Qadınları tanıdıqca peşman olurdum - Bircənin romanı

Qadınları tanıdıqca peşman olurdum - Bircənin romanı
7 fevral 2020
# 09:00

Kulis.az “Cəhənnəmdən keçmiş mələk” avtobioqrafik romanından növbəti hissəni təqdim edir.

əvvəli burada

İlk maaşımı əlimə alanda məni əsməcə tutdu. İki gün o pulu qoymağa yer tapmadım, neyləməli, hara, nəyə xərcləməli olduğumu düşündüm. Şax əskinasları bəlkə yüz dəfə sayıb üzünə-astarına baxandan sonra uşaqlarımın hərəsinə iyirmi manat verib onları kinoya göndərdim, qalanını evdəki ehtiyatın üstünə qoydum. Şəhərdən şad-şalayın qayıdan uşaqlarım da pullarının qalığını o pula qatanda artan büdcəmizi dönə-dönə sayıb həvəslə, fərəhlə bir-birinə ötürdülər.

Mən Cavid kimi Taylandan da heç nəyimizi gizləmirdim, böyük məbləğ olmasa da, evdəki pul-paramızın, mənim qır-qızılımın yerini o da bilirdi. Cavid gündəlik xərcindən artıq pul istəyəndə mənim sevimli Tapdığım saxlancımızın yerini dəyişib onun üzünə göyərirdi:

- Ulan, şərəfsiz, pul toyuq deyil ki yumurtlasın...

Artıq işimə həvəslə gedib-gəlirdim, cəmiyyətə uyğunlaşırdım, tanımadığım adamların üzünə gülümsəyirdim. Hamıyla dil tapmağa, yollaşmağa çalışırdım. Həftədə bir dəfə getdiyim qadın salonlarında çoxlu tanışı, rəfiqəsi olan xanımlara həsəd aparırdım. Mən də onlar kimi salonda saatlarla oturub laqqırtı vurmaq istəyirdim, di gəl, hələlik mənim Nuşu xaladan, Aygündən başqa bu şəhərdə bir qadın simsarım yoxuydu.

***

Havaların isindiyi günlərin birində nahar fasiləsi vaxtı Caviddən zəng gəldi:

- Ana, necəsən, nə iş görürsən?

- Yaxşıyam, - dedim, - sən necəsən?

- Ana, işdəsən?

- Hə, nolub ki?

- Ana, ayaq üstəsənsə otur aşağı, sənə sözüm var.

Başımın tükləri cücərmiş səməni kimi qabardı:

- Nəsə olub? Tez de, xəbəri ağzında eydirmə.

- Ana, Ağabəy həkim...

Yavaşca kürsüyə çökdüm. Bir zaman onun otağından oğurladığım kaktusun başına qapaz saldım – iş yerimə isinişim deyə evdəki dibçəklərimi daşıyıb ofisə gətirmişdim. Sol tərəfimdəki təqvimə baxdım, həftənin ikinci günüydü. Aqilə zəng vurdum:

- Düz deyirlər həkim ölüb?

- Hə, Allah rəhmət eləsin. Nə vaxt danışmışdın?

- Hələ işə çıxmamışdan, üç ay olar.

- Hamımız öləcəyik, möhkəm ol.

- İlk donluğumdan ona ətir almalıydım.

- Qismət deyilmiş.

Havalı-havalı çölə qaçdım. İş yoldaşım qadınlar idarənin həyətində ikibir, üçbir gəzişirdilər, nahar vaxtı eşiyə çıxmazdım deyə üzümə təəccüblə baxırdılar. Sıxılıb-daralmış ürəyim dəniz genişliyi istəyirdi, ancaq Xəzərin qırağına xeyli yol vardı.

İdarəmizin qabağından enli maşın yolu keçirdi; şütüyən maşınları, işıqforu saya salmadan o yolu adlayıb bir az aralıdakı kilsəyə doğru addımladım. Hönkür-hönkür ağlamağa sakit, seyrək yer gəzirdim. Barmaqlarıma, ovcuma batmış xırda tikanlar sağ əlimi göynədirdi.

Kilsənin bala qapısını açıb içəri keçdim. Hər tərəf gül-çiçək idi. Qoca zeytun ağacının dibində büzüşüb ağlamağa başladım. Üzümdən-gözümdən yaş tər kimi axırdı. Fələk mənim bu şəhərdə qibləmi uçurmuşdu, dəhnəmi dağıtmışdı, sığınağımı xaraba qoymuşdu. Həkimsiz, çarəsiz, dərmansız qalmışdım.

Kilsənin binasından seyrək saqqallı sarışın göygöz arıq uzun bir oğlan çıxıb yanıma gəldi. Sınıq-salxaq, həm də şirin ləhcəsiylə məni dilə tutmağa çalışdı. Ona məhəl qoymadığımı görüb dedi.

- Məni padre göndərib, o sizi dinləməyə hazırdı.

Kilsə atasının adını eşidəndə gözümün suyu soğuldu:

- Sənin padren mənə neyləyəcək? – soruşdum.

- Dərdinizi yüngülləşdirəcək.

“Ovod” romanındakı keşiş yadıma düşdü. Qalxıb yubkamın arxasını çırpdım, oğlanın dalınca qapıdan içəri girdim. İkimərtəbə ev hündürlüyündə tavandan iri çilçıraq asılmışdı. İsa peyğəmbərin heykəlləri canlıymış kimi ziyarətçiyə xeyir-dua verirdi. Divarlardan baxan dini rəsmlər adamda mistik ovqat yaradırdı, iki min il qabağın müjdəsini tamaşaçıya təzə xəbər kimi ötürürdü.

Bir anlıq aldığım qara xəbəri, bura hansı hissin yedəyində gəlib çıxdığımı unutdum. Sol küncdəki orqandan qəlbə dinclik, təskinlik notları çiləyən musiqi yayılırdı. İri heykəllərin qarşısında şam yanırdı. Burnuma qəribə qoxu gəlirdi – hesabla bu, Tolstoyun əsərlərindən tanıdığım buxur iyi olmalıydı. Sağ tərəfdəki hücrədə uşaq xoru həzin-həzin oxuyurdu.

Havalı canıma bələdçilik eləyən oğlan sol küncdəki balaca pəncərəni göstərib xırda kürsünü mənə uzatdı:

- Burda oturun danışın, padre sizi dinləyir.

- Axı rusca yaxşı bilmirəm.

- Öz dilinizdə danışın, padre sizi başa düşəcək.

Kürsüyə çökəndə qəfil ayıldım: mənim kilsədə nə işim vardı, bura niyə gəlmişdim? Bu dəm divarın o üzündən həlim, yumşaq, mehriban bir səs:

- Xoş gəlmisiniz, - dedi.

Dərhal dilləndim:

- Mən müsəlmanam, yaxın adamım ölüb, ağlamağa yer tapmadım, ona görə sizin həyətə girdim.

- Allah təkdi, hamımızın Allahıdı.

- Dərd məni elə əzir, bilmirəm bundan sonra necə yaşayacam.

- Allah adamı əvvəl yoxlayır, sonra dərd göndərir. Sən güclüsən, dözməlisən, yoxsa əzizinin ruhunu incitmiş olarsan.

- Padre (dilimdən qopan bu sözdən səksəndim), o mənə çox lazım idi.

- Sən də çox lazımlısan.

- Padre, o, çox xeyirxah, ağıllı insan idi.

- Sən də onun kimisən.

- Yox, mən onun kimi ola bilmərəm.

- Elə olmasaydın belə kədərlənməzdin.

- Padre, bütün hüceyrələrim sızıldayır, bilmirəm bu ağrıya necə dözüm.

- Onu xatırlayıb dözəcəksən.

Cib telefonumun zəngi çalındı. Ekrana baxdım – Elgün idi, nahardan qayıdıb bayırda qalmışdı. Telefonu açdım.

- Bircə xanım, hardasız?

- Beş dəqiqəyə çatıram.

- Tələsməyin, arxayın gəlin.

Telefonu cibimə qoydum. Xəyalımın fırçasını səsinin çalarlarına batırıb təsəvvürümün tablosunda yaşını, görkəmini, sifətini canlandırmağa çalışdığım padreyə divarın bu üzündən dedim:

- Mən sabah gəlsəm olar? İndi mütləq getməliyəm.

- Nə vaxt istəsəniz gələ bilərsiz.

Bir az da çölün istisi həyəcanıma qarışıb məni pörtmüşdü.

Elgün halımın hal olmadığını görüb dedi:

- İstəyirsiz evə gedin, nəsə gözümə bir cür dəyirsiz.

Aldığım xəbəri, kilsədən gəldiyimi ona danışdım.

- Bilirsiz, mənim atam tanınmış cərrah idi, - dedi, - onu da xəstələri çox istəyirdilər, neçə-neçə Allah bəndəsini ölümdən qurtarmışdı. Sizi çox yaxşı başa düşürəm.

Amma xaçpərəst məbədinə baş vurmağım müdiri çox pərişan elədi, hətta bir balaca eyməndirdi də:

- Dərd adamı dolaşdıranda nə desən ola bilər, ancaq kilsəyə getmək sizə yaraşmaz.

- Bilirsiz keşiş mənə nə dedi?

- Nə dedi?

- Dedi kilsə də, məscid də Allahın evidi, Allah təkdi, hamımızındı, yetər ki, onun evinin kandarına ayağın dəysin.

Müdirin yenə qaşqabağı açılmadı:

- Özünüz bilən yaxşıdı, ancaq mən yenə məscidi məsləhət görürəm.

Dostum, elə burdaca irəli atılıb deyim ki, gün gəldi Elgün ölkəyə sonradan ayaq açmış radikal dini təriqətin badına getdi, bu yolda ailəsini, işini, var-dövlətini qurban verib dərin bataqlığa düşdü...

***

İyulda Taylan tətilə çıxıb Türkiyəyə getdi. Cavid də çantasını çiyninə salıb əvvəl bacım Sevilin yaşadığı kəndə, sonra ucqar rayondan olan tələbə yoldaşıgilə, ordan da öz kəndimizə – babasının, dayılarının yanına yollandı. Mən də fürsətdən istifadə eləyib evimizin sovetdənqalma balkonlarını dağıtdırdım, kərpiclə hördürüb hər otağa bir pəncərə qoydurdum. Bundan sonra evimiz bir az da böyüdü. Bütün bu işləri Elgünün köməyilə, onun təmir briqadasının əliylə başa gətirdim.

Balkonlar söküləndə Aygünün yanına yığışdım. İsti yayın necə gəlib keçdiyindən xəbərim olmadı. Otaqlar böyümüşdü deyə danışanda səsim divarlara dəyib əks-səda verirdi. Tozlu balkonları silib-təmizləməkdən canım qurtarmışdı, amma otaqlarımız boşuydu. Cehizlərim neçə yerə dağılmışdı – yataq dəstimi Səməndərin evində qoyub gəlmişdim, elektrik avadanlığımın çoxu atam evində qalmışdı. Bura köçəndən paltarları əlimlə yuyurdum. Otaqlarımızın təmirə ehtiyacı vardı.

Doğrudu, ən vacib işləri Aqil gördürmüşdü – hamam-tualeti qaydaya saldırıb binanın damına üç tonluq su çəni qoydurmuşdu. Binamıza sutkada bir dəfə üç saat ərzində su verirdilər. Nuşu xalanın mətbəxindəki su dolu qabları görəndə gülməyim gəlmişdi, bidonlardan addım atıb yerimək olmurdu, hamam vannasına da su yığırdılar. Qardaşımın canı sağ olsun, məni bu qayğıdan azad eləmişdi.

Taylana söz vermişdim – o, Türkiyədən qayıdanacan paltaryuyan almalıydım.

***

Dərslər başlananda balalarım evimizə yığışdılar. Sevilin böyük qızı da yüksək balla ali məktəbə qəbul olunmuşdu. Anam bundan xəbər tutan kimi fərmanını verdi:

- Qız Bircənin yanında qalacaq, onun otağı çox, qarğaşası azdı.

Qardaşlarım bir söz deməyib mənim qərarımı gözlədilər, ancaq bacım etiraz səsini ucaldıb bu işin əleyhinə çıxdı:

- Bircə sizə uşaq oxudan deyil, - dedi, - qızınıza ayrı yer tapın.

Ondan sonra Səməndər də Lalə deyəni dedi. Di gəl, Kamilin bir sözü məni yumşaltdı:

- Gedər bostan xırası, qalar üzün qarası. O da bacımızın balasıdı, heç olmasa bircə il evində daldala, bir ilə şəhərin yol-yolağasını tanıyar, gələn ildən tay-tuşuyla kirədə qalar.

Xeyli mübahisədən, müzakirədən sonra otağın birini Sevilin qızına verəsi olduq. Bacım sevincək qızını gətirib bizdə yerləşdirdi, bir on gün də yanımızda qaldı. İnsafən Firəngiz sakit, mehriban, həm də savadlı qızıydı. Sinədəftər nənəsi də ona bir məktəb olmuşdu. Qızın bizdə qalmağı Nuşu xalayla Taylanı cırnatsa da mənim ürəyimcəydi. “Qonaq qonağı istəməz...” məsəlinin birinci yarısı bizim evdə əyani təsdiqini tapmışdı.

Aradan bir ay keçmiş Cavid sıyrılıb girdi meydana:

- Ana, dostum bacısını bir aylığa bizdə saxlamaq istəyir.

- Bəlkə evimizi yataqxana eləyək, oğlum, - dedim, - onu hara yerləşdirim mən başıxeyirli?

- Taylan getsin öz yoldaşlarının yanına.

- Firəngiz gələndən onsuz da Taylan bizdə az qalır.

- İndi də heç qalmasın. Dostumun vəziyyəti pisdi, bir ay qalmaqla qız bizə neyləyəcək?

- Qoy dayılarınla məsləhətləşim, sənə bir söz deyərəm.

Söhbətin üstündən saat keçməmiş ağıllımız Xıdırağa barmağını saldı bardağa – bir sığallı fərəyə oxşayan xanımla bir gonbul qız, yalan olmasın, bir maşın yüklə evimizdə peyda oldular. Sığallı fərə qızın anasıydı. Qadın ev dolu adama baxıb dilləndi:

- Ay Cavid, bəs deyirdin biz bir ana-bir bala yaşayırıq.

Nuşu xala ağzımı açmağa qoymadı:

- Səni aldadıb, ay qızım, bu evin yetiminin biri hələ işdən gəlməyib.

Təəccüblə arvada sarı çöndüm.

- Niyə gözünü bərəldirsən, Aygünü deyirəm də.

Səs-səsə verib gülüşdük. Cavidə ancaq tərs-tərs baxa bildim, ayrı heç zad deyəmmədim. Bir ev adamın yanında balamı sındıra bilməzdim.

- Eybi yoxdu, soyunun rahatlanın, - dedim, - yaman günün ömrü az olar.

Nüşabə xala yenə atmacasından qalmadı:

- Sənə demişdilər qonşu-qonşu oynama, sən də dost-dost oynayası oldun.

- Neyləyim, ay Nuşu xala, ağıllı baş gəştdə olar, ağılsız baş teştdə.

- Ağıllı olmasan bu qədər adam başına yığışmaz.

Nuşu xala sığallı fərəyə qoşulub Firəngizin otağında qıza yer rahatladı. Qalan artıq-urtuğu daşıyıb Nuşu xalanın balkonuna yığdılar. Bir aylıq gələn qız düz iki il bizim evdə yaşadı.

***

Gündə yüz yol Aqilin ömrünə dua oxuyurdum - nə yaxşı məni evdən çıxartdı, nə yaxşı məni işə düzəltdi! Yoxsa mən bu evdə necə olacaqdım?

Səhər hamıdan tez durub yuyunub, saçımı darayıb evdən qaçırdım. Səhərlər evimdən iyrənirdim, tualet, hamam üstündə mərəkə qopurdu, hər tərəf qızların saçlarıyla, oğlanların buruq qıllarıyla dolu olurdu.

Çox keçmədi Nuşu xala iri bir cədvəl tutub asdı soyuducunun üstündən, ev işlərini uşaqların arasında böldü – Firəngiz yuyub-ütüləməyi götürdü, biş-düş qonağımız Minənin boynunda qaldı, zibil atmaq Cavidə, dükan-bazara qaçmaq Taylana həvalə olundu. Bir-iki dəfə atandan sonra Cavid zibili də Taylana şəllədi, üstəlik, qızların gününü göy əsgiyə düydü: balkondan baxmayın, evə tez gəlin, göbəyi açıq geyinməyin...

Yağışdan çıxıb yağmura düşmüşdüm, illərlə arzuladığım dinclik yenə mənə qismət olmamışdı. Axşamlar evimə getmək istəmirdim, tez-tez Aygünün yanına dönüb evə yatmaq vaxtı qayıdırdım.

İşdəki qadınlar artıq məni görürdülər, onlara yaxınlaşanda susmurdular, yanımda dərd-sərlərini danışırdılar. Çoxu da ailə həyatından, ərindən dad döyürdü, səhər mən qapıdan girən kimi sağ əlimi qaldırıb qoyurdular başlarına. Bəzisi buna qane olmayıb diliylə də deyirdi:

- Allah mənim də ərimin ağzını yumsun.

Ətim çimçəşirdi, yeddi rəngə düşürdüm:

- Niyə elə deyirsən, Allah eləməsin.

- Sənin ərin yoxdu yaşamırsan bəyəm, xoşbəxt deyilsən?

- İstədiyin yerə gedirsən, istədiyini alırsan, şənbə-bazar uşaqları ərinin yanında qoyub kurortda dincəlirsən. Daha nə istəyirsən? Kişi də evdə oturub sənə uşaq saxlayır.

- Mənim qazancımı yeyir də, ona görə saxlayır.

- Ərin işləmir?

- İşlədiyini anasına, qardaşına verir.

Qadınlarımızı tanıdıqca peşman olurdum. Bir başqası – hamının Fatya dediyi Fatimə bütün günü ağlayırdı.

- Fatya, nolub, niyə gözünün midiyini axıdırsan?

- Sevgilim evlənir, ay Bircə, beş ildi bir yerdəyik, indi evlənir.

- Sənlə evlənmir ki?

- Mənlə evlənsəydi nə vardı, kilsənin qabağında yallı gedərdim.

Qızın kilsə deməyi məni dingildətdi, elə bildim kilsəyə getməyimdən bunun da xəbəri var.

- Bəs axı sənin böyük uşaqların...

- Uşağı olan sevə bilməz?

- Fatya, sevgilin istəsəydi iki uşaqla ona gedərdin?

- Eee, Bircə, incimə, sən lap mənim nənəmə oxşadın.

Eşitdiklərimdən hövüllənib qızarırdım, mənə hər elçi gələndə bacım balalarının bir-birinə sarmaşıb ağlamaqları yadıma düşürdü:

- Xala, sən Cavidə ögey ata alsan, Göyçək Fatmanın analığı kimi onu döyəcək.

- Qoyun elə Cavidi döysün, sizin də canınız rahat olsun.

Anar əlini belinə qoyub qarşımda meydan oxuyurdu:

- Xala, qoy Cavid bizi döysün, amma ögey ata onu döyməsin...

Yenə Fatimənin yaxasını əlimə dolayırdım:

- Fatya, qorxmursan ögey ata gəlib balalarını incidər?

- Mənim oğlanlarım elə döyülsələr yaxşıdı, alçaq ataları kimi öhdələrindən gələ bilmirəm.

- Elə demə, yazıqdı uşaqlar.

- Sən bir Sevaya bax, iki uşağına anası yiyə çıxdı, yaxınlarda Ramilə ərə gedəcək.

- Ramilin uşağı yoxdu bəyəm?

- Yatmısan ey fil qulağında, Ramil subay oğlandı. Mənim bəxtim gətirmir də, gətirsəydi alkaşın biri çıxmazdı qabağıma.

Çoxunun həyatı ucuz yalanlar üstündə qurulmuşdu - öz istədiyiylə yox, özgənin sevgilisiylə evlənirdi, ailəsindən bir balaca xoşlanmayan asanca boşanırdı, boşanmayan sevgili saxlayırdı, ərinin xəyanətini bilən onu məşuqəsinin yanına göndərib yatağına oynaş salırdı... Qız birinə nişanlanıb toya qədər başqasıyla görüşürdü, abort elədib toyda gülə-gülə bəy yanında şəkil çəkdirirdi. Mən axmaq da səhərə qədər telefon əlimdə titrəyirdim, elə bilirdim o qızla yanaşı oturan Nigar indicə məni yığıb deyəcək:

“Bircə, xəbərin var, Toma üzüqara çıxıb, əri onu doğrayıb”.

Səhəri işdə gözüm hamının ağzında-üzündə qalırdı, elə bilirdim gec olduğuna görə zəng eləməyiblər, indicə deyəcəklər. Sonra da baxıb görürdüm hamı sakitcə öz işiylə məşğuldu. Günorta xanımlar mətbəxdə heç nə olmayıbmış kimi deyib-gülürdülər:

- Ayın beşi Toma hamını həftə hamamına çağırıb, gedib yaxşıca yeyib-içərik.

Eşitdiklərimdən qulaqlarıma qan yığılırdı, hamının qarşısında sual işarəsinə dönürdüm:

- Bəs axı bu necə olur?

Hamı baxışıb qımışırdı:

- Ay Bircə, sən hələ uşaqsan, bir az da böyü, kənd havasını başından boşalt...

Üzümə “kəndçi, çuşka” demirdilərsə də ürəklərindən keçəni anlayırdım. Amma kəndçi olsam da heç vaxt taleyimin qisasını övladımdan almamışdım. Bir neçə səfalı rayonda idarəmizin istirahət mərkəzi vardı, şənbə-bazar avtobus işçiləri yığıb dincəlməyə aparırdı. İstəyən ailəsini, uşağını da götürə bilərdi. Cavid maraq göstərmirdi deyə orda işlədiyim illər boyu bir dəfə də camaata qoşulub dincəlməyə getmədim, onsuz istirahəti özümə qıymadım. Buna görə də körpələrini ata, ana, ər, qonşu, dayə yanında qoyub kefə gedən qadınlara heyrətlə baxırdım.

***

Aqilin tapşırığıyla yeznəm Yasəf məndən ötrü bir sürücü tapmışdı, 150 manat müqabilində səhərlər məni işə aparıb axşamlar evə qaytarırdı. Hər axşam Əjdərin motal iyi verən köhnə “Jiquli”sinin arxa oturacağında büzüşüb düşünürdüm: “İlahi, mən bu şəhərdəmi ölüb-qalacam, məni bu qumlu, mazutlu torpaqdamı basdıracaqlar?” Gün boyunca əhvalım nə qədər gözəl olsa da şər vaxtı evə dönəndə üstümdə ölümün kölgəsini hiss eləyib quluzuma düşürdüm, gecənin girt yarısına kimi ovqatım düzəlmirdi.

Boyumu görcək Nüşabə xala üsyana qalxırdı:

- Gözümüzü dikirik sənin yoluna, sən də evə elə girirsən, elə bil qazalağını yel aparıb Xəzərə salıb.

- Ağzında şər çağı deyirsən, ay Nuşu xala, şər vaxtı yaman darıxıram...

# 12623 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
# # #