Qürbətdə AzTV-yə baxmaq - Zamin Hacı yazır...

Qürbətdə AzTV-yə baxmaq - Zamin Hacı yazır...
27 may 2021
# 09:01

Kulis.az hər cümə axşamı günü tanınmış yazar-jurnalist Zamin Hacının mədəniyyət və ədəbiyyat mövzusunda yazılarını təqdim edəcək.

Növbəti yazı: Qürbətdə AzTV-yə baxmaq

Asifi axırıncı dəfə 1990-cı illərin əvvəlində görmüşəm. Eyni ali məktəbdə oxuyur, eyni yataqxanada, ikinci mərtəbədə qalırdıq. Çox bilikli uşaq idi, xüsusən, onun riyaziyyat bilgisinə həsəd aparardım. Yalan olmasın, bəlkə professorlar səviyyəsində bilirdi. Əslən Astaradan olan bu saf dostumuz sonralar çıxıb getdi Rusiyaya.

Orada indi hərəmizin azı bir neçə dostumuz var!

Vladivostokdan Kalininqrada qədər, dünyanın altıda birinə səpələniblər.

Asifin bəxtinə Omsk düşdü. Sibirin ən soyuq şəhərlərindən biri... İllik orta temperatur müsbət 2 dərəcə. Subtropik Astaradan sonra burda yaşamaq xüsusən çətin olmalıdır.

Dostoyevskinin sürgün edildiyi şəhərdir Omsk. Rusların özündə belə Omsk perspektivsizliyin simvoludur, orada deyərlər: “Omskdan çıxış yoxdur”.

Uzun illərdən sonra məcburən, keçən ilin dekabrında özümə “Votsap” profili açanda ilk mesajı tanımadığım nömrədən aldım. Yazışdıq, məlum oldu Asifdir. Hələ də başa düşmürəm məni necə tapmışdı. (Ürək yaxınlığı – köhnə kişilərin sözüylə yazsaq).


Asif

Növbəti məktubunda Asif televiziyalarımızın vəziyyətini tənqid elədi və mənə belə bir şablonlar cədvəli hazırladığını yazdı:

Efirlərdə aparıcı ilə qonaq arasında söhbətlərdən müşahidə elədiyim ritorikadır:

  1. Sıradan bir sənətkar deyil, barmaqla sayılandır (bunu Fuad Poladova da aid edir, Faiq Ağayevə də).
  2. Bunu ilk dəfə deyirəm, özü də sizin verilişinizdə.
  3. Bu fikrimi efirdə verməyə də bilərsiniz (guya çox xətalı şeydən söhbət gedir - əslində arpa qədər dəyəri yoxdur).
  4. Siz özünüzü həyatda xərcləmədiniz (elə bil, insan həyatı pul kisəsidir).
  5. Mənə həyatda o qədər təzyiqlər olub, mənə o qədər pisliklər ediblər.
  6. Bunu ilk dəfə Azərbaycanda mən eləmişəm (az qalır desin, atom parçalamışam).
  7. Mən Azərbaycanda tanınmış sənətkaram (az qalır desin, mən dünyada məşhur adamam).

Başqa mesajlarında Asif efirimizin dil problemlərindən yazanda mən fikrə getdim.


Kanada

Yadıma Firəngiz xanımın məktubları düşdü. O da həmvətənimizdir, indi xatırlamadığım hansısa səbəblərdən Kanadaya köçmüşdü, uzun müddət orada yaşadı, mənə maraqlı məktublar yazırdı, mən də imkan düşdükcə qəzetdəki yazılarımın içində verirdim. Sonra, deyəsən, ürəyi dözmədi, qayıtdı vətənə. Onun bir məktubu isə heç yadımdan çıxmır. Yazmışdı ki, bu tələbimizi AzTV rəhbərliyinə çatdırın, biz burda onun peyk kanalına qoşulmaqda çətinlik çəkirik.

İki ölkə. Biri dünyanın üst qatında, o biri dünyanın dibində. Ancaq hər ikisində yaşayan azərbaycanlı efirdə Azərbaycan televiziyalarını axtarır. Onlar üçün telekanallarımız vətənlə birləşən bağdır. O bağdan, ipdən qopmaq olmur.

Biz burda, necə deyərlər, “isti yerdə” oturub efirimizə lağ edə bilərik, ancaq adamlar Omskda Elgizin verilişinə, Kanadada AzTV xəbərlərinə baxır.

Hətta, hansısa folklor tipli süjetdə, məsələn, ucqar dağ kəndində toy mərasiminin nümayişinə baxıb gözləri dolur.

Buradan televiziya zəhmətkeşlərimizə üz tutaraq, demək istəyirəm ki, veriliş hazırlayanda qəriblikdə olan qardaş-bacılarımızı da düşünün.

Zarafat edirəm, heç kimə üz tutmuram – bunun heç bir mənası, xeyri yoxdur. Dəyirman öz işindədir, çax-çax baş ağrıdır.

Bizdə telekanal müdirləri efirə qəribə şəkildə özlərinin şəxsi villasının pəncərəsi kimi baxırlar.

Bu yaxında keçmiş bir müdir rəhmətə getdi, deyirdilər, öz kanalında Azərbaycan filmlərindən birini qadağan edibmiş. Səbəb unikal, hətta kinoya çəkiləsi əhvalat idi: Həmin Sovet filmində mənfi qəhrəmanın prototipi bizim telemüdirin dost-doğmaca babasıymış!

Başqa biri kanalda toyxana, ayrısı xəstəxana açmışdı. Dərman axtaranlarla şit-şit oynayanlar efirdə qarışmış. Sanki rəssam Bosxun tablosuna baxırsan.


Bosx. "Yerüstü ləzzətlər bağı" tablosundan "Musiqili cəhənnəm" hissəsi

Yeri gəlmişkən, niderlandlı İeronim Bosxun tabloları uzun zaman sənət aləmində misteriya, hansısa əsrarlı rəsmlər kimi qəbul olundu. Guya Bosx burdakı əcaib mənzərələr, fiqurlarla (kəsik qulaqlar arasında bıçaq, açardan asılan adam, nə bilim, quşun yedizdirdiyi adamlar) hansısa sirli mesajlar vermişdir.

Lakin sonradan araşdırmaçılar tapdılar ki, əslində Bosx “Bibliya” və başqa dini kitablarda yazılan Qiyamət günü, Cəhənnəm söhbətlərini rəsmə alıbdır, özündən nələrsə uydurmayıbdır. Sadəcə, Bosxun dövründə insanlar bu kitabları daha çox oxuduğu üçün təsvirlər onlara aydın imiş. Biz söhbəti yaddan çıxarmışıq, ona görə bizə qəribə gəlir.

Qürbətdə AzTV-yə baxmaq da belədir. Onlar başa düşür, biz düşmürük...

Zəhləmgetmiş aparıcılar demişkən, “keçid alıram” şair Zülaliyə. Bu kişi də neçə əsr qabaq Ağsu bölgəmizi qaralayıb gedibdir:

Qürbətdə deyirdin ki, Zülali, vətənim var,
Ensin gözünə qarə su, Ağsu vətən oldu.

Bu yazının linkini Omska göndərəcəyəm.

# 5501 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
# # #