Müharibə futbol kimidir - Cəbrayıl Dövlətzadə haqqında roman

Müharibə futbol kimidir - Cəbrayıl Dövlətzadə haqqında roman
7 may 2021
# 09:00

Kulis.az qəhrəman şəhidimiz Cəbrayıl Dövlətzadə haqqında yazıçı Azad Qaradərəlinin yazdığı “Cəbrayil əfsanəsi” romanını hər cümə günü yayımlayır. Romanın növbəti hissəsini təqdim edirik.

əvvəli burda

TARİXİ TOY

1919-cu ilin payızı idi. Anası Yetər xanım bir səhər oğlunun qabağını kəsib yalvardı:

- Oğlum, ay başına dönüm, Rəhimin böyün-səhər beş yaşı olacaq axı! Bu gədəni müsəlman elə, toyuq başı kəsdirəndə qapıları gəzməyək…

- Ay arvad, başım qarışıqdı, Türkiyədən ordu gəlir, gərək qabaqlarına çıxım… Bakını azad etməyə gedən Osmanlı ordusunun bir dəstəsi Zəngəzura, Araz qırağına gəlir…

- Ə, ay başıa dönüm, lap yaxşı eləyir gəlir! Elə o qonaxlarını da yığ bir yerə… Oğluna sünnət toyu elə.. Gələn ordaya da qurban olum, qabağına çıxana da… Dədən rəhmətlik deyərdi ki, əzəl Rum, axır Rum. Yəni onsuz da Osmannı paşaları bir gün gəlib çıxacaydılar… Sən oğluna toy elə, ordunu da çağır, yaranalını da...

Fərzalı anasının sözünə ciddi yanaşmasa da, bir cümlə tutdu onu: «Əzəl Rum, axır Rum!» Və ata minə-minə bacısı oğlu Məmmədquluya dedi:

- Məmi, qaç Sobuya, çalğıçı Minbaşıya de sabah dəstəsi ilə burda olsun. Ordan get Baharlıya, Moll Ağaya de, qoy qohum-qardaşı da yığıb bizə gəlsin, de ki, uşağı kəsdirirəm…

***

Yarımyaylaq təpəsi boyunca, Araz qırağında, Qara quzeydə və Qala daşında silahlı dəstələr düzülmüşdülər. Qaradərənin Yarımyaylaq təpəsinin yastanında tarixi bir toy başlamışdı. Çalğıçılar, aşıqlar, xanəndələr bir-birini əvəz eləyirdi. Aş qazanları dəmdə idi. Kababçılar qənərəyə vurulmuş toğluları doğrayıb şişə çəkirdilər. Zəngəzurun qazısı Bəhlul Əfəndi toyun indiki dildə desək masabəyisi idi. Həm Osmanlı ləhcəsiylə, həm də Azərbaycan türkçəsiylə danışa bilən Bəhlul Əfəndinin sevincinin həddi-hüdudu yox idi. Bir zamanlar təhsil almağa getdiyi İstanbullu dostları indi Azərbaycanı rus-erməni birləşmələrinnən xilas etməyə gəlmişdi. Üstəlik də, əməl dostu, silah qardaşı, Fərzalının oğlunun kiçik toyu idi.

General Nuru paşa sağlıq dedi və Fərzalıya minbaşı rütbəsi verdiklərini təntənə ilə elan edib cibinnən bir qırmızı məxmərə bükülü əl boyda əşya çıxartdı, parçanı aralayıb əl kiçik xəncəri Rəhimə uzatdı:

-Bu altun hançal bir kardaşlıq simgəsi kimi armağan qalsın. Rahim bey babası kibi kahraman olsun!

Hamı əl çaldı.

Ağbulaqdan gəlmiş aşıq saz çala-çala sobulu Minbaşının balabanının müşayəti ilə məclisdə süzür, Baharlıdan olan Yapon Səməd isə yazdığı şeirlə Fərzalını vəsf edirdi:

Fərzalı bir dövran qurub-
Şahların dövranı kimi.
Dostların yığıb, başına,
Zəngəzurun xanı kimi.
Rəhim bəy sığallanıb-
İstanbul sultanı kimi.
O bu gün sədd açacaq,
Yurdun müsəlmanı kimi.
Gör toyuna kimlər gəlib,
Osmanlı aslanı kimi…

…Hə, Yapon Səməd dedim axı… Deyirdilər ki, Səməd sinədəftər imiş. Həm elmi varmış, həm də xalçaçı-sənətkarmış, əsl aşıq kimi qoşqu qoşar, oxuyarmış. Gözləri qıyıq olduğuna görə Fərzalı ona Yapon Səməd deyərmiş və elə adı qalır Yapon...(Bir ehtimala görə isə Səməd həm bilikli, həm də çox dil bilən imiş. Fars, rus, ərəb dilləri ilə yanaşı fransızcanı da öyrənibmiş Tehranda oxuyanda. Həm də onun Baharlıda xalça sexi də varmış. Bütün bunlara görə ona Yapon səməd deyirmişlər.)

Güney Azərbayjannan – Üçdibin mahalınnan gələn qonaqlar hədiyyə gətirdikləri Qaradağ atını balaca Rəhimə təqdim edəndə anası Tutu xanım yandırdığı üzərliyi məjlisə gətirib əvvəl əri Fərzalı, sonra da bütün qonaqlara tərəf yellədi.

…Uzun illər bu toyun səsi-sorağı insanların yaddaşında qaldı. Qarşıdan gələn məşum illərin bu el qəhrəmanına nə hazırladığını bilməsələr də, hələlik bu xoş, gözəl günlərin dadını çıxarırdılar.

İŞĞAL

Osmanlı ordusu öz işini görəndən sonra beynəlxalq güclərin təzyiqi ilə Azərbaycanı tərk etdi. Əslində komandan Nuru paşa ilə müstəqil dövlətimizin qurucularının münasibətləri gərgin idi. Nuru paşagil Azərbayjanı müstəqil dövlət kimi deyil, Türkiyəyə ilhaq olunmuş ölkə kimi təsəvvür edirdilər. Azərbayjan hökuməti adından M.Ə.Rəsulzadə, Fətəli Xan Xoski və Məmməd Hacınski Nuru paşa ilə görüşdülər. Paşa onlara demişdi: “Mən əskərəm, siyasəti anlamıram, ordunun siyasi müşaviri Əhməd Ağoğludur. Onunla görüşün”. Əhməd Ağoğlu isə nümayəndə heyətinə belə cavab vermişdi: “Siz Milli Şuranı bağlayın, hökumətdən əl çəkin. Nuru Paşa istədiyi adamlardan bir Azərbayjan hökuməti qurar”.

Məcburiyyət qarşısında qalan Müsavat hökuməti Əhməd Ağoğlu ilə danışıqlardan sonra ikinci Fətəli Xan Xoyski hökumətini qurmalı oldu.

İstefada olan türk zabiti Hüsaməddin Tuğac sonralar yazacaqdı: “Nəsib bəy Yusifbəyli mənə dedi: “Azərbaycanın sosial quruluşu bambaşqadı. Bakı sənaye və fəhlə mərkəzidir. Sultan rejimi buradakı əhvala uyğun gəlməz . Biz xalqın hər sinif və təbəqəsinin bərabərliyi üzərində dayanan bir hökumət qurmaq fikrindəyik. Çarlıq dövrünün aristokratik və feodal idarəsinə son qoyacağıq. Milli və demokratik bir idarə istəyirik. Halbuki Osmanlı dövlətinin rejimi çarlıq idarəsindən heç də fərqlənmir. Əlbəttə, bu mövzu irq məfhumunnan ayrılır. Əlbəttə ki, Osmanlı türkləri Azərbaycan türklərinin böyük qardaşıdır. Ancaq Bakı İstanbuldan idarə oluna bilməz, bunun üçün Müsavat partiyasının federalizm prinsipi daima Osmanlı idarəsinə qarşı qoyulmalıdır”.

Osmanlı ordusunun ilhaqçı təklifini qəbul etməyən Milli hökumət yenicə dirçəlmişdi ki, şimaldan bolşevik küləkləri əsməyə başladı. Çarizmin imperiya siyasətinin varisi olan Sovet Rusiyası köhnə rus imperiyasının sərhədlərini bərpa etmək fikrinə düşdü və elə ilk hücumu da Azərbayjana elədi. Böyük ordunun qarşısında duruş gətirə bilməyəcəyini anlayan Milli hökumət təslim olmaq məcburiyyətində qaldı.

İşğalçı ordunun ağlasığmaz əməlləri isə həddini aşırdı. Keçdiyi yerlərdə ziyalıları, mülk sahiblərini güllələyən, həbsə atan bolşeviklər qəsrləri, malikanələri, məsçidləri belə dağıtmaqdan çəkimirdidər. Onların hədəfində təbii ki, qaçaqlar da vardı…

Fərzalı yenə silahını götürüb (əslində o heç vaxt onu yerə qoymamışdı) dağlara çəkildi. Çünki artıq Pirçivannan (rayon mərkəzinnən) bolşeviklər xəbər göndərmişdilər: “Fərzalıya deyin, silahını da götürüb rayon mərkəzinə gəlsin”. Özü də xəbəri yeni hökumətin yerli nümayəndəsi, bacısı oğlu Məmmədqulu gətirmişdi. Oğlu qədər sevdiyi bacısı oğlunun belə fərasətli olması onu sevindirsə də, düşmənlərlə işləməsi xoşuna gəlməmişdi. Dağa qalxmazdan əvvəl bacısı oğlunu çağırıb üz-başını qırxdırmış, (dəlləklər onun üzünü, saçını qırxa bilmirdilər, əlləri əsərdi. Deyirdilər ki, Fəzi, üstündə Əzrayıl tükü var, əlimiz əsir…), sonra da onun partiya biletini alıb baxmış və demişdi:

- Bu düşmən partiyasına girməyini istəmirəm… Amma onlarla işləməyini istəyirəm... Birdən mənim başıma bir iş gəlsə, tayfanı yalnız sənə etibar edəcəyəm. Rəhimi Zəngilannan, lap Zəngəzurdan çıxararsan… Qoy gedib sakit yaşasın… Amma harda olursa-olsun gözün üstündə olsun… Qızlarım Naran, Tavar, Təzəgüldən müğayat olarsan… Bacılarım, bacım uşaqları, qardaşımın oğlu… Bunların hamısınnan muğayat olarsan… Əgər sənnən mənim əleyhimə danışmağı istəsələr, danış, təki onların etimadını qazan… Vacib xəbər eşitsən, mənə çatdır… Səninlə mənim gizlicə görüşən adamım olacaq, onlara nə xəbər olsa, deyərsən…

Məmmədqulunun partiya biletini cırıb ayağının altına atdı, sonra atını minib gözdən itdi. Səhəri gün təzə hökumətin Ördəklidəki idarəsi yandı, Məmmədqulunun da partbiletinin kötüyü içində. Beləcə, bir daha Məmmədqulu bolşevik partiyasının üzvü olmadı. Amma təzə hökumətin kənddəki ilk şura sədri oldu….

…Üç gün sonra Bartaz kəndinəki partiya özəyinin binası yandı. (Əslində onda rayon mərkəzi elə Bartaz idi.) Özək katibi də içində yanıb külə döndü.

…Bir həftə sonra Pirçivandakı Məşədi Tarısın ikimərtəbəli imarətində yerləşən milis idarəsi yandı… Atlı milislər, dalınca da rus soldatları (artıq onlar qayıtmışdılar) Qaradərəni üzük qaşı kimi mühasirəyə aldılar. Fərzalının qohumlarının evinə, öz evinə güdükçülər qoyulmuşdu.

Bacısının əri, galladar Kərbalayı Qasım “silah gizlətmə” adı ilə həbs atılmış, bacısı Şahnisə ev dustağı edilmişdi. Rayonda milis idarəsində mühüm işdə işləyən Həsənqulu Bayramovun işə qarışmasından sonra Kərbalayı Qasım azad edildi.

Hələlik Məmmədquludan şübhələnmirdilər…

MÜƏLLİF

Bütün bunlar barədə sonralar görüşdüyüm rayonun ağsaqqallarınnan olan mərhum

HƏSƏNQULU BAYRAMOV

belə danışırdı: “Mən çox gənc idim. Rayon NKVD-sinin sədri Gəncinskinin müavini işləyirdim. Fərzalı ilə də şəxsən tanışlığımız vardı. Bir dəfə o məni Sobu meşəsində üç milis işçisiylə birgə mühasirəyə salmışdı. Müqavimət göstərməyin yersiz olduğunu görüb təslim olduq. Əl-qolumuzu da, gözümüzü də bağladılar. Gözümüzü açanda özümüzü dağın cəbəsində* bir qırğı yuvası boyda yerdə gördük. Amma bir az içəri gedəndə buranın ev boyda bir kaha olduğunu anladıq. Bu kahada bəlkə də bir aylıq azuqə vardı. Bu qırğı yuvasına ancaq kəndirlə qalxa bilərdin. Bu sıldırım qayaların arasında oturan qaçaqlar, istər bizim, istərsə də rusların əskərlərini bir-bir dənləyirdilər. Özlərinin isə heç burunları da qanamırdı.

Fərzalının göstərişilə bizə yemək verdilər. Sonra kəkliyotu çayı içdik. Nəhayət, o eşməsini odlayıb dedi:

-Həsənqulu, bilirsən ki, biz səninlə düşmən səngərlərdəyik. Ona görə sənin qanın mənə halaldı. İstəsəm, bu dəqiqə bir qırma atmadan səni də, milislərini də bu qırğı yuvasınnan ataram, qanınızı da batıraram. Amma mən, özümə söz vermişəm ki, qanı qanımnan olan türkə, musurmana güllə atmıyacam, ta ki, o maa güllə atanacan... Belə baxıram ki, bu xəmir hələ çox su aparacaq. Yəni ya sən məni, ya mən səni öldürəcəyəm. Bunların heç birinin olmaması üçün gəl səninlə belə bir əhd bağlayaq: hansı birimizin əlinə girəvə düşsə, birinci gülləni göyə atsın. Bu, bir. İkincisi, gözlənilən təhlükədən bir-birimizi xəbərdar edək. Üçüncüsü, ən əsası, nəsil-nəcabətimizin qadın qisminə hansı bir hökümət, yaxud səlahiyyət adamının toxunmasına imkan verməyək. Yəni bu ağır zamanda bir-birimizi qoruyaq... Səni də, o milislərini də buraxacam. Bax, o içəridə, kahada oturub qorxudan sarısını udan milislərinə də deyərsən ki, bizi ona görə buraxdı ki, gedib bacısının ərini türmədən çıxartdax... Nə deyirsən?

Dedim, Fəzi, gözlərinin qadasın alım, mən razı. Amma sən adamlarıa deyərsən, yolda qabağımızı kəsib milislərin birini yaralayarlar. Sonra mən qışqıraram ki, Fərzalı bizi buraxıb. Bizdən əl çəkərlər. Yəni rayonda buna inansınlar...

Nə təhər demişdim, həylə də oldu. Amma milislərdən birinin şah damarını güllə qırmışdı, qolu yanında qaldı ömürlük... Hə, o ki qaldı Fərzalıya... O məni həmişə qorudu. Amma mən onu axıracan qoruya bilmədim... Heyf oldu...

On beşinci səs

CƏBRAYIL

Elə ilk hücumda iyirmiyəcən düşmən qırmışıq. Qalanları da tüpürüb dabana qaçırlar. Bilirsiniz nə düşünürəm? Müharibə futbol kimidir: ilk qolu kim vurdusa, uğur adətən səksən faiz onun olur. Əlbəttə başqa hallar da ola bilər, amma bu, adətən belə olur. Deməyim odur ki, ilk günnən onların gözünün odunu almağımız yaxşı oldu. Gərək çalışaq ki, səhər də uğurlu əməliyyat olsun. Məsələn, əgər səhər biz bomba bir hücum qura bilsək və hücum zamanı düşmənin yenə belini qırsaq və bu hücumumuz bütün cəbhə boyu yayılsa, inanın ki, mənfur düşməni uzağı bir-iki aya məğlub edəcəyik.

Bir də bu dəfəki müharibənin ən böyük özəlliyi bilirsiniz nədir? Kütləvilik. Xalq təkcə oğlanlarını, elə qızlarını da – onların haqqını yeməyək, ən azı şəfqət bacısı kimi nə qədər xanım döyüşçü var cəbhələrdə - müharibəyə göndərməklə kifayətlənmir, yollara düzülüb, onları yola salır, bayraq yelləyir, şüar deyir, hətta ağır pandemiya zamanında boğazınnan kəsib əsgərlərə yemək-içmək təklif edir. Az qala ağlamaq tutacaqdı məni, bir kababçı yol qırağında manqal qoyub kabab çəkir, kalonların qabağını kəsib dürmək arasında kabab paylayırdı əsgərlərə...

Döyüşün şirin yerində bilirsiniz kimi görmüşəm? Gənc şair var e, adını da unutdum – qoy elə Şair olsun adı – hə Şairi! Dedim, qaqaş sən burda neynirsən?! Gülüb dedi ki, mən kişi deyiləm?! Gəlmişəm xalqıma öz qan payımı verim. Ölərəm, ölərəm, ən azı düşmənin bir gülləsini azaldaram o məşhur deyimdəki kimi, ölmərəm də ən azı bir düşmən öldürərəm, boş vaxtımızda sizlərə anekdot danışaram, çay qoyaram... Nəysə, bu həm də şair marağıdır, bəlkə sağ qalsam, müharibə mövzusunda nəsə yaddaqalan bir şey yazaram....

Dedim, poema guppuldadarsan, Moşu demiş. Gülüb, qayıtdı ki, poema dövrü bitdi. Ən azı Rasim Qaracanın “Əgər ən yaxın dostun müharibədə ölmüşsə” şeiri səviyyədə bir-iki müharibə şeiri yazaram. Ya da bəlkə keçdim nəsrə, yaxşı hekayələr, yaxud bir iri roman yazdım...

Çox mütəəssir olmuşam. Bir xalqın şairi ki, müharibəyə laqeyd deyil, demək, qələbə yaxındadır. Hə də, axı bu şair tayfası belə birtəhər olur. Hərdəmxəyal, vuran... Həttə nəşə-zad da ola bilər... Amma arada Vətən varsa, şair də silaha sarılıbsa...

ŞAİR

Gənc bir döyüşçü ilə qarşılaşdım. O məni tanıdı. Elə irəli şığıyırdı, dedim daha bunu saxlamaq olmaz. Sonra səngərdə üz-üzə gəldik. Maraqlı söhbətləri vardı. O da haçansa yazıb. Sonra başını buraxıb. Amma şeirdən, ədəbiyyatdan başı çıxır. Deyir ki, bizim müharibə ədəbiyyatımız yoxdur. Varsa da, bizim müharibəyə aid deyil. Məsələn, yadıma Səməd Vurğunun “Mənə belə söylədilər” şeiri düşür. Əla şeirdi. Amma rus-alman müharibəsinə aiddir. Bax, 30 ildir ölkəmizdə müharibə gedir, bir yaxşı müharibə şeiri yazılmayıb...

Dedim, qardaş, orası düz, amma gərək müharibə olsun ki, şeir, sənət də yazılsın. Müharibə olubsa da, biz məğlub olmuşuq, məğlubiyyətdən nə yazsın bu bədbəxt şair, yazıçı?!

Razılaşmır. Deyir, müharibə müharibədir. Sadəcə, onu yaxşı yazan lazımdır. 20 Yanvardan, Xocalı faciəsinnən yaxşı bir şedevr yazılıb? Mən xatırlamıram.

Düzü, dilim gödək idi. Amansız bir oxucu ilə üz-üzə idim. Susdum və dedim ki, bax, qardaşım, sən haqlısan. Bu meydan, bu da şeytan. Sən qəhrəmanlığını göstər, mən yazmasam, nə deyirsən, de...

Və gülüşdük. Elə təzəcə gülüşmüşdük ki, bir top mərmisi düz on metrliyimizə düşdü. İncəvara baş-gözümüzə torpaq ələsə də, xəsarət almadıq. Bir də gördüm bir nəfər qaça-qaça tullandı səngərə. “Sağsınız?” deyib bizə baxanda səsinnən tanıdım: məşhur telejurnalist idi. Döyüş vaxtı məlum səbəbdən zabit forması geyməsə də, mən onun baş leytenant olduğunu bilirdim. Ona görə qışqırdım:

-Eyyyy, jurnalist əmi! Cənab baş leytenant! Sən ki qoca kişisən, burda nə işin var?!

Gülüb bağırdı:

-Şair sən də burdasan?!

Gülüşüb qucaqlaşdıq. Qəribədir, pandemiya burada qəti hiss edilmir. Ya güllə səsinnən o da qorxub qaçıb, ya da bu təmiz dağ havası virusu öldürüb...

TELEJURNALİST

Döyüş vaxtı Şairlə rastlaşdım. Bir prokuror oğlu, bir keçmiş icra başçısının oğlu, bir təhsil şöbəsi müdiri və neçə məktəb direktoru da gəlibmiş müharibəyə. Düzdür, tam kütləvi deyil, amma artıq bu müharibəyə xalq müharibəsi demək olar. Bütün təbəqələrdən var cəbhədə.

Döyüşdən sonra da şair və o gənc əsgər ilə, adı gərək ki, Cəbrayıl idi, təkrar görüşdük. Ara səngimişdi. Tək-tük atəş səsləri eşidilsə də, ümumən döyüş dayanmışdı. Kimi yarasını sarıyır, kimi astadan mızıldanır, kimi də telefonda qurdalanırdı.

Cəbrayıl isə balaca bir dovşana ilıq su içizdirirdi. Dedim bunu hardan tapmısan? Dedi, komandir, döyüşün qızğın vaxtı gördüm tullandı səngərə, qısıldı çəkmələrimə. Baxdım ki, bir ayağınnan yaralanıb. Qoydum cibimə, sepini çəkdim ki, düşüb itməsin... İndilərdə yadıma düşüb. Cibimnən çıxartdım. Şirin çaya çörək doğramışam, ağzına tökürəm ki, özünə gəlsin... Komandir, müharibə yazıq heyvanları da dərdədər eləyib...

Dovşanı yedizdirənnən sonra Cəbrayıl beş-altı özü kimi gənci başına yığıb tarixdən nələrsə danışırdı. Düzü, söhbət mənə də xoş gəldi və jurnalist marağım ona qulaq kəsilməyimə səbəb oldu.

-Bilirsiniz, mənim anamın doğulduğu rayonda, ona bitişik Qubadlıda, Laçında elə kişilər olub ki, bir erməninin ayağını o rayonlara dəyməyə qoymayıblar e!.. Qaçaq Fərzalı deyirmiş ki, başımın tükü sanı erməni qırmışam. Hələ Sultan bəy! Tayqulaq Andraniki məcbur eləyib ki, ayağımı aralayıram, altınnan keç!.. Keçib, o da və bağışlayıb!...Ha-ha-haaaa!..

Əsgərlər qahqahla gülüşdülər. O isə şövqlə danışırdı:

-Hələ Bəhlul Əfəndi! O görəndə ki, bolşeviklər adamlarımızı qırır, var-dövlətlərini əlinnən alır, silaha sarılıb, qırıb bolşevikləri. Həm də bilirsiniz niyə, çünki bolşeviklər daşnaklarla əlbir olmuşdular.

Kimsə ona etiraz elədi və dedi ki, day bu qədər də yox... O isə təslim olmaq istəmirdi.

-A kişi, bax, bizim bir “Tumsatan” jurnalist dostumuz vardı, o danışırdı ki, Bəhlul əfəndinin dəstəsini məğlub eləmək üçün ermənilər, Qaradizdəki rus polku və bizim yerli bolşeviklər birləşmişdilər... Kişini tutub on il Sibirə sürgün eləyiblər... O da on ilini çəkib, qayıdıb Bakıya, Azərnəşrdə korrektor işləyib... Korrektor e! Əyə, o boyda dahi korrektor işləyib...

Uşaqlar acı-acı gülüşdülər. Oğlan isə daha həvəslə danışırdı:

-Əfəndi bilir ki, bu qanlı imperiya ilə silahla danışmaq mənasızdır, qələmə sarılır. Sarı Aşığın bayatılarını toplayır, Qaçaq Nəbi haqqında kitab yazır... Qaçaq Nəbi e! Ermənilərin, rusların qənimi Qaçaq Nəbi!.. Nəysə... Əfəndinin saç-saqqalı çox uzanıbmış. Bir oğraş çuğul kişiyə deyir ki, Bəhlul əfəndi, üzünə, başına bir qulluq elə, tük basıb səni. Kişi bilə-bilə ki, bu satqın onu çuğullayacaq, özünü saxlaya bilmir, deyir ki, bu baş düşmənə qulluq edir, mən ona qulluq etmərəm... Elə o cavabdan sonra kişini həbs edirlər. Gecənin birində ayağına daş bağlayıb dənizə atırlar... İnanırsınız, biləndə ki, Müşfiqi, Bəhlul əfəndini Xəzərdə boğblar, mən yayda plyaja gedə bilmirdim...

Sonra şairə ilişdilər, şeir oxusun. O da dedi ki, mənim şeirlərim belə auditoriya üçün deyil-filan. Onda mən gənclərə yanaşdım, dedim, uşaqlar, Cəbrayılın söhbəti şəxsən mənim çox xoşuma getdi. Bəlkə Cəbrayıl o Tumsatan jurnalistdən eşitdiklərindən bir az da danışsın?

Oğlan əvvəl belə diqqət çəkdiyinə görə utandı, bir az dayandı, nəfəsini dərdi və həvəslə danışmağa başladı...

Sonra mənim kimi yaşlı bir döyüşçü başını avtomatına söykəyib həzin bir səslə şeir oxudu:

Görüşəndə*
Sevgilisinin əlində
gözü axtarardı
ona veriləcək gülləri.
İndi
kitabları arasında qurutduğu
Gül ləçəklərində axtarır
Sevgilisinin cəbhədə itirdiyi əlləri.

Ardı var

*Cəbə - dağın ən sıldırım yeri. Bəlkə də cəbhə sözündəndir.
*Şeir döyüşçü - şair Emin Piriyə məxsusdur.

# 4295 dəfə oxunub

Oxşar xəbərlər

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

15:00 24 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

17:00 23 noyabr 2024
Mirzə Cəlil Sabirin heykəlinin açılışını niyə tənqid etmişdi? - TARİX

Mirzə Cəlil Sabirin heykəlinin açılışını niyə tənqid etmişdi? - TARİX

11:51 21 noyabr 2024
Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
# # #