“Bu, deyəsən, film deyil”

“Bu, deyəsən, film deyil”
30 avqust 2023
# 10:15

Kulis.az Ömər Xəyyamın “Bu, deyəsən, film deyil” yazısını təqdim edir.

Dünən ikinci dəfə “Həyat, deyəsən, gözəldir” filminə baxdım.

İkinci dəfə – böyük ekranda.

Əgər o biri filmlərin xətri olmasaydı, Vaqif Mustafayevin bu filmi haqqında heç nə yazmaz, apağ boşluq buraxardım.

Uman yerdən küsərlər.

Olsun ki, Vaqif müəllim məni tanımır, fəqət mən onu yaxşı tanıyıram, bütün filmlərini izləmişəm.

Olsun ki, Vaqif müəllim də digər yaradıcı yaşıdları kimi hələ şah əsərini yaratmadığını, hələ sonuncu şilləni vurmadığını düşünür, fəqət məndən ötrü rejissor Vaqif müəllim dünən, yetmişinci yaş günü öldü.

Allah rəhmət eləsin!

Düzdür, müəllifin ölümü sənət müstəvisində faydalıdır, hətta vacibdir, gəl ki, Vaqif müəllimin rejissor kimliyi 1997-də “Hər şey yaxşılığa doğru” filmindəki yiyəsiz tabutdan “Space”nin ortasına düşdü; düşdü, düşdü və nəhayət, yekə, əyri burunlu, özünü ölülüyə vurmuş erməni obrazına çevrildi.

Müharibənin mahiyyəti budur: sən zamanla düşməninə çevrilirsən, ona oxşayırsan: qəddarlaşırsan, zalımlaşırsan, bayağılaşırsan...

Əlbəttə, söhbət bütün müharibələrdən getmir, məsələn, ola ki bir gün isveçlilərlə dava-qırğına başlayasan, - bu, tamamilə başqa söhbətdi, yox, sənin düşmənin ermənidirsə, ehtiyatlı olmalısan, özünü qorumalısan ki, bu dava-dalaşın mahiyyəti səni yeməsin; atdığın güllələrlə xırdalanmayasan.

Bəs nə? Güllə öldürdüyü an dirilir. Güllə öldürdüyü an mənalanır. Bir növ, öldürdüyün adamlara çevrilirsən, onların ölümünü yaşamağa başlayırsan.

Sənət budur, buradadır! Bu incə qırmızı xəttin altında...

Ki, “Həyat, deyəsən, gözəldir” bu mənada qələbə filmi yox, düşmənlərimizə oxşamağımız haqqındadır...

Pah atonnan, ermənilərin hamısının burnu əyriymiş, hamısı dəliymiş, hamısı qorxaq imiş... Hə də, ermənilər kakaşdı, pıxıdı, üəəədi...

Bəs yaxşı, biz bu ağılsızlara, şundullara məğlub olmuşduq? Tutalım, belə olub, olur belə, yaxşı, bu dəfə dədə-baba torpaqlarımızdan qovduqlarımız kim idi? Başıxarablar, qorxaqlar? Biz bu kakaşları, pıxılarımı öldürüb qalib olmuşuq?
Bu, qələbəmizi aşağılamaq deyilmi? Bu, o deməkdir ki, biz dağ boyda igidlərimizi beş-üç axmağa görə qurban vermişik...

Nədir bu ”Rembo” düzəltmək istəyi? Travma? Kompleks?

“Dolu” filmini xatırlayıram...

Amma yox, köşə olsa da, gərək publisistik elementlərdən iraq olsun. Məsələn, yuxarıdakı abzas, bir növ, donosvari oldu, guya mən yuxarılara filmin altındakı mesajı çatdırıram.

Bol tüstülü, bol işıqlı filmin texniki problemləri, aktyorların aktyorluğu – ki, niyəsə bizim aktyorlar obrazı təqlid edirlər, sözün pis mənasında aktyorluq edirlər, - ayrı mövzudur.

Üstəlik, bayağı atmacalar, gülünüb qurtarılmış zarafatlar. Partlayış vaxtı ora-bura uçan əsgərlər...

Hə, hə, bu da müəllifin üslubudur: Festival effekti, teatral faciə.

Desələr ki, filmdə niyə bu qədər tüstüdən istifadə etmisiniz, deyərsiniz ki, müharibəyə işarədir. Desələr, bəs bu qədər işıq niyə? Deyiniz ki, o da ümidli günlərin simvoludur.

İstənilən yaradıcılıq nümunəsini mənalandırmaq olar, fəqət həqiqət dəyişmir: “Bu, deyəsən, film deyil”

Məsələn, bu filmi götürüb dünyaya çıxsan, desən ki, bəs Qarabağ həqiqəti, bizim müqəddəs qələbəmiz haqqındadır, adamı urvatsız eləyib göndərərlər.

Mənim Vaqif müəllimin filmləri haqqında, o filmlərin məktəbi haqqında deməyə sözüm, yazmağa qüdrətim var, ələbəttə. Elə bu filmin özü haqqında da texniki müstəvidə xeyli yaza bilərəm, fəqət bu teatral fışfışa o qədər film deyil ki, nəinki haqqında yazmaq, heç bu barədə düz-əməlli susa da bilmirəm.

Məhz belə: fışfışalı, teatral yalan...

Görən, bu “ideoloji” filmin faydalı iş əmsalı nə qədərdir? Əmsal demiş, heyif o puldan...

Vaqif müəllim dünən özü dedi ki, yalanı o vaxt danışırsan ki, həqiqəti bilirsən.

Mən əminəm, Vaqif müəllim həqiqəti bilmir, yoxsa belənçi pis yalan danışmazdı.

Müəllifin fikirləri redaksiyanın mövqeyini əks etdirmir

# 9425 dəfə oxunub

Oxşar xəbərlər

"Döyüşə bilmirdin, ölməyə gedəydin Şuşaya..." - "Otel otağı"nın yaddaşla hansı əlaqəsi var?

"Döyüşə bilmirdin, ölməyə gedəydin Şuşaya..." - "Otel otağı"nın yaddaşla hansı əlaqəsi var?

12:00 28 mart 2026
Səsin rəngi, dadı və dərdi - Səməndər Rzayevi bizə doğma edən nə idi?

Səsin rəngi, dadı və dərdi - Səməndər Rzayevi bizə doğma edən nə idi?

12:00 27 mart 2026
"Arvadının köməyi olmadan hətta özünü güllələyə də bilmirsən!" - İtaliyalı Nobel mükafatçısından sitatlar

"Arvadının köməyi olmadan hətta özünü güllələyə də bilmirsən!" - İtaliyalı Nobel mükafatçısından sitatlar

13:00 26 mart 2026
Mircəfər Bağırovun onu həbs edəcəyi qorxusu ilə yaşayan böyük sənətkar

Mircəfər Bağırovun onu həbs edəcəyi qorxusu ilə yaşayan böyük sənətkar

10:10 26 mart 2026
Şərq estetik düşüncəsi Qərb avanqard ənənəsi ilə vəhdətdə - Aydan Salahovanın qadın obrazları nəyi simvolizə edir?

Şərq estetik düşüncəsi Qərb avanqard ənənəsi ilə vəhdətdə - Aydan Salahovanın qadın obrazları nəyi simvolizə edir?

15:00 25 mart 2026
Sina səhrasında qətl - Mehdi Dostəlizadənin yeni hekayəsi

Sina səhrasında qətl - Mehdi Dostəlizadənin yeni hekayəsi

10:00 25 mart 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər