Bir gəncin anormal istəkləri – Orxan Bahadırsoydan 18+ hekayə

Bir gəncin anormal istəkləri – Orxan Bahadırsoydan 18+ hekayə
23 sentyabr 2021
# 21:00

Kulis.az gənc yazar Orxan Bahadırsoyun “Saliva” hekayəsini təqdim edir.

- Səncə, biz niyə burda doğulmuşuq?

- Əvvəl-axır bir yerdə doğulmalıydıq da.

- Düz deyirsən. Elə hər şey də o doğulmaqdan başlayıb.

- Nə başlayıb?

- Məsələn, bizim ağrını ilk dəfə dadmağımız.

- Mən o vaxtı xatırlamıram.

- Mən də xatırlamıram, amma ikimiz də bilirik. Bilirik ki, anamızın çanağı arasında sıxıla-sıxıla, birtəhər gəlmişik dünyaya. Sonra da götümüzə bir şillə vurublar, ağlayaq deyə. Təsəvvür elə ki, o şillə götümüzə dəyməsəydi, nəfəs ala bilməzdik, elə ordaca, səssiz-səmirsiz ölərdik.

- Bunları niyə danışırıq?

- Biləcəksən. Darıxma. – dedim.

Darıxırdı. Çox səbirsiz idi. Hər halından hiss olunurdu ki, mənimlə yatağa girmək üçün tələsir. İstəyir ki, əlinə belə fürsət düşmüşkən, məqsədinə mümkün qədər tez çatsın.

Marşrutdan düşəndə dayanacaqda gördüm onu. Uniforma geyinmişdi. Çox yaraşıqlı idi. Düzdür, mənim xoşuma gələn tiplər çoxdur. Bəzən qaraşınları, bəzən sarışınları, bəzən ağbənizləri xoşlayıram. Hələ özüm də öz zövqümü konkret müəyyənləşdirməmişəm. Deyəsən, sarışınlar daha çox xoşuma gəlir.

O da qismən sarışın idi. Saçları papağın altında gizlənsə də yaşıla çalan gözləri və tez qızaran yanaqları sarışınlığından xəbər verirdi. Önündən keçəndə üzünə baxıb, gülümsədim. Beş-altı addım ötəndən sonra başımı çevirib gözlərinə baxdım. O da gülümsədi. Sonra yoluma davam etdim, istəsə arxamca gələr deyə, düşündüm. Növbəti dəfə geriyə baxanda arxamca gəldiyini gördüm. İstəyirmiş. Gözləyirdim ki, özündə cəsarət tapıb yaxınlaşsın. Əslində, mən özüm də yaxınlaşacaq qədər cəsuram, amma təkəbbürüm buna icazə vermir.

Yolumu uzadırdım. Adamların olmadığı, yarımçıq və köhnə tikililərlə dolu küçəyə döndüm. Yolun kənarındakı daşa qəsdən ilişdirdim özümü və yerə yıxıldım. Dirsəyim möhkəm ağrıdı. Bir az yazıqlıqla, bir az da ehtirasla zarıdım. Cəld yaxına gəlib əlimdən tutdu. Ürəyi ağrımışdı mənə. Gözlərindən hiss elədim. Necə olduğumu soruşdu.

- Yaxşıyam. – dedim.

- Bu küçədə qalırsan? – soruşdu.

- Bu küçədə yaşayış yoxdur. Sənlə rahat söhbət edə bilmək üçün yolumu burdan saldım.

- Deməli, mənlə söhbət etmək istəyirsən? – qürrələndi.

- Bu həyətlərdən birinə keçə bilərik. – dedim.

Razılaşdı. İçində ağ daşla hörülən və yarımçıq qalan evin olduğu, yaşıl otlarla dolu həyətə girdik. Divarın kənarında beş-altı ağ daş vardı. Onların üstündə oturduq. Soruşdum:

- Nə işləyirsən?

Dedi:

- Yanğınsöndürən.

Dedim:

- Ay insafsız, neçə ildi bu şəhərdə bir insan yanır, bəs niyə söndürmürsən?

Güldü. Cavab vermədi. Yanaqları da qızardı. Mən yanaqlarının qızarması surətinə bu qədər yaraşan ikinci bir adam görməmişdim. İnsafən, yaraşıqlıydı. Mən isə qorxurdum. Qorxurdum ki, o da adi biri, sıradan əyləncələrin adamı ola. Qorxurdum ki, bəsit romantikalardan həzz ala. Ona görə söhbəti ağrılara gətirməyə çalışdım. Doğularkən götümüzə dəyən şillədən danışanda artıq simasında qəribə ifadə yaranmışdı. Mənim boş-boş çərənlədiyimi hesab edirdi.

- Bunları danışmağın əvəzinə daha yaxşı işlərlə məşğul ola bilərik. – dedi.

- Məni zorlamaq istəyirsən? – soruşdum.

Duruxdu. Elə zənn etdi ki, rişxənd edirəm. Bilmədi nə cavab versin. Yanaqları yenə qızardı. Sonra simasındakı təəccüb təbəssümlə əvəzləndi.

- Sən istəsəməsən, mən sənə əl də vurmaram. – dedi.

- Mən əl vurmağını istəmirəm onsuz da. Məni zorlamağını istəyirəm.

- Həəə... Əgər sərt xoşlayırsansa edə bilərəm. – kəkələməyə başladı.

- Yox. Sən dediyin sərtlik də dəbdən düşüb. Daha həzz vermir. Mən zorlanmaqdan da artığını istəyirəm. Sür-sümüyümü sındırmağını, məni əzişdirməyini, dərimdən qan axıtmağını...

Sözümü kəsdi:

- Bunları heç vaxt etməmişəm axı.

- Edib-etmədiyin mühüm deyil. Mühüm olan istəməyindir. Etmək istəyirsən? – qətiyyətlə soruşdum.

- Gərək yoxlayım.

- Hələ qərar vermə. İstədiklərim bununla bitmir.

- Bundan artığı da var?

- Var. – dedim və üzümü üzünə yaxınlaşdırıb gözlərinə baxdım.

Həyəcanlanmışdı. Ondan nə istədiyimi bilmirdi. Gülümsədim.

- Mənə şillə vur! – dedim.

Anladı ki, onu yoxlayıram. Cüzi tərəddüddən sonra üzümə bir şillə ilişdirdi. Nə yavaş, nə möhkəm, ortabab bir şillə idi. Həzdən gözlərimi yumduğum üçün şillədən sonra üzünün ifadəsini görə bilmədim. Çox keçmədi ki, özümü topladım. Yenə eyni vəziyyətdə durub:

- Tüpür mənə! – dedim.

Bu dəfə tərəddüdü çox çəkdi. Mən həmin vəziyyətdə gözləyirdim. O isə hərdən gözlərimə baxır, hərdən də gözlərini ətrafda gəzdirib düşünürdü. Sonra tüpürdü üzümə. Az idi. Kiçik tüpürcək damcıları üzümə çiləndi.

- Yox. Alınmadı. Bir az çox və sərt olmalıdır. – dedim.

- Bunu həqiqətən istəyirsən? – təəccüblə soruşdu.

- Hə, istəyirəm. Kişi deyilsən? Tüpür də!

Bu - “kişi deyilsən” sözü toxundu ona, deyəsən. Elə mən də qıcıqlandırmaq üçün demişdim. Kişilərin xasiyyətidir. O da xeyli özündən çıxıb yaxşıca tüpürdü üzümə. Tüpürcəyi sol gözümün altına düşdü. Sonra da yavaş-yavaş iki dodağımın birləşdiyi yerə axdı. Dilimlə tüpürcəyi ordan götürdüm və ağzımda yaymağa başladım. Azca siqaret dadı verirdi, amma ləzzətli idi. Yenə də gözlərimi həzdən yumduğum üçün onun məni hansı baxışlarla süzdüyünü görə bilmədim. Gözlərimi açanda onun üzündə təxmini belə bir ifadə vardı ki, mən axmaq və iyrəncəm.

- Bəs sonra nə oldu? – deyə, psixoloq soruşdu.

- Sonra ona dedim ki, üstümə işəsin. O, mənə insanlığın mənəvi dəyərlərindən, nə bilim, hörmətdən, sevgidən filan danışdı. Əsəb keçirdim.

- Siz istəyirdiniz ki, o sizin üstünüzə işəsin?

- Bəli, istəyirdim. Yəni indi olsa yenə istəyərəm. Axı mən bundan həzz alıram.

- Anlayıram.

- Yaxşıdır, sözdə də olsa, anladığınızı deyirsiniz. Başqaları heç bunu da demir.

- Yox, mən sizi həqiqətən anlayıram.

- Təki həqiqətən anlayasınız...

- Yaxşı, bəs yanğınsöndürənin aqibəti nə oldu?

- Yanğımı söndürə bilmədi. Baxışlarından oxuduğumu dili ilə dedi. Dedi ki, mən axmağam, iyrəncəm, murdaram.

- Sonra görüşdünüz onunla?

- Yox. Elə orda təklifimi qəbul etmədiyi üçün getməsini istədim. O da sağollaşıb getdi. İnsafən, şilləsinin dadı yanağımda, tüpürcəyinin dadı damağımda hələ də qalıb.

- Anlayıram. İlk dəfə bu maraqlarınızı nə zaman kəşf etmisiniz?

- Dəqiq bir zaman deyə bilmərəm. Yadımdadır ki, 5-6 yaşım olanda bir gecə kabus görmüşdüm. Yuxudan ayıldım. Atamla anamın yatdığı otağa doğru gedəndə anamın ağlamaq səsini eşitdim. Qapının arxasında durub qulaq asdım. Bu adi ağlamaq deyildi. İnilti kimiydi. Bulanıq şüşədən görürdüm ki, atam anamın üstündə oturub, saçından tutub və şillələyir. Arada ağzını da tuturdu. Deyəsən, barmaqlarını onun ağzına salmışdı. Sonra ayağa qalxıb təpiklədi anamı. Anam da onun ayağından tuturdu. Gerisini yaxşı xatırlamıram. Sadəcə, bulanıq şüşədən gördüklərim yadımda qalıb. O vaxt elə bilmişdim ki, atam anamı döyür. Həmin gecə kabusu da yaddan çıxarıb səhərəcən ağlamışdım. O gündən sonra yeniyetmə vaxtlarıma qədər atama nifrət eləmişdim.

Əslində, atamla anam bir-birilərini çox sevirdilər. Ara-sıra xırda dava-dalaşları olurdu, amma bir-iki saat küsülü qalıb barışırdılar. Həmin gecənin səhəri də mehriban idilər. Fikirləşirdim ki, anam böyük qadındır. Yəqin atam hər gecə onu döyür, amma o bizi üzməmək üçün atama mehriban davranır. Sonralar anladım ki, həmin gecə, sadəcə, əylənirmişlər.

- Yəqin ki, öz maraqlarınızın genetik olduğunu düşünmürsünüz...

- Yox. Bilirəm, genetik ola bilməz. Hər insanda olması mümkündür.

- Bayaqkı sualıma cavab vermədiniz. İlk dəfə nə vaxt bu cür maraqlarınızın fərqinə vardınız?

- Bir az düşünməliyəm. – dedi.

Şəhadət barmağını çənəsinə söykəyib, gözlərimi qıydım. Bir az sonra:

- Deyəsən, yadımda düşdü. – dedim.

- Aha. – psixoloq maraqla dinləyirdi.

- Orta məktəbdə, yuxarı siniflərdə oxuyanda... Hər dəfə idman dərsindən sonra bütün uşaqlar əl-üzlərini, ayaqlarını yuyurdular. Geyinib-soyunma otaqlarının qabağında iki əlüzyuyan vardı. Birində oğlanlar, birində qızlar yuyunurdu. Mən də bir kənarda durub oğlanların yuyunmasına baxırdım. Ən sonda mən yuyunurdum. Əlimə kitab tuturdum, elə bilsinlər ki, kitab oxuyuram. Onlar ağızlarını yuyub suyu qaytaranda, qoltuqlarını, burunlarını təmizləyəndə inanılmaz həzz alırdım. Tüpürcəkləri suya qarışırdı, bulanıq olurdu. Qoltuqlarından təzə çıxan tüklər, tər damcıları görünürdü. Yenicə tüklənmiş ayaqlarını yuyanda sığallamaq, öpmək, yalamaq istəyirdim. Deyəsən, 3-4 il çəkdi. 3-4 il ərzində hər idman dərsindən sonra bu mənzərəyə tamaşa edirdim. Mükəmməl idi. O zamanlar anlamışdım belə şeylərdən həzz aldığımı. Gecələr yatanda onları fikirləşirdim. Təsəvvür edirdim ki, ağızlarını su ilə yaxalayıb ağzıma boşaldırlar, ayaqlarını yuyuram. Qoltuqlarındakı tər qoxusunu hiss edirdim. Bəzən öz qoltuğumu iyləyə-iyləyə yatırdım. Xəyal edirdim ki, o oğlanlardan ən yaraşıqlısının tər qoxusudur. Ümumiyyətlə, tər qoxusunu həmişə sevmişəm.

- Anlayıram. – dedi psixoloq.

- Hə, bir də ki, tualetdən çıxanda bəzi oğlanların nazik idman şalvarlarının qabağı azacıq islanırdı. Şeylərini yaxşı silkələmirdilər, deyəsən. Hər nəsə. Yaxşı ki, silkələmirdilər. Çünki ən çox bundan həzz alırdım. Dairəvi sidik ləkəsi, bəzən aşağı, bəzən yuxarı, bəzən də yana doğru uzanmış şeylərinin baş tərəfində görünürdü. Çox vaxt şeyləri də bilinirdi, şalvar nazik olduğu üçün. Bilinməyəndə də cinsiyyət orqanının istiqamətini həmin ləkəyə görə müəyyənləşdirirdim. Bunları düşünmək belə, mənə hədsiz həzz verirdi.

- Anlayıram.

- Yadıma düşmüşkən, birini də deyim. Universitetin birinci kursunu bitirəndə tələbə yoldaşlarımızla yığışıb, bunu qeyd edirdik. Gecəyarı dağılışdıq. Qrup yoldaşlarımdan biri o vaxt kirayə qaldığım evin qonşuluğunda yaşayırdı. Çox içmişdi. Ayaq üstə güclə dururdu. Taksi çağırdım. İkimiz də arxada əyləşdik. Yuxulayırdı. Başını çiynimə qoyub yatanda nəfəsinin içki qoxusu burnuma dəyirdi. Bu da mənə həzz verirdi. Ən çox həzzi isə qusmasından aldım. Yolu yarı etmişdik ki, qaytardı. Bir azı yerə, bir azı oturacağa, bir azı da mənim üstümə töküldü. Heç iyrənmədim. Özüm özümə təəccüblənmişdim. Sürücüdən salfet alıb onun ağzını, yaxasını sildim. Sonra da öz üstümü və oturacağı təmizlədim. Düzü, həzzim həmin an üçün idi. Sonra o salfetlərdən iyrəndim deyə, atdım. Tərini sildiyim salfeti isə quruyanacan özümdə saxladım. İyləyib həzz alırdım. O, sonralar mənə xeyli təşəkkür etdi, üzr istədi. Mənim olanlardan necə ləzzət aldığımı heç vaxt bilmədi. Əslində, təşəkkür etməli olan mən idim.

- Anlayıram. Bəs sizin istəkləriniz bununla bitir? Yəni şillə, tüpürcək, sidik və tər qoxusuyla kifayətlənir maraqlarınız?

- Əslində, yox. Daha da artığı var, amma sadaladıqlarınızı fərli-başlı yaşamamışam ki. Sadəcə, istək olaraq qalıb. Onları yaşaya bilsəm, sonra başqalarına da növbə gələr.

- Mənə o başqalarını da danışın.

- Nə deyim!? Hmmmm... Məsələn, ovcuma işəyib sonra o sidiyi ağzı ilə götürüb mənim ağzıma tökə bilər. Bu, çox maraqlıdır, elə deyil? Öz dabanına tüpürüb mənə yalada bilər. Amma ayağı iy verən kişiləri sevmirəm. – deyib gülümsədim.

- Bəs siz özünüz dominant olmaq istəyirsiniz?

- Düzü, hərdən elə istəklərim də olur.

- Məsələn, nələr istəyirsiniz?

- Partnyorumun əlin-ayağın bağlamağı, onu dişləməyi, cırmaqlamağı, hərdən ağzına tüpürməyi də istəyirəm. Amma bundan artığı yox. Heç vaxt bir kişi üzərində ifrat dominantlığı sevməmişəm. Həddində olanda maraqlıdır.

- Anlayıram.

-Siz elə ancaq məni anlayırsınız. Mənə konkret çıxış yolları lazımdır.

- Siz nədən çıxış yolu axtarırsınız?

- Bu istəklərimdən.

- Baxın, dərinizi soyunub bir kənara tullaya bildiyiniz gün və dəriniz olmadan yaşaya bildiyiniz gün bu istəklərinizi unuda bilərsiniz bəlkə də. Əks halda, mümkün deyil. Çünki bunlar sizin ruhunuzun istəkləridir. Ruhunuz dərinizin altındadır. O, sizi tərk etməyincə, siz heç bir arzu və istəklərinizdən imtina edə bilməzsiniz. Bu haqda düşünməyin. Üstəlik, sizin bu istəkləriniz imtina edilməsi gərəkən şeylər deyil. Sadəcə, bəzi toplumlarda anlaşılmır, nadir rast gəlinir deyə, qınanıla bilərsiniz. Əmin olun ki, sizin bütün maraqlarınız başqalarına zərər vermədiyi halda, pis bir şey deyil, sadəcə, fərqlilikdir. Həzz aldığınız bir şey heç kəsə zərər vermirsə, onu özünüzdə pis bir şey kimi qəbul etməyin.

- O zaman bunları mənə yox, həmin toplumlara deməyiniz lazımdır. Çünki mən maraqlarımın kiməsə zərər verdiyini düşünmürəm.

- Əlbəttə, zərər vermir, amma mənim qəbuluma siz gəlirsiz, bütün toplum gəlmir. Mənə də bunları car çəkməyim üçün tribuna verən yoxdur.

- Deməli, hər şey yanlışdır.

- Bu qədər xırdalıqlara varmaqla ancaq özünüzə əziyyət verəcəksiniz. Siz çalışın ki, maraqları sizinlə üst-üstə düşən birini tapıb onunla bütün arzularınızı reallaşdırasınız.

- Bu, çox çətin olacaq.

- Olmayacaq.

- Qətiyyətlisiz.

- Bəli, qətiyyətliyəm. Bağışlayın, növbədə gözləyənlər var. Növbəti seansda davam edərik.

- Yaxşı. Təşəkkür edirəm. – deyib, psixoloqun kabinetindən çıxdım.

Növbəti seans iki gün sonra idi. Psixoloqun işə yaramadığını düşünürdü. Baxmayaraq ki, hər dəfə psixoloqun qəbulundan çıxandan sonra rahatlayırdı. Heç kəsə deyə bilmədiklərini bütün təfərrüatları ilə danışa bilirdi psixoloqa. Bu, onu xeyli sakitləşdirirdi. Buna rəğmən, seanslar ona faydasız görünürdü. Çünki o, bu maraqlarından qurtulmaq istədiyi halda, psixoloq onu bir az da həvəsləndirir, maraqlarını həyata keçirmək üçün variantlar təklif edirdi.

Yanğınsöndürəni xatırladı. “Hamı kor və kardır, mənim bu boyda yanğımı heç yanğınsöndürən də görə bilmədi” deyə, düşündü. Axı yanğınsöndürən onun çox xoşuna gəlmişdi. Sonra isə psixoloqun görünüşü onun gözləri önündə canlandı. Qara və gur saçlı, dərisi ağappaq, ortaboylu, yastı, amma iri kürəkli və möhkəm sinəli bu kişi də pis deyildi, əslində. Fikirləşdi ki, o, psixoloqdur, yəqin ki, belə maraqları olmaz. Ona bu təklifi etmək də mənasız görünürdü.

Yağınsöndürən və psixoloq haqqında düşünə-düşünə bir xeyli gəzdi. Yalnız yaşayırdı. Evi ona cansıxıcı gəlirdi. Lakin kirayə evlər arasında ən rahat və ucuzu bu idi. Balaca, səliqəli ev idi. Qalın divarları olduğu üçün içəri boğuq olurdu. Çölə açılan bir pəncərəsi vardı, ordan da qanqal kolları və zibillər görünürdü.

Pizzanı sevirdi. Yenə pizza alıb evə gəldi. Soyuducuda yarım litr pivəsi də qalmışdı. Pizzanı doğrayıb bir-iki dilim yeyəndən sonra bir az pivə içdi. Evin qapısı döyüldü. Pivə şüşəsini masanın altına qoyub bir dilim də pizza yedi ki, içkinin qoxusunu itirsin. Sonra üst-başını səliqəyə salıb qapıya yaxınlaşdı. Yəqin ev sahibidir, ya da qonşudur deyə, düşündü. Onun qapısını döyəcək başqa biri yox idi. Qapını açanda isə gözlərinə inanmadı. Təəccüb içində donub qalmışdı.

- Ünvanınızı anketdən götürdüm. Yalnız yaşadığınızı da demişdiniz.

- Hə... hə... Doğrudur.

- Narahat etmək istəmirəm. Gedə bilərəm.

- Yox, narahat etmirsiniz. Sadəcə, qəfil oldu. Xəbər etsəydiniz yaxşı olardı.

- Planlaşdırılan şeyləri sevmirəm. Marağı olmur.

- Mənim adamımsız.

- İçəri dəvət etməyəcəksiz?

- Ayy... Üzr istəyirəm. Buyurun, keçin.

Psixoloq içəri girdi. Ətrafa göz gəzdirib:

- Eviniz gözəldir. – dedi.

- Bəsdirin. Səmimi demədiyinizi bilirəm. Bura çox cansıxıcıdır.

- Məsələ burasıdır ki, mən sıxıldığım yerdə rahat oluram.

- Siz məndən də qəribəsiz...

- Bəlkə də elədir.

- Gəlişinizin səbəbini bilmək olar?

- İstəklərinizi reallaşdırmağa gəldiyimi desəm...

Duruxdu. Bunu heç gözləmirdi. Bəlkə psixoloqun müalicə metodudur deyə, düşündü.

- Baxın, əgər bunları deməklə məni müalicə etmək niyyətiniz varsa....

- Yox, yox. Siz xəstə deyilsiniz ki, müalicəyə ehtiyacınız olsun. Üstəlik, bura mənim kabinetim deyil, sizin evinizdir. Mən indi iş başında deyiləm. Sizin qonağınızam və sizə dediklərimdə ciddiyəm. Əlbəttə, siz qəbul etsəniz...

- Nəyi?

- Yanğınsöndürənlə etmək istədiklərinizi mənlə etməyi.

Hə, psixoloq ciddi idi. Niyə bununla bağlı çox düşünməmişdi? Axı demişdilər, arzularımız uzaqda deyil, lap yaxınımızdadır. Düşünmək üçün, ya da cavab vermək üçün, bəlkə bütün istəklərini reallaşdırmaq üçün çox az vaxtı var idi – cəmi bir gecə. İllərin yanğısı üçün çox az deyilmi?

2017

# 13796 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #