Bizə utanmağı öyrədən müəllimlər

Bizə utanmağı öyrədən müəllimlər
5 oktyabr 2021
# 13:20

Kulis.az “Müəllimlər günü” münasibəti ilə Şərif Ağayarın “İçimizdə işıq yandıranlar” yazısını təqdim edir.

İndinin uşaqlarına bəlkə qəribə gələr, qırx il bundan əvvəl, kəndimizdə sinif müəllimimi köhnə paltarda tövlədə işləyən görəndə dəhşətli dərəcədə sarsılmışdım.

Sən demə, müəllim də hamı kimi peyin kürüyər, ata-inəyə ot-alaf verərmiş.

Həm də köhnə paltarda...

Həyatda söz və kitab adına nə bilirəmsə o müəllimə borcluyam...

Bəbir müəllimə...

İlk müəllimim...

Mənə ilk “Beş”i yazan kişi...

Həm də onun hesabına məktəbdən qorxmadım, dərslərdən qaçmadım.

Bəbir müəllim dərsi bilməyəndə, tapşırıqları yazmayanda müəllimdən utanmağı öyrətdi mənə.

Qorxmağı deyil.

O məsuliyyət hələ də içimdədir.

Oxumadığım kitablardan, baxmadığım filmlərdən utanıram.

Bir gün sinifdə belə bir əhvalat danışdı:

- Biz yeniyetmə ikən, dedilər, kəndlərin arasında dik dirəklər basdıracaq, onların üstüylə hamının evinə məftil çəkəcəklər. Tavanın ortasından armuda oxşayan şüşə asılacaq, divarda düyməni basan kimi evlər günüzmüş kimi işıqlanacaq. İnanmadıq. Gülüşdük. Ömrümüzdə belə gop görməmişdik...

Bəbir müəllim bu əhvalatı danışanda biz də güldük.

O vaxt sevimli müəllimimizin içimizdə də belə bir işıq yandırdığını anlamırdıq.

O vaxt həyatımızın da bu əhvalata bənzər bir gop olduğu ağlımıza gəlməzdi.

Başqa sinif yoldaşlarımı bilmirəm, şəxsən mənim bu hap-gopa bənzəyən ömrüm nə qədər xərcləndisə, Bəbir müəllimin içimdə yandırdığı o işığı qorumağa xərcləndi.

Anladım ki, o işığın son işartısı söndüyü gün məhv olacam.

Ağlaya-ağlaya məktəbə gedən o tər-təmiz varlıqdan əsər-əlamət qalmayacaq.

O işıqdan başqa hər şey yalanmış ömrümüzdə.

Və o işığı yandırmaqdan çox qorumaqdaymış məsələ!

İndi o işığı qorumağın Bəbir müəllimin xatirəsinə ən böyük ehtiram olduğunu xatırladıqca içimi hüznlü bir rahatlıq bürüyür.

# 6978 dəfə oxunub

Oxşar xəbərlər

İnsan emosiyalarını kətana köçürən ustad rəssam

İnsan emosiyalarını kətana köçürən ustad rəssam

12:28 18 iyun 2026
Şərq dəftəri - Sevinc Çılğının hekayəsi

Şərq dəftəri - Sevinc Çılğının hekayəsi

13:00 16 iyun 2026
Real hadisələr əsasında çəkilmiş 10 film - Siyahı

Real hadisələr əsasında çəkilmiş 10 film - Siyahı

14:00 15 iyun 2026
“Mən istərdim Arif qala, mən gedəm...” – Hüseyn Arifin ən böyük dərdi

“Mən istərdim Arif qala, mən gedəm...” – Hüseyn Arifin ən böyük dərdi

10:00 15 iyun 2026
25 avqust 1983-cü il - Xorxe Luis Borxesin hekayəsi

25 avqust 1983-cü il - Xorxe Luis Borxesin hekayəsi

10:00 14 iyun 2026
"Sevgi naminə hər şeyi qurban verməyə dəyərmi?"  -  "Anna Karenina" tamaşasından qeydlər

"Sevgi naminə hər şeyi qurban verməyə dəyərmi?" - "Anna Karenina" tamaşasından qeydlər

10:00 13 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər