Kulis.az “Oxford” kitab evindən reportajı təqdim edir.
Yolum “28 may” metrostansiyasının yaxınlığındakı “Oxford” kitab evinədir. İçəridəki adamlar qələm-dəftərin qiymətini soruşur. İçəri müştəri kimi girirəm. Kitablarla maraqlanmağa başlayıram. Xırda oyuncaqların üzərində “Film Fiction” jurnalını görürəm. Bu an mağazanın işçilərindən Tariyel bəy məni tanıyır. Köhnənin dostları kimi hal-əhval tuturuq.
Söhbətimizi elə ayaqüstü edirik. Çünki müştərilər ondan qələm, kitab, dəftər soruşurlar. Elə bizə də bu lazımdır. Reportaj üçün materialımız olar. Jurnalı götürüb, səhifələyirəm.
- Bu jurnalın nüsxəsini özün çıxardırsan?
- “Film Fiction” Azərbaycanda ilk elektron film jurnalıdır. Onların indiyə kimi çıxmış bütün saylarını (36 nömrə) çap elətdirib oxumuşam.
- Filmləri çox sevirsən?
- Əlbəttə. Hər gün izləyirəm. Mənim fikrimcə hər bir mədəni insan gün ərzində ən azı bir filmə baxıb eyni zamanda 50 səhifə kitab oxumalıdır. “Türkiyənin 100 ən yaxşı filmi” və “ BBC-nin tərtib etdiyi 100 ən yaxşı filmə” baxmağımı bu il üçün ən uğurlu hal hesab edirəm.
- Mən səhv yerə gəlməmişəm? Biz kitablardan danışacaqdıq. Filmlərdən başladıq.
Gülüşmə...
- “Koroğlu” dastanı var bizdə? – işçilərdən biri Tariyeldən soruşur.
- Vitrində olmalı idi.
Üzündə cücərən sızanaqlarından anlaşılır ki, yeniyemətdir. Müdaxilə edib soruşuram:
- “Koroğlu”nu oxumusunuz?
- Xeyr! - Fəxrlə əlini havada yellədir.
Tariyelin başı qarışır. Deyəsən, ayağım yüngüldü. Müştərilər tez-tez içəri girir, nəsə alır, gedirlər. Kitabların arasına keçirəm. Necə də hüzurlu andı kitabların arasında olmaq. Özümü içi kitablarla dolu böyük bir otaqda hiss edirəm. Budda rahatlığı tapdığım dəqiqələrdə Tariyelin səsi eşidilir:
- Bilirsən da, cəmiyyətimiz kitabdan uzaqdı.
- Bəs sən niyə bu gəlirsiz sahəni seçmisən?
- Sevdiyim işdi. Düzdü, bir o qədər gəlirli iş deyil. Amma mənim üçün rahatdı kitablarla işləmək. Həmişə istəmişəm, kitab işi ilə məşğul olum. Vaxt tapdıqca burda kitablar oxuyuram.
- Ən son hansı kitabı oxumusan?
- Tarık Akan “Anne kafamda bit var” kitabını oxumuşam. Tarık Akan çox sevdiyim aktyorlardandı, kitabını da xoşladım.
- Kitab oxuyanda müdriyyət narazı olmur səndən?
- Məni kitab işində saxlayan səbəblərdən biri də mağazada boşluq olanda kitab oxuyub, filmə baxmağımdır. Rəhbərlik sağ olsun, bu məsələyə anlayış göstərir. Başqa mağazalarda belə halın təkrarlanması ağlasığmazdır.
- Sizdə Azərbaycan-İngilis dilində lüğət var?
Məktəbli bir oğlan Tariyeldən soruşur.
- Olmalıdı, bir dəqiqə.
Tariyelin kitabı axtarmasından fürsət tapıb oğlandan soruşuram:
- Bədii kitablar oxuyursan?
- Yox e dayı, neynirəm. Əsas dərslərimi oxuyum, bəsimdir.
- Neçənci sinifdəsən?
- 11-ci sinif.
- Necə kitablar xoşlayırsan?
- Karyera haqda kitablar maraqlı gəlir.
Kitab mağazasında ən çox satılan bizim yazıçılardan Elxan Elatlıdır. Çingiz Abdullayev gözləyirdim, amma bu dəfə yanıldım. Müasir yazıçıların kitabları isə rəflərdə yatır. İnsanlara ədəbiyyat maraqlı deyil artıq. Karyera, işdə uğur, təhsil kitabları daha cəzbedicidir. Tariyelin başı əməlli-başlı qarışıb. Müştərilərin biri gedir, beşi gəlir. Etqar Keretin kitabı gözümə sataşır. Hekayələr kitabını götürüb vərəqləyirəm. Birdən ağlıma belə fikir gəlir. Hansısa bir səhifəsində saxlayım, görüm qismətimə hansı cümlə düşür. Vərəqlərin səsi küləyin qulağıma sığal çəkməsi kimi duyulur. Aha, saxlayaq. Görək bəxtimizə hansı cümlə düşdü: “Beləliklə, hər şey yuxuyla başladı”. Cümləni yozmaq istəyirəm. Birdən yuxum gəlir, əsnəyirəm.
Tariyel yuxudan oyadır və həvəslə söhbətinə davam edir:
- Əvvəlki illərə baxanda oxucular artıb. Fəlsəfəni, tarixi, elmi kitabları sevən gənclik yetişir. Ancaq təəssüf ki, sayları azdı.
- Dükanda kitabla bağlı maraqlı əhvalat yaşamısan?
Əllərini qoynuna alıb, fikrə gedir. Yadına düşən əhvalatı mənimlə bölüşür:
- Bir gün məktəbli qız Məhəmməd Əmin Rəsulzadənin 5 cildlik kitabını almaq istəyirdi. Endirim etməyimizi xahiş etdi. Qiymətdə razılaşdıq. Pulu verəndə mənə məlum oldu ki, o bu kitabların pulunu gündəlik məktəb xərcliyini üst-üstə qoyaraq toplayıb. Bu məqam mənə Yevtuşenko ilə bağlı oxuduğum bir əhvalatı xatırlatdı. Bir var tarixə “Pavlik Morozov” kimi düşəsən, bir də belə məktəbli kimi...
- Heç kitab oğurlayan olub?
Üzünə təbəssüm qonur Tariyelin.
- Deyəsən sən də oğurlamısan?!
- Mən oğurlamamışam, amma kitab oğurluğu olub dükanda. Gənc bir qız kitablarla maraqlanırdı. Soruşdum hansı kitab lazımdı. Dedi, seçim edim, deyəcəm. Xeyli keçdi. Qız hələ də kitablara baxırdı. Dükandan çıxanda qıza fikir verdim. Jaketinin altı böyümüşdü. Başa düşdüm ki, kitabları oğurlayıb. Üzünə baxdım. Həyəcanlı görünürdü. Məsələni açıb-ağartmadan həll etdik.
- Tariyel mağazada səndən başqa kitab oxuyan varmı?
- Əlbəttə, var. Kamran adlı iş yoldaşım həm kitab oxuyur, həm də kinemotoqrafiya ilə maraqlanır. Tərslikdən bugün işə çıxmayıb. Kamranla bütün günü boş vaxtlarda hansısa kitabı, filmi müzakirə etməklə məşğul oluruq.
Müştərilər yenindən çoxalmağa başlayır. Tariyellə sağollaşıb çıxıram. Metronun qabağı adamlarla dolur. Baş redaktorun tapşırdığı kitabı vərəqləməyə başlayıram.