Qaradərili qıza ikinci məktub

Qaradərili qıza ikinci məktub
28 yanvar 2014
# 11:59

Uçmuş bir binanın altında qalmışam, “Qızım”,
bir azdan tapacaqlar məni.
Hələliksə boşam, doluyam:
qəbiristanlıq kimi daşlıyam, saat kimi qumluyam,
zirzəmi kimi suluyam.

Bir azdan tapacaqlar məni...
Həyatımıza o qədər adam yığdıq ki,
indi onların əlindən tənhalığa çəkilmək də olmur.
O qədər yadda qalmaq istədik ki,
ilahi rahatlıq olan unudulmaq istəyi
ömürlük gözümüzdə qaldı.

Əlimizi üzdük özümüzdən, “Qızım”,
adamların umuduna qaldıq.

Qocalmışam:
otağımda tavanın suvağı sökülüb,
döşəmənin boyası tökülüb,
divar kağızı siqaret tüstüsündən saralıb...

Amma bu il göylərin rəngini, dənizlərin səsini,
dağların örtüyünü dəyişmək istəyirəm.
Sonrasa səni qonaq çağırmaq,
sənnən bu yenilikdə görüşmək istəyirəm.

Məndən xeyli uzaqda aramızda bir addım
məsafə saxladığını da bilirəm.
Telefonun bu başında ləzzətlə gülməyimə
telefonun o başında ağladığını da bilirəm.

Bu ayrılığın soyuq kimsəsizliyində
isinməkçün soba, baxmaqçün televizor,
danışmaqçün pəncərə, qucmaqçün qapı:
əşyaların umuduna qaldıq, “Qızım”,
əşyaların umuduna qaldıq.

Gözlərinin bir-birinə məhəbbətlə baxdığını,
barmaqlarının bir-birinə ehtirasla sarıldığını,
ayaqlarının bir-birinin üstündə
məmnunluqla uzandığını görürəm.
Yəni qəribədi dünyanın işi:
hər bədənin simmetriyasında iki nəfər var -
biri qadın, biri kişi.

Nə isə, “Qızım”...
Dünən bərk darıxırdım.
bütün şəkillərimi tökmüşdüm qabağıma,
o şəkillərdəki adamlara yox,
fondakı ağaclara, binalara baxırdım...

# 3797 dəfə oxunub

Müəllifin son yazıları

# # #