Tutsalar döyüb küçəyə buraxardılar - Bircənin romanı

Tutsalar döyüb küçəyə buraxardılar - Bircənin romanı
26 iyun 2020
# 09:00

Kulis.az “Cəhənnəmdən keçmiş mələk” avtobioqrafik romanından növbəti hissəni təqdim edir.

əvvəli burada

Dekabrın sonuncu iş günündə Elgün qarşıma yeni il hədiyyəsi kimi bir səbət gül, üstündə də gözəl bir şərf qoydu. Yüngülcə etiraz elədim:

- Biri bəsim idi, gərək özünüzü artıq xərcə salmayaydız.

- Bircə xanım, xətrimə dəyməyin, - dedi. - Cibim dolu puldu, amma yoldaşımdan savayı hədiyyə alacağım bir kimsəm yoxdu.

Onun nəyə işarə vurduğunu xatırlayanda gözlərim doldu.

Elgün dərin bir ah çəkdi:

- Kaş mənim də anam, bacım sağ olaydı, bu bayram günü yolumu gözləyəydilər, - deyib gözündən sel axıtdı...

***

Həmidlə arvad-uşağı Dubaya, qızlar rayona getdilər. Evdə Taylanla ikimiz qaldıq. Aygünlə qısqanc əri, Xədicə, bir də ögey oğlumla mən bayram axşamı bizdə süfrə başına yığıldıq. Qərib eldə gün sayan (əslində günləri mən sayırdım) oğlumun yerini boş gördükcə o yeri oğlumun surətini çəkən baxışlarımla doldurmağa çalışırdım...

***

Bayramdan bir həftə keçmiş Həmid ailəsini qoltuğuna vurub xoşbəxtlikdən gərnəşə-gərnəşə bizə gəldi. Özünün, arvadının, qızının əynindəki təzə paltarları, əllərindəki son model telefonları az qalırdı gözümüzə soxa. Mənə gətirdikləri hədiyyələri – çantayla saatı da Şəfa xanım şəxsimə təntənəylə təqdim elədi.

Süfrə başında Həmid dilini dinc qoymayıb Solmazın əlindəki telefonu bacım qızlarına təşəxxüslə nişan verdi:

- Görürsüz mənim qızımın telefonunu!

Firəngiz gözlərini qarşısındakı kitabdan ayırmadan Doneşi arı kimi dilindən çaldı:

- Vallah mən otuz səkkiz bal yığmış olsaydım elə telefonu əlimə almazdım.

Firəngizin atdığı daş üçünə də birdən dəydi: qızın hazırlığına bir ətək pul tökmüşdülər, topladığı balla heç texnikuma da düşə bilməmişdi.

Həmid tikəsini boğazından güclə ötürüb başını süfrədən qaldırmadan:

- Eybi yoxdu, onun mənim kimi atası var, özü də paytaxtda yaşayır, - dedi. - Bəziləri kimi kənddən gəlməyib ki...

Bu dəm Aydan çırmanıb çıxdı ortaya:

- Fil boyda pianinonu yıxmısız evə, neçə il musiqi məktəbində oxumuş qız yeddi notu hələ də əzbərləyə bilməyib. Ucqar kənddən gələnin biri mən – keçdiyim nəğmə dərsinin sayəsində cazla sazın, sazla muğamın fərqini Solmazdan yaxşı bilirəm.

- Əvəzində atası onun pianinosuna bir evin pulunu sayıb.

Mənim qızımın cehizi hamınınkından fərqli olacaq.

Bacım qızlarına göz ağardıb baxışımla Şəfanı göstərdim:

- Qızlar, bura bizim evimizdi, danışdıqlarınıza fikir verin.

- Xala, niyə demirsən ki, onun öydüyü pianinodan bizim ucqar kənddəki evimizdə də var. İki bacı ikimiz də klassik musiqini şəhərdəkilərdən pis çalmırıq.

Həmidin baxışları gözlərindən haça ilan dili kimi uzandı:

- Şəfa, doğrudan deyirlər görəsən?

Şəfa çiyinlərini çəkəndə Firəngiz dilləndi:

- Məhz o pianinoya görə sizi kəndimizə aparacam. Ki, baxıb görəsiz, ondan sonra belə cılız şeylərlə qürrələnməyəsiz.

Həmid səyahət macəralarından, aldıqlarından, gəzdikləri görməli yerlərdən təşər-təşər danışanda Firəngiz yenə onun sevincini qursağında qoydu:

- Yeraltı akvariuma getdinizmi, ordakı köpək balığını gördünüzmü?

Qız ərəb şeyxlərinin son illər şəhərdə yaratdıqları əfsanəvi yeniliklərdən bir turist bələdçisi kimi yerli-yataqlı danışmağa başlayanda Doneşi pərt həyəcan bürüdü:

- Qorxursuz gözümüz dəyər, Dubaya getdiyinizi bizdən niyə gizlədirsiz?

İki bacı kürək-kürəyə verib adamı inandıra bilmədilər ki, bütün bu məlumatları kitablardan, jurnallardan alıblar.

Doneş bu kimi gerçəklərə inanmamaqla kəndçilər qarşısında məğlubiyyətini boynundan atmağa çalışırdı. Məsələn, oğlumun, bacım qızlarının, lap elə Taylanın yüksək balla ali məktəbə qəbul olunmasında, semestr imtahanlarını kəsirsiz-filansız, həm də tapşırıqsız-rüşvətsiz ötürməsində mütləq hansısa bir qaranlıq məqam axtarırdı, bu uşaqların kitablara sarılmasında, daha çox oxuyub-öyrənməyə çalışmasında gizli bir niyyətin izini arayırdı.

Evimizin təmiz, səliqəli, yeməyimizin dadlı olması ona fayda versə də ürəyində bizim bu kimi üstünlüklərimizlə heç cür barışa bilmirdi, cibimizdəki pulu da özünün itkisi, ziyanı sayırdı. Lalənin qızının aldığı qızıl medal onu öz qızının oğurlanmış uğuru kimi çatladırdı. Son model telefonun istifadə qaydasını bilməyən Solmazın Firəngizdən kömək istəməyi onu pərt eləyirdi. Bizə boğaz ortağı olsalar da min bir əziyyətlə hazırladığım qış azuqəmizi görəndə şəkəri kəllə-çarxa qalxırdı. Mən qızları başıma yığıb teatra, konsertə gedəndə onun ömür səhnəsi daralırdı.

Yox, mən büdrəyəndə, əlacsız qalanda, bir işin çarəsini tapmayanda onun domba gözləri qanqal çiçəyi kimi pardaqlanırdı, sifətində qaratikanlar gül açırdı. Belə məqamda dərhal mənə yardım göstərməyə, bununla da həyatıma soxulmağına legitimlik qazandırmağa çalışırdı...

***

Yanvarın ortalarında pəncərəmin qarşısında durub küləklə səpələnən, yerə yetcək əriyən tozanqı qara baxırdım. Baxa-baxa öz mənzilinə çatanacan qara yelin yedəyində neçə kərə yolunu dəyişən, neçə səmtə dartılan qar dənələriylə öz taleyim arasında bir oxşarlıq axtarırdım.

Qəfildən qapım həyəcanla döyüldü, Şəfa nəfəsi yanmış özünü içəri saldı:

- Bircə, evim yıxıldı! Salona getmək adıyla qaçıb gəlmişəm.

Şəfanı tanıyandan onu belə gərgin görməmişdim. Hərdən elə bilirdim bu qadın ömrü boyu qəm-kədər nədi bilməyib, qorxu, təlaş keçirməyib.

- Həmid telefonu tapıb!

Dəli kimi gülməmək üçün tez-tələsik yaddaşımdan bir qəmli səhnə tapıb gözümə tutmağa çalışdım. Bir yandan da içim ta dilçəyimə qədər şeytani bir sevinclə silələnmişdi. Bəs necə! Gecə-gündüz hər yerdə xain, satqın, sui-qəsdçi axtaran Leninin düşməni öz yatağından çıxmışdı, zəhərli güllə onun zəhərli beyninə öz evindəcə tuşlanmışdı.

Üzümə yalançı qorxu mimikaları qondarıb dedim:

- Niyə andırı ərinin əlyetərinə qoyurdun, özün demiş, qan örtən gözlərin hara baxırdı?

- Səsini alıb atmışdım çoxdan geyinmədiyi köhnə paltosunun cibinə. Xeyli vaxtdı işdə saxlayırdım, ancaq şənbə-bazar evə gətirirdim.

- O mirasın cibində nə axtarırmış ərin?

- Tezdən durub köhnə paltosunu geyinib ki, qarajı təmizləsin.

- Bəs indi nolacaq?

- Bilmirəm, ay Bircə, bilmirəm hara qaçım.

- Qarajı təmizləyib neyləmək istəyir?

- Deyir əlim aşağıdı, təndirçilərə icarəyə verəcəm.

- Yadındadı, Vüqarın anası bizdə nə qədər yalvardısa ona vermədi.

- Əşi, cəhənnəmə versin, mənə qaraj, təndir lazımdı?

- İndi yəqin yenə də telefon Bircənindi deyib yaxanı çəkəcəksən qırağa.

- Bu dəfə inanmayacaq.

- İçində mesajların da vardı?

Sağ əliylə sol əlinin üstünə yüngülcə bir qapaz saldı:

- O qədər! Bircə, qurban olum, kömək elə.

- Mən neyləyə bilərəm, siz Dubaya getməmiş əlimi Qurana basdırıb.

- Bilirəm. Sən and içəndən sonra inanmışdı ki, telefon Firəngizindi. İndi soruşacaq ki, o telefon necə gəlib mənim nimdaş paltomun cibinə girib?

- Vallah nə deyim, ay Şəfa, yenə özün bir çarə tap. Sənə bir söz deyib bu barədə?

- Bir az olar zəng vurmuşdu, dedi evdə olun sizlə işim var. Onda telefon yadıma düşdü, paltonu tapmadım. Pəncərədən baxdım ki, palto əynində qarajı süpürür, salon adıyla qaçdım sənin yanına.

Şəfa zar-zar ağlaya-ağlaya evin içində var-gəl eləyirdi. Ona kömək eləmək heç ürəyimdən də keçmirdi, çünki bu yelbeyin gəlinin ucbatından qulağım hər latayırı eşitmişdi.

Qəfil üstümə cumub əllərini gözümə soxdu:

- Telefonunu ver, heç olmasa Ramilə zəng vurum deyim öz telefonunu bağlasın.

- O nəyi dəyişəcək?

- Bilmirəm, ay Bircə, başımı itirmişəm. Hələ bacıları xəbər tutsalar məni döyə-döyə lütləyib küçəyə buraxarlar.

***

Şəfa mənim telefonumla sevgilisinə zəng vurub onu məsələdən agah elədi. Oğlanın səsindən belə anlaşıldı ki, dünya vecinə deyil.

- Sənin ərin bayaqdan neçə dəfə zəng vurub mənə.

- Nə deyirdi?

- Gah susurdu, gah da kim olduğumu, harda işlədiyimi, neçə yaşım olduğunu soruşurdu.

- Bəs sən nə dedin?

- Heç nə demədim, bir az məzələndim onunla.

- Telefonu söndür, nömrəni də qır tulla.

- Bəs sonra sənlə necə əlaqə saxlayacam?

- Təzə nömrə al, alan kimi də indi telefonuyla danışdığım xanıma mesajla göndər, mən nömrəni ondan öyrənib sənə zəng vuraram.

Şəfa oğlana bütün mühüm tapşırıqlarını verib özünü divana yıxdı. Gözlərini üzümdən ayırmadan mənə yalvarır, məndən kömək istəyirdi. O gözlərin səsini boğazdan çıxan səsə çevirmək olsaydı, inan, o səs şəhərin bu başından o başına çatardı.

Bayaqdan baş verənlərə şahidlik eləyən Firəngiz nə müddətdən bəri içinə yığılmış kini, hikkəni gəlinin üzünə püskürdü:

- Ay Şəfa xala, bizə kəndçi, çuşka, şəhərdə sağa-sola gəzmək üçün sino gedən, ayağısürüşkən deyib lağ eləyirdiniz, amma hər şey öz cibinizdən çıxdı.

Şəfa bacım qızının üzünə xəcalətlə baxıb:

- Mən sizə heç vaxt lağ eləməmişəm, - dedi, - həmişə sizin savadınıza həsəd aparmışam. Allah mənim ərimi öldürsün!

Gəlin Firəngizə yenicə yalmanırdı ki, telefonu zəng çaldı. Ekrana baxıb hövülləndi:

- Ay Bircə, Həmiddi, neyləyim indi?!

- Heç nə, aç cavab ver.

- Onda siz səsinizi çıxartmayın, demişəm salondayam.

Şəfa telefonu açıb səsliyə qoydu, Həmidin gər səsi evlə bir oldu:

- Hardasan?

- Salondaydım, evə gedirəm.

- Allah səni ilişdirdi, öz əlinlə gətirib cibimə qoydun, hə?

- Mənlik deyil, o telefon mənim deyil.

- İçindəki mesajlar da sənin deyil?

- Sən onları niyə oxuyurdun, onlar Solmazın mesajlarıdı. Qızın danışıb, qızın yazışıb o telefonla.

Elə bildim Həmidi o başda boğdular, nəfəsi batdı gəlmədi. Handan-hana səsinin yolu açıldı:

- Bilirsən ki, mən yuristəm. Araşdıracam, yalan desən özünü ölmüş bil. Bu məsələdən Bircənin xəbəri olsa atanın evinə od vuracam.

Əlimi ağzıma apardım, mənə elə gəldi Həmid xəttin o başından hənirtimi duya bilər. Şəfa udqundu, qızardı-bozardı, sazaqlı qış günündə tozanqı qarın altında qucağına qoyulmuş bic qundağı soyuqdan qoruyurmuş kimi dilləndi:

- Demərəm, arxayın ol, demərəm.

- Ana-bala ikiniz də zibilinizi qoymuşduz camaatın boynuna. Kül mənim başıma, özümü biyabır elədim!

Şəfa telefonu bağlayıb boynuma sarıldı:

- Bircə, sən Allah məni bağışla, sənin dediklərinə əməl eləmədim. Gedim görüm neyləyə billəm.

Pərtliyimi gizləməyə çalışıb qapıdan çıxan gəlinə səsləndim:

- Heç olmasa Solmaza demisən?

- Yox, heç nə deməmişəm. Elə sən də özünü hər şeydən xəbərsiz kimi apar.

- Nəyimə lazım, get başının çarəsini qıl, - deyib qapını çırpdım.

***

Qızlar evin içində çalıb oynayırdılar. Firəngiz dözməyib evə çatmağına az qalmış Taylana zəng vurdu:

- Alooo, ay Atatürkün qohumu, gözün aydın, Doneş telefonu öz evində tapıb.

Sevincimi büruzə vermədim, başladım onları qınamağa:

- Ali təhsilli qızlarsız, başqalarının ayıbına gülmək sizə yaraşmır.

Firəngiz ayaqlarını yerdən üzüb boyaboy özünü divana çırpdı:

- Ayıb-zad deyil, xala, bunu qeyd eləmək lazımdı. Axır ki, Lenini də sındıran tapıldı, getsin başını döysün qiymətiylə öyündüyü pianinonun qapağına.

Aydan bacısının sözünə söykək verdi:

- Yazıq Vladimir İliç, gərək yeni ili Dubayda yox, Smolnıda qeyd eləyəydi. Romanovların ahı tutdu onu.

- Romanovların yox ey, Kəbirlinskilərin, - Firəngiz ulu babasının adıyla öz nəsillərini hərdən belə adlandırırdı. - Lağ elədiyi sazın, bayatının, dilinə doladığı ləhcəmizin zavalına gəldi.

Qızlar Həmidi yamsılayıb sevinişdikcə mən gözümü telefonuma dirəyib o tərəfdən odlu xəbər gözləyirdim.

***

Şənbə-bazarı qızlarla birgə yağan qara tamaşa elədik, Xədicənin saçlarını boyadıq, şirin şeylər bişirdik. Gələn zəngdən, döyülən qapıdan hamımız səksənirdik.

Doneşgildən bir xəbər çıxmayanda Firəngiz darıxmağa başladı:

- Xala, gəl özümüz zəng vuraq onları qonaq çağıraq.

- Çağıran kimi gələcəklər, neyləyəcəksən?

Aydan bacısına cocudu:

- Gəlib olan-olmazı yeyib gedəcəklər, sən də heç nə bilməyəcəksən.

- Düz deyirsən, elə yanımızdaca Şəfa xala öz qızını şərlədi. Bunlar hər sözün-həkətin altından çıxarlar.

- Qızı kimləsə zəngləşəndə, danışanda Doneş sevinir.

- Neyləsin, qorxur bacısı kimi bu yosmalaq qızı da evdə qalar.

Dedikləri ürəyimcə olsa da onları susdurmağa çalışırdım:

- Ayıbdı, adam özgəyə pinə eləməz. Həmidin bacısı gül kimi qızdı, neyləsin ki, bəxti açılmayıb. Durun dərslərinizi oxuyun, onsuz da Şəfa hər şeyi könüllü danışacaq...

# 10258 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
#
#
# # #