Sevilin şeirləri

17:00 27 iyul 2025
"ABŞ bu uşaqlardan can qurtarmaq üçün arxa qapı yaratmışdı..." - Valeria Luiselli

"ABŞ bu uşaqlardan can qurtarmaq üçün arxa qapı yaratmışdı..." - Valeria Luiselli

10:00 27 iyul 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər