Bədii düşüncə, yoxsa psixoloji akt? - Rəvan Cavid yazır...

Rəvan Cavid

Rəvan Cavid

12 iyul 2022
# 15:00

Kulis.az Rəvan Cavidin yazısını təqdim edir.

Uyğunlaşdırma

Yaradıcı adamlar üçün ən çox istifadə olunan cümlələr hansılardır? Birini mən deyim: “Onun öz dünyası var...” Nədir “onun öz dünyası?” Bu sual sənətin də nə olduğu sualının təməl cavablarından biridir, əslində. Davamlı şəkildə özünü təkrarlayan və bundan mozaxistcəsinə həzz alan bizlərin həyatında yaradıcılıq sıradan bir hadisə kimi qiymətləndirilmir.

Qədimdə şair olanlar lənətlilər kimi qiymətləndirilir və yandırılırdılar. Onlar özlərini tanrıyla bərabər tutmaqda ittihamlandırılır və lənətli cümlələrlə – şeirlərlə xalqı yoldan çıxarmaqla günahlandırılırdılar. Sənət insan üçün çox gec aydınlandı. Mahiyyətində eqoizm olan adəm oğlunun özünü daim sorğulayan sənəti başa düşməsi və qəbul etməsi çox qurbanlar tələb edirdi.

Çünki sənət tanrının verdiyi (ya da yazdığı) həyata alternativlər axtarırdı, o həyatları bəzən şərin timsalında, bəzən də xeyir mələklərinin hədiyyəsi kimi təqdim edir, insan məişətində nəyin doğru, nəyin yanlış olduğuna bir növ qərar verməyə çalışırdı. Sənət insan münasibətlərinin aliləşməsinə, insana heyvani cinsdən çıxıb ruhi mahiyyətinə və əsas xüsusiyyətlərinə geri qayıtmağa kömək etdi.

İlk əhvalatların, ya da rəsmlərin necə yaranması ilə bağlı həm mifoloji mətnlərdə, həm də qədim yazılı abidələr yüzlərlə fərziyyələrə rast gəlirik. Maya miflərində insanın gəldiyi yerə (cənnətə) qayıtmasına mane olan iki kəşfdən söz açılır. Birincisi, alov, ikincisi, rəsm. Bu iki nəsnənin kəşfi insanın Yer üzündəki komfortunu təmin etdi və yalnız bu iki kəşfdən sonra insan özünü yaşamağa məcbur bildi.

Dəyişən həyatın şəkilləridir. Bir vəziyyətdən başqa vəziyyətə deformasiya edən həyatımız monoton təkrarlarla sərhədlənir. Sənət insanı bu monotonluqdan azad etməyin tək yolu idi. Yaradıcı şəxslər “öz dünyasında” tapdığı əhvalatları danışdıqca bunun digərləri üçün də maraqlı olduğunu gördülər.

Bu yolla insanlara kütlələrə bölmək, onları idarə etmək daha rahat idi. Nağıllar ilkin dini cərəyanların əsası oldu. Din isə ilk cəmiyyətlərin formalaşma alqoritmini yaradan bir sistem idi. Bu sistemin bir parçası olan sənətin “vəzifələri” arasında dominantlığı inandırmaq məsdəri tutdu. İnandırmağın ilk şərti isə inanmaq idi. Uydurulmuş, bəzədilmiş bir əhvalata öncə onu danışan inanmalı idi. Bu isə artıq insan beynin alt qatlarına həllini tapacaq məsələlər idi.

Şübhəsiz, sənətin inkişaf modelləri artdıqca insanın beyin yarımkürələrinin də işləmə mexanizminə təsir göstərdi. Hətta Freydin nəzəriyyəsinə görə insanının öz yaradıcı potensialını kəşf etməsi onun beyin formasını dəyişən və genetikasında vacib kodların yaranması üçün münbit şərait yaradan səbəb idi.

Daha sərt şəkildə ifadə etməyə ehtiyac duysaq bu ifadəni işlətməyə ehtiyac var: İnsan özünü aldatmağa məcburdur. Sənət şəxsi kimliyini gizlədən, bu detektiv oyunundan yeni obrazlar quran və ən vacibi istədiyi həyatı təqdim edən, ondan danışmağın bütün yollarını kəşf etmək istəyənlərin toplandığı bir müstəvi oldu. Sənət insanı öz dünyasından xilas edən yaradıcı kimliyini ortaya qoydu.

Bu, şəxsiyyət ikiləşməsindən, şəxsiyyət pozuntusundan ciddi dəyişiklik idi.

Bütün sahələrin eyni müstəvidə kəsişdiyi bir dünyada sənət və psixologiya ən yaxşı yola gedən və heç vaxt bir-birini tam çözə bilməyən yoldaşlar olaraq qalacaq. Psixologiya sənətin mahiyyətini aça bilmir, çünki sənət kontursuz bir sonsuzluqdur və onun sərhədləndirilmək kimi bir dərdi də yoxdur. Psixologiya isə (elm kimi) dəqiqliyə can atan və özünə düsturlar hazırlayan bir hala gəldi.

Şüurun idarə edilməsi yollarını axtararkən özünü tamamilə çəpərləyən psixologiya psixo-analizin kəşfinə qədər ruhi xəstələrin və ya şəxsiyyət problemləri yaşayan adamların problemlərini həll etməkdən daha faydalı heç nə etmirdi. Ta ki bu problemlərin cərgəsinə yaradıcı adamların narahatlıqları girdi. Sənət və bu incə elm arasında əlaqələri tapmaq lazım gəldi.

Yunqun fərziyyələri

İnsan və sənət arasında münasibətləri araşdıran Karl Qustav Yunq psixologiyanın, ümumiyyətlə, heç bir elmin insanın yaradıcı kimliyini üzə çıxarmağı bacarmadığını izah edir. Tarixin ən saf dönəmində belə, psixologiyanın, şeirin, siyasətin bir-birinə uşaq beynində olduğu kimi saf, təmiz əlaqələri zamanı belə bu sahələrin bir-biri üçün həmişə gizli qaldığını vurğulayır.

Yunq psixologiyanın sənətin insana təsir edə biləcək qatına qədər endiyini, əsas mahiyyətindən həmişə uzaq qaldığını deyir. Bunun əsas göstəricisi kimi psixologiyanın özünü məhdudlaşdırdığını əsas gətirir. Din və sənət ruhun yaddaşında gizlidir. Sənət yaradıcı eqonun meydana gətirdiyi iddiaların cəmidir. Bu eqo həm də tanrıya məxsusdur.

Belə deyək, insanın öz sənət tərəfini tapması metafizik mənada onu yaradana da sərf edir. Sənət dinin alternativi olaraq meydana çıxır. Bu tərif isə sənət cərəyanlarının yaranmasına və inkişafına əsas qol verən iddiadır. Öncə mərkəzdə tanrının, sonra insanın, sonra isə əsərin durduğu piramidaların işıq düşməyən tərəfində əsl mahiyyət gizlidir. Psixologiya bu piramidaların yalnız gözlə görülə bilən yanlarında fırlanır. Psixologiya sənət və din anlayışlarını bütünlüklə izah edə bilmir. O, yaranan əhvalın və şəxs üzərindəki təsirin konturlarını müəyyən edə bilir. Bu baxımdan heç elm də sənət və inanc kəlmələrinin haqqını vermir.

Çünki sənətin və bütün anlamıyla dinin qanunauyğunluğu, sərhədləri, əsasları yoxdur. Belə olsaydı, biz onlardan elə psixologiyanın bir sahəsi kimi danışardıq.

Sənət əsərinin yaranma müddəti, yaradıcı kəsin mətbəxi və mövzu axtarışları psixoloji yozuma əsas verən şərtlərdir. Məsələn, bir şairin həyatından çıxış edərək onun şeirlərini təhlil etmək və ya yaşadığı coğrafiyada gedən proseslərə güzgü tutmaq istəyi və sair. Elm sənətin bu qədərini izah edə bilir. Bir şeirin əsas özəyi bunlar deyil təbii ki.

Müəllifin bioqrafiq detalları onun oynadığı oyunun açıq kartlarıdır. Hələ müasir ədəbi tendensiyaları da nəzərə alsaq, sənət və psixologiya Yunqun nəzəriyyələrini bir az daha gerçək kimi göstərir. Karnaval dövrünün mətnləri özündə fəlsəfəni, siyasəti, psixlogiyanı, sosial elmləri birləşdirdikcə əsasdan bir az da uzaqlaşırıq. Sənətin məişət praqmatikliyi onu yaradan ilkin ehtimalları daha dərinə basdırır.

Freydin təcrübələrindən sonra psixologiyada olduğu kimi ədəbiyyatda da fərdə münasibət dəyişdi. Və fərd əsas xarakterləri ilə roman sənətində, şeirdə şüurunda gedən prosesləri özü danışmağa başladı. Yəni, bu gün psixoloji nəticə kimi göstərilən bütün detallar sənətin özünün verdiyi ip uclarıdır.

Sənət bir iradə azadlığıdır və psixologiya zehin azadlığının tərəfində duran elm olduğu üçün ruhun təməlinə enə bilmir. Əsər sadəcə öz zamanında aktual olmaya bilər, hətta ən ciddi nümunələr min illər sonraya belə mesaj verəcək qədər önəmli sayılır. Məsələn, Dante. Psixoloqlar, daha dəqiq desək, psixo-analtiklər fərdin yaşadığı zamanı, ona təsir edən ictimai-siyasi səbəbləri və gen yaddaşındakı (ailədən gələn) ənənələri araşdırır. Yunq Hötedən misal çəkir və “Faust”un hansı səviyyədə təhlil olunacağı barədə ən kiçik nümunə belə çəkə bilmədiyini yazır. Öz zamanını qabaqlayan əsərlərin təməlində yalnız sənət üçün məlum olan, bizə və hətta sənətçiyə naməlum qalan detallar var.

Sənətçi

Freyd sənət və psixologiya münasibətlərini araşdırarkən yaradıcılığın əsas özülündə dayanan sənətçini də təhlil etməyə çalışır və bunun üçün onun şəxsi xəstəliklərinə və narahatlıqlarına nəzər yetirir. Yaradıcılığı nevrozun bir forması kimi qiymətləndirən Freyd ümumi anlamda şəxsiyyət ikiləşməsindən söz açmır. Yəni, yaranan yeni sənət növü bir şəxsiyyətin fərqli ruh halını xarakterizə etmir.

Sənət ruhun kənara sarpmasıdır. Şəxsiyyət problemləri kimi o da bir başa beyinlə bağlıdır. Şəxsi xəstəliklərin sənətə təsiri danılmazdır. Freyddən sonra Rank və Stekel də eyni təcrübələri apardılar və demək olar ki, eyni nəticələrə gəlib çıxdılar. Lakin bu xəstəliklər yaradıcı kəsin mətbəxində olur, yəni sənət əsərinin yaranmasına şərait yaradan nəsnələrdən sadəcə biri olaraq qalır.

Sənət nümunəsinin xarakterində hiss olunacaq qədər vacib bir mövhum olsa da, bu belə onun əsl mahiyyətini açıqlaya bilmir. Əslində, ruhi xəstələri sənət yolu sağaltmağa çalışan psixoloqlar bu fərziyyələr üzərindən iş görürlər. Tərs məntiq. Yəni, sənət əsərinin yaranmasına lüzum yaradan xəstəliklər elə onların müalicəsində də diaqnozu bəlli edə bilər.

Psixoloqun yanına gedərkən bizə müxtəlif qarışıq rəsmlər göstərməsinin səbəbi budur. Həmin rəsmlərin kökündə dayanan məna bizim əziyyət çəkdiyimiz depressiya ilə bir başa əlaqədar ola bilər. Həmin rəsmi hazırlayan sənətçilərlə və ya elə psixoloqların öz alt şüurları ilə bizim xəstəliyimiz hardasa kəsişir və o nöqtə həmin rəsmlərdə nə gördüyümüzlə bağlı olur.

Bütün yaradıcı fərdlərin ruhu ya ikilidir, ya da bir neçə ruhun sintezidir. Ona görə bir sənət əsərinin təhlili zamanı onun yaradıcısının fərdi qənaətlərini deyil, daha çox ikinci ruhunun, yəni yaradıcı ruhunun nəticələrini araşdırmaq lazım gəlir. Yaradıcı şəxslərin digərlərindən fərqi təkcə bununla yekunlaşmır.

Onlar eyni anda bu şəxsiyyətləri idarə etməyi də bacarırlar. Məsələn, kafedə kofe sifariş edib şeir yazan biri eyni anda həm fərdi kimliyini, həm də yaradıcı kimliyini daşıyır. Bunlardan biri idarə olunmayanda nevroza və ya şizofreniyaya gətirib çıxarır. Əlbəttə, bunlar sənətçinin düşünəcəyi şeylər deyil, çünki hansı ruhda olması onun iradəsi xaricindədir.

# 2419 dəfə oxunub

Oxşar xəbərlər

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

15:00 24 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

17:00 23 noyabr 2024
Mirzə Cəlil Sabirin heykəlinin açılışını niyə tənqid etmişdi? - TARİX

Mirzə Cəlil Sabirin heykəlinin açılışını niyə tənqid etmişdi? - TARİX

11:51 21 noyabr 2024
Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
# # #