Ata-anasının çırağını söndürdü - Bircənin romanı

Ata-anasının çırağını söndürdü - Bircənin romanı
3 aprel 2020
# 09:00

Kulis.az “Cəhənnəmdən keçmiş mələk” avtobioqrafik romanından növbəti hissəni təqdim edir.

əvvəli burada

Evimin hər ehtiyacını ödəyirdim, di gəl, evdə nəsə sınanda elə bilirdim qolum sınır, elə bilirdim hər işim böyrü üstədi. Problem də ki əskik olmurdu – gah kanalizasiya tutulurdu, gah işıq xətti qırılırdı, gah tozsoran xarab olurdu... Bu çatışmazlıqları Həmid tezcə aradan qaldıranda qəlbimdə ona bir balaca hörmət, doğmalıq hissi yaranırdı. Bununla belə, əyər-əskiyimiz düzəlmək bilmirdi.

Avqustda oğlumun sevgilisi rayona getdi. Cavid də bu fürsətdən istifadə eləyib bacısı bizdə yaşayan dostuna qoşulub onların dağlıq bölgədə yerləşən kəndinə yollandı.

Şəhərdə istidən bişdiyimiz o günlərdə Elgün işçilərin nəzərinə çatdırdı ki, yaxın dostu münasib qiymətə xaricdən kondisioner gətirib satır. İş yoldaşlarımın çoxu həm ucuz, həm keyfiyyətli mala müştəri çıxdı.

Mənim yalnız bir kondisioner almağa gücüm yetirdi. Ürəklə irəli durammadığımı görən Elgün dadıma çatdı:

- Bircə xanım, geniş mənziliniz var, birini niyə götürürsüz, üçünü alın, canınız birdəfəlik qurtarsın.

- Axı üçünə pulum çatmır.

- Elə bilirsiz alanlar hamı pulunu nağd verir? Biri mən özüm, dördünü götürmüşəm, haqqını beş aya hissə-hissə ödəyəcəm.

Ürəkləndim:

- Onda ikisini də mən alım.

- Siz mən deyənə baxın, üçünü götürün, usta gəlib quraşdırsın, mən dostumla danışaram.

Qərəz, bir kondisionerin pulunu nağd ödəyib ikisini nisyə götürdüm. Kondisionerlər quraşdırılanda Həmid böyürdən çıxdı. Kişinin pırtlaq gözləri az qaldı diyirlənib düşsün ovcuna:

- Deyəsən xəzinə tapmısan, üç kondisioner birdən götürmüsən.

- Hə, düz deyirsən, xəzinə üstündə oturmuşam.

- Bilirdin evində usta işləyəcək, oğlunu niyə gəzməyə göndərirdin?

- Oğlum ustaya neyləyəsiydi?

- Ayıb deyil? Tək qadın xeylağı ustayla bir evdə... kişisiz qadın... tanımadığın adam...

Əvvəlcə başı divarda deşik açmağa qarışmış arıq ustaya, sonra da eni uzunundan seçilməyən Həmidə baxdım, yadıma Don Kixotla Sanço Pansanın karvansara macərası düşdü, gözümün qabağına gəldi ki, bunların ikisini də xalçanın üstünə qoyub uşaq kimi atıb-tuturlar, məni yenə gic gülmək dolaşdırdı:

- Ustanı çoxdan tanıyıram, - dedim, - aramız sazdı.

Həmid üzümə çaşqın-çaşqın baxıb onu ələ saldığımı, yoxsa gerçək söylədiyimi anışdırmaq istəyirdi. Bu dəm telefonum zəng çaldı, Həmidi ustanın yanında qoyub özümü verdim qızların otağına. Arabir Səməndərin yazılarını çatdırdığım jurnalist dostum idi, qardaşıma poçtalyonluq eləyə-eləyə onunla dostlaşmışdım. Arvadından ayrılmışdı, neçə il subay-salıq gəzib-dolanandan sonra indi mənlə evlənmək fikrinə düşmüşdü. Onun xətrini çox istəyirdim, xasiyyətcə bir az da Rüfətə oxşadırdım. Təklifini dönə-dönə dilə gətirdikcə deyirdim:

- Mən indən belə ailə qurası deyiləm, səni də bir qardaş kimi görürəm. Səndən ötrü kimə desən elçi gedərəm.

O da hər dəfəsində köksünü ötürüb:

- Bilirəm, qardaşlarından çəkinirsən, - deyirdi, - ürəkli ol, mən onların üstünə elə adamları elçi göndərəcəm ki, etiraz eləyə bilməyəcəklər.

Dostum, bundan irəli demişəm, yenə deyim – içimdə özümdən başqa bir mən də, bir qadın da vardı, məni bir qada gözləyəndə o qadın harayçılıq eləyib içimdən çölümə xəbər göndərirdi. Üstünə atlı qaçdığım şəhərdə ilk evlənmək təklifini Sabirdən almışdım. Etibarlı dost, sirdaş olsa da onu ər kimi, başımı köksünə söykəyəcəyim kişi kimi görəmmirdim. Bu barədə hər düşünəndə içimdəki qadın ürəyimlə arama qalın bir gərdək çəkirdi.

İndi yenə zəngi gələn o idi. Qapını arxadan bağlayıb telefonu açdım.

- Bircə, əlimə yaxşı fürsət düşüb, məni xaricə çağırırlar. Qalmağa ev, münasib iş söz veriblər. Gəl daşı tök ətəyindən, sənədini götür çıxıb gedək buralardan.

Onu şirin dilə tutub ayıltmağa çalışdım:

- Qadan alım, vallah mən bu yaşdan sonra heç yerə baş alıb gedə bilmərəm. Uşağımı, ailəmi, elimi nə deyib atım, camaat məni qınamazmı?

- Mən bu şansı illərdi gözləyirəm, belə fürsət bir də ələ düşməyəcək. Nolar mənim taleyimin üstündən xətt çəkmə.

- Ay Sabir, biryolluq aç qulağını eşit, mən elimi, yurdumu buraxıb heç yana gedə bilmərəm. Lap tutalım sən dedin, mən də gözüyumulu düşdüm sənin dalınca. Sonra da yad yerdə bezib məni atdın. Onda mən hansı üzlə geri qayıdaram?

- Niyə atıram ki səni?

- Bəs kəbinli arvadını bir uşaqla niyə atdın?

- Mən atmadım, o məni atdı.

Danışdığım müddətdə Həmid bir neçə dəfə qapını tıqqıldatmışdı. Handan-hana qəti cavabımı Sabirin nəzərinə bir daha çatdırıb telefonu bağladım. Otaqdan çıxan kimi Həmid üstümə şığıdı:

- Kimlə xosunlaşırdın?

- Sənə nə?

- Yaxşı işdi vallah, birini dırmaşdırmısan divara, birini ona gözətçi qoymusan, biriylə də telefonda hingerləşirsən.

- Birini bura çağıran vardı? Nəyə gəlmisən, evin-eşiyin yoxdu?

Pərtliyini gizlətmək üçün sözü dəyişdi:

- Aldığın adamla danış, ikisini də mən almaq istəyirəm.

- Sayla gətirmişdi, işdəkilər hamısını götürdülər.

- Tapşır növbəti dəfə ikisini də mənə gətirsin.

- Yaxşı, olsa deyərəm.

Bir gözüm ustada qalmışdı, qorxurdum deyə anbarımızda çoxdu, məni yalançı çıxara. Həmidin paxıllıqdan özünə yer tapa bilmədiyini ilk dəfə onda gördüm:

- Sizin evə ikisi bəsdi, pulunu verim biri mənim olsun.

- Yox, olmaz, - dedim, - belə ucuz qiymətə sonra hardan taparam?

Kondisionerlər qurulduqca Həmidin üstünə qara duman çökürdü. Arada özünü basmayıb arvadını yığdı:

- Şəfa, sən hər gün salona gedirsən, hər həftə bir çanta alırsan, konsertlərdən, kinolardan qalmırsan. Bircəyə bax, kənddən dünən gəlib, üç kondisioneri birdən qoşdurdu evə.

Onun dediklərinə məhəl qoymurdum, yarı canım Sabirin yanında qalmışdı. Kiçik qardaşım, balam kimi baxdığım dostumu yeddi yol ayrıcında arxasız-dayaqsız buraxmaq mənə çöçün gəlirdi. Onun haldan-hala düşməyinə biganə qaldığımı görən Həmid məni yenidən öz ovqatının çevrəsinə salmağa çalışdı:

- Nahaq Şəfanın qanını qaraltdım, - dedi, - qadın özünə baxmalıdı, bəzək-düzəyindən qalmamalıdı.

Onun özünə toxtaqlıq vermək cəhdi mənə gülünc gəldi, buqələmun kimi hər dəqiqə bir rəngə düşməyi ürəyimi bulandırdı. Yox, bu xəbis kərtənkələ ilan görməsəydi özünə yığışan deyildi:

- Sən get adama bir qrelka al, - dedim, - doldur at buzxanaya, gecələr qoynunuza qoyub yatın.

- Nolub ki bizə, qızımın pianinosu beş kondisionerdən qiymətlidi.

- Barı çala bilirmi?

Güllə ona gözləmədiyi yerdən dəymişdi:

- Soxum qaynanamın boyunu yerə, qoydu ki, çalsın?

- Biz kəndçiyik, bəs sizə nolmuşdu?

- Nənəsi dedi uşaq iki məktəbin arasında yorulur, qızım da bunu bəhanə gətirib musiqini atdı.

***

Özümdən baş açmırdım, elə bil beynimə virus düşmüşdü, orda cürbəcür reaksiyalar törədib məni haldan-hala salırdı. Hərdən bu adamdan iyrənirdim, hərdən ondan zəhləm gedirdi, hərdən də ona yazığım gəlirdi. Mənim kimlə danışdığımı öyrənmək üçün dəridən-qabıqdan çıxdığına görə ucuz kondisionerdən onun da almasına imkan vermədim. Ancaq usta gətirib evimin su xəttindəki nasazlığı düzəltdirəndə ona rəğbət göstərdim. Səməndərin göndərdiyi zənbilləri avtovağzaldan götürüb-gətirib mənə təhvil verəndə isə hətta qəlbimdə ona şəfqət duyğusu baş qaldırdı.

İştahla baxdığı qutuların bəzisini açıb gələn sovqatdan ona da pay qoyurdum. Di gəl, burnunu mənim işlərimə dürtəndə kənddən gətirdiyim qəməltini onun daim ac, tamarzı qarnına soxmaq keçirdi könlümdən. Hərdən adam o qədər qayğıkeş, cəfakeş olurdu, ona kobudluq elədiyimə görə özümdən utanırdım. Bacılarının onu it yerinə qoymadıqlarını, arvadını müdam alçaltdıqlarını, övladına lağ elədiklərini deyəndə ona acıyırdım. Mənə gələn zənglərə onun yanında cavab verməməyim Həmidi çevrəsindən çıxarırdı, mən xəlvətə çəkilib danışıb qayıdanda üzümə quşquyla, qınaqla baxırdı. Zəng vuran da çox vaxt mürəbbə, blinçik sifariş verən müştərilərim olurdu. Mən fəaliyyətimin bu tərəflərini həmidgillərdən gizləyirdim – əgər kitab oxumağıma gülürdülərsə gör buna nə şırğa qoşardılar. Həmid tez-tez yanımda qürrələnirdi:

- Mənim yoldaşım hər bazar salona gedib saçına, dırnaqlarına qulluq elətməsə, hər ay özünə yeni paltar almasa onu işə buraxmaram.

- Adamı geyiminə görə qarşılasalar da ağlına görə yola salarlar.

- Mənim yoldaşımın ağlına nolub ki?

- Heç nə, amma qadın dediyin bir az yığımcıl olsa yaxşıdı. Bax, mən istəsəydim iki kondisioner alardım, üçüncünün pulunu geyim-kecimə xərcləyərdim. Gördün ki, eləmədim.

Həmid azca bürüşdü:

- Onu düz deyirsən, Şəfa evə baxan deyil...

Qonşuların çoxu şəbəkədən işıq oğurlayırdı, gecələr əl-ayaq çəkiləndə oğurluq xətti işə salırdılar. Bir axşam neylədilərsə işıqlarımız söndü, evimizdəki elektrik avadanlıqlarının hamısı xarab oldu – soyuducu, paltaryuyan, televizor sıradan çıxdı. Xarab olmuş hər avadanlıqdan ötrü usta tapıb gətirməkdən onları tullamaq mənə asan gəlirdi. İndi arıq dirsəyimlə sarımsaq əzməliydim – ya olanımı eşşək beyni yeyənlərin ucbatından zibilliyə atmalıydım, ya da bir ətək pul tapıb hər şeyin yenisini almalıydım.

Mənim əlacsızlığım Həmidə ilham vermişdi, az qalırdı çırtıq çalıb oynasın:

- Mən hər dəfə deyirəm ki, sən düşündüyün qədər də pis adam deyiləm, inanmırsan.

- Əşi, səndən nə vaxt xeyir gördük ki!

- İndi mən sənin əşyalarının hamısını düzəltdirsəm dediyimə inanarsan?

Dəli dəyənəklə gəzər deyiblər. Əlacsız qalmışdım deyə əlimdəki dəyənəyi geri qoyub cibimə yığdığım daşları yerə atdım, adının hərflərini belə bəyənmədiyim adama xilaskarım kimi baxmağa başladım.

Həmidin gətirdiyi ustalar bircə günün içində evimin bütün avadanlıqlarını müalicə eləyib sağaltdılar, köhnədən qalma ütüyə, toz basmış tozsoranıma da əl gəzdirdilər. Onlar getməyə hazırlaşanda soruşdum:

- Sizə nə qədər borcum var?

Həmid ustaları dillənməyə qoymadı:

- Heç bir borcun yoxdu, balkonundakı mürəbbələrdən hərəmizə bir banka versən bəsimizdi.

Pörtdüm. Qəzadan bir gün əvvəl mürəbbələrin hamısını satmışdım. Qonaq ehtiyatı gizlədiklərim yadıma düşdü, ordan bir banka moruq, bir banka da içi ləpəli ağ gilas mürəbbəsi gətirəndə Həmid qaş-gözünü oynada-oynada məni balkona çıxardı:

- Bunlar fəhlə babadılar, sadə mürəbbələrindən ver.

- Sadə mürəbbəm qalmayıb axı.

- Necə qalmayıb, sənin şkafın mürəbbəylə dolu deyildi?

- Sən mənim şkafımda nə axtarırdın?

- Cavid göstərib mənə. Bəs sən o qədər mürəbbəni neylədin, onu yeyib qurtarmağa bir batalyon adam lazımdı.

Yenə dava cinləri yaxamı dartışdırmağa başladı:

- Əşşi, biz kəndçilərin yediyi ancaq mürəbbə olur, sənə nə verirəm onu da götür get.

Həmid əlindəki bankaları işığa tutub diqqətlə baxdı; bunları ustalara verməyə əli gəlmirdi, özünün tamahı mırıldayırdı. Gözüylə bir xeyli mürəbbə yeyəndən sonra üzümə qınaqla baxıb dedi:

- Yaxşılığa hər adam qiymət verə bilməz, mənim bəxtim olsaydı boyum bir qarış uzun olardı.

Elədiyini elə həmin gün başıma qaxıb ustaları götürüb getdi. Dirilmiş əşyalarıma baxıb sevindikcə ona kobud üz göstərdiyimə görə bir az xəcalət çəkirdim.

***

Səhəri Lalə balalarıyla bizə gəldi. Bütün günü məni də, evimi də nəzarətdə saxlayan Həmid bacımın gəldiyini eşitcək qızını qoltuğuna vurub özünü yetirdi. Qızı Lalənin qızıyla yaşıd idi. Uşaqlar yan otaqda oynaşanda Həmid məndən bacıma qeybət eləməyə başladı:

- Ay Lalə, bax mən səni öz bacılarım qədər istəyirəm, bu bacın heç sənə oxşamayıb. Neyləsəm də ona yarına bilmirəm. Dili ilan zəhəridi, söz eşitmir, hara gedib-gəldiyini heç kimə bildirmir.

Bacım üzümə zənlə baxıb dedi:

- Bircənin gedəsi elə bir gizli yeri olmamalıdı axı.

- Var! Bir də görürsən telefona cavab vermir, axşamlar metroyla harasa gedir.

- Bəlkə bizə gəldiyi vaxtlar olub?

- Vallah mənə desə onu lap sizə də gətirərəm.

- Zəhmət çəkməyin, Bircə öz evinin kəm kişisidi, həm arvadı. Evin bütün qarğaşası onun çiynindədi.

- Mənim də çalışdığım budu ki, onun əziyyətini azaldım. Bir şeyə mat qalmışam: bircə həftə əvvəl bunun balkondakı şkafı mürəbbəylə doluydu. Dünən cəmi iki banka əlinə gəldi. Bir sutkadı fikirdən ölürəm, bu qədər mürəbbəni bacın üç-dörd günün içində neylədi?

Lalə üzümə baxıb dillənmək istəyəndə dərhal ağzından vurdum – bilirdim sirri açacaq:

- Sən mənim bankalarımın dərdini niyə çəkirsən, - dedim, - belə daşıyıb işdəki dostlarıma vermişəm.

- Səni hər səhər işə mən aparıram, əlində çantadan başqa heç nə olmur.

- Axşamlar aparıb verib qayıdıram. Sən axı niyə mənim işimə burnunu soxursan?

- Qurban olaram mənim Şəfama, məndən gizli bir addım da atmaz.

- Onda niyə qalmısan bu yollarda, get otur arvadının dizinin dibində.

Bir neçə dəfə yenə atışdıq, nə dedisə üstünə bir o qədər də qoyub özünə qaytardım. Axırda gördü mənə söz çatdıra bilməyəcək, bacımın yanında pərtliyini ört-basdır eləmək üçün mövzunu dəyişdi:

- Lalə, bacı, mən gedirəm, sən bunu başa sal ki, hər yoldan ötəni evinə buraxmasın.

Bacımın yerinə mən dilləndim:

- Sən get öz evində ağalıq elə... əgər eləyə bilsən.

Həmid qızını da götürüb süzülə-süzülə qapıdan çıxdı. O gedəndən sonra Lalə məni danladı:

- Sən qadınsan, niyə bu qədər kobud danışırsan? Onun dediklərinin çoxu düzdü.

- Nə düzdü, hansı düzdü?

- Sən heç nədən qorxmursan, hamıya inanırsan, hər gələni evinə buraxırsan.

- Hər gələn kimə deyirsən? Bacın qızlarına, yoxsa Taylana? Bəlkə Minişə? Bunların hansıdı yoldan ötən?

- Niyə əsəbiləşirsən, şükür Allaha ki, Taylan, Xədicə, Nuşu xala bic-bədzat çıxmadılar. Sevilin tələbə yoldaşının başına gələni unutmusan?

Lalə bir vaxtlar iki məşhur televiziya diktorunun yeganə övladına üz vermiş faciəyə işarə vururdu: özcə evində dostunun əliylə qətlə yetirilmiş Rövşən bacım Sevillə bir qrupda oxumuşdu.

- Sümsüyün biri ağıllı-başlı cavanı heç nəyin ucbatından qara torpağa çevirdi, o cür atanın-ananın çırağını söndürdü, kökünü kəsdi.

- Əşi, ağzını xeyirə aç, biz elələrindən uzağıq.

- Cırnama, adam sənin xeyrin üçün danışır. Olanlara dəymə, amma bundan sonra adamlarla məsafəli davran.

Bacım Həmidin düzəltdirdiyi əşyalara, kökündən dəyişdirtdiyi elektrik şəbəkəsinə baxıb dedi:

- Yaşlı-başlı adamsan, sənə elənən yaxşılığın qədrini bil. Nənəmiz demiş, yüz acını yeyərlər bir şirinin xətrinə.

- Bunun nə yuvanın quşu olduğunu hələ də anlamıram. Hər yerə burnunu soxur, hər şeylə maraqlanır.

- Qoy maraqlansın. Mürəbbə satdığını ona niyə demirsən?

- Niyə deyim? İndi də adımı mürəbbəsatan qoyub mənə lağ eləsin?

- Burda lağ olunmalı nə var? Halal zəhmətə qanmaz adam dil uzadar.

- Dolma bükdüyümü görəndə ələ salır məni, gəl gör alver ola.

- Niyə, bəyəm onların evində qazan qaynamır?

- Deyir mən qoymaram arvadım dolma bükə, əlləri qarala.

- Bacı, vallah yaxşı kişidi. Yəqin gündə üç öynə restoranda yeyirlər.

- Nə bilim ey, sərçə supu, dilənçi aşı, qarğa dovğası yeyirlər.

- Nə yeyirlər özləri bilərlər, sən köntöylüyünü, qabalığını yerə qoy. Adam sənə canla-başla qulluq eləyir, evində qırılanı düzəltdirir, səhər-axşam səni işə aparıb-gətirir, əlinin altında uşaq kimi hara gəldi buyurursan. Dilini şirin elə, işin yerisin. Motalqarın Əjdərə ayda yüz əlli manat verirdik, bu yazıq qulluğunda heçnəsiz durur.

- Səncə niyə durur? - deyib bacımın üzünə göyərdim.

- Vallah nə deyim, yəqin bir umacağı var. Düzünü sən bilərsən. Bura böyük şəhərdi, kəndimiz deyil ha deyələr bu qız Rəhimin qızıdı, bu qızla ehtiyatlı davranmaq lazımdı.

- Bax elə buna görə onu it kimi qapıram. İndiyəcən özümü nə qədər quduzdan qoruyub quluzumlardan adlatmışam. İndi kiminsə dişinin altına düşüb çeynənməkdən qorxuram.

- Qorxan gözə çöp düşər, qismətdə nə varsa onu görəcəyik.

Bacımın danlağından sonra xeyli yumşaldım, rəhmətlik Ağabəy həkim demiş, əynimdəki qaba yapıncını soyunub atdım, özümə yenidən qadın dərisi geyindirdim, təpəmin ortasında düyünlədiyim saçlarımı açıb çiynimə tökdüm, səsimdəki kobud kişi notlarını dənləyib qırağa atdım...

Hətta bir müddətə qədər mürəbbə bişirib satmağı da tərgitdim.

# 12083 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
#
#
# # #