Kulis.az Rəvan Cavidin “Kitabı danışanlar” yazısını təqdim edir.
Kimsə Markesin “Gözlənilən bir qətlin tarixçəsi” əsəri haqqında unikal bir cümlə işlətmişdi:
“O kitabı mənə danışıblar”.
Nə qədər gülməli görünsə də (gülməlidir), mövzunun açar cümləsi kimi işlətmək olar.
Roman və ya qeyri ədəbi janrın verdiyi informasiyaya maraqlı olan adamlar üçün onu kitab kimi oxumağın və ya həmin mövzuya film kimi baxmağın fərqi yoxdur. Belələri sənətin estetik tərəfləri ilə maraqlanmırlar. Və ya onların aldığı həzz metafizik qatda deyil, ruhsal yox, fiziki prosesdir.
Kino “o kitabı mənə danışıblar” absurdunu gerçəyə çevirən sənətdir. Göstərir, vizual model yaradır, danışır.
Tez-tez bədii əsərlərin ekranlaşdırılması haqqında uzun-uzadı esselər oxuyuruq. Bu mövzuda əsas olaraq iki fikir səslənir.
Birincisi, yazıçı və rejissorun sənətinə ayrı-ayrı müstəvilərdə baxmağın tərəfdarıdır. Yəni rejissor romanı kinoya çevirəndə bir yaradıcı kimi müstəqil sənət yarada bilər. Necə ki kitablardan gəlməyən kinoları bir rejissor işi kimi qiymətləndiririk, eyni mühakiməni romanlar üzərində ekranlaşdırılmış filmlər haqqında da düşünməliyik. Belə olan halda “bu film mənə romandan aldığım həzzi yaşatmadı” demək olar, amma “bu film romanı kimi deyildi, yaxşı (pis) alınıb” demək bir qədər düzgün deyil. Kitabla filmi sənət müstəvisində mövzu, obrazlar sisteminə görə eyni kontekstdə araşdırmaq olar, ancaq texniki tərəfləri fərqlidir. Mətnin görüntü (bədii təsvir) prizması ilə kinoda olan (kamera, daha vizual vasitəçi) çox başqadır.
İkincisi, romanların filmlərə çevrilməməyinin tərəfdarıdır. Bu tezis, əlbəttə, çağdaş dünyada çox absurd səslənir. Ona görə yox ki, postmodern dövr özüylə sənət karnavalını yaratdı. Ona görə ki, oxucu və izləyici ilə yazıçı və rejissor arasındakı münasibət 19-20-ci əsrlərdəki kimi deyil. Rejissorlar öz tamaşaçılarının əlində tutduğu kitabın film kimi həllini düşünə, yarada bilər və eyni şeyi romançı da etməkdə sərbəstdir. Təkcə, Pol Osterin romanlarındakı film siyahısını çıxarsaq bir neçə ay baxmağımız üçün vacib və ciddi kinoların adlarını öyrənə bilərik. Ya da Tarantinonun “Kriminal qiraət” filmində istifadə etdiyi fərqli süjet xətlərinin yaratdığı vahid, eyni zamanda dəyişkən üslubu (film daxilində) Kalvinonun romanlarından əsən yelləri xatırladır.
Elə rejissorlar var ki, onların filmləri sükut içində keçir. Dialoqlar az, monoloqlar şüur axını. Bu cür rejissorlar kino tarixində ciddi müəlliflər kimi qiymətləndirilir. Çünki onlar film sənətinin tamamilə saf tərəfindən, klassik qanunlarından və “antik” (səssiz filmlər) səhnələrlə qohumluq yaradan ekran işləri hazırlayırlar. Düzdü, müasir kino bir qədər səs-küylüdür. Ancaq, bütün bunlara baxmayaq, 21-ci əsrin mövzularını hələ də Tarkovski kimi göstərənlər tapılır. Nuri Bilgə Ceylanın son filmi haqqında az qala hamının səsləndirdiyi fikir var: “Nuri bu dəfə çox danışıb”.
Bu mövzu “Netflix”siz olmaz. Rəsmi xəbərlərə görə, “Yüz ilin tənhalığı” və “Gecəyarı uşaqları” romanlarını serial kimi çəkəcəklər. Bu iki romanın mütaliədə verdiyi həzzi, duyğunu heç bir sözlə ifadə edə bilmirəm. Sadəcə mövzularının maraqlandırdığı adamlar üçün bu iki dünya səviyyəli proyekt əla şansdır.
“Necə alınacaq?” sualını onlar vermir, romanı və filmi hiss edənlər verəcək.
Zaman göstərdi ki, filmlər ədəbiyyatı populyarlaşdıra bilir. “Harri Potter” əsəri film kimi dünya şöhrəti qazandıqdan sonra kitabların satış göstəricisi rekord vurdu. Buraya “Parfümer”i də əlavə edə bilərik. Bu, əlbəttə, yaxşı idi. Amma...
“Amma”sı odur ki, belə papsa ədəbiyyatın təməllərini qoyan nüanslardan biri də əsərlərə filmlərin çəkilməsi oldu. Bəzən filmi kitaba köçürdülər, bəzən də film olsun deyə kitablar yazdılar. Çağdaş nəsr öz lakonikliyini məhz bu məcradan aldı. Sosial platformalar, TV-ləri boykot edən YouTube kanalları, şəxsi profillər öz oxucu və izləyicilərini tapandan sonra sənət daha kütləvi və daha yayğın olmağa başladı. Bu mövzu bizi çağdaş dünya və ədəbiyyat məsələlərinə çəkir, getməyəcəyəm.
Film və ədəbiyyatın, film və rəssamlığın bir-birinə qarışması müsbət haldır. Son dövrlər bioqrafik filmləri sayı çoxalıb və əsas mövzu çox hallarda yazıçıların və rəssamların həyatı olur. Bu da zamanında tanınmayan müəlliflərin sənətin aktuallaşmasına kömək edir.
Markes film və kitabın fərqi haqqında belə deyirdi:
“Kinoda konkret bir sima olur, bu da bizi təsəvvür etməyə qoymur. Kitabda isə obrazların yerinə istənilən yaxınımızı qoya bilirik. Bu səbəbdən də kitab oxumağın həzzi daha çox çəkir...”
Belə... Seçim yenə də istehlakçınındı.